Super User
Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat etdi
Onu hamımız gülərüz, xoş ovqat yaradan Toppuşbacı kimi xatırlayırıq. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi, yenə də üzündən təbəssüm əskik olmazdı. Amma çox dözə bilmədi. Amansız xərçəngə məğlub oldu. Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat etdi.
Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Daha sonra Gəncə Televiziyasında, Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. T.Əliyeva Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyli, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. O, sonradan öz fəaliyyətini bir sıra televiziya verilişlərinin aparıcısı kimi davam etdirib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Euronews-un versiyasında 2022-ci Ilin 20 ən yaxşı fotosu - Kubada kitabları qurudan müəllim
Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edirik.
5 oktyabr 2022-ci ildə Kubadakı Uan qasırğasından sonrakı mənzərə: məktəb müəllimi yaş kitabları qurumaq üçün yerə düzüb.
Foto: Raman Espinosa/AP
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
"Zəfər yolu” Milli Dram Teatrında təqdim olunub
Yanvarın üç günü 20-si, 21-i və 22-si qeyri iş günü idi, birincisi Ümumxalq matəm günü, digərləri istirahət günləri. Və bu 3 gündə dalbadal Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası növbəti dəfə nümayiş edildi.
Belə günlərdə hamı kədərli olur, üstəlik, qisascıllıq motivasiyası da yüksək olur.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərovdur.
Qeyd edək ki, səhnə əsərində baş qəhrəman yoxdur. Baş qəhrəman ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin arxalandığı xalq və xalqın güvəndiyi ordudur. Əsərdə müəllif baş verən milli azadlıq mübarizəsini dörd ailənin timsalında təqdim edir. Azərbaycanın hər bir evində, hər bir ailədə, hətta azsaylı xalqların və ölkə vətəndaşı olan digər millətlərin nümayəndələri belə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxırlar.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)
Rəsm qalereyası: Rasim Mayılov, “Natürmort”
Qazaxıstanın səfiri Şəhidlər Xiyabanını ziyarət edib
20 yanvar faciəsi Azərbaycan xalqının tarixinin ən qara səhifələrindən biri kimi qardaş xalqlarımız tərəfindən də anılır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün - yanvarın 19-da Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov səfirliyin əməkdaşları və diplomatik korpusun nümayəndələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edib və Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi uğrunda canından keçmiş 20 Yanvar 1990-ci il faciəsi qurbanlarının əziz xatirəsini hörmətlə yad edib.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Unutmadıq!
Xalq yazıçısı İsmayıl Şıxlının sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar qırğını barədə Ali Sovetin sessiyasında cıxışından:
" ...Dünya törətdiyiniz qanlı cinayətlərdən xəbərdardır . Mən təklif edirəm, Bakını ələ kecirib dinc əhalini qırmaqda böyük sərkərdəlik məharəti göstərdiyinə görə, general Jazova "Marşal" rütbəsi verilsin və o, "Qələbə" ordeni ilə təltif olunsun.
Mənim 71 yaşım var. Bütün ömrümü bu quruluşa həsr etmişəm. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitə üzvlüyünə namizədəm. Xalq yazıçısıyam. Deputatam. Ali Sovetin, SSRİ Yazıçılar İttifaqının üzvü və katibiyəm. 45 illik partiya stajım var. Mən müharibədə bolşeviklər partiyasına üzv olmuşam. İndi isə bu partiya öz mahiyyətini dəyişib, faşist partiyasından da dəhşətli " SS" partiyasına cevrilib. Mən belə bir partiyanın üzvü olmaq istəmirəm."
Mart, 1990-cı il.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun daha bir prioritet sahəsi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb.
Fonddan verilən məlumata görə, görüşdə Fondun prezidenti Günay Əfəndiyeva prioritet məqsədi türk xalqlarının çoxəsrlik dəyərlərinin qorunması, beynəlxalq səviyyədə təbliği və gələcək nəsillərə ötürülməsi olan rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb. G.Əfəndiyeva ümumtürk mədəni irsinin dərindən öyrənilməsi və tanıdılması yönündə Fondun üzv və müşahidəçi dövlətlərinin, eləcə də xarici ölkələrin müxtəlif elm ocaqları, ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrə böyük önəm verməsinə toxunub. Fondun prezidenti türk dünyasının bir sıra universitetləri ilə sıx əməkdaşlıq münasibətləri quraraq, ümumi şəbəkənin yaradılmasının təşkilatın planları sırasında olduğunu vurğulayıb. Fondun prezidenti təşkilatın Anlaşma Memorandumu imzaladığı bir sıra universitetlər arasında Türkiyənin Bursa Uludağ Universitetinin də yer aldığını qeyd edib.
Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının qədim və zəngin mədəniyyətinin yaşadılması istiqamətində həyata keçirdiyi geniş miqyaslı layihələri təqdirəlayiq hesab etdiyini bildirib. O, Fond tərəfindən ümumtürk dəyərlərinin öyrənilməsi və araşdırılmasına maarif ocaqlarının cəlb olunmasını yüksək qiymətləndirib. Erol Özvar türk dünyasının tarixi və mədəni irsi ilə bağlı məlumatlılığın artırılması və təşviqinin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bu səpkidə təşkilat ilə ortaq iş birliyinin önəminə toxunub.
Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Qafar Sarıvəllinin 66-sı
Bu gün rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qafar Sarıvəllinin 66 yaşı tamam olur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, zəngin rəng palitrasına malik olan bu rəssamın rəsmləri özünəməxsus və orijinaldır.
Qafar Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirib. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var.
1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər toplusundan ibarət 5 kitabı çap olunub (1996, 2001, 2005, 2008 və 2021-ci illər).
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Türkiyə istehsalı “49” filmi bu gündən nümayiş olunacaq
"CinemaPlus" kinoteatrlar şəbəkəsində yanvarın 19-dan etibarən Türkiyənin “CNP film” studiyasının istehsalı olan "49" adlı hərbi film nümayiş olunacaq.
Rejissoru Hakan İnan, prodüseri Mehmet Canpolat, ssenari müəllifləri İlker Arslan və Barış Ərdoğan olan film real hadisələrə əsaslanaraq, Türkiyənin yaxın tarixinin ən gərgin dövrlərindən danışılır. İŞİD terror dəstələri 2014-cü ildə Mosulu işğal etdikdən sonra oradakı Türkiyə səfirliyinə də hücum təşkil edib. Nəticədə burada işləyən 49 əməkdaş terrorçular tərəfindən əsir götürülüb. Filmdə MİT-in onları xilas etmək məqsədilə keçirdiyi geniş əməliyyatdan bəhs edilir.
Ekran əsərində əsas rolları İsmayıl Hacıoğlu, Hande Doğandemir və Sinan Tuzcu canlandırıb.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)
Varisin yeni romanı işıq üzü görüb
Yazıçı Varisin 2021-ci ildə İstanbulda, TEDEV Yayınlarında işıq üzü görmüş “Qızıl cib saatı” romanı nəhayət ki, azərbaycanlı oxucular üçün də əlçatan olacaq. “Azərkitab” Yayınlarında roman Xalq yazıçısı Kamal Abdullanın Ön sözü ilə işıq üzü görmüşdür.
Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində açmağa hesablanmış bu roman Britaniya və Azərbaycan arxivlərinin materialları əsasında yazılmış, sırf statistik dünya oxucusuna ünvanlanan bir bestsellerdir.
Nəfəskəsici dramatizm sona qədər oxucunu gərginlik içində saxlayır, zaman, məkan və hadisələr bir-birinin içində əridikcə sonda bir tam halda birləşib bütün əzəməti ilə insanlığın əsl mahiyyətini açmağa xidmət edir.
Kitabın öz sözündə Kamal Abdulla yazır: “Roman ermənilərin yüz il öncə Bakıda törətdikləri azərbaycanlı qırğınlarına tutulan güzgü, həmçinin hazırda da davam edən Qarabağ münaqişəsinin ədalətli həlli üçün aparılan informasiya savaşında çox yaxşı silahdır. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir.
Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir.”
Nəfis tərtibatla çıxan kitab pirat nüsxələrinin qarşısının alınması üçün müxtəlif qoruyucu detallarla işlənmişdir.
Növbəti həftədə kitabın satış şəbəkəsinə daxil olacağı gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(19.01.2023)