Super User
“Öləndə də heç olmasa səhnədə ölərəm...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Hacıbaba Bağırovdur.
HACIBABA BAĞIROV
(1932-2006)
***
Xəstə vaxtlarım idi. Teatrda “Bankir adaxlı” tamaşası gedirdi. Biletlərin hamısı satılmışdı, mənsə xəstəxanada müalicə alırdım.
Tamaşaya iki saat qalmış xəstəxanadakı palatada ayağa qalxıb geyinməyə başladım. Həkim içəri girəndə geyindiyimi görüb başını buladı.
– Nə edirsiz, Hacıbaba müəllim, sizə ayağa qalxmaq olmaz.
– Mən teatra getməliyəm, axşam tamaşam var.
– Siz tamaşanı düşünürsüz, biz isə sizi. Olmaz! Ölərsiz!
Həkimə baxıb gülümsədim:
– Öləndə də heç olmasa səhnədə ölərəm, daha xəstəxana palatasında yox, – deyib, xəstəxananı tərk etdim.
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)
Marşal Qoldsmit, «Başından uca tullan» - Adi insanı uğurlu insana çevirən kitablar
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Marşal Qoldsmit «Başından uca tullan»
Dünyanın ən böyük biznes liderlərinin məsləhətçisi olan Marşal Qoldsmitin bu kitabı mahiyyətcə çox paradoksaldır. O, həyatda uğur qazanmaq istəyən insanlara yox, artıq uğur qazanmış insanlara həsr olunub. O insanlara ki, onlar can atdıqları hər şeyə çatıblar, özləri ilə qürur duya bilirlər.
Bəs belə insanlar nədən narahat olsunlar ki? Müvəffəqiyyətdən baş gicəllənməsinin qurbanı olmaqdan!
Marşal Qoldsmitə görə, pik nöqtəyə çatan insanlarda əksərən «daxili kartı» itirmək sindromuna rast gəlinir. Özündənrazılıq, özündən müştəbehlik elə bir həddə çatır ki, belə insanlar daha öz hərəkətlərinə görə hesabat vermir, cəmiyyətlə hesablaşmırlar. Başqalarının rəylərinə daha ehtiyac duymur, təkmilləşməyə, öyrənməyə, inkişafa daha maraq göstərmirlər. Beləcə də yerlərində saymağa başlayırlar. Amma bu da hələ hamısı deyil. Yerində saymaqdan sonra mütləq geriləmə, qazanılanların itirilməsi fazasının gəlməsi labüddür.
Marşal Qoldsmit müvəffəqiyyətdən başın gicəllənməməsi yollarını göstərir və oxucusunu da əmin edir edir ki, bu yazılanlara əməl etsə o, mütləq başından uca tullana biləcək!
Müəllifin əsər boyu aşılamaq istədiyi odur ki, əvvəlki uğurlar elə bir an gəlir ki, insana daha böyük uğurlar əldə etmək üçün maneçilik törətməyə başlayır. Bundan qaçmaq çox vacib və zəruridir. Uğur qazanmaqla gələn mənfi, zərərli vərdişlərdən qopmağın Qoldsmit qaydaları çox effektivdir, bunu öz üzərilərində yüzlərlə biznes liderləri təcrübədən keçiriblər.
Təsadüfi deyil ki, «Forbes» bu şəxsi dünyanın yüksək idarəetmə sisteminin ən nüfuzlu 5 mütəxəssisindən biri adlandırıb.
«The Wall Street Journal» isə onu dünyanın 10 ən dahi biznes-kouçundan biri elan edib.
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)
Ardalan Jabbaridən müdhiş ifa
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşhur italyan bəstəkar Rudjero Leonkovallonın “Payatsı” operası nümayiş olunub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 1999-cu ildə rejissor Cənnət Səlimova tərəfindən səhnəyə qoyulan və bu günədək teatrın repertuarında ən baxımlı tamaşalarından biri olan operanın dirijoru Əməkdar artist Əyyub Quliyevdir.
Operada əsas rolları Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova ifa edib.
Qeyd edək ki, operada Tonio partiyasını ifa etmək üçün italyan opera solisti Ardalan Jabbari dəvət məxsusi Bakıya dəvət olunmuşdu. Və tamaşaçıların əksəriyyəti məxsusi bu məşhur gənc tenoru dinləməyə gəlmişdi.
Tamaşa haqda daha geniş növbəti buraxılışlarımızda oxuya bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)
Bu gün Lilldə Azərbaycan cazı səslənəcək
Yanvarın 24-dən 27-dək Fransanın Lill şəhərində “Dünya ətrafında” adlı beynəlxalq festival keçiriləcək.
Və festivalda Azərbaycanı tanınmış caz ustası, bəstəkar və pianoçu Etibar Əsədli təmsil edəcək.
Qeyd edək ki, festival çərçivəsində filmlərin nümayişi, həmçinin görüş və debatların təşkili nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)
Euronews-un versiyasında 2022-ci Ilin 20 ən yaxşı fotosu - İzyumda boş qəbirlər
Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edirik.
Ölənlərin cəsədlərinin eksqumasiyasından sonra rus işğalından azad olunmuş İzyumda boş qəbirlər. 25 sentyabr, 2022.
Foto: Yasuyoshi Chiba/AFP
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)
“Heç on bəstəm belə "YouTube"da bir milyonu keçməyib…”
Günün sitatı:
"Əvvələr televiziya və radioda Bədii Şura vardı. Bədii Şura isə bütün proqramlara baxırdı, nəzarət edirdi. Hər musiqinin ortalığa çıxmasına icazə vermirdi. Siz elə bilirsiniz ki, 60-70-ci illərdə ara mahnıları olmayıb? Olub, amma onların ortaya çıxmasına icazə vermirdilər. Heç toylarda belə o ara mahnılarını oxumurdular. Populyar mahnılar daha çox müğənnilər tərəfindən toylarda səslənirdi. 1982-ci ildə müsahibəmdə söyləmişdim ki, zaman gələcək, klassik musiqilər toylarda səslənəcək, toyxana ifaçıları isə efirlərimizi bəzəyəcək. Elə də oldu.
Toylarda hamı yaxşı mahnı dinləmək istəyir. Bayağı ifaçılar da Tofiq Quliyevin, Emin Sabitoğlunun, Rauf Hacıyevin, Cahangir Cahangirovun bəstələdiyi əsərləri oxuyurlar. Nəyə görə? Çünki bu musiqilər və melodiyalar insanların sümüyünə hopub. Elə hopub ki, qopartmaq belə mümkün deyil. Amma daha sonra elə musiqilər çalınır, oxunur ki, heç nə başa düşülmür.
Yalnız ritm, vəssalam. Əvvələr heç toylarda belə şeylər yox idi. Akif İslamzadə, Hüseynağa Hadıyev heç zaman bayağı mahnılar oxumayıblar. Bu gün isə bizim toylarda "vilka, lojka, salfetka" mahnıları oxunur. Amma camaat bu mahnıları istəyir.
Bax buna görə də belə mahnıların və bu mahnıları oxuyan müğənnilərin on, yüz milyonlarla dinləyicisi, tamaşaçısı var.
Bu qədər mahnılar bəstələmişəm. Amma onlar içində heç on bəstəm belə "YouTube"da bir milyonu keçməyib. 1989-cu ildə yazdığım "Bayatılar" əsərinə bu yaxınlarda yarım milyon izləyici baxıb. Bu da mənim maksimumum.”
“Günün sitatı”nı Xalq artisti Eldar Mansurov qonaq olduğu "Qarışıq gündəm" ictimai-sosial verilişində dilə gətirib.
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)
“Tibb və süni intelektin kəsişməsi mövzusunda elmi araşdırmaları davam etdirmək…”
Elman Eldaroğlu yazır
Bu gün Azərbaycanda elə bölgələrimiz var ki, hələ də qızların təhsil almasına maneələr yaradılır. Təəssüf ki, həmin qızların bəziləri valideynləri tərəfindən erkən nigahlara sürüklənirlər. Adları orta məktəb şagirdləri sırasında getsə də evdən məktəbə buraxılmırlar. Nəticədə xalqın arasında savadsız, elmsiz bir zümrə yaranır. Nəzərə alanda ki, bu qızların hər biri gələcəyin anasıdır, onda bu problemin nə qədər ağır olduğunun fərqinə varırsan. Amma çox sevinirəm ki, azərbaycanlı anaların arasında yüksək təhsil almış, müasir təfəkkürlü xanımlar da vardır. Bu gün sizə onlardan biri- Leyla xanım Tağızadə haqqında söhbət açmaq istəyirəm...
Bəli, insanın mənəvi inkişafı təfəkküründəki inqilabdan başlayır. Hər bir fərdin mahiyyəti onun təfəkkürünün səviyyəsindən asılı deyilmi?..
Leyla xanım Sumqayıtda dünyaya gəlib. 1997-ci ildə orta təhsilini bu şəhərdə- Təbiət Elmləri Gimnaziyasında başa vurub. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsində ali təhsil alıb. Sonra bir il Sumqayıt 1 nömrəli Stomatologiya Poliklinikasında öz ixtisası üzrə internatura keçib. 2004-cü ildən doğulduğu şəhərdə fəaliyyət göstərən Hippokrat Tibb Mərkəzinə rəhbərlik edir...
Atası tibb elmləri namizədi Mayıl Tağıyev əməkdar həkimdir. Uzun illər Sumqayıt Ruhi Əsəb Dispanserinin baş həkimi vəzifəsində çalışıb. Anası Natavan xanım Kərimova həkim nevropotoloqdur...
Leyla xanım 2006-cı ildə məşhur Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunda ixtisasartırma kurslarını keçərək kliniki neyrofizologiya ixtisasına yiyələnib. 2008-2009-cu illərdə Almaniyanın Ludviqshafen şəhər klinikasında təkmilləşdirmə kursu keçib. 2007-2011-ci illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunun aspiranturasında təhsilini davam etdirərək səhiyyənin idarə olunması və ictimai sağlamlıq mövzusunda elmi iş müdafiə edib. Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb (PhD).
2014-cü ildən bir neçə dəfə ABŞ-da və o cümlədən Almaniyada səhiyyənin idarə olunması üzrə beynəlxalq təcrübə kurslarında olub. 2016-2017-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Slikon vadisində yerləşən “The Founder İnsitute”-də “Famile Founder” təqaüdü ilə təhsilini davam etdirib...
Deyir ki,- “Arzularım elə də çox deyil. Tibb və süni intelektin kəsişməsi mövzusunda elmi araşdırmaları davam etdirmək, bu sahədə gizli qalan həqiqətləri üzə çıxarmaq istəyirəm. Yerli startaplara biznesin inkişafı istiqamətində dəstək vermək, onların qlobal şəbəkəyə çıxmasına kömək etməyi planlaşdırıram. Və bütün analar kimi övladlarımın yüksək təhsilə yiyələnməsinə, əsl vətəndaş kimi böyüməsinə çalışıram...”
Ömür-gün yoldaşı Emin Abdulov Milli Məclisdə deputat köməkçisi işləyir. Ailədə üç qız övlad böyüyür- Ayan, Mehriban və Banu. Bu qızların hər biri yeniyetmə olsalar da, artıq bir sıra uğurlara imza atıblar...
Leyla xanım sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. 2018-ci ildə yaradılan “Sosial İnnovation Lab” təşkilatının təsisçilərindən biridir. Bütün bunlardan əlavə bir sıra qlobal sammitlərdə iştirak edib. Onlardan ən yadda qalanı 2017-ci ildə Hindistanda keçirilən sammit olub. Həmin tədbirdə rəhbərlik etdiyi layihənin iştirakçısı Reyhan Camalova ən gənc ixtiraçı kimi sabiq ABŞ prezidentinin qızı İvanka Trampın çıxışında təqdirə layiq görülüb. Gəncin bu uğuruna görə Leyla Tağızadəyə xüsusi minnətdarlıq edərək, birlikdə xatirə şəkili çəkdirib…
Səmimi, təvazökar, dərin zəkalı, humanist, mehriban xanımdır. İndiyədək Rusiya, Azərbaycan elmi jurnallarında xeyli məqaləsi işıq üzü görüb. “EEQ-də yuxu assimetriyası” kitabının iki müəllifindən biridir. Badminton oynamağı xoşlayır. Tibbə, innovasiyaya aid kitabları mütaliə etməkdən yorulmur. Keçmiş sovet respublikalarına, Avropa ölkələrinin bir neçəsinə səyahət edib. Təbiət qoynunda ailəvi istirahət etməkdən zövq alır. Bir sözlə, haqqında söhbət açdığım Leyla Tağızadə Azərbaycan xanımına məxsus olan bütün müsbət xüsusiyyətləri özündə ehtiva edir.
Bəli, xanım yüksək təhsil alanda cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, yeni nəslin inkişafında əhəmiyyətli rol oynayır...
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)
Ermənistanın muzdlulardan istifadə etməsinə dair faktlar beynəlxalq təşkilatlara göndərilib
Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələri müntəzəm olaraq davam etdirilir.
Ombudsman Aparatının məlumatına görə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və ona Əlavə protokollarının, Haaqa konvensiyalarının, BMT-nin “Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının, BMT-nin Təhlükəsizlik Şurasının 405 və 419 saylı qətnamələrinin tələbləri kobudcasına pozulmaqla Azərbaycan ərazilərində müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdlular cəlb olunmaqla müharibə cinayətləri törədilib.
1949-cu il Cenevrə Konvensiyalarının 1 saylı Əlavə Protokolunun 47-ci maddəsinə əsasən, muzdlunun kombatant və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni, muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.
Ermənistanın bilavasitə imzaladığı Beynəlxalq Ədalət Məhkəməsinin Roma Əsasnaməsinin 8-bis maddəsinin g yarımbəndinə əsasən, iştirakçı dövlətin digər dövlətin ərazisinə silahlı qruplaşmalar, qeyri-müntəzəm silahlı birləşmələr və muzdlular göndərməsi həmin dövlətə qarşı təcavüz xarakterli cinayət əməlini ehtiva edir.
Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri Azərbaycan ərazilərində törətdikləri cinayət əməllərinə görə həbs edilmiş bu qəbildən olan şəxslərin saxlandıqları müəssisələrə də müntəzəm olaraq baş çəkirlər. Başçəkmələrdə MPQ-nin ixtisasca həkim və psixoloq üzvünün də iştirakı təmin olunub.
Başçəkmələr zamanı həmin şəxslər ombudsman Səbinə Əliyeva və MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul olunmaqla dinlənilib, onlara müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.
Həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan lazımi şəraitin, tibbi-psixoloji xidmətin, ailə üzvləri ilə telefon danışığı və digər hüquqlarının təmin olunduğu, onlarla rəftara dair qanunvericiliyin tələblərinə riayət edildiyi müşahidə olunub. Qəbul edilmiş şəxslər Ermənistanın azərbaycanlılara göstərdiyi münasibətdən fərqli olaraq yaradılmış şəraitdən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, saxlandıqları müəssisədə onlara göstərilən humanist münasibətə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan ombudsmanının Ermənistan tərəfindən muzdluların cəlb olunmasını faktlar əsasında sübut edən müraciət və məlumatları da ardıcıl şəkildə beynəlxalq təşkilatlara göndərilib.
“Ədəbiyyat və incəsənət”
(24.01.2024)
Əməkdar artist Nofəl Vəliyevin 50 illik yubileyi qeyd edilib
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nofəl Vəliyevin 50 illik yubileyi Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinin tamaşası ilə qeyd edilib.
AzərTAC xəbər verir ki, tamaşadan əvvəl çıxış edənlər Nofəl Vəliyevin rol aldığı səhnə əsərləri, ifa etdiyi obrazlar haqqında fikirlərini bölüşüb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Çıxışlardan sonra yubilyara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təbrik məktubu və fəxri fərmanı, Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı və teatrın diplomu təqdim edilib. Yubilyar göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.
Daha sonra tamaşa nümayiş etdirilib. Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulan tamaşa böyük dramaturqun toxunduğu problemləri fərqli yöndən göstərir.
Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşanın səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssamı Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdidir.
Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Hacıbabayev, Ramil Məmmədov, Aygün Fətullayeva, Anar Seyfullayev, Elgün Yəhyayev, İmran Qurbanov və başqaları rol alıblar.
“Ədəbiyyat və incəsənət”
(24.01.2023)