Möhnət qocadan başqa bir nağıl - cavan Bayramla, gözəl Fatmanın əhvalatı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət

 

 

Qara Əmrah adlı bir oğlan var idi. Sayılan nəsildən deyildi. Həm də bir qatırla 5-10 keçidən başqa heç nəyi yox idi. Bağdat bəyin nəvəsi Fatmanı sevirdi. Elçi göndərdi, lakin qız anası Xanım bu izdivaca razı olmadı, elçiləri söyüb qovaladı. Amma Əmrah əl çəkmədi, öz tay-tuşlarını yığıb qız bulaqdan qayıdan vaxt onu qaçırdı. Onların Cəlil adlı bir oğlu oldu.

Xanım qızını xəlvət çağırtdırıb yoldaşından boşanmasını dedi. Axır ki qız uşağı da götürüb anası evinə gəldi. Əmrah boşanmaq istəmədi. Ancaq qaynanası boşatdırdı onları.

 

İki il sonra Fatma Şuşaya bacısının yanına getdi. Hacı Şükür biləndə baldızı gəlir, şad oldu, onun ay - ulduz çardaq, qızıl boyunbağı, zərxara paltarlıq aldı. Xanımı bu parçaları şəhərsayağı tikdirdi. Ala gözlü Fatma geyinib -keçinib bacısı ilə Cıdır düzünə çıxdı. Qız-oğlan bəyənmək istəyənlər bura gələrdilər. Düzün bir tərəfi şəhər, digər tərəfi "Xəzinə qayası" deyilən dərin uçurum idi. Uçurumun dibi ilə Daşaltı çayı axırdı. Bu çayın qırağında, sıldırım qayaların arasında bir qalaça vardı. Deyilənə görə Qarabağ hakimi İbrahim xan tərəfindən tikilən bu qalaça yadelli xanlar güc gələndə gəlib sakin olması üçün ərsəyə gətirilmişdi. Gizli yeraltı yol var idi, bu yoldan savayı da ora girmək üçün vasitə yox idi. 

Şuşa qalasının o biri tərəfində başqa bir gəzməli yer də var idi - "Ərimgəldi". Yayda aran kişiləri arvad-uşaqlarını gətirib Şuşa qalasında qoyar, sonar da əkin-biçinlərini yığışdırmaq üçün, kimi də ticarət üçün arana qayıdardılar. Ərimgəldi düzündə də qızlar-gəlinlər oturub yoldaşlarının yolunu gözləyərdilər. Elə buna görə də bura Ərimgəldi düzü deyilirdi.

Fatma və bacısı zərxara geyən qız - gəlinlə Cıdır düzünə seyrə çıxmışdı. Birdən qarşıdan uca boylu kəhər ürgənin üzərində bir oğlan gəldi. Yemə, içmə tamaşasına dur. Başında sur dərisindən papaq, belində gümüş xəncər, qıvrımsaçlı bir oğlan idi. Fatma ürəyində dedi: "İlahi, bu Həzrət Yusifdi, kimdi?"

Bilirsizmi bu oğlan kimdi? O, qapıya gələn aşığı boş yola salmayan, köməksizə əl tutan, kasıba yardım edən Kərbalayi İbixanın nəvəsi, Məşədi Gülməmmədin, mərd Səkinənin oğlu Bayram idi. Deyəsən mətləbdən uzaqlaşdım.

Hə, deməli oğlan yanlarından gəlib keçəndə qız çarşafın yaxasını açıb oğlana üzünü göstərdi. O da ürəyində "İlahi, bu buluddan çıxan Aydı, nədi?" dedi.

Oğlan dəfələrlə qızın yanından gəlib keçdi atı ilə. Hər dəfəsində qız üzünü ona göstərdi. Şuşa balaca şəhərdir, burda hər kəs bir-birini tanıyır. Bəyaz dedi ki, bu oğlan Arazqıraxlıdı, adı da Bayramdı. Nəçərnikin idarəsində qulluq edir.

Sonra gülümsəyib əlavə etdi: keçən yay Şuşaya yaylağa gələn gürcü knyazın qızı Tamara oğlana dinclik verməyib.

Bayram da öyrəndi ki, gözəl Fatma Hacı Şükürün baldızıdır, duldur. O da dul gəlinləri cavan oğlanlara, cavan gəlinləri də dul oğlanlara calayan, aradüzəldən Güllübəyimi qızın üstünə göndərdi, "gecə adamlar yatandan sonra çıxsın Cıdır düzünə, söhbət edək" ismarıcı ilə. Amma Fatma "iki dünya bir ola, biri də heç, naməhrəm ilə görüşmərəm. Məni istəyirsə Hacı Şükürün yanına elçi göndərsin" deyə cavab yolladı.

 

Bayram qızın dərdindən dəli-divanə olmuşdu. Kərəmdən də betər günə qalmışdı. Odur ki, bir gün görməyəndə dəli olurdu.  Kürdobaya sifariş elədi ki, evlənirəm, anam gəlsin. 

Səkinə bir dəvə yükü sovqat götürdü. Kəhər madyanı özü, kəhər atı da oğlu Eyvaz mindi, gəldilər Şuşaya. Səkinə qızın cins nəsildən, həm də Hacı Şükürün baldızı olduğunu biləndə sevindi. Ancaq dul olduğunu, həm də bir oğlu olduğunu öyrənəndə az qaldı dünyanı dağıtsın. Lakin gördü ki, qız oğlanın ağlını başından alıb, oğlu əl çəkməyəcək, o da acıq edib qayıtdı Kürdobaya. Bayramsa əl çəkən deyildi həqiqətən, Şuşadakı dostunun atası ilə iki ağsaqqalı göndərdi elçiliyə. Bir aydan sonra onlar evləndilər. Öncə qızları Yaqut, sonra da oğulları Nuru anadan oldu. 

Beləcə, nağıl da sona yetdi.

 

İlyas Əfəndiyevin “Söyüdlü arx”ından növbəti seçmə ilə tanış oldunuz.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.