Super User
Hər şey inamdan başlayır…
“Bu gün Gənc Tamaşaçılar Teatrında müəllifi olduğum "İnanıram" mono pyesinə hazırlanmış eyniadlı mono tamaşanın premyerası oldu. Bu gözəl teatr bayramında bizimlə olan bütün tamaşaçılara, dostlara, doğmalara təşəkkür edirəm!
İnanmaq gözəl hissdir. Həmişə inanın. Çünki hər şey inamdan başlayır.” Bu sətirlər Ülviyyə Heydərovaya məxsusdur.
Bəli, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşasının premyerası oldu. Yeni tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir.
Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.
Tamaşa vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib. Və artıq qeyd edilən kimi, tamaşa yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova canlandırır.
Xatırladaq ki, tamaşa 2022-ci ildə Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının “Şuşa ili” nə həsr olunan II “4.4 Qısa Tamaşalar Festivalı”nda (QTF) nümayiş etdirilərək ikinci yerə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)
Mədəniyyət Nazirliyi “Mədəniyyətə bağlı ömür” layihəsinə başlayır
Mədəniyyət Nazirliyi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Mədəniyyətə bağlı ömür” layihəsinə start verir.
Nazirliyin məlumatına görə, izləyicilər layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar.
Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında yerləşdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Diqqət! Həvəskar rəssamların təsviri sənət sərgisinə əsər qəbulu başlayıb
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisinə əsər qəbulu başlayıb.
Xətai Sənət Mərkəzinin məlumatına görə, əsərlərin mövzusu, ölçüsü və texnikası sərbəstdir, 18 yaşdan yuxarı istənilən vətəndaş müraciət edə bilər.
Sərgiyə təqdim olunan əsərlərin fotoları ilə yanaşı, ad, soyad, əsərin adı, əsərin ölçüsü, texnikası və əlaqə nömrəsinin Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron adresinə göndərilməsi vacibdir.
Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilə bilər. Son müraciət tarixi fevralın 25-dəkdir. Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.
Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.
Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
“Yüz ev tikən cənnətini bu dünyada qazanar” -
“Poetik qiraət” rubrikasında bu dəfə sizlərə şair Əkbər Qoşalının yeni yazdığı şeiri təqdim edirik. İctimai motivli bir şeirə üstünlük verib Əkbər bəy, adətən lirikaya meyillənsə də.
Eşitdim ki, mən yaşayan şəhərdə
nə zamanmış belə inanc varıymış.
O inancla evlər tikib adamlar -
səksən olub, doxsan olub,
yüzü görən olmayıb…
Kainatın cilvəsidir elə bil:
Olmur, cənnət sınaşıqla olmayır… -
Amma yenə o inancın işığı
ev tikdirib adamlara,
ev tikdirir bu gün də… -
Əgər kimsə,
bilə-bilə yalan danışıbsa da,
Yenə kimsə, o yalanı bu şəhərdə yayıbsa,
cənnət olsun məqamı!
Mənim gözəl şəhərimdə
ayrı bir inanc da var -
Deyərlər ki,
“Bir ev yıxan
cəhənnəmi
bu dünyada satın alıb
elə bil”…
Gəl görəlim, yenə evlər yıxılır…
Cəhənnəmi satın alır gözgörəsi
tanıdığmız adamlar…
O qaranlıq
niyə çəkir adamları? - bilmirəm…
Görən, onlar özlərini
aldadırlar nə ilə?..
Yenə evlər tikilir,
Yenə yıxılır evlər…
Tikin, qardaşlar, tikin,
Bəlkə yüzə çatmadınız,
cənnət görmədiniz bəlkə…
Amma
evyıxanlar
cəhənnəmdəsə,
Demək,
evtikənləri
unutmayıb Yaradan…
Eviniz yıxılmasın…
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manat olacaq
Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunacaq.
Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 23-də keçilən iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd edilib.
Ölkəmizdə son illər ərzində sığorta-pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinın qorunması ilə yanaşı, ilk növbədə, vətəndaşların sosial rifahının üstün tutulması bu sahədə görülən işlərin təməl prinsipini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilməsi nəzərdə tutulan dəyişiklikdə qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Bu film beynəlxalq uğurları sıralayır
Azərbaycanda müstəqil kinematoqrafçılar tərəfindən istehsal olunan qısametrajlı “Qız qalası” filmi bir neçə nüfuzlu beynəlxalq festivalda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib.
Yaradıcı heyətin mediaya verdiyi məlumata görə, film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç və Slovakiya kimi ölkələrdə müxtəlif festivallarda diplomant olub.
Hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə - “öz adamına” rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik.
“Qız qalası” filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o “öz adamına” rast gəlib.
Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da “öz adamı” ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq…
Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur.
Qeyd edək ki, müasir cəmiyyətdə mövcud olan problemləri kino dili ilə üzə çıxaran bu filmin Azərbaycanda premyerası üzümüzə gələn fevral ayına təsadüf edəcək.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Özbəkistanda təqdimat: “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına”
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” adlı layihə çərçivəsində eyniadlı nəşrin təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin professor-müəllim heyəti, soydaşlarımız, özbək xalqının nümayəndələri, tələbələr iştirak ediblər.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Şuşanın tarix və mədəniyyətimizdəki rolundan danışaraq, Prezident İlham Əliyevin Şuşa haqqındakı çıxışlarından sitat gətirib: “Şuşa Azərbaycan üçün həm qürur, milli mənlik, həm də mədəniyyət, incəsənət və tarixdir”.
S.Abbasov qədim tarixi köklərə və geniş coğrafiyaya malik Türk mədəniyyətinin artıq Şuşada birləşdiyini, bu füsunkar şəhərin Türk xalqları arasında birləşdirici bir mədəni körpü missiyasını öz üzərinə götürdüyünü bildirib. Diplomat TÜRKSOY tərəfindən 2023-cü ildə Azərbaycanın mədəniyyət beşiyi qədim Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu vurğulayıb.
O, rəhbərlik etdiyi təşkilat tərəfindən “Şuşa İli” ilə bağlı həyata keçirilən layihələr barədə danışıb. Qeyd edib ki, “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” adlı nəşrin təqdimatına həsr olunmuş tədbir TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar Özbəkistanda keçirilən ilk tədbirdir. O, nəşrdə Türk dünyasını əhatə edən 17 şair və yazıçının Şuşa ilə bağlı şeir və hekayələrin toplandığını qeyd edib.
Özbəkistan Yazıçılar İttifaqının sədr müavini, şair Qayrat Məcid Şuşaya səfər təəssüratlarından danışıb, Şuşanın qədim tarixə, zəngin mədəniyyətə, poeziyaya və təkrarsız ənənələrə malik nadir şəhər olduğunu diqqətə çatdırıb. O, bu qədim şəhərin hər məhəlləsinin ayrıca məscidi, bulağı, hamamı olduğunu, Şuşa şairlər, xanəndələr, tanınmış mədəniyyət, incəsənət xadimlərinin vətənli olduğunu qeyd edib.
Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rektoru, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Eldor Şermanov çıxış edərək bu qəbildən tədbirlərin Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinin əhəmiyyətindən söz açaraq, bu əlaqələrin yaradılmasında əsas rola sahib olan Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov isə çıxışında Şuşanın bütün Türk dünyasının qeyrəti, namusu olduğunu və Azərbaycanın Şuşanı azad edərək bu dəyərə sahib çıxmasını Türk dünyasında böyük zəfər və qürurlu hadisə kimi qiymətləndirib.
Professor Saodat Muxammedova, dosent Gülbahar Aşurova, nəşrdə hekayəsi olan Nərgiz Əsədova və başqaları “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” adlı kitabın əhəmiyyəti haqqında danışıblar. Onlar türk dünyasının daha da yaxınlaşdırılması istiqamətində belə nəşrlərin əhəmiyyətini vurğulayıblar. Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zülfiyyə Yaqubova çıxış edərək Gənclər Fondunun fəaliyyəti barədə geniş məlumat verdikdən sonra bu layihənin də Dünya Gənc Türk Yazarlar Birliyi ilə işbirliyi nəticəsində ərsəyə gəldiyini qeyd edib.
Layihənin rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar təqdimat mərasiminin təşkilinə görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə minnətdarlıq edib, belə nəşrlərin bütün türk dünyasında çap olunmasının əhəmiyyətindən danışıb.
Sonda bir qrup ziyalıya Azərbaycan Gənclər Fondu və Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri fərmanları verilib.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Vəfalı çinli barədə uzaq bir hekayət, yaxud Azərbaycan prezidentinin Çin sevgisi
Aida Eyvazlı yazır
Bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verərkən, dialoqda maraqlı bir məqam diqqətimi çəkdi. Bu müsahibədə söhbət dostluqdan, etibardan və kişilikdən gedirdi. Oxucularımıza təqdim etdiyimiz yazıda həm Azərbaycan Prezidenti İlham Əliyevin dostluq və mərdlik haqqındakı fikirləri və Si Çin Pinin də ÇXR-in sədri kimi malik olduğu müsbət keyfiyyətləri diqqətə çatdırmaq fikrindəyik. Çin dövlətinin müxbiri ilə müsahibədən qısa seçmə:
“Müxbir: Azərbaycanla Çin arasında dostluq, Sizin Çin xalqına münasibətiniz tərəfimizdən çox yüksək dəyərləndirilir.
Prezident İlham Əliyev: Bəli, siz haqlısınız. Bizim çox yaxşı münasibətlərimiz var. Çin və Azərbaycan yaxşı dostlardır. Mənim sədr Si Cin Pinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub.
Müxbir: Bu, Sizin doğum gününüzə təsadüf edirdi? O, Sizi doğum gününüz münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev: Hətta ondan öncə, biz keçən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdük. Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində sədr Si Cin Pinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı.
Müxbir: Bizim bir neçəətraflı müsahibəmiz oldu, Sizin çox konstruktiv olduğunuzu xatırlayıram. Siz öndə olmaq istəyirsiniz ki, insanlara ölkənizin necə hazır olduğunu deyəsiniz. Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır?
Prezident İlham Əliyev: İlk növbədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm.”.
Azərbaycan Dövlətinə xüsusui hörmət və məhəbbət bəsləyən, onun dövlət başçısını dəyərləndirməyi bacaran Çin Xalq Respublikasının Sədri Si Çin Pinin atası - uzun illər Çin Respublikasının rəhbəri olmuş Si Çjunsyun da nüfuzlu dövlət xadimidir.
Çinin dövlət başçısı tez-tez məktəblilər və gənclərlə görüşməyə üstünlük verir. Bu görüşlərdə o, uşaqlıq illərinin xatirələrini bölüşür. 2003-cü ildə Çinin Mərkəzi Televiziyasına müsahibə verərkən o deyib ki: “Mən ciddi ənənlərə sadiq inqilabçı ailədə böyümüşəm. Biz daim böyük bacı-qardaşlarımızın köhnə paltarlarını geyinər və çox vaxt yamaqlı paltarlarda gəzərdik”.
2014-cü ildə ibtidai sinif məktəbindəki pionerlər qarşısında görüşündə isə uşaqlığını belə xatırlayıb:
“Mən ilk təhsilimi 1959-cu ildə Pekinin Xaydyan rayonunda milli məktəbdə almışam. 1960-cı ildə isə pioner sıralarına qəbul olunmuşam. Sinifdə ən azyaşlı uşaq mən olduğumdan, birinci sinifdə pioner sıralarına keçirmədilər. Mən acı-acı ağladım”.
Elə həmin gün Çində ənənvi olan Kalliqrafiya dərsləri haqqında ilk xatirəsini də bölüşüb:
“Balaca olanda anam mənə illüstrasiyalı nağıl kitabı aldı. Orada Çinin milli qəhrəmanı Yu Feyanın vətəni necə müdafiə etməsi barədə nağıllar var idi. Bu nağılda Yu Feyanın anası oğlunun bədənini yandıraraq 4 kəlmədən ibarət “Özünü Vətənə qurban ver!” sözlərini ireroqliflə yazdırır. Mən anamdan souşdum ki, “Ana, o uşağı yandıranda canı acımayıb?”. Anam dedi ki, “əlbəttə canı ağrayıb, lakin o, vətən qəhrəmanı oldu!”. Anamın bu nağılı ömürlük mənim yaddaşımda qaldı.
2016-cı ilin 9 sentyabrında məktəblilərlə görüşündə Si Çin Pin uşaqlıqdan idmana olan böyük marağından danışıb. Deyib ki, idman insanın xarakterinin möhkəmlənməsində, ağılının, estetik və fiziki mənada inkişafında çox böyük rol oynayır:
“Mən 50 il bundan əvvəl sizin oxuduğunuz bu məktəbdə futbol oynayardım”.
2017-ci ildə isə xokkeyçilər üçün tikilən “Ukesun” idman zalında uşaqlıq illərini belə xatırlayıb:
“Mən balaca olanda qış fəslində qardaşımla həmişə Şiçaxay gölünün üstündə sürüşməyə gedirdik. O zaman belə şərait yox idi. Bizim yaşıdlarımızın hamısının şəxsi konkiləri var idi. Mənim isə qardaşımla cəmi bir cüt konkimiz olardı. Pulumuz ancaq buna yetirdi. Biz növbəli şəkildə sürüşərdik. Növbəti dəfə sürüşmək istəyəndə mən öz konkimi qardaşıma verərdim”.
Si Çin Pinin qazax xalqına da xüsusi məhəbbəti vardır. Bu sevginin tarixi çox qədimlərə gedib çıxır. Bu günlərdə Qazaxıstanda olarkən tanış olduğum bir əhvalatı sizlərlə bölüşmək istəyirəm.
Kazinform İA-nın xüsusi müxbiri yerli muzeylərin birində Si Çjunsyunun bir qazax ailəsi ilə olan şəklini görüb. Bu şəklin tarixçəsini araşdırıanda məlum olub ki, Çin prezidentinin inqilabçı atası Si Çjunsyun (1913-2002) 1950-ci ildə Çin Komunnist Partiyası Şimali Şərq bürosunun rəhbəri işləyərkən, Qansu vilayətinin də inikaşına nəzarət edib. Həmin dövrdə əyalətdəki AKAU bürosunun rəhbəri olan qazax əsilli Saxidulla üç dəfə Si Çjunsyunun qəbulunda olub. Onların iş görüşmələri şəxsi dostluğa çevrilib.
1958-ci ildə tabeliyində olan əyalətlərdən birini yoxlamağa gedən Si Çjunsyun nahar fasiləsi zamanı Saxidollanın rəhbər olduğu Aksay obasına gəlir, dostlar birlikdə nahar etdikdən sonra büro rəhbəri buradakı qazaxlar və Saxidullanın ailəsi ilə şəkil çəkdirir.
Qazax əsilli Saxidullanın 1958-ci ildə indiki Çin rəhbəri ilə çəkilən ailə şəkli barədə xəbər Qazaxıstanda yayılandan sonra 2012-ci ildə Çinin informasiya vasitələrində də yayılır. AKAU partiya komitəsi tarixçilərin iştirakı ilə araşdırmaya başlayır. Saxidollanın ailəsini tapırlar. 13 oktyabr 2013-cü ildə Saxidullanın 58 yaşlı oğlu Bakıt (həmin şəkildə Bakıt anasının qucağındadır) Çin dövlət başçısının anasının dəvəti ilə, Çin Xalq Respublikasının mərhum sədri Si Çjunsyunun 100 illik yubileyində iştirak edir. Çinin hazırkı dövlət rəhbərininin anası Si Çjunsyu xanıma isə qazax milli geyimini bağışlayır. Çin dövlətinin rəhbərinin anası həmin hadisələri xatırlayanda deyir ki, Si Çjunsyu ölməzdən əvvəl həyat yoldaşına Saxidullanın ailəsini tapıb güzəranları haqqında öyrənmələrini xahiş edibmiş.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Günün fotosu: Zanbaqlar günü qeyd edilib
Günün fotosu: Zanbaqlar günü qeyd edilib
Niderland zanbaqlar ölkəsi kimi tanınır və istirahət günündə bu ölkədə Zanbaqlar Günü qeyd edilib.
Amsterdamdakı Muzey meydanında 200 000 zanbaq sərgilənib.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Con Maksvell. «Uğurlu insanlar necə düşünür» - Adi insanı uğurlu insana çevirən kitablar
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Con Maksvell. «Uğurlu insanlar necə düşünür».
Həm də korporativ inkişaf və şəxsiyyət məsələləri üzrə məşhur natiq olan bu motivasiya spikeri düzgün, məhsuldar düşüncə tərzinə malik olmağı uğur qazanmaq yolunda ən vacib şərt hesab edir.
Con Maksvel iddia edir ki, eqoist o şəxs deyil ki, özü barədə çox düşünür. Eqoist o şəxsdir ki, başqaları barədə az düşünür.
Onun aləmində düzgün düşüncə tərzinə malik olmağın bir neçə yolu var:
- Çalışın ki, sizin sözlərinizlə işləriniz heç zaman ziddiyyət təşkil etməsin.
- Xırda hesab etdiyiniz hərəkətiniz başqalarına çox ağır təsir edə bilər. Çatılmış qaşlar əvəzinə gülümsəməyinizlə siz kiminsə gününü bayrama döndərə bilərsiniz.
- Əksər insan odu odla söndürmək, ağrıya ağrıyla cavab verməyə meyilli olur. Amma incidilmiş adama cavab zərbəsi yetirmək, yerə yıxılanı vurmaq kimidir.
- «Mumkünsüzdür» fakt deyil, rəydir. «Mümkünsüzdür» bəyanat deyil, çağırışdır. Potensialdır. Müvəqqəti haldır. Heç nədir!
- Hər bir çətinlikdə imkanlar gizlənir. Və hər bir imkan da çətinlikdən keçir.
- Uğurun ən əsas formulası insanlarla necə münasibət qurmağı bilməkdir.
- Ondan qorxmayın ki, həyatınız bitəcək. Ondan qorxun ki, o heç vaxt başlamayacaq.
- Sabahkı uğurun ən qorxulu düşməni bugünkü uğurdur.
- Saat 10-a kimi xoşagəlimli olsanız bütün gününüz yağ kimi gedər. – Uğurlu və adi insanın fərqi onların uğursuzluğa münasibətindədir.
İstəkli oxucularıma onu da söyləyim ki, amerikalı kilsə xadimi, 24 kitab müəllifi Con Maksvell həm də dünyanın ən məşhur liderlik məsələləri üzrə ekspertlərindən biridir.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)