Super User

Super User

Вторник, 24 Январь 2023 15:30

1882 metr uzunluğunda 26 ədəd sintetik tor

 

Bunlar qanunsuz balıq ovu ilə məşğul olan şəxslərdən müsadirə edilib

 

Biz mütəmadi olaraq sizləri təbiətə ziyan vuran şəxslər barədə məlumatlandırır, onların haqlı cəzaya məruz qalmalarına diqqət yönəldirik. Budur, növbəti məlumat: Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədovun açıqlamasına görə, araşdırma zamanı brakonyerlərin Şabran rayon sakini Ariz Məmmədov, Siyəzən rayon sakinləri Mübariz Məhərrəmov, Mehman Əkbərov, Eldəniz Cavadov, Xaçmaz şəhər sakini Rasim İsmayılov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1882 metr uzunluğunda 26 ədəd sintetik tor yığışdırılıb.

Ayrı-ayrı izibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə isə 13 nəfər saxlanılıb. Araşdırma zamanı qanun pozucularının Şəmkir rayon sakini Elsevər Məmmədov, Bakı şəhər sakinləri Ceyhun Şükürov, Vüqar Mehdiyev, Roman Allahverdiyev, Şamxal Bağırov, Xocavənd rayon sakini Qəşəm Fərzəliyev, Biləsuvar rayon sakini İslam Haqverdiyev, Saatlı rayon sakinləri Mirbaba və Mirsahib Rzayevlər, Gəncə şəhər sakini Kamran Abdullayev, İmişli rayon sakinləri Allahyar Allahyarov, Xalid Xammədov və Mayıl Məmmədov olduğu müəyyən edilib. 

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

 

O, fransızdilli Azərbaycan yazıçısı kimi tanınır. Maraqlı da həyat hekayəsi var. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bir çox dövlət xadimlərinin, görkəmli ziyalıların ailələri ölkəni tərk etmək məcburiyyətində qaldılar. Belə ailələrdən biri də cümhuriyyət dövründə ticarət və sənaye naziri vəzifəsini icra edən Mirzə Əsədullayevin ailəsi oldu.

Mirzə Əsədullayev məşhur Azərbaycan milyonçuları - Şəmsi Əsədullayevin oğlu və Ağa Musa Nağıyevin kürəkəni idi. Onun həyatında baş verən fırtına təbii ki, qızı Ümbülbanudan da yan keçə bilməzdi.

 

Ümbülbanu 1905-ci ilin yanvarında Bakıda anadan olsa da, məlum hadisələrə görə, Vətənindən didərgin salındı. O, sonralar “Banin” təxəllüsü ilə Fransa ədəbiyyatının tanınmış simalarından birinə çevrildi.

Ömrünün sonunadək Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı kimi məşhur olan, dostları tərəfindən “Qafqaz gözəli”, “Şamaxı şahzadəsi” adlandırılan Ümbülbanunun bu gün 118 yaşı tamam olur.

Banin öz taleyi haqqında yazırdı: “Mən doğma anamı tanımırdım. Çünki gözümü açanda o artıq dünyasını dəyişmişdi”. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər atasını həbs edirlər, babalarının var-yoxu əllərindən alınır. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. Sonradan Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.

Onun 1946-cı ildə çap olunan “Qafqaz günləri” kitabı müəllifinə ilk uğur qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernest Yungen kimi qərb yazıçılarında Baninə rəğbət yaranır. İkinci Dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernest Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edir. Banin hətta Yungen haqqında kitab yazır.

Ümbülbanunun uşaqlığının ağlı-qaralı xatirələri “Qafqaz günləri” kitabında əks olunub. Bundan sonra yazdığı “Paris günləri”, “Ernest Yungenlə görüş”, “Mən opiumu seçdim”, “Sonra”, “Sonuncu ümidin çağırışı” və digər romanları ona geniş oxucu rəğbəti qazandırır. Son kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görür.

Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl tərcümələri ilə tanınırdı. O, İvan Buninin və Fyodor Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən sayılırdı.

İlk dəfə onu Azərbaycan oxucusuna diplomat Ramiz Abutalıbov tanıdıb.

Fransız mühitinə qaynayıb-qarışmasına baxmayaraq, Ümbülbanu soy-kökünü heç vaxt yaddan çıxarmayıb. O, Qarabağda baş verən hadisələri həyəcanla izləyib. Parisdəki “Azərbaycan evi” assosiasiyasının üzvü olan Banin Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələri ilə bağlı məqalələrlə çıxış edib.

Fransanın “Fiqaro” qəzeti 1992-ci il oktyabrın 29-da olduqca kədərli bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...”.

Ömrünün axırınadək Vətənə gələ bilməyən, Azərbaycan həsrəti ilə dünyadan köçən Ümbülbanu qələmi ilə Azərbaycanı dünyada və Fransada tanıdıb. Bu gün onun yazdıqları həmvətənləri və dünya oxucuları tərəfindən maraqla oxunur. Özü Vətənə qayıda bilməsə də, əsərləri bu gün bizimlədir.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Aforizm

 

Qiymətlər lap uşaqlar kimidir. Sürətlə böyüyürlər.

 

Çukça məsəli

 

"Döyür - deməli sevir. Öldürdü - deməli sevirdi".

 

Dodaqqaçdı

 

Aranızda sınıqçı var? Şeytanın qıçını qırdım, ona görə soruşuram!

 

Feysbuk sitatı

 

Bu gün məni bloka atan qız sabah atasını qocalar evinə atar!

 

Etiraf

 

Pensiya  gecikəndə nənəmdən çox mən narahat oluram!

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

 

2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:

 

 

 

Qardan elektrik enerjisi

 

 

Yaponiyanın Honsü adasının şimalında yerləşən Aomori şəhərinin hökuməti qardan istifadə etməklə elektrik enerjisi istehsal etməyi planlaşdırır.

 

Bildirilir ki, küçələrin təmizlənməsi zamanı yığılan qar hovuza atılacaq, içinə xladagentli borular çəkiləcək. Xladagentdə qurğunun qarla soyudulan hissəsi ilə xarici hava və günəş tərəfindən qızdırılan hissəsi arasında yaranan temperatur fərqinə görə, xladagentin konvektiv axını yaranacaq. O, turbini fırladacaq, nəticədə elektrik enerjisi istehsal ediləcək.

 

Tokio Elektrik Rabitə Universitetinin professoru Koci Enokinin hesablamalarına görə, elektrik enerjisi istehsalının bu üsulunun səmərəliliyi günəş panellərindən istifadə etməkdən daha yüksək ola bilər. Bundan əlavə, elektrik enerjisi istehsal etmək üçün qardan istifadə ekoloji cəhətdən daha təmizdir.

 

 

Вторник, 24 Январь 2023 17:00

Ağlasığmaz hədiyyə və bu qədər sevgi…

Unudulmaz sevgi romanlarından parçalar

 

XIX əsrin sonlarında Azərbaycan bir neft bumu yaşamışdı, bir neçə olduqca imkanlı yerli və əcnəbi neft milyonçuları peyda olmuşdu, belələrindən biri də Murtuza Muxtarov idi. Liza adlı slavyan mənşəli xanımla ailə quran Murtuza bəy həyat yoldaşına sonsuz sevgi bəsləyirdi, addımbaşı bu sevgini isbatlamağa çalışırdı. Təsəvvür edin, bəy öz xanımını Venesiyanı gəzməyə aparır, əzəmətli, olduqca gözəl bir binanı görəndə xanım heyranlığını gizlətmədən köks ötürərək söyləyir ki, "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər". Bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra Venesiyaya mütəxəssis göndərib həmin binanın dəqiq çertyojunu gətizdirir. 3-4 il ərzində məşhur memar Ploşkonun layihəsi ilə qotik üslubda bina tikilir, 1912-ci ildə ərsəyə gətirilir. 

Murtuza bəy gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına aparır. Heyrətindən nə deyəcəyini bilməyən Liza xanım binanın kimə məxsus olduğunu soruşur, Murtuza bəy deyir, gəl, ev sahibi ilə tanış olaq. Qapını açan qulluqçu "Bu evin sahibi kimdir" sualına "Bu evin sahibi Liza xanımdır" cavabını verir. Həmin an Liza xanımın duyduğu bəxtəvərliyi heç bir sözlə ifadə etmək olmaz. Hazırda yeni ailə quranların kabinləri kəsilən və Səadət sarayı adlanan həmin o möhtəşəm binanın sahibi olmaq, əlbəttə, qürurverici idi.

Təbii ki, hədsiz var-dövləti olan bir neft kapitalisti üçün həyat yoldaşına nəyisə hədiyyə etmək ilk baxışda adi görünə bilər. Amma bu qədər dərinə gedən, içdən gələn bir münasibət, bu qədər mümkünlükdən çıxan, qeyri-mümkünlüyün ən müxtəlif çalarlarına bürünən bir münasibət adi deyil axı!

Bu da bir "storqe" nümunəsi.

 

“Qırmızı ləçəklər”, Varis 

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir. XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. XIX əsrdə Qarabağda toxunan xalça və palazların kəmiyyət və keyfiyyətinə görə Şuşa birinci olub.

 

AzərTAC xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi videoçarx hazırlayıb.

Videoçarxda qeyd edilir ki, incəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən "Ləmpə", "Qoca", "Bulud" xalçaları və "Dəst xalı-gəbə" kimi xalça dəstləri Şuşada toxunub. Bu xalçalar xovun hündürlüyü, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü toxunmaları ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və geniş malikanələrin bəzədilməsi üçün iri ölçülü xalçalar toxunub. Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanıb. Neçə-neçə minilliklərə, əsrlərə bələdçilik edən Şuşa xalçaları bu gün dünyada mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının bir qolu, Qarabağın özü kimi ayrılmaz tərkib hissəsidir. Qarabağ xalçalarını dünyaya tanıdan, “Şuşa havamdır” deyən xalçaçılıq elminin banisi Lətif Kərimov da Şuşada doğulub.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Вторник, 24 Январь 2023 14:00

“Bəxtiyar” komediyası səhnədə

Danılmazdır. Bu adda film heç vaxt gündəmdən düşmür, sevildikcə sevilir. Gözəllikdən danışırıqsa incəsənət ən böyük gözəllik deyilmi? Amma indi “Bəxtiyar” filmi yox, eyniadlı tamaşa barədə danışacağıq. 

 

Yanvarın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Bəxtiyar” musiqili komediyası yenidən tamaşaçıların ixtiyarına veriləcək. Görkəmli  bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Tamaşa SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Вторник, 24 Январь 2023 13:30

“Rakurs”un rakursunda

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin ötən ilin oktyabr, noyabr, dekabr aylarında görülən işləri əhatə edən nömrəsi, eyni zamanda, il ərzində olan hesabatın yerləşdiyi xüsusi buraxılışı çapdan çıxıb. 

 

Rüblük informasiya bülleteninin Azərbaycan Kinematoqrafçılar İttifaqının illik fəaliyyəti haqqında xüsusi buraxılışı olan nömrəsində, il ərzində həyata keçirilən layihələr, tədbirlər, kino müzakirələri haqqında informasiyalar yer alıb.

Xüsusi buraxılışda AKİ Kino məktəbinin dinləyici qəbulu elan etməsi, “Cənubda kino günləri”, “Kino istehsalı A-dan Z-yə” layihəsinin Şəki və Bakı mərhələsi, “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsi, “Polşa kino günləri” tədbirləri haqqında məlumatlar, İttifaqa qəbul olunan yeni üzvlər və İttifaqın digər layihələri haqqında informasiyalarla tanış olmaq olar.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, “hesabatlılıq və şəffaflıq fəaliyyətlərinin əsas prinsiplərindəndir. Təşkilat olaraq kino ictimaiyyəti tərəfindən qazandığımız etibarı doğrultmağı ali vəzifəmiz sayırıq”.

Kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü əsasında çap edilir. Əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir. Bülletenin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Вторник, 24 Январь 2023 12:45

“Traviata” Opera və Balet Teatrında nümayiş olunacaq

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunacaq.

Tamaşanı müasir dövrün ən məşhur dirijorlarından olan Korneliya fon Kerssenbrok (şəkildə) idarə edəcək.

 

İtalyan bəstəkar Cüzeppe Verdinin “Kameliyalı Qadın” (A.Düma) əsərinin motivləri əsasında bəstələdiyi "Traviata" operası həyatın məngənəsində yolunu azmış gənc Violetta ilə, ona aşiq olan Alfredonun eşq uğrunda apardığı mübarizədən bəhs edir. 

Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsində əsas rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Azər Zadə, İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, aparıcı solistlər Mahir Tağızadə və Nina Makarova canlandıracaq. 

Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iTicket.az saytından əldə etmək olar.

İnanılmaz zövq alacağımız şübhəsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com” Türkiyənin “detayhaberler.com”, Yəmənin “Parlaq Qələmlər” ədəbiyyat jurnalının feysbuk səhifəsi, Gürcüstanın “iverioni.com.ge”, Salvadorun “reflexionesinternacionalessv”, “Literatura y poesía” saytları və sosial şəbəkələri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq müxtəlif dillərdə ərsəyə gətirilən “Şuşa – sənətkarlıq və ticarət mərkəzi” (Dövlət Tərcümə Mərkəzi) adlı sənədli videoçarxın yayımına başlayıb. 

 

Bu barədə Dövlət Tərcümə Mərkəzi məlumat yayıb. Məlumata görə, videoçarx Azərbaycanın musiqi və mədəniyyət beşiyi Şuşanın tarixindən, qədim ticarət əlaqələrindən, xalçaçılıq, dulusçuluq, ipəkçilik, zərgərlik və digər sənətkarlıq abidələrinin yaranma mərhələlərindən bəhs edir.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.