Super User

Super User

Среда, 19 Февраль 2025 18:11

İnsanın yaranması haqqında fəlsəfi araşdırma - ESSE

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsanın yaranması sualı tarix boyu fəlsəfənin ən fundamental və mürəkkəb mövzularından biri olmuşdur. Bu mövzu yalnız fiziki varlığımızın mənşəyini deyil, həm də mənəvi və intellektual mahiyyətimizi araşdırır. 

 

İnsanın yaranışı barədə düşünərkən iki əsas istiqamətə diqqət yetirmək lazımdır: metafizik (varlığın mənası və məqsədi) və epistemoloji (bilik və idrakın mənşəyi) aspektlər. Bu araşdırmada insanın yaranması haqqında müxtəlif fəlsəfi nəzəriyyələri araşdıraraq onların mahiyyətini və müasir dövrdəki əhəmiyyətini təhlil edəcəyik.

 

 1. Qədim fəlsəfədə insanın yaranışı

 Qədim fəlsəfə insanın yaranması məsələsinə kosmoloji və metafizik yana…

Среда, 19 Февраль 2025 17:10

“Oğurluq” - Akif Abbasovun hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Akif Abbasovun hekayəsi təqdim edilir. 

 

Muradəli əlli illik ömründə pisi də, yaxşını da çox görmüşdü. Həyatını sən deyən fərəhli keçməmişdi. Çətinliklərlə çox qarşılaşmışdı. Bu fani dünyada ağlı kəsəndən nə qazanmışdısa, öz gücünə idi. Başı daşdan-daşa dəyə-dəyə gəlib bir vəzifə, şan-şöhrət sahibi olmuşdu. Görünür, xoşbəxt ulduz altında doğulmadığı üçündür ki, hansı işin qulpundan yapışmışdısa, qabağına daş diyirlətmişdilər. Odur ki, dara, çətinə düşəndə dilxor olar, "Elə bil  işim daş altından çıxır", deyə öz-özünə deyinərdi. Lakin heç vaxt ruhdan düşməzdi.  Mübarizələrdə bərkimişdi. İndi bir iş dalınca düşəndə qabaqcadan özünü buna hazırlayırdı: "Düzələn iş deyil. Amma gedim". Ona görə də işi düz gətirməyəndə dilxor da olmur, uğur qazananda sevinirdi.

Çətinliklərlə, haqsızlıqlarla, süründürməçiliklərlə, badalaqgəlmələrlə çox rastlaşdığından idi ki, insanlara münasibətdə həssas idi, çalışırdı ki, heç kimi incik salmasın. Düzəlməsi müşkül məsələ olanda isə, müraciət edən şəxsi şirin dil, xoş üzlə qarşılar, yola salardı.

Muradəli insanların nə üçün bir-birini anlamadıqlarını, bir-birinə qənim kəsildiklərini, birinin digərinə tor qurduğunu heç cür başa düşmürdü.  Bir şeyi çox aydın dərk edirdi ki, adamların erkən həyatdan köçmələrinə səbəb onlar arasındakı pis, kobud, yaramaz münasibətlərdir.

Belə münasibətlər onun bacı-qardaşları arasında da vardı. Qardaşı arvadları az qala, qohum-əqrəbanı, yaxınları bir-biri ilə düşmən etmişdi. Çox zaman qardaşları da arvadlarının fitvası ilə oturub-durur, qanlı-bıçaq olurdular. Küsülülük illərlə çəkirdi. Bəzən bir-birlərinin xeyrində-şərində də görünmürdülər. Bu, övladlarının bir-birlərinə, əmi, dayı, bibi, xala uşaqlarına münasibətlərinə də pis təsir göstərirdi.

Muradəligil dörd qardaş, üç bacı idilər. Aralarında ögeyi yox idi. Muradəli həm qardaşları, həm də bacıları, onların ailə üzvləri ilə münasibəti saxlamağa çalışırdı. Arvadına da onların umu-küsüsünə, söz-söhbətinə qarışmağa imkan vermirdi.

"Nissan" avtomobilində rayondan qayıdan Muradəli yolboyu beynini yoran suallara cavab tapmağa çalışırdı. Qanı bərk qara idi. Həyatı qədər sevdiyi əziz bacısı dünyasını dəyişmişdi. Dünən üçünü vermişdilər. Qohum-əqrəba, dost-tanış, qonşular yığışıb onların kədərinə şərik olmuşdu. Muradəli çox göz gəzdirsə də, qardaş arvadlarından ikisini görə bilməmişdi. Başa düşmüşdü ki, arada inciklik var. Daxilən bərk qəzəblənmişdi. Belə ağır, kədərli gündə də inciklik, umu-küsü olar? İnsanlar bəzən nə qədər də cılız olur, ölüm günündə də hisslərini cilovlaya bilmirlər. Muradəli qardaşlarının da oturuş-duruşundan kimin kiminlə arası olmadığını əlüstü başa düşmüşdü.

Yeznəsi kasıb bir kişi idi. Yas xərcini Muradəli çəkməli olmuşdu.  Həm yeznəsi imkansız olduğuna görə, həm də  Muradəliyə görə rayon mərkəzindən, Bakıdan çoxlu vəzifəli şəxs yasa gəlmişdi. İstəmirdi ki, bacısının yası urvatsız olsun, ağız büzsünlər. İndi hər şeyə fikir verirlər. Bundan başqa, qardaş-bacılarının hərəsi yaxasını bir kənara çəkib durmuşdular. İrəli duran, bir işin qulpundan yapışan yox idi. Sanki rəhmətə gedən onların bacıları deyil, yad bir adam idi.

Belə yerdə Afəridə xanım düz deyirdi: "Qohum-əqrəbanın xeyrində-şərində irəli duran, özünü oda yaxan tək sənsən. Sən olmasaydın, görəsən, bunların halı necə olardı?!. Bir-birinin axırına çıxardılar".

Rayonda öyrəndi ki, mərhum bacısının qızlarından biri - Şəfəq universitetdə oxuyur. "Gör ha, iki ildə bundan xəbəri olmayıb. Yaxşılıqdan savayı Muradəlini bacıqızına nə yamanlığı dəyə bilərdi? Nə isə, öz işləridir!"

Yeznə fəhlə baba idi. Aldığı maaş ailənin dolanışığına güclə çatırdı. Uşaqlarının əyni-başı tökülürdü. Bir yandan da tələbə oxutmaq!

Bacısının əziz ruhuna hörmət əlaməti olaraq indi fikirləşirdi ki, onun yeddisinə gedəndə, Şəfəqin atasına desin ki, qızını kirayə qaldığı evdən çıxarıb öz evinə gətirmək istəyir. Həm  kirayə haqqından azad olar,  həm də ona qızı kimi baxar. Yediklərindən o da yeyər, içdiklərindən o da içər, arada əyin-başını da alar.

Muradəli mərhəmət hissindən bu qənaətə gəlmişdi. Bacısının övladına əl uzatmayanda kimə uzadacaqdı?! Yolda ürəyindən keçənləri həyat yoldaşı Afəridə xanıma da dedi. Afəridə ürəyiyumşaq, əliaçıq, mehriban, qohumcanlı bir qadın idi. Qeybəti, söz bəzəməyi, xəbər aparıb-gətirməyi xoşlamazdı. Bilirdi ki, bütün bunların axırı yoxdur, başqasından daha çox adamın özünə ziyanı dəyir, yalnız münasibətləri pozur.

Ərinin sözlərini eşidəndə Afəridə xanım dərhal cavab vermədi. Qaşları çatıldı. Fikrə getdi. Muradəli bunu belə yozdu ki, arvadı deyəsən, razı deyil. Afəridə xanım haçandan-haçana:

- Murad, bilirsən ki, sənin sözün mənimçin qanundur. Ancaq sənin o bacın qızını mən yaxşı tanımıram. Xasiyyəti necədir, nəyi xoşlayır, nəyi xoşlamır - bilmirəm. Bizim evdə də özümüzə aid sözümüz-söhbətimiz olur. Olursa da, evin divarlarından kənara çıxmır. Qorxuram, sabah eşitdiyinin, bildiyinin üstünə beşini də qoyub rayona apara. Mən də, sən də belə şeyləri xoşlamırıq. Sonra da kiminləsə sözümüz çəp gələ.

- Yaxşı, sən də başlama. Mən bir kəlmə söz dedim. Dolanışıqları pisdir. Heç olmasa, ev kirəsi verməz, tapdığımızdan o da yeyər. Biz öz adamlığımızı edirik. Həm də hər bir adam fitrə-zəkat verməlidir. Yəni qazancından başqalarının rifahı naminə müəyyən məbləğdə pul  xərcləməlidir. Bu, da olar bizim fitrə-zəkatımız.

- "Əl tutmaq Əlidən qalıb!" Buna sözüm yoxdur. Qoy elə kirayədə də qalsın. Kirayə haqqını verərsən, arada palından-paltarından alarsan, cibinə də xərclik qoyarsan. Bundan artıq nə yaxşılıq!

- Arvad, rayon yeridir, camaatın ağzını yığmaq olmur. Deyəcəklər, Muradəli iri bir zavodun baş direktorudur. Bacısının yetim qızını qanadı altına almadı.

- Ay Muradəli, bu rayon əhlinin hamısı həftə səkkiz, mən doqquz yanındadır. Məsləhətinə gəlir.  Qızı universitetə girəndə yeznən sənə bir "zdrasti" də demədi. İki il keçəndən sonra dünən məlum olub ki, sən demə, qız ali məktəbdə oxuyurmuş.

Muradəli yeznəsini müdafiə etdi:

- Arvad, kasıb qürurlu olur. Yəqin özünü sındırmaq istəməyib. Fikirləşib ki, qoy deməsinlər qızını universitetə Muradəli düzəldib. O yazıq, elə bilirsən,  təkəbbürlü və lovğa olduğundan belə edib? Bir həsirdir, bir də Məmmədnəsir.

Afəridə xanım  xəbərdarlıq etməyi özünə borc bildi:

- Əli, bax, sənə deyirəm, bir var, o, qız özü ayrıca evdə kirayə qala, köməyini edəsən. Bir də sənin evində qala. Bunlar  başqa-başqa şeylərdir. Bizdə yaşamalı olsa, onun bütün məsuliyyəti sənin üzərinə düşür, ha. Qız uşağıdır, nə bilək nə ağıldadır! Sabah ayağını əyri qoysa, bir günahı da sənin adına yazılacaq. Bundan başqa, sənin də evində qız uşağı böyüyür.

Afəridə xanım ona qısaca gah "Murad", gah da "Əli" deyə müraciət edərdi.  "Əli" deyə çağıranda bu, o demək idi ki, ona acığı tutub.

Muradəli  arvadının haqlı olduğunu ürəyində etiraf etdi. Amma fikrindən də dönmədi:

- Arvad, lap sarı simə vurursan, ha... Mənim evimdə yaşamalı olsa, özünün qanunları ilə deyil, mənim evimin qanunları ilə hərəkət edəcək. Bunu ona özüm başa salacağam. Qorxuram, kirayədə qalsa, təsir altına düşər. Şəhər yeridir. Heç bilirsən, nə qədər anasının əmcəyini kəsən var?! İndi ağır zəmanədir. Ehtiyac insanı hər şeyə vadar edir.

Afəridə xanım  ərinin öz fikrindən dönmədiyini görüb razılaşdı:

- Nə deyirəm ki, Murad, özün bilən məsləhətdir. Sən ağıllı kişisən. Mərd adamsan. Hamımızdan başsan. Amma mən də  öz sözümü dedim.

Sözünü yerə salmadığına görə Muradəli arvadına dil-ağız elədi:

- Sağ ol, arvad, həmişə olduğu kimi, məni sındırmadın. Xasiyyətini bildiyim üçün deyirəm: ürəkdən razılıq verdiyin üçün bilirəm ki, öz qızın kimi baxacaqsan.

Muradəli kövrəldi, gözləri yaşardı. Özünü ələ alıb:

- Bacımın vaxtsız-vədəsiz ölümü məni yandırır, arvad. O yazıq da mənim kimi çox əziyyətlər, çətinliklər çəkib. Amma məndən fərqli olaraq, onun çətinlikləri ölənə kimi sürdü. Bacım bu dünyada bir gün görmədi.  Mən o vaxtlar onun sıxıntılarını görür, ancaq imkansızlıq üzündən kömək əlimi uzada bilmirdim. Axır vaxtlar da başım iş-gücə qarışdığından ondan xəbər-ətər tuta bilmirdim. Yaxşı müalicə olunsaydı, indi bəlkə də yaşayırdı mənim bacım!

Muradəli bu dəfə uşaq kimi hönkürdü:

- Bacımın vaxtsız-vədəsiz ölümü mənə çox pis təsir edib, Afəridə!  Onun ruhu qarşısında öz borcumu yerinə yetirmək istəyirəm. Yoxsa, vallah, rahatlığım, dincliyim olmaz.

Muradəlinin qızları maşının arxa oturacağında baş-başa verib yatmışdılar. Afəridə xanım qabaq oturacaqda ərinin yanında əyləşmişdi. Maşını Muradəli idarə edirdi. O,  minnətdarlıq əlaməti olaraq, arvadının əlindən tutdu. Onun nəvazişindən Afəridə xanım da son dərəcə xoşhal oldu, başı ərinin çiyninə düşdü.

 

*

İndi mətbəxdə oturmuşdular. 2011-ci ilin fevral ayı idi. Çöldə bir şaxta vardı ki, gəl görəsən! Mətbuatın yazdığına görə, son yüz on ildə Bakı belə şaxta, belə qar, çovğun görməmişdi. Muradəli kondisioneri yandırmağa qorxurdu. Bir-iki  evdə kondisioner partlamışdı. Az qala yanğın olacaqdı. Çöldə şaxta olduğundan kondisionerin pərlərini, motorunu dondurmuşdu. Qoşanda bərk uğultu qoparırdı. Motoru yanmamışdısa, çox şükür!

Dünən çovğun çox güclü idi. Muradəli tanış taksilərdən bir-ikisinə zəng etmişdi. Demişdilər, evdə oturublar, yola çıxmağa qorxurlar. Hər tərəf buz bağlayıb.  Məcbur olub küçəyə çıxmışdı ki, bəlkə başqa taksi tapdı. Avtobusların da çoxu işləmirdi.  Enişli-yoxuşlu küçələrlə hərəkət etmək çətin idi. Maşınlar buz bağlamış yollarda sürüşür, bir-birinə dəyirdi. Hətta Bakının bir küçəsində 20-30 maşın bir-biri ilə toqquşmuşdu.

Muradəli təsadüfən bir taksi tapıb işə dəymişdi. Sürücü ürəkli oğlan idi. Özünü buz bağlamış yollara vurmaqdan çəkinmirdi:

- İnanırsınız, maşının qapıları da donmuşdu, isti su töküb onları açmışam.

Muradəli onu təriflədi:

- Belə havada bəziləri kimi evdə oturmadığına görə sağ ol, vallah. İgid adamsan. Onda gərək Rusiyyətdə, soyuq ölkələrdə həyat iflic ola. Maşınlar da işləyir, taksilər də, adamlar da.

Sürücü gileyləndi:

- Bilirsiniz, işləmək üçün gərək şərait də ola. Görürsünüz, küçələr nə gündədir. Yollar qardan təmizlənmir, bir-iki qartəmizləyən maşın da işləyəndə gətirib qarı yığır yolun kənarına... Əslində maşınlara yükləyib aparıb atmalıdırlar. Hansını deyəsən?!

- Sənin sözlərində də həqiqət var.

- Keçən il təkərlərə zəncir bağlamışdım. Bir-iki dövrə vurdum, zəncirlər qırılıb töküldü. Yerdə qar az olduğundan asfalt zəncirləri doğradı, elədi heç. Gərək əməlli-başlı qar ola ki, zəncirlər qara ilişə, qara dolaşa, sürüşmənin qarşısını ala. Rusiyyətdə əmioğlum yaşayır. Özü də bilirsən harada? Surqutda - çukçilərin məskən saldıqları yerlərdə. Oralarda 50-60 dərəcə şaxta olur. Axşam maşını işləyə-işləyə qoyurlar ki, şaxta motoru dağıtmasın. Deyir, maşının içərisində istilik verən spirallar quraşdırırıq ki, şüşələr donmasın. Dondu - partlayacaq, çilik-çilik olacaq.

- İşə bir bax. Belə yerdə necə yaşayırlar?

- Hə, əmioğluma xəbər göndərdim ki, ölmüşəm, məni yerdən götür. Qış pis gəlib. Xaltura eləməsəm, acından qırılarıq. Dedim ki, təcili mənə şaxtalı havalar və qar üçün nəzərdə tutulan təkərlər göndər. Sağ olsun, yola saldı. O hesaba bir günüm də boş keçmir, istər yer nə qalınlıqda buz bağlasın.

Afəridə xanım bir-iki şey tapşırmışdı almağa. Muradəli yataq otağına keçdi. Şifonerin qapısını açıb əlini pencəyinin içəri tərəfdən üst cibinə saldı. Dünən buraya üç yüz manat pul qoymuşdu. Puldan beş-on manat götürüb dükan-bazara getmək istəyirdi. Fəqət əli boşa çıxdı. Əlini pencəyin sağ tərəfdəki üst cibinə,   yan ciblərinə saldı. Pul yox idi. "Bəlkə o biri pencəklərimdən hansınınsa cibinə qoymuşam?" Baxdı. Pul tapılmadı. Hava soyuq və şaxta olduğundan  dünəndən bəri heç yerə çıxmamışdı. "Sən vurmadın, mən yıxılmadım. Bəs necə oldu?"

Evdə arvadı Afəridədir, özüdür, iki azyaşlı qızlarıdır, bir də Şərəf. Afəridə xanım Muradəliyə deməmiş, ondan soruşmamış bir qəpiyə də əl vuran deyil. Dünəndən üzü bəri qonaqdan-qaradan gələn də olmayıb. Bəs pulları kim götürüb?  Balaca qızlar - Nuriyyə və  Səriyyənin əllərinə hələ indiyədək pul dəyməyib. Götürüb neyləyəcəklər? Onlar belə şeylərdən uzaq idilər. Şübhə bir nəfərin - Şəfəqin, bacıqızının üzərində qalırdı.

Muradəli mətbəxə keçdi. Afəridə xanımla Şəfəq əti yarpağa qoyub bükürdülər. Arada da nə barədəsə danışırdılar. Onları belə mehriban görəndə Muradəli sevinirdi. Amma bu gün o halda deyildi. Nuriyyə sakitcə oturub dərslərini hazırlayır,  Səriyyə də bacısına mane olmadan oyuncaqları ilə başını qatırdı. Nuriyyə birinci sinifdə oxuyurdu, bərk şaxta olduğundan Təhsil Nazirliyi üç gün tətil elan etmişdi. Səriyyə hələ gələn il məktəbə gedəcəkdi.

Muradəli Şəfəqə göz qoydu. O, sakit idi. Heç nə olmayıbmış kimi arxayınca oturmuşdu. Dayısına baxıb gülümsədi. Muradəlinin də yalandan dodağı qaçdı.

Muradəli indi nə desin, kimə desin, kimdən nə soruşsun? Afəridədən soruşsa, yüz faiz deyəcək o, yəni Afəridə götürməyib. Sonra da tez-tez xəbər alacaq: "Tapdın pulu?"

Şərəf də boynuna almayacaq. Götürən adam heç etiraf edər? Qəribədir, gör qız özünü necə sakit aparır?!. Elə bil suçu yoxdur. Sorğu-suallar Şəfəqin ziyanına olacaq. Afəridənin də dili uzanacaq. Özünə haqq qazandırmaq üçün deyəcək: "Axı mən xəbərdarlıq etmişdim: nə olsun bacın qızıdır. Yaxşı tanımadığın adamı evin içinə soxma. Hərə bir ağılda, bir tamahdadır! İnsan övladı çiy süd əmib".

O zaman  Afəridə "İnsan övladı çiy süd əmib", deyəndə Muradəli zarafata salmışdı: "Eybi yox, bir litr "Sevimli dad" südü bişirib içirdərik Şəfəqə, qorxu, hürkü gedər".

Afəridə Muradəliyə tərs-tərs baxaraq bildirmişdi: "Mən sözümü dedim ha!"

Pulun Şəfəq tərəfindən götürüldüyü məlum olanda Afəridənin  dili uzun olacaqdı: "Bəc mən nə deyirdim?!"

Bəs nə etsin Muradəli? Şəfəq niyə belə iş tutdu? Yəni bunu onun atasına desin? O da düşünəcək ki, bu yolla qızı evdən uzaqlaşdırmaq istəyirlər. Evlərində qalmasına razı olmadıqlarından şər atırlar.

Muradəli mətbəxin pəncərəsinə yaxınlaşıb çölə baxdı. Qar yağmaqda idi. Külək qarı havaya sovururdu. Adamlar yıxıla-dura birtəhər evlərinə tələsirdilər. Maşın-filan gözə dəymirdi: "Belə havada isti yerdə bəy qızı kimi yuxarı başda oturub. İsti yorğan-döşəkdə yatır. Çox adamın evində şəraiti yoxdur ki, evini isitsin. Qaçqınlar gələndən yataqxanalar tutulmuşdu. Kirayə mənzil haqqı kəllə- çarxa çıxmışdı. Özləri isti yer tapmırlar, kirayənişinlərə yaratdıqları şərait nə olacaqdı?"

Afəridə xanım Muradəliyə baxıb zarafata saldı:

- A kişi, qırt toyuq kimi mətbəxdə  nə var-gəl edirsən? Get, yazdıqlarımı al.

- Gedirəm, Afa, gedirəm, - deyib mətbəxdən çıxdı.

Muradəli odla su arasında qalmışdı: "Cəhənnəm olsun üç yüz manat. Elə bil salıb itirmişəm. Amma əli əyri adam heç zaman özünə qoyulmur. Bilsəm ki, bununla qurtaracaq, heç kefimi pozmaram. "Haram xoşu olsun!" deyib bu hadisəni ört-basdır edər, unudaram.

Maraqlı idi: insanlar nədən yaxşılıq itirən olurlar? Afəridə düz deyirmiş: "Elə bilirsən, bu yaxşılıqlarına görə sənin heykəlini ucaldacaqlar?"

Muradəli geyinib çıxdı. Bazarlıq siyahısına baxaraq, bir-bir yazılanları almağa başladı. Dilxor idi.  Oğurluq məsələsi kefinə soğan doğramışdı. Günorta yeməyinə oturanda Afəridə xanım Muradəlinin əhvalındakı dəyişikliyi görüb soruşdu:

- Murad, nə olub? Gözümə yaxşı dəymirsən?

Şəfa yarpaq dolmasının üstünə qatıq töküb, boşqabını irəli çəkdi və iştaha ilə  yeməyə başladı. Əvvəllər yarı-yarımçıq əlini süfrədən çəkərdi, yaman utanırdı. Nə yaşı vardı ki?!. Həm də birdən-birə şəhər mühitinə düşmüşdü.

Muradəli öz-özünə düşündü: "Tutduğu əməldən peşman olmaq əvəzinə, özünü gör necə sakit aparır?! Necə soyuqqanlıdır?!"

Afəridə Muradəlinin susduğunu görüb sualını təkrar etdi. Muradəli özünü ələ alıb dedi:

- Afa, nədənsə birdən-birə başımdan ağrı qopdu.

Onun Şəfəqə möhkəmcə acığı tutmuşdu. Dayısını pis vəziyyətdə qoyur, etimadını doğrultmurdu.

Afəridə dedi:

- Başağrı dərmanı at. Bəlkə təzyiqin var. Ölçmək lazımdır.

Muradəli istədi desin ki, başının ağrısı təzyiqdən deyil, amma demədi, deyə bilməzdi. Onda Afəridə soruşacaqdı ki, "Bəs nədəndir?"

Onda da Muradəli deyib özünü işə salacaqdı.

Şəfəq durub qabları yığışdırmağa başladı. Qız gələndən Afəridənin işləri xeyli yüngülləşmişdi. Şəfəqin yaxşı əl qabiliyyəti, biş-düş səriştəsi, mətbəx və süfrə  mədəniyyəti vardı. Yemək bişirməkdə, paltarları yuyub-ütüləməkdə, evi yığışdırmaqda Afəridəyə çox kömək edirdi. Əslində kömək etmək nədir, elə işləri büsbütün o görürdü. Bundan başqa, dərslərini hazırlamaqda Nuriyyəyə kömək edirdi. Həm də izah edə-edə, başa sala-sala onun mövzuları şüurlu mənimsəməsinə nail olurdu. Səriyyə ilə birgə oynayar, onu da darıxmağa qoymazdı. Afəridə ondan çox razı idi.  Hətta Muradəliyə minnətdar idi ki, nə yaxşı, onun ağlına belə bir fikir gəlib. Şəfəq nə yaxşı burada, onların yanındadır. Bütün bunlardan sonra Muradəli Afəridəyə necə desin ki: "Bağışla məni, demə, sən haqlı imişsən.  Bu qızın əli əyridir.  Mən səhv etmişəm. Bağışla məni".

Muradəli göz qoyurdu: "Heyf, çox heyf, belə iş-güclü qızın əli əyridir".

- Dayı, çayı limonla içəcəksən, limonsuz?

Şəfəq həm də qənaətcil idi. Çalışırdı ki, israfçılığa yol verilməsin. Onun bu xasiyyəti Muradəliyə də, Afəridə xanıma da xoş gəlirdi.

- Sən gətir, qalanı ilə işin olmasın!

Muradəli cavabına özü də mat-məəttəl qaldı: "Deyəsən, kobud cavab verdim?!"

Şəfəq tutuldu, lakin tez özünü ələ aldı: "Dayımın başı ağrıyır axı".

Axşam hamı yatandan sonra Muradəli qara pencəyini qonşu otağa gətirdi, ciblərini töküşdürdü. Pul nə gəzirdi? Pulun başına  daş salınmışdı, heç tapılardı?! Muradəli o biri pencəkləri də gətirdi. Birisinin döş cibindən bir manat çıxdı. Pencəkləri yerinə qoyub yatağa uzandı. Xeyli müddət gözünə yuxu getmədi. Şəfəq bacısının ilki idi. Qız doğulanda qohum-əqrəba hədiyyələrlə anasını təbrik etmişdi. O vaxt Afəridə ilə Muradəli də bir çarpayı almışdı. Çox rahat idi həmin çarpayı.  Şəfəq 14-15 yaşına kimi bu çarpayıda yatdı. Çarpayının müxtəlifşəkilli açılışı və quruluşu vardı - uşağın yaşına görə uyğunlaşdırırdın. Çarpayını bir ətək  pula almışdılar.  Bacısı Xalidə Afəridə ilə Muradəliyə bu çarpayıya görə o qədər dua etmişdi ki. Hətta sonradan doğulan uşağı yatırmağa da çarpayıda yer vardı.

Muradəli yatanda gecə saat üç olardı. Səhər ertə Afəridə oyatmasaydı, yatıb qalacaqdı. Tez-tələsik yuyunub, səhər yeməyini yedi. Şəfəqin imtahanı saat 10-da başlanacaqdı. O da yataqdan qalxmışdı. Muradəli onunla dodaqucu salamlaşdı.  Şəfəq buna əhəmiyyət vermədi: "Dayısı işə tələsirdi".

Muradəli paltosunu pencəyinin üstündən asmışdı. Şifonerdə asılqan çatmadığından paltosunu pencəklərinin birinin üstündən keçirərdi. Paltonu çarpayının üstünə atıb pencəyini geyindi. Dəhlizə keçib ayaqqabılarına baxdı. Fikirləşdi ki, gərək uzunboğaz çəkmələrindən sonra  pencəyini geyinəydi. Acıqlı olduğundan özü də bilmirdi nə edir. Lakin pencəyini soyunub yenidən geyinməyə ərinib aşağı əyildi və çəkmələrini geyinməyə başladı. Şəfəq onun paltosunu gətirdi və tutdu. Geyinməkdə dayısına kömək etdi. Muradəli ağzını yana tutub geyindi. Papağını başına qoya-qoya:

- Afa, - dedi, - bir dənə sellofan torba gətir. Mağazada ağ, şəffaf torba verirlər ki, aldıqlarının hamısı dişlərini ağardır.

Afəridə mətbəxdən çıxmadan:

- Muradəli, srağagün paltonun içəridən üst cibinə torba qoymuşam. Heç istifadə etməmisən. Olmalıdır, bir bax. Muradəli əlini içəridən paltosunun cibinə saldı: "Bu nədir?" O, əlini çıxaranda təəccübdən yerində donub qaldı. Torba cibində idi, heç onu çıxarmadı da. Əli ilə toxundu və dəymədi. Əmin oldu ki, yerindədir. Əlində tutduğu bir yüzlük və dörd ədəd əllilik idi: 300 manat.

Yaxşı ki, onun düşdüyü vəziyyəti görən olmadı. Şəfəq yuyunurdu, Afəridə də axşamdanqalma qabları yuyurdu. Muradəli xəcalətindən əridi. Bacısı qızından bədgüman olduğu üçün ölüb-dirildi. Sən demə, pencəyin üstündən palto asdığından Muradəli pulu pencəyin deyil, paltonun cibinə qoyubmuş.

Afəridənin səsi gəldi:

- Murad, tapdın torbanı?

Muradəli şən halda səsləndi:

- Tapdım, arvad, tapdım. Sağ ol.

Afəridə mat-məəttəl qaldı: "Dünəndən qaş-qabağını sallamışdı. Birdən-birə buna nə olub?"

- Murad, deyəsən, başının ağrısı keçdi axı...

- Keçdi, arvad, keçdi. Özü də necə!

Şəfəq dəsmalla qurulanırdı. Muradəli pulu cibinə qoyub qızı səslədi:

- Şəfəq, qızım, bir bura gəl.

Şəfəq yaxın gəldi. Muradəli:

- Qızım, imtahana gedirsən. Dedim, bir xeyir-dua verim.

O, qızı öpdü:

- Get, əla qiymətlə geri dön.

Şəfəq də onun qayğıkeş hərəkətindən mütəəssir olaraq:

- Sağ ol, dayı, Allah sizdən də,  Afəridə xanımdan da razı qalsın! - dedi.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Turşulu-şirin kələm dolmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR:

§ Qoyun əti – 160 qr

§ Quyruq – 35 qr

§ Soğan – 35 qr

§ Şabalıd – 50 qr

§ Kələm (dolmalıq) – 35 qr

§ Axta zoğal – 16 qr

§ Heyva – 45 qr

§ Yumru düyü – 10 qr

§ Şəkər tozu – 15 qr

§ Alça turşusu – 15 qr

§ Sarıkök – 0,1 qr

§ Darçın – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Qoyun əti, quyruq, soğan ət maşınından keçirilir, duz, istiot vurulur və qiymə hazırlanır. Qiyməyə düyü, axta zoğal, sarıkök, darçın vurulur, qarışdırılır. Kələm duzlu suda pörtlədilir. Hazır içlik kələmin içərisinə qoyulur və istənilən ölçüdə bükülür. Sonra dilimlənmiş heyvalar və şaba- lıd hazır dolmaların üzərinə qat-qat yığılır. Üzərinə 2 stəkan işgənə, şəkər tozu və alça məti əlavə olunur, bişirilir. Bişmə müddəti 1-1,5 saat təşkil edir. Pay şəklində boşqaba çəkilir və süfrəyə verilir. Hər paya dolmaların böyük və ya balaca bükülməyindən asılı olaraq, 3-4 ədəd qoyula bilər.

QEYD: Qiyməyə xırda doğranmış heyva, axta zoğal və şabalıdın yarısını əlavə etmək olar. İstənilən dada görə müxtəlif meyvə turşularından (rub, mət), doşabdan da istifadə etmək olar. Bu xörəyi bütöv içi oyulmuş qabaqla da hazırlamaq olar. Həmçinin kürədə, odun üzərində bişirilə bilər.

Qeyd: Tərifə Kəngərlinskaya eyni nüsxədə içlik üçün ət, soğan, yağ, duz və istiot istifadə etmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət

 

 

Qara Əmrah adlı bir oğlan var idi. Sayılan nəsildən deyildi. Həm də bir qatırla 5-10 keçidən başqa heç nəyi yox idi. Bağdat bəyin nəvəsi Fatmanı sevirdi. Elçi göndərdi, lakin qız anası Xanım bu izdivaca razı olmadı, elçiləri söyüb qovaladı. Amma Əmrah əl çəkmədi, öz tay-tuşlarını yığıb qız bulaqdan qayıdan vaxt onu qaçırdı. Onların Cəlil adlı bir oğlu oldu.

Xanım qızını xəlvət çağırtdırıb yoldaşından boşanmasını dedi. Axır ki qız uşağı da götürüb anası evinə gəldi. Əmrah boşanmaq istəmədi. Ancaq qaynanası boşatdırdı onları.

 

İki il sonra Fatma Şuşaya bacısının yanına getdi. Hacı Şükür biləndə baldızı gəlir, şad oldu, onun ay - ulduz çardaq, qızıl boyunbağı, zərxara paltarlıq aldı. Xanımı bu parçaları şəhərsayağı tikdirdi. Ala gözlü Fatma geyinib -keçinib bacısı ilə Cıdır düzünə çıxdı. Qız-oğlan bəyənmək istəyənlər bura gələrdilər. Düzün bir tərəfi şəhər, digər tərəfi "Xəzinə qayası" deyilən dərin uçurum idi. Uçurumun dibi ilə Daşaltı çayı axırdı. Bu çayın qırağında, sıldırım qayaların arasında bir qalaça vardı. Deyilənə görə Qarabağ hakimi İbrahim xan tərəfindən tikilən bu qalaça yadelli xanlar güc gələndə gəlib sakin olması üçün ərsəyə gətirilmişdi. Gizli yeraltı yol var idi, bu yoldan savayı da ora girmək üçün vasitə yox idi. 

Şuşa qalasının o biri tərəfində başqa bir gəzməli yer də var idi - "Ərimgəldi". Yayda aran kişiləri arvad-uşaqlarını gətirib Şuşa qalasında qoyar, sonar da əkin-biçinlərini yığışdırmaq üçün, kimi də ticarət üçün arana qayıdardılar. Ərimgəldi düzündə də qızlar-gəlinlər oturub yoldaşlarının yolunu gözləyərdilər. Elə buna görə də bura Ərimgəldi düzü deyilirdi.

Fatma və bacısı zərxara geyən qız - gəlinlə Cıdır düzünə seyrə çıxmışdı. Birdən qarşıdan uca boylu kəhər ürgənin üzərində bir oğlan gəldi. Yemə, içmə tamaşasına dur. Başında sur dərisindən papaq, belində gümüş xəncər, qıvrımsaçlı bir oğlan idi. Fatma ürəyində dedi: "İlahi, bu Həzrət Yusifdi, kimdi?"

Bilirsizmi bu oğlan kimdi? O, qapıya gələn aşığı boş yola salmayan, köməksizə əl tutan, kasıba yardım edən Kərbalayi İbixanın nəvəsi, Məşədi Gülməmmədin, mərd Səkinənin oğlu Bayram idi. Deyəsən mətləbdən uzaqlaşdım.

Hə, deməli oğlan yanlarından gəlib keçəndə qız çarşafın yaxasını açıb oğlana üzünü göstərdi. O da ürəyində "İlahi, bu buluddan çıxan Aydı, nədi?" dedi.

Oğlan dəfələrlə qızın yanından gəlib keçdi atı ilə. Hər dəfəsində qız üzünü ona göstərdi. Şuşa balaca şəhərdir, burda hər kəs bir-birini tanıyır. Bəyaz dedi ki, bu oğlan Arazqıraxlıdı, adı da Bayramdı. Nəçərnikin idarəsində qulluq edir.

Sonra gülümsəyib əlavə etdi: keçən yay Şuşaya yaylağa gələn gürcü knyazın qızı Tamara oğlana dinclik verməyib.

Bayram da öyrəndi ki, gözəl Fatma Hacı Şükürün baldızıdır, duldur. O da dul gəlinləri cavan oğlanlara, cavan gəlinləri də dul oğlanlara calayan, aradüzəldən Güllübəyimi qızın üstünə göndərdi, "gecə adamlar yatandan sonra çıxsın Cıdır düzünə, söhbət edək" ismarıcı ilə. Amma Fatma "iki dünya bir ola, biri də heç, naməhrəm ilə görüşmərəm. Məni istəyirsə Hacı Şükürün yanına elçi göndərsin" deyə cavab yolladı.

 

Bayram qızın dərdindən dəli-divanə olmuşdu. Kərəmdən də betər günə qalmışdı. Odur ki, bir gün görməyəndə dəli olurdu.  Kürdobaya sifariş elədi ki, evlənirəm, anam gəlsin. 

Səkinə bir dəvə yükü sovqat götürdü. Kəhər madyanı özü, kəhər atı da oğlu Eyvaz mindi, gəldilər Şuşaya. Səkinə qızın cins nəsildən, həm də Hacı Şükürün baldızı olduğunu biləndə sevindi. Ancaq dul olduğunu, həm də bir oğlu olduğunu öyrənəndə az qaldı dünyanı dağıtsın. Lakin gördü ki, qız oğlanın ağlını başından alıb, oğlu əl çəkməyəcək, o da acıq edib qayıtdı Kürdobaya. Bayramsa əl çəkən deyildi həqiqətən, Şuşadakı dostunun atası ilə iki ağsaqqalı göndərdi elçiliyə. Bir aydan sonra onlar evləndilər. Öncə qızları Yaqut, sonra da oğulları Nuru anadan oldu. 

Beləcə, nağıl da sona yetdi.

 

İlyas Əfəndiyevin “Söyüdlü arx”ından növbəti seçmə ilə tanış oldunuz.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Среда, 19 Февраль 2025 15:36

Donald Tramp Britaniya kraliçası

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

Babalı Sərvərin boynuna, deyirlər belə bir hadisə həqiqətən də olubdur. Özü də Tramp müəllimin 1-ci prezidentlik dönəmində. Onda ki o, Britaniyaya rəsmi səfərə getmişdi…

 

Donald Tramp Britaniya kraliçası ilə görüşdə çay süfrəsi zamanı soruşur:

– Ülyahəzrət, siz böyük bir dövləti necə belə effektiv idarə edirsiniz? Bunun sirrini mənə deyə bilərsinizmi?

– Burda bir sirr yoxdur, – deyə kraliça cavab verir, – Özünüzü ağıllı adamlarla əhatə edin.

Tramp alnını qırışdırıb, bir neçə dəqiqə fikrə gedir və soruşur:

– Bəs mən hardan bilim ki, mənim əhatəmdəki adamlar ağıllıdırlar?

Kraliça çaydan bir qurtum içib deyir:

– Ooo, bu çox asandır. Siz sadəcə, onlardan bir ağıllı tapmacaya cavab vermələrini xahiş edin. İndi sizə nümunə göstərəcəm.

Sonra kraliça yanındakı köməkçisinə tapşırır ki, Boris Consonu onun yanına çağırsın.

Az sonra Baş nazir Conson otağa daxil olur. Kraliça onunla görüşəndən sonra soruşur:

– Cənab Conson, xahiş edirəm sualıma cavab verəsiniz. Sizin ata-ananızın övladı var. Bu uşaq sizin nə qardaşınızdır, nə də bacınız. Bəs o kimdir?

– O mənəm, – deyə Conson dərhal cavab verir.

– Bəli! Çox yaxşı, – deyib kraliça razılıqla Trampa baxır.

 

...Tramp Amerikaya qayıdır. Vitse-prezident Mayk Pensi çağırıb, ondan soruşur:

– Mayk, sualıma cavab ver. Sənin ata-ananıın övladı var. Bu uşaq sənin nə qardaşındır, nə də bacın. Bəs o kimdir?

Pens dərhal cavab verir:

– Mənim, əlbəttə, cavabım var, lakin mən onda əmin deyiləm. İcazə verin, mən bu sual ətrafında bir gün fikirləşim.

Tramp ona bir gün vaxt verir.

Pens bütün müşavirlərini bir yerə yığıb, eyni sualı onlara verir, lakin heç kim bu suala qənaətbəxş bir cavab verə bilmir. Əlacsız qalan Pens gecə restoranda işləyən gənclik dostu Cək Mörfinin yanına gəlir və eyni sualı ona verir. Mörfi gülüb deyir:

– Çox asan sualdır. Bu mənəm!

Pens ona təşəkkür edib, sevincək evinə qayıdır.

 

Səhər işə gələn kimi Pens Trampın kabinetinə daxil olub, deyir:

– Mən dünən bütün günü düşünüb, bir neçə tədqiqat aparıb, verdiyiniz sualın cavabını tapdım. O uşaq mənim dostum Cək Mörfidir!

Tramp yerindən durub, əsəbi halda Pensə yaxınlaşır və qışqırır:

– Sən axmaqsan, axxxmaq!!! O uşaq Boris Consondur!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.

 

12-ci qayda:

 

Həmişə hər şeyin perspektivinə diqqət edin

 

«Həmişə öz növbəti gedişinizi və ondan sonrakını qiymətləndirin. Ətrafınızda baş verən şeylərə adekvat baxmağa çalışın. Belədə çox şey əldə edəcəksiniz».

 

 

 

***

Daha əvvəl təqdim edilən qaydalar:

 

1-ci qayda:

Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

2-ci qayda

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

3-cü qayda:

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

4-cü qayda

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

5-ci qayda:

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

6-cı qayda

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

7-ci qayda:

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

8-ci qayda:

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

9-cu qayda:

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

10-cu qayda:

Qətiyyətli olun!

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

11-ci qayda:

Çökən müəssisədən vaxtında çıxmağa çalışın!

«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.

Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.

O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.

Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək)  kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.

Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.

Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.

 

 

yağış, bəlkə, sən mənsən?

 

xəbərin varmı, yağış,

ruhuma ruh olan kim?

özü bir nur yağışı,

mənim qəlbimə hakim.

 

o sənin vurğunundu,

mənsə onun vurğunu...

yağış, kim qurub belə,

bu ilahi qurğunu?

 

bəlkə, mən yağış olum?

bir dəfə də sən mən ol,

indi o uzaqdadı,

həsrətə tapaq bir yol.

 

ümidimə yağ, yağış,

ümidim pöhrələnsin,

qəlbinə güman düşsün,

eşqimlə cilvələnsin

 

yağış, səsin kədərli,

elə sandım özümsən...

yarın uzaqlardadıda,

sən yazıq da dözmürsən...

 

 

Yıxıldım

 

Sərv nurum məni duymadı,

Budağından yıxıldım.

Hər an gözləri doğmaydı,

Yanağından yıxıldım.

 

Bu qədər qısqanclıq olar?

Hər an ilan kimi çalar.

Gileyimdən kitab dolar,

Varağından yıxıldım.

 

Şübhə düzür ətrafına,

Suallar sual yanına...

Min yol çəkir imtahana,

Sınağından yıxıldım...

 

Hərdən qalmadı ümidim,

Qəlbim qırıq, didim-didim,

Körpü saldım, gəldim...gəldim...

Qırağından yıxıldım.

 

Min  sahilə atdı məni,

Tonqallara çatdı məni,

Ayrılıq qorxutdu məni,

Fərağından yıxıldım.

 

Axı nurdan nur doğular,

İtər, gedər qalmaqallar...

Yarım, nə vaxt bitər bunlar?

Marağımdan yıxıldım.

 

 

Dindirmə məni

 

Danışdırma məni, nolar...

Qəm buludu qatar olur.

Səsindəki hər soyuqluq,

Bil, ölümdən betər olur.

 

Mən səni özüm bilirəm,

Səndən ötəri ölürəm.

Yolunda nə eləyirəm,

Qiyməti yox, hədər olur.

 

Bilmirsən, qədrimi bilmə,

Qəlbim yanır ilmə-ilmə...

Sən Allah, məni dindirmə,

Nə olsa sonu kədər olur...

 

 

Eşqdən o yana

 

Eşqinlə eşqə çatdım, eşqi keçdim o yana...

Eşq də bir göy üzüdü, yol aldım kahkəşana...

 

İşıqlar vadisində həzin meh hardan əsir?

Elə bil, sübh üzüdü, qəlbim hara tələsir?

 

Yaxında gülüstan var, qırxlar aləmi bura?

Nələrsə gah görünür, gah da qərq olur nura.

 

Uçur işıqlar hərdən bir ayrı aləmlərə,

Ordan gələn işıqlar nizam verir nələrə?

 

Bütün bu aləmdən bal kimi eşq süzülür,

Bir damla kimə dəysə, yer üzündən üzülür.

 

Təkcə eşqdən danışma, axtar eşq yaradanı,

Zərrədən asimana sən o qüvvəni tanı...

 

Qəşəmoğlu, aləmin deyilsən sirr açanı,

Sən tək sirr açanlar  göydə ulduzlar sanı...

 

 

nə sən, nə də kimsə bilmir...

 

həmən alov yoxdu daha,

yerində şəkili qalıb.

o sevda solub, soluxub,

öləziyib, külü qalıb.

 

o sevdanın gözəlliyi

dalğa-dağla işıqlanır,

qəlbimdə dinən arzular

tək o işığa bağlanır.

 

illər keçib, ömür keçib,

elə baxma, kövrəlirəm.

xəbərin yox, kimsə bilmir

mən o eşq ilə ölürəm.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair ABŞ-da mühacirətdə olan Məhəmmədrza Ləvayidir.

 

Məhəmmədrza Ləvayi

Çikaqo

 

  

ZAMAN

 

Zaman alnında, üzündə qırışa dönür yavaş-yavaş

Bir zamanlar söykəndiyin o ağacın indi nə olduğunu hardan bilə bilərsən ki?

Tabutmu? Taxtmı? Qələmmi? Baltamı?

 

Zaman yavaş-yavaş diş tökür sənin üzündə

Çikaqodan uzanıb ayaqlarını Azərbaycana sallayırsan

Başını Uilles Tauerin şominəsi qızışdırır

Ayaqlarını Azərbaycan kəndlərindəki kürsülər.

 

Bu qış da belə keçəcək sürgünüm...

 

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

Среда, 19 Февраль 2025 13:30

MİLLİ KİNOMUZ - Məhşur filmimiz “Sehrli xalat”

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 

Rejissor Əlisəttar Atakişiyevin ekran əsəri olan, komediya və macəra janrı üzərində çəkilən “Sehrli xalat” filmi barədə danışmaq istəyirəm. Hər dövrün öz yaşam tərzi, məsuliyyətləri olduğu kimi, hər dövrün öz filmi, uşaqları və təhsil alma forması mövcuddur. Bu gün haqqında danışacağım film keçmiş və gələcək arasında “körpü” rolunu oynayan “Sehirli xalat” filmidir.

 

Bir az əvvəldə qeyd etdiyim kimi, hər dövrün öz uşağı, öz təhsili və öz mədəniyyəti mövcuddur. Bu filmin çəkilməsində əsas məqsəd keçmişdəki və gələcəkdəki insanları gözlər önünə sərməkdir. Hər şey məşhur illüzionist İo Kio babanın gətirdiyi xalatdan sonra başlayır. Rəşid və dostlarının keçmiş və gələcəyə etdiyi səyahət zamanı yaşadıqları hər an bizimdə başımıza gələ biləcəyinin göstəricisidir. Məsələn, gəlin Rəşidin ilk səyahət məntəqəsi olan keçmiş zamana nəzər yetirək. Taxtında oturub hərşeyi kənardan izləyən, ətrafındakıların beynini doldurması ilə bağının ətrafından keçən birinin boynunu vurma əmrini verən ədalətsiz bir xanla qarşılaşırıq. Bu yazıq kişi fikrini açıqlamağa çalışsada gözünü qan bürümüş xan onun ölüm hökmünü verir. Lakin ədalətsizliyə qarşı səssiz qalmağı sevməyən gənc Rəşid bir həmlə ilə baba ilə nəvəsini xilas edir. Əmrlərini qeyd-şərtsiz yerinə yetirən, insanları görüb özünü məğlub edilməz hesab edən bu xanın Rəşidin tək həmləsi ilə qorxuya düşərək onu cin, şeytan hesab etməsi, indiki dövrdə də özünü xan gözündə görən, zəifi əzməyə meyilli olanların bir gün Rəşid kimi qorxusuz birinin ortaya çıxaraq səltənətini yerlə bir edəcəyindən yəqin ki, hər kəs xəbərdardır. Sonda Rəşidin bəsit bir pioner olduğunu öyrənən xan onunla birlikdə gələcək zamana getmə fürsətinin yarandığını görür və bundan məharətlə istifadə edir.

Keçmişə etdiyimiz qısa səyahətdən sonra, növbə gələcəkdədir. Rəşid sadiq dostu Zərifəni də yanına alaraq gələcəyə səyahət etmə qərarı verir. O dövrün uşaqlarının planetlərə səyahət edərək dərs keçmələri, sehirli kitablardan istifadə etmələri, gələcək zamanın müəyyən dərəcədə inkişaf etdiyinin göstəricisidir. Həmçinin, o anlarda çəkilən şəkillər, eyni zamanda səyahət etdikləri zaman planetlər barədə məlumatlarının olması hansı dövrdə oluruqsa olaq, təhsilin, savadın bir nömrəli silah olduğunun sübutudur. İstər xan dövründə, istərsə də planetlər dövründə olaq. İnsan adlanan varlığın hərşeydən anlayış olması və özünü hər ortama qarşı hazır hiss etməsi vacib xüsusiyyətlərdəndir. Ulu öndər Heydər Əliyevində dediyi kimi: “Təhsil millətin gələcəyidir.”

 

“Ədəbiyyat və İncəsənət”

 (19.02.2025)

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yazı İlham Tumasın "Gizli Cinayətlər" kitabı əsasında hazırlanıb.

 

Soyuq Müharibə dövrü ABŞ və SSRİ arasında müxtəlif hərbi, siyasi və kəşfiyyat qarşıdurmaları ilə yadda qalmışdır. Bu qarşıdurmalardan biri də 1958-ci ildə ABŞ-a məxsus "Douglas C-118A" tipli yük təyyarəsinin Sovet hava məkanını pozması və nəticədə Azərbaycan SSR-in Ağcabədi rayonunda vurulması hadisəsidir.

 

Bu hadisə beynəlxalq səviyyədə rezonans doğurmuş, ABŞ və SSRİ arasında diplomatik gərginliyə səbəb olmuşdur. Belə ki 1958-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Douglas C-118A" tipli yük təyyarəsi Qərbi Almaniyadan havaya qalxaraq, beynəlxalq hava marşrutu üzrə uçmalı idi. Lakin məlum olmayan səbəblərdən təyyarə kursunu dəyişərək SSRİ-nin hava məkanına daxil olmuşdur. Sovet radarları təyyarənin hava məkanını pozduğunu qeydə almış və dərhal cavab tədbirləri görülmüşdür.

 

*Hadisənin təfsilatı:*

1958-ci ilin 27 iyununda Mockva vaxtı ilə saat 18.29-da "Douglas C-118A" Amerika təyyarəsi İrəvan şəhərininin 30 kilometrliyində Ermənistan SSR tərəfdən dövlət hava sərhəddini pozaraq 170 kilometrə qədər ərazinin dərinliyinə keçdi.

Həmin dövrdə Bakı Hava Hücumundan Müdafiə Dairəsi Qərargahının kəşfiyyat bölməsində xidmət edən Aleksandr Orlov özünün "Nəhəng dövlətlərin gizli savaşı" kitabında yazır: "Axşam məni təcili hərbi dairənin komanda məntəqəsinə çağırdılar. Məlum oldu ki, Ermənistan üzərindən hava sərhəddi pozulub. Sürətinə və uçduğu hündürlüyə görə təyyarənin yük təyyarəsi olduğu məlum idi. Sərhəd pozucusunun yaxalanması üçün havaya qaldırılan iki ədəd "MİQ-17" qırıcılarına onu nəzarətə götürmək elə də çətin olmadı".

Az sonra aparıcı "MİQ" pilotundan xəbər gəlir: “Hədəfi görürəm - Amerika yük təyyarəsdir. Bizim xəbərdarlığımıza məhəl qoymur, eniş etmək fikrində deyil, Türkiyə istiqamətinə yönəlmək istəyir. Nə edək?"

Pilot tamamilə təlimata uyğun hərəkət edirdi və sualı da əbəs yerə vermirdi. Məsələ bundaydı ki, 50-ci illərdə hava sərhəd pozucularına qarşı tədbirlərlə bağlı Müdafə Nazirinin əmrləri tez-tez dəyişirdi. Məsələn, bu əmrlərin birində deyilirdi ki, qırıcıların xəbərdarlğını yerinə yetirməyən hədəflər dərhal vurulmalıdır. Başqa bir əmrləsə pilotlar sərhəd pozucusunu ancaq və ancaq enişə məcbur eləməliydi. Hədəf məcburi enişdən imtina elədiyi halda pilotun nə edəcəyi haqda heç nə yazılmırdı. Xəbəri alan Serov da iki daş arasında qalmışdı. 

Nə edək, hədəf Türkiyəyə tərəf istiqamət götürüb?

-Şəraitə uyğun hərəkət edin!

İvanova “şəraitə uyğun hərəkət eləyin" əmri qəti qərar qəbul eləməyə bəs edir. Təyyarə vurulsun!

Beləliklə, Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki binasında Dalleslə Bisselin müzakirəsindən başlayan, Xruşşovun Parisdəki dəlisov çıxışı, U-2 casus təyyarələrinin uçuşları haqda informasiyalarla davam edən və nəhayət, 1958-ci il iyun ayının 27-də Sovetlərin hava sərhəddini pozan Amerikanın "Duqlas” təyyarəsinin vurulmasına gətirib çıxaran əməliyyatın ən maraqlı hissəsinə gəlib çatdıq.

 

*"Duqlas"ın Ağcabədi enişi*

Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərində yerləşır Ağcabədi rayonu, Hindarx kəndi isə Ağcabədi rayonunun əhalisi ən çox olan yaşayış məntəqəsidir. Məlumata görə, bu yaşayış məntəqəsi XVI əsrdə yaranıb. Hindarxın adının mənası ilə bağlı müxtəlif versiyalar var. Bu versiyalardan birində də böyük Azərbaycan şairi Məhəmməd Füzulunin adı keçir. Əlbəttə, tarixi öyrənmək, tarixə ehtiram borcumuzdu. Ancaq etiraf edək ki, danışılanlarda rəvayət payı da var. Di gəl, yaxın tarixdə - 1958-ci ildə Ağcabədidə baş vermiş başqa bir olay isə qətiyyən rəvayət deyil, birbaşa istintaq materialıdır.

Beləliklə, təyyarəni vurma əmri verilir. Dövlət Təhlükəsiziyi Xidmətinin "tam məxfi" qrifli arayışından oxuyuruq:

"Dövlət sərhəddinin pozulması barədə məlumat alınan kimi Bakı Dairəsi Hava Hücumundan Müdafiə Qoşunlarının Kürdəmir aeredromundan 18.24-də 259-cu aviasiya diviziyasının 976-cı polkuna məxsus iki MİQ-17 qırıcısı pozucu təyyarəni saxlamaq üçün havaya qaldırılıdı.

Eskadrilya komandiri kapitan Svetliçnikov və həlqə komandiri Zaxarov 18.44-də 5500 metr yüksəklikdə pozucutəyyarəni aşkar etmiş və onu bizim Qara Çala aeredromunda yerə enməyə məcbur eləməyə çalışmışdır. Ancaq Amerika təyyarəsi xəbərdarlıq siqnalına məhəl qoymadan sağa tərəf istiqamət götürərək İran ərazisinə keçməyə cəhd göstərmişdir. Bundan sonra 18.58-də pozucu təyyarə qırıcıların atəşləri ilə yandırılmış və hündürlüyü itirməyə başlamışdır. Saat 19-da sərhəd pozucusu olan təyyarədən 5 paraşütçü yerə tullanmışdır. 19.17-də təyyarə Kirovabaddan (Gəncə -red.) 95 kilometr cənub-şərqdə yerləşən Azərbaycan SSRİ Ağcabədi rayonunun Hindarx kəndində tikilməkdə olan hərbi aeredromun enmə zolağına düşmüş, bir neçə dəqiqə sonra tamamilə yanmışdır".

 

Gəlin, əvvəlcə istintaqı Hindarx kəndinə eniş eləyən təyyarə üzrə aparaq. Təyyarə enən kimi aerodromda olan Hava Hucumundan Müdafiə Qüvvələrinin əsgərləri tərəfindən mühasirəyə alınır. Hadisənin şahidi olan yerli əhali, təbii ki, təyyarənin yaxınına buraxılmır. Əsgərlər təyyarənin içinə girməyə tələsmirlər. Müəyyən müddətdən sonra yanan təyyarənin qapısı açılır, bir-birinin ardınca 4 nəfər Amerikalı tüstü-duman içində bayıra çıxırlar, dərhal həbs olunurlar. Onların təyyarədən düşməsi ilə təyyarə yenidən alışır. Bu isə sonradan istintaqçılarda təyyarənin qəsdən yandırılması haqda şübhələr yaradır. Çünki hadisə yerində iş aparan xüsusi qrup müəyyən edir ki, amerikalılar yerə düşdükdən sonra 6 dəqiqəyədək təyyarəni tərk etmirlər. Sonradan ağzı açıq halda tapılmış kiçik boş yanacaq çəlləkləri də bir daha sübut edir ki, təyyarə qəsdən yenidən yandırılıb. Təbii ki, bütün bunlar sonradan aşkara çıxacaq. İndisə qayıdaq təyyarədən paraşütlə tullanan 5 nəfərə.

 

*5 desant tapılsın!*

1958-ci il iyun ayının 27-də saat 23.40-da Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 33 əməliyyat işçisi Bakıdan Ağcabədi rayonunun Hindarx kəndinə yola düşür. Operativ qrup 28 iyun 1958-ci ildə səhər saat 10-da Hindarxa çatır. Vəziyyət qəliz idi, qrup vaxt itirmədən dərhal əməliyyata başlayır. Beləcə, Hindarxa düşən yanan təyyarədən çıxarılan 4 Amerika desantının həbsindən sonra qalan 5 nəfərin və ərazidə casus materiallarının axtarışına başlanılır. Paytaxtdan ezam olunan qrupa ətraf rayonlardan da müvafiq rəsmi şəxslər, həmçinin 4-cü Ordunun Bakı Dairəsi Hava Hücumundan Müdafiə Qoşunlarının qrupu, yerli aktivistlərin iştirakı ilə 42-ci sərhəd dəstəsinin sərhədçiləri də qoşulur. Axtarış əməliyyatına rəhbərlik o dövrdə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi 2-ci şöbə - əks-kəşfiyyat şöbəsinin rəis müavini, 35 yaşlı mayor Heydər Əlirza oğlu Əliyevə tapşırılır. Axtarışın nəticələri haqda raport Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri polkovnik Fyodr Kopılova təqdim olunur.

Beləliklə, axtarış qrupunun rəhbəri mayor Heydər Əliyevin polkovnik Fyodr Kopılovun adına yazdığı raportdan oxuyuruq:

"28-30 iyun 1958-ci il tarixində ümumən 500-ə yaxın operativ işçi, əsgər və yerli aktivist Amerika təyyarəsindən tullanmış 5 nəfər desantın axtarışına cəlb olunmuşdur. Axtarış bu istiqamətlərdə aparılmışdır:

1. Axtarış zolağının uzunluğu 20, eni 6 km olmaqla Hindarx-Mahrızlı-Qərvənd istiqaməti;

2. 45 kv.km ərazi olmaqla Hindarx-İmanqulubəyli-Qaraxanlı-Çəmənli-Qərvənd istiqaməti;

3. 18 km dərinliyi, 2 km cəbhə boyu olmaqla Hindarx-Üçoğlan-Qərvənd istiqaməti.

 

Bəli, vurulmuş təyyarədən paraşütlə tullanan digər 5 nəfərin axtarışı üçün geniş sahədə əməliyyat axtarış tədbirləri başlayır. Budur, birinci əşyayi-dəlil tapılır: 5-10 sm ölcüdə ingilis dilində həm əlyazma, həm də çapla sözlər yazılmış karton vərəq və yenə üstündə ingilis dilində yazılar olan kağız parçası.

Onu da qeyd edək ki, iyun ayının 28-də Mahrızlı, Çəmənli və Üçoğlan kəndinə 3 nəfərdən ibarət operativ istintaq qrupu göndərilmişdi. Onlar Amerika desantlarının tutulmasında iştirak edən yerli sakinlərdən sorğu götürmüşdülər.

Arayışdan daha sonra oxuyuruq:

"Məlum olmuşdu ki, "Stalin", "Sosializim" və "Orconikidze" kolxozlarının sədrləri Quliyev, Əliyev, Məmmədov, Üçoğlan kənd sovetinin sədri Məhərrəmov, "Stalin" adına kolxozun partiya təşkilatı sədri Kərimov, kolxozcular Haciyev, Baxşəliyev, Heydərov, Abdullayev, Məmmədov, Bayramov və başqaları Amerika paraşütçülərinin yerə enməyinin şahidi olmuş, onların tutulmasında bilavasitə iştirak etmişlər.”

Yanmış təyyarənin qalıqları və axtarış işinin marşrut sxemi arayışa əlavə edilir.

 

Azərbaycan SSR  Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin ikinci şöbəsinin rəis müavini mayor Heydər Əliyev. 3 iyul 1958-ci il".

 

Onu da deyək ki, Amerika təyyarəsindən, desantlardan düşmüş və götürülmüş hərbi sursatlar, ləvazimatlar Heydər Əliyevin tərtib etdiyi arayışda ən xırda detallarına qədər təsvir olunub. İndisə keçək Ağcabədiyə düşmüş 9 Amerika təyyarəçisinin kimliyinə.

 

*Siz kimsiniz, amerikalılar?*

 

1. Lyüter Vilyam Laylıs. 24 mart 1925-ci ildə Amerikanın Texas ştatının Bel şəhərində anadan olub. Amerika vətəndaşıdır. Qərbi Almaniyanın Visbaden şəhərində 7405 saylı aviaeskadrilyada xidmət edir. Təyyarə komandiridir. Rütbəsi mayor. ABŞ hərbi hava qüvvələrində 11 il xidmət təcrübəsi var.

2. Deyl Lonald Brannon. 25 aprel 1914-cü ildə Ohaya ştatında anadan olub. Amerika vətəndaşıdır. Visbadendə yerləşən 7170 saylı təchizat aviaqrupunun komandiridir. Rütbəsi polkovnik. İkinci dünya müharibəsi vaxtı Sakit okeanın cənub hissəsində Yaponiyaya qarşı vuruşan qırıcı eskadrilyasının komandiri olub.

3. Robert Edvard Krens. 1922-ci ildə Amerikada anadan olub. Amerika vətəndaşıdır. Avropadakı ABŞ hərbi hava qüvvələrində xidmət edir, rütbəsi mayor. Hazırkı ekipajın ikinci pilotudur.

4. Benni Allen Şup. 1925-ci ildə Corciya ştatında ana-dan olub. Amerika vətəndaşıdır. 1943-cü ildən Amerika hərbi hava qüvvələrində xidmət edir. Rütbəsi mayor, 1-ci dərəcəli pilotdur. Visbaden şəhərində arvadı və 8 yaşlı qızı var.

5. Ceyms Tomas Keyn. 27 oktyabr 1921-ci ildə Nyu-York şəhərində anadan oub. Amerika vətəndaşıdır. Ali təhsillidir. İkinci dünya müharibəsi vaxtı aviasiyada xidmət edib. Müharibədən sonra kollec qurtarıb. 1951-ci ildən yenidən orduya çağırılıb və Yaponiyaya göndərilib. Hazırda Visbaden şəhərindəki 7405 saylı dəstək eskadrilyasında xidmət edir. Rütbəsi kapitan.

6. Ceyms Nikolas Lyüter. 7 sentyabr 1932-ci ildə Min-nesot ştatında anadan olub. Amerika vətəndaşıdır. Ali təhsillidir. 1955-ci ildən hərbi hava qüvvələrində xidmət edir. Hazırda Visbadendəki Amerika bazasında arvadı yaşayır, ABŞ-da 2 qardaşı, 3 bacısı var.

7. Ceyms Hi Holman 17 fevral 1923-cü ildə Luiziana ştatında anadan olub. Amerika vətəndaşıdır. 1955-ci il-dən 7405 saylı ABŞ dəstək aviaeskadrilyasında xidmət edir. Rütbəsi serjant.

8. Peder Nikolas Seybo. 1936-cı ildə anadan olub. Amerika vətəndaşıdır. ABŞ hərbi hava qüvvələrində sı-ravi kimi xidmət edir.

9. Eyl Hovard Rimer. 1932-ci il may ayının 5-də Minnesot ştatında anadan olub. Milliyətçə belçikalı almandır, Amerika vətəndaşıdır. 1950-ci ildən Amerika ordusunda sıravi kimi xidmət edir. 1957-ci ildən Visbadendəki 7405 dəstək eskadrliyasında bort-mexanik vəzifəsindədir.

 

*Mayor Əliyev sorğu-suala başlayır!*

 

Həbs olunan amerikalılar əvvəlcə avtomobillərdə Kirovabada, yəni indiki Gəncəyə gətirilir, ayrı-ayrı otaqlarda ilkin ifadələri alınır. Onlar 28 iyun saat 13-də paytaxtdan gəlmiş xüsusi təyyarələrlə Bakıya gətirilir, Dövlət Təhlükəsizlik Komitəsinin binasında ayrı-ayrı ayrılmış otaqlarda saxlanılır və sorğu-sual edilir. Vaxtilə Azərbaycan DTK-sının sədri vəzifəsində çalışmış, ömrünün sonuna kimi isə Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisi işləmiş general-leytenant Ziya Yusifzadə Ulu Öndər haqda çəkilmiş "Profesional" filmində deyirdi: "9 nəfər amerikalı Bakıya gətirildi və hər bir ekipaj üzvü ilə əsaslı surətdə iş aparılmağa başlandı. Amerikalı təyyarəçilərin dindirilməsi ilə şəxsən Heydər Əliyev məşğul olurdu. Mən dindirmədə tərcüməçi qismində iştirak edirdim. Heydər Əliyevin ustalığına heyran olurdum. O, istintaqı elə aparırdı, istintaq olunanları almaq istədiyi cavaba elə yaxınlaşdırırdı ki, onlar özləri də hiss etmədən faktiki olaraq Cənub-Şərqi Asiya, Pakistan, Avropa ərazilərində onlara məlum olan bütün Amerika hərbi aerodromlarının yerini açıb söyləyirdilər".

Arzulanmayan qonaqların sorğu-sualı davam etməklə yanaşı, deyilməlidir ki, amerikalılara qarşı həm də kifayət qədər mədəni davranılıb. Hətta, iyul ayının 4-də Amerikanın müstəqillik günü münasibətilə Sovet çekistlərindən təbrik də alırlar. Bütün bunlar sənədlərdə əksini tapıb.

Onlar sorğu zamanı etiraf edirlər ki, Ermənistan SSR-nin ərazisində olan Sevan gölünü Türkiyədəki Van gölü ilə səhv salaraq sərhəddi bilmədən pozublar.

 

*Qarşılıqlı notalar verilir!*

 

Bütün bunlarla belə, mətbuat da öz işini görürdü. “İzvestiya" qəzetinin 29 iyun 1958-ci il sayında Sovet Hökumətinin Amerika Birləşmiş Ştatlarına göndərdiyi 27 iyun tarixli notası dərc olunur. Notadan oxuyuruq:

"27 iyun 1958-ci il Moskva vaxtilə 18.30-da ABŞ Hərbi Hava Qüvvələrinin bildiriş nişanları olan 4 matorlu təyyarə İrəvan şəhərinin cənubundan SSRİ sərhəddini pozaraq 170 kilometr ölkənin dərinliyinə qədər keçmişdir. 2 qırıcının xəbərdarlıq siqnallarına baxmayaraq, təyyarələr buna əməl eləmədiyindən enişə məcbur ediliblər. Təyyarə sərhəddin pozulduğu yerdən 240 kilometr aralıda yerə enərək yanmışdır. ABŞ Hərbi Hava Qüvvələrinin formasını geymiş 9 nəfər hərbçi SSRİ ərazisindədir. Sovet Höküməti ABŞ-dan Sovet sərhədlərinin pozulmasının qarşısının alınması üçün təcili olaraq effektiv ölçülər götürülməsini tələb edir".

Bir həftə sonra - iyul ayının 4-də "İzvestiya"da ABŞ hökümətinin cavabı dərc olunur. Cavabda deyilir: "DS-6 hərbi-yük təyyarəsi Almaniya Federativ Respublikasının Visbaden şəhərindən Tehrana uçurmuş. Təyyarədən son siqnal Kipr adasından - Nikosiyadan 13.20-də alınıb. Hava buludlu olub və təyyarə dağlıq ərazidə azıb. Bu, qəsdən sərhəd pozuculuğu deyil. Xahiş edirik, ekipajı və mümkündüsə, təyyarəni, əgər qalıbsa, təyyarənin hissələrini qaytarın".

Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Amerika hərbi təyyarəsi tərəfindən SSRİ sərhəddinin pozulması faktı üzrə aparılmış operativ istintaq haqda arayışından oxuyuruq:

"Amerika təyyarəsinin ekipajının İrandakı ABŞ Hərbi Hava Qüvvələri-nin nümayəndələrinə təhvil vermək göstərişi aldıqdan sonra təyyarəçilərin hər biri ilə yenidən belə təxribat xarakterli əməllərə yer verməyəcəkləri haqda ayrı-ayrılıqda söhbətlər aparılmışdır. Amerikalılar bu proses boyu rəsmi Sovet hakimiyyət nümayəndələrindən, onlara göstərilmiş tibbi yardımdan, yeməkdən və məişət şəraitindən razı qaldıqlarını bildirmişlər. Onlar həmçinin Sovet tərəfə qarşı heç bir şikayətlərinin olmadığı haqda yazılı izahat vermiş, bütün sənədlərinin və şəxsi əşyalarının onlara qaytarıldığını etiraf etmişlər.

Bütün ekipaj üzvləri təhvil verilmək üçün 1958-ci il iyul ayının 6-da saat 23.30-da Azərbaycan DTK əməliyyatçılarının müşayiəti ilə rahat avtobuslarda Astara rayonunda 44 saylı sərhəd dəstəsində əvvəlcədən hazırlanmış xüsusi otaqlarda yerləşdirilmişdir.

İyulun 7-də Moskva vaxtilə səhər saat 7-də amerikaıların təhvil verilməsi üçün danışıqlar başlamışdır. Danışıqları Lənkəran rayonu üzrə SSRİ Sərhəd komissarı podpolkovnik Kuzmin, İrandakı ABŞ hərbi hava attaşesi polkovnik Con Baska aparmışdır. Tərcüməçi Azərbaycan DTK 2-ci şöbəsinin əməliyyatçısı Ziya Yusifzadə olmuşdur".

Danışıqlar vaxtı Amerika tərəfi Sovetlərin 30 min rubl təzminat istəməsinin səbəbini soruşub. Sovet nümayəndə heyəti cavab verib ki, bu xərclər Amerika təyyarəçilərinin saxlanmasına və onların daşınması üçün ayrılmış xüsusi təyyarələrə xərclənib. Amerika tərəfinin razılaşmaqdan başqa çarəsi qalmır. 1958-ci il iyul ayının 7-də Astara şəhərində 27 iyun 1958-ci ildə SSRİ sərhəddini pozmuş Amerika hərbi təyyarəsinin ekipaji Amerika Birləşmiş Ştatlarının Ordu nümayəndələrinə təhvil verilmişdir"

 

*Hadisənin tarixi əhəmiyyəti*

 

Ağcabədi hadisəsi Soyuq Müharibə dövründə ABŞ və SSRİ arasında baş verən çoxsaylı casusluq və hava məkanı pozuntularından biri idi. Hər iki tərəf öz hava məkanlarını qorumaq üçün ciddi tədbirlər görür, kəşfiyyat uçuşları həyata keçirir və düşmənin hərəkətlərini izləyirdi. Bu hadisə həm də Azərbaycan SSR ərazisinin strateji əhəmiyyətini vurğulayır. O dövrdə Azərbaycanın hava məkanı SSRİ-nin cənub sərhədlərinin müdafiəsində mühüm rol oynayırdı və burada yerləşən hərbi obyektlər ABŞ kəşfiyyatının xüsusi maraq dairəsində idi.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.