Super User

Super User

Четверг, 19 Январь 2023 12:15

Pinokkio mükafata əsas namizəddir

Qremmi və Kino Tənqidçiləri mükafatları ən yaxşı filmlərə verildi, bu arada 50-ci “Annie” animasiya mükafatına iddialı olanların siyahısı da açıqlandı. 

“Ədəbiyyat və incəsənət” kulturomania.ru saytına istinadən xəbər verir ki, qeyd olunan nominasiyaların sayına görə “Pinokkio Gilyermo del Toro”, “Marsel, ayaqqabıdakı balıqqulağı” animasiya filmləri liderdir.

“Ən yaxşı cizgi filmi” nominasiyasına “Mən qızarıram”, “Çəkməli pişik: Son arzu”, “Pis oğlanlar”, “Vendell və Vayld”, “Dəniz bədheybəti” filmləri daxildir. Mükafat uğrunda "Ən yaxşı müstəqil layihə" nominasiyasında isə "Marsel", "Əfsanənin doğulması", "Kiçik Nikolas" yarışacaq.

Münsiflər heyəti dublyajda ən yaxşı aktyor işi nominasiyası üzrə nominantları da seçib. Onların arasında Devid Bredli və Qreqori Mann ("Pinokkio"), Vaqner Moura ("Çəkməli pişik"), Cenni Sleyt ("Marsel") yer alıb.

Qeyd edək ki, “Annie” animasiya filmlərinin mükafatlandırma mərasimi fevralın 25-də keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.

Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

Tom Piters. «Özünü brendə çevir»

Tom Pitersin bu bestsellerində keçid dövrünü necə keçirmək qaydaları, «uğura döğru yolda müvəffəqiyyətə necə köklənməli», «xaraktercə və fiziki cəhətdən necə güclənməli» kimi sualların cavabları verilib. Tom Piters bəyan edir ki, get-gedə cəmiyyətlər dəyişəcək, ağ yaxalıqlı ofis və idarə işçilərinə bir azdan ehtiyac qalmayacaq, fərdin çəkisi artacaq, fərdçilik meydan sulayacaq, bu səbəbdən də fərd olaraq hər bir kəs özünü gələcəyə hazırlamaqçün bir brendə çevirməlidir.

Tom Pitersin devizi də maraqlıdır: «Aylıq əməkhaqqına güvənib düşünmə, qazanacağın günəmuzda güvənib düşün!»

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Azərbaycanın müasir tarixinə faciəli günlərdən biri kimi daxil olan xalqımızın qəhrəmanlıq salnaməsi, eləcə də milli müstəqillik və azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilən 20 Yanvar faciəsindən 33 il ötür. Bu münasibətlə yanvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanmış “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətinin yaydığı məlumata görə, nakam məhəbbət haqqında olan ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. 

Qeyd edək ki, səhnə əsərində əsas obrazları Əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Kərəm Hadızadə, Anar Səfiyev, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Hüsniyyə Əhmədova, Yasəmən Malik, Rövşən Abbasov və başqaları canlandıracaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Четверг, 19 Январь 2023 11:15

Dünyanın ən populyar 20 musiqiçisi - Justin Bieber

Dimash.rpo ötən ilin yekunlarına görə dünyanın ən populyar və ən çox gəlir əldə edən 20 musiqiçisinin reytinqini təqdim edir. 

 

 

Musiqi biznesi dünyanın ən rəqabətli bazarlarından biridir. Başgicəlləndirici şöhrət ilə kəskin eniş, qəfil bir-birini izləyir. Bəzi musiqiçilər illərlə diqqət mərkəzində qalmağı bacarlar. Aydındır ki, onlar böyük müğənnilərdir, amma bu zirvədə qalmağa kifayətdirmi? Əlbəttə, yox. 

Yaxşı menecmenti mənimsəmək və daim tələb olunan musiqini yaza bilmək - bunlar  dünya şöhrətinin yalnız ən bariz maddələridir. 

Təqdim edilən 2022-ci il üçün dünyanın ən populyar 20 müğənnisinin bu siyahısında bəzi gənc ulduzları və bəzi veteranları görürük, onların hamısında illərdir bu cür siyahılarda davam etmək üçün bütün üstünlüklərə rast gələrsən. 

 

Jastin Bieber

 

Dünyanın hər yerində hədsiz dərəcədə məşhurlaşan gənc müğənni Justin Bieber uğurları üçün meneceri Skuter Brauna təşəkkür edir. 16 yaşlı müğənninin debüt albomu "Həyatım 2.0" Billboard 200-də zirvə fəth edən ən gənc musiqiçinin albomu kimi tarixə düşüb.

Onun müvəffəqiyyəti zamanla artdı. "Soyuq su", "Let Me Love You"," I 'm The One" kimi ən populyar pop mahnılarından bəzilər ona məxsusdur. 

İki Grammy laureatı, 21 MTV Avropa Musiqi Mükafatı, 20 Billboard Musiqi Mükafatı, 18 Amerika Musiqi Mükafatları laureatıdır o. 

Bu günə qədər 6 albom buraxıb, sonuncusu Justice 2021-ci ildə çıxıb. 

Justin yalnız dünyanın ən məşhur müğənnilərindən biri deyil, həm də döymələri sevən görkəmli bir dəbsevən  şəxsiyyətidir.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Четверг, 19 Январь 2023 13:00

Mixaylo şəhərdədir!

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Nodar Şaşıqoğludur.

 

 

NODAR ŞAŞIQOĞLU

(1927-1913)

 

***

Bir gün məşqlərimizə rejissor Atamalıbəyov ("Uzaq sahillərdə" filminin ikinci rejissoru) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olduq:

– Xoş gördük, mən Nodar Şaşıqoğu, – nədənsə özümü belə təqdim etdim. Elə o vaxtdan da bu soyad rəsmiləşdi.

(Olsun ki, təsadüfən soyadını belə söyləməsinin əzəmətli çıxması Nodarı çəkiləcəyi rola daha da yaxınlaşdırdı – red.)

Atamalıbəyov mənimlə səmimi görüşdü:

– Bizə elə sən lazımsan. Mütləq sınaq çəkilişinə gəl, Tofiq Tağızadə səninlə söhbət edər. Biz böyük kəşfiyyatçı Mehdi Hüseynzadə haqqında bədii film çəkməyə hazırlaşırıq.

Əslində, baş rola çəkiləcəyimi ağlıma gətirmirdim. Amma sınaq çəkilişlərinə getdim. Məni qrimləyib pavilyona apardılar. Tağızadə məni görən kimi gülümsündü:

– Xoş gördük, Mixaylo, – deyib, əl uzatdı. 

 

 

 

 “Ədəbiyyat və incəsənət”

(19.01.2023)

 

 

Четверг, 19 Январь 2023 13:00

Onun adı nə idi?

“Oxucuların yaradıcılığı” rubrikasında Səbinə Yusifin  “Onun adı nə idi?” hekayəsini təqdim edirik. 

 

 

Bu hekayəni sevgilisini, nişanlısını Vətən uğrunda itirmiş qızlarımıza həsr edirəm.

 

-Siz heç sevdinizmi?

-Bəli, sevdim. Vətən kimi müqəddəs, torpaq kimi əvəzolunmaz bir sevgi ilə sevdim.

-Bəs indi nədən tək yaşayırsınız? –deyə tələbələr ona sual etdilər.

Gülzar müəllimə eynəyini çıxarıb göz yaşlarını silməyə başladı.

-Bizi bağışlayın, müəllimə.

-Elə deməyin, övladlarım. Məni siz ağlatmadınız.

İşlədiyi kollektivdə istiqanlılığı, diqqətcilliyi, mehribanlığı ilə seçilən Gülzar xanım tələbələrin də sevimlisi idi. Nə qədər gülərüz olsa da, bir o qədər zəhmli idi. Tələbələr onun dərsinə həmişə hazır olardılar. Tədris etdiyi ədəbiyyat fənninə böyük sevgi qatıb öyrədərdi tələbələrinə. İmtahan vaxtı Gülzar xanımın dərs dediyi tələbələr xüsusilə seçilərdi. Bu il onlar sonuncu kurs idilər. Gülzar xanım onlarla həm ana, həm bacı, həm dost idi. Bu səmimiyyətdən istifadə edib tələbələr Gülzar xanıma bu sualı ünvanladılar. Yeni dərsin mövzusu məhəbbət dastanları idi. Dərsi izah edən müəllimə ona qəfil ünvanlanan sualın təsirindən istər-istəməz 30 il əvvəli xatırladı. Müharibənin odlu-alovlu illərini. Qarabağın işğal olunduğu o ağrılı-acılı illəri xatırladı.

-Əzizlərim, siz həyatınızın ən gözəl illərini – gənclik illərini yaşayırsınız. Siz baxdığınız hər nə varsa, sizə bir söz söyləyir: “Sevgi”! Siz xoşbəxt gənclərsiniz ki, artıq Qarabağ işğaldan azad olunub. Allah Şəhidlərimizə rəhmət eləsin. Qazilərin, zabitlərin, əsgərlərin canları həmişə sağlam olsun. Mənim sevdiyim insan da zabit idi. Vətən üçün hər an ölümə getməyə hazır idi. Qarabağ işğal olunmuşdu. Qarabağın işğalına dözə bilmirdi. Müstəqil Azərbaycan Respublikasında təhsil alan ilk zabitlərdən idi. Biz onunla eyni yurdun övladları idik. İnstitut illəri Bakıda tanış olmuşduq. O vətənpərvər gənc idi. Qarabağın işğalı ona da ağır təsir etmişdi. Bu itki ilə barışa bilmirdi.

-Müəllimə, olar bir sual verim?

-Buyur, qızım.

-Onun adı nə idi? Niyə öz adını demirsiniz?

-Bilirsən qızım, onun haqqında niyə öz adı ilə danışmıram? Çünki o Vətən amalı ilə yaşayan Qəhrəman idi. Onun özü bir yana, adı da mənim qibləmdir. Mən onu öz adı ilə çağırmadım. Mən ona Vətən Sevgim deyirdim. Elə siz də onu bu adla tanıyın. Bizi bir dəyər birləşdirmişdi – Vətən! Hərbi Akademiyanı bitirdi və ön cəbhəyə təyinat aldı. İkimiz də çox xoşbəxt idik. İkimiz də ali təhsilimizi başa vurmuşduq. 4 il idi tanıyırdıq bir-birimizi. O, mənə sevməyi öyrətdi. Yadınızda saxlayın, Vətəni sevən kişilər sevgilərinə sadiq olurlar. Həm də çox mərhəmətli olurlar hər kəsə qarşı. Mən sevgini də ona görə sevdim. O məni həmişə qorumağa çalışdı. Bakıda oxuduğumuz  illərdə mən özümü kəndimizdə yaşayırmış kimi hiss etdim. Çünki mənim arxamda o dayanmışdı. Onunla bir yerdə addım atanda elə bilirdim, əl atsam göydəki ulduzları belə dərə bilərəm. Çünki onunla Göylər də əlçatan idi. Hərdən öz-özümə deyirdim: Yatsaydım, belə bir xoşbəxt həyat yuxuma da gəlməzdi. Bəlkə də öz sevgimə özümün gözü dəydi. Çünki bizim sevgimiz bir başqa idi. O, mənimlə görüşə elə gəlirdi ki, heç yolun da xəbəri olmazdı. Elə Abbas Tufarqanlının dediyi kimi:

 

Qədəm qoyub yar bağına gələndə,

 

Elə gəl, elə get, yol inciməsin.

 

Şəkər ləblərindən mənə busə ver,

 

Dodaq tərpənməsin, dil inciməsin.

 

O da görüşə elə gələrdi ki, yol da inciməzdi. Hamıdan xəbərsiz, bəxtəvər bir sevgi yaşadıq. İnstitutu bitirdik. O, ön cəbhəyə yollandı. Mən də kəndimizə. O vaxtlar mobil telefonlar satışa yeni gəlmişdi. Hər adamda yox idi. Yanvar ayı idi. Ev telefonumuza zəng gəldi. O, idi. Məzuniyyətə gəldiyini, məni görmək istədiyini dedi. Mən də evdən rəfiqəmlə görüş adı ilə çıxdım.  Məhəlləmizin qurtaracağında görüşdük. Elə bil dünyanı mənə verdilər. Çox az söhbət etdik. Dedi, birdən görən olar, sonra atangilə deyən olar. O, istəmirdi ki, mənim haqqımda kimsə bir kəlmə artıq söz danışsın. Sevgisinin ucalığından idi. Məni hər addımda qorumağa çalışırdı. Əlindəki hədiyyə qutusunu mənə verib sağollaşdı. Onu elə möhkəm qucaqladım ki. Polad kimi möhkəm idi. Ətrini hələ də unutmamışam. Cənnətin ətri var idi onda. 

Müəllimə gözünü qurulayıb davam etdi:

-Evə gəlib hədiyyəni açanda gördüm ki, bir mobil telefon var, bir də bir məktub. Məktubda yazmışdı: “Sən bu dünyada ən çox güvəndiyim insansan. Sənə inanıram. İnanıram ki, sən sevgimizə sadiqsən. Sən mənim nəfəsimsən. Nəfəssiz durmaq olmur. Bu telefonu sənə hədiyyə etdim ki, heç olmasa həftədə bir dəfə də olsa sənin səsini, nəfəsini eşidim”. 

Hamıdan gizlin, hamıdan xəbərsiz həftədə bir dəfə ona zəng edərdim. Ayrılmaq istəməzdim. Vaxt elə tez gələrdi ki. Onunla danışdığım dəqiqələr elə qiymətli idi ki. Telefonda onun nəfəsini duyanda dünyanın ən xoşbəxt insanı olurdum. Həmin gün anam mənə nə qədər ev işi gördürsə belə yorulmazdım. Bilirsinizmi, sevgi insanı güclü edir. Mən onunla birlikdə elə güclü idim ki...

Böyük ümidlə, böyük arzu ilə gözləyirdim qovuşacağımız günü. Bir gün axşam saat 8-də atam xəbərlərə baxırdı. Aparıcı xanımın dediyi cümlələri eşidəndə dünya gözlərimdə qaraldı: “Bu gün səhər saatlarında ermənistan ordusu tərəfindən atəşkəs yenidən pozulub. N saylı Hərbi Hissənin zabiti düşmənin açdığı snayperdən Şəhid olub”.

Gözümü açanda xəstəxanada idim. O zaman artıq hər kəs xəbər tutdu bizim sevgimizdən.

Ondan mənə bir məzarı yadigar qalıb, bir sevgimiz, bir də Vətən.

O mənim dünyam idi. Dünyamı da apardı özü ilə.

Onunla birlikdə addımladığımız küçələr indi mənim ən isti yuvamdır. Sizə bir məsləhətim var: Elə sevin ki, heç vaxt heyf deməyin.

-Müəllimə, siz heyslənmədiniz? Tək qaldınız. Tək yaşlandınız.

-Bir dəfə də olsun heyf demədim. Çünki mən bir Qəhrəmanı sevdim. Kim deyir ki, mən tək qaldım. Mən Vətən boyda bir sevgiyə sahibəm!

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Четверг, 19 Январь 2023 12:30

“Zəfər yolu” Milli Dram Teatrının təqdimatında

Yanvarın 20-21-22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası növbəti dəfə nümayiş etdiriləcək.

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərovdur.

Qeyd edək ki, səhnə əsərində baş qəhrəman yoxdur. Baş qəhrəman ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin arxalandığı xalq və xalqın güvəndiyi ordudur. Əsərdə müəllif baş verən milli azadlıq mübarizəsini dörd ailənin timsalında təqdim edir. Azərbaycanın hər bir evində, hər bir ailədə, hətta azsaylı xalqların və ölkə vətəndaşı olan digər millətlərin nümayəndələri belə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxırlar.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan “Bir nəfəs qədər” (pyesin müəllifi: Samir Qulamov) tamaşası nümayiş olunacaq. 

 

SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Yanvarın 20-də göstəriləcək tamaşada, eyni zamanda, Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunur.

Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov və Murad Əliyev iştirak edəcəklər.

Qeyd edək ki, tamaşa 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə göstəriləcək. 

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Четверг, 19 Январь 2023 12:00

8000 manat qazanan tarix müəllimi

Bakıdakı 219 saylı evdə təhsil üzrə tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova İctimai TV-də yayımlanan "Milyonların şousu" intellektual verilişinə qatılaraq 8000 manat qazandı. 

O, qazandığı məbləği öz övladlarının təhsili ilə yanaşı, maddi imkanı zəif olan bir ailənin övladının da təhsilinə xərcləyəcəyini bəyan etdi.  

Sevinc müəllimə həm bilikdə, həm də insanlıqda hamıya örnək oldu.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Nüfuzlu Euronews ötən 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar. 

Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edirik.

 

“Rou Ueydə qarşı” adlanan məşhur iş: ABŞ-da bu etiraz nümayişi Ali Məhkəmənin hakimiyyətə abortları qadağan etmə sanksiyası əleyhinə təşkil edilib.

Foto: Darin Oswald/Idaho Statesman

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.