Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Yazı İlham Tumasın "Gizli Cinayətlər" kitabı əsasında hazırlanıb.
Soyuq Müharibə dövrü ABŞ və SSRİ arasında müxtəlif hərbi, siyasi və kəşfiyyat qarşıdurmaları ilə yadda qalmışdır. Bu qarşıdurmalardan biri də 1958-ci ildə ABŞ-a məxsus "Douglas C-118A" tipli yük təyyarəsinin Sovet hava məkanını pozması və nəticədə Azərbaycan SSR-in Ağcabədi rayonunda vurulması hadisəsidir.
Bu hadisə beynəlxalq səviyyədə rezonans doğurmuş, ABŞ və SSRİ arasında diplomatik gərginliyə səbəb olmuşdur. Belə ki 1958-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Douglas C-118A" tipli yük təyyarəsi Qərbi Almaniyadan havaya qalxaraq, beynəlxalq hava marşrutu üzrə uçmalı idi. Lakin məlum olmayan səbəblərdən təyyarə kursunu dəyişərək SSRİ-nin hava məkanına daxil olmuşdur. Sovet radarları təyyarənin hava məkanını pozduğunu qeydə almış və dərhal cavab tədbirləri görülmüşdür.
*Hadisənin təfsilatı:*
1958-ci ilin 27 iyununda Mockva vaxtı ilə saat 18.29-da "Douglas C-118A" Amerika təyyarəsi İrəvan şəhərininin 30 kilometrliyində Ermənistan SSR tərəfdən dövlət hava sərhəddini pozaraq 170 kilometrə qədər ərazinin dərinliyinə keçdi.
Həmin dövrdə Bakı Hava Hücumundan Müdafiə Dairəsi Qərargahının kəşfiyyat bölməsində xidmət edən Aleksandr Orlov özünün "Nəhəng dövlətlərin gizli savaşı" kitabında yazır: "Axşam məni təcili hərbi dairənin komanda məntəqəsinə çağırdılar. Məlum oldu ki, Ermənistan üzərindən hava sərhəddi pozulub. Sürətinə və uçduğu hündürlüyə görə təyyarənin yük təyyarəsi olduğu məlum idi. Sərhəd pozucusunun yaxalanması üçün havaya qaldırılan iki ədəd "MİQ-17" qırıcılarına onu nəzarətə götürmək elə də çətin olmadı".
Az sonra aparıcı "MİQ" pilotundan xəbər gəlir: “Hədəfi görürəm - Amerika yük təyyarəsdir. Bizim xəbərdarlığımıza məhəl qoymur, eniş etmək fikrində deyil, Türkiyə istiqamətinə yönəlmək istəyir. Nə edək?"
Pilot tamamilə təlimata uyğun hərəkət edirdi və sualı da əbəs yerə vermirdi. Məsələ bundaydı ki, 50-ci illərdə hava sərhəd pozucularına qarşı tədbirlərlə bağlı Müdafə Nazirinin əmrləri tez-tez dəyişirdi. Məsələn, bu əmrlərin birində deyilirdi ki, qırıcıların xəbərdarlğını yerinə yetirməyən hədəflər dərhal vurulmalıdır. Başqa bir əmrləsə pilotlar sərhəd pozucusunu ancaq və ancaq enişə məcbur eləməliydi. Hədəf məcburi enişdən imtina elədiyi halda pilotun nə edəcəyi haqda heç nə yazılmırdı. Xəbəri alan Serov da iki daş arasında qalmışdı.
Nə edək, hədəf Türkiyəyə tərəf istiqamət götürüb?
-Şəraitə uyğun hərəkət edin!
İvanova “şəraitə uyğun hərəkət eləyin" əmri qəti qərar qəbul eləməyə bəs edir. Təyyarə vurulsun!
Beləliklə, Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki binasında Dalleslə Bisselin müzakirəsindən başlayan, Xruşşovun Parisdəki dəlisov çıxışı, U-2 casus təyyarələrinin uçuşları haqda informasiyalarla davam edən və nəhayət, 1958-ci il iyun ayının 27-də Sovetlərin hava sərhəddini pozan Amerikanın "Duqlas” təyyarəsinin vurulmasına gətirib çıxaran əməliyyatın ən maraqlı hissəsinə gəlib çatdıq.
*"Duqlas"ın Ağcabədi enişi*
Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərində yerləşır Ağcabədi rayonu, Hindarx kəndi isə Ağcabədi rayonunun əhalisi ən çox olan yaşayış məntəqəsidir. Məlumata görə, bu yaşayış məntəqəsi XVI əsrdə yaranıb. Hindarxın adının mənası ilə bağlı müxtəlif versiyalar var. Bu versiyalardan birində də böyük Azərbaycan şairi Məhəmməd Füzulunin adı keçir. Əlbəttə, tarixi öyrənmək, tarixə ehtiram borcumuzdu. Ancaq etiraf edək ki, danışılanlarda rəvayət payı da var. Di gəl, yaxın tarixdə - 1958-ci ildə Ağcabədidə baş vermiş başqa bir olay isə qətiyyən rəvayət deyil, birbaşa istintaq materialıdır.
Beləliklə, təyyarəni vurma əmri verilir. Dövlət Təhlükəsiziyi Xidmətinin "tam məxfi" qrifli arayışından oxuyuruq:
"Dövlət sərhəddinin pozulması barədə məlumat alınan kimi Bakı Dairəsi Hava Hücumundan Müdafiə Qoşunlarının Kürdəmir aeredromundan 18.24-də 259-cu aviasiya diviziyasının 976-cı polkuna məxsus iki MİQ-17 qırıcısı pozucu təyyarəni saxlamaq üçün havaya qaldırılıdı.
Eskadrilya komandiri kapitan Svetliçnikov və həlqə komandiri Zaxarov 18.44-də 5500 metr yüksəklikdə pozucutəyyarəni aşkar etmiş və onu bizim Qara Çala aeredromunda yerə enməyə məcbur eləməyə çalışmışdır. Ancaq Amerika təyyarəsi xəbərdarlıq siqnalına məhəl qoymadan sağa tərəf istiqamət götürərək İran ərazisinə keçməyə cəhd göstərmişdir. Bundan sonra 18.58-də pozucu təyyarə qırıcıların atəşləri ilə yandırılmış və hündürlüyü itirməyə başlamışdır. Saat 19-da sərhəd pozucusu olan təyyarədən 5 paraşütçü yerə tullanmışdır. 19.17-də təyyarə Kirovabaddan (Gəncə -red.) 95 kilometr cənub-şərqdə yerləşən Azərbaycan SSRİ Ağcabədi rayonunun Hindarx kəndində tikilməkdə olan hərbi aeredromun enmə zolağına düşmüş, bir neçə dəqiqə sonra tamamilə yanmışdır".
Gəlin, əvvəlcə istintaqı Hindarx kəndinə eniş eləyən təyyarə üzrə aparaq. Təyyarə enən kimi aerodromda olan Hava Hucumundan Müdafiə Qüvvələrinin əsgərləri tərəfindən mühasirəyə alınır. Hadisənin şahidi olan yerli əhali, təbii ki, təyyarənin yaxınına buraxılmır. Əsgərlər təyyarənin içinə girməyə tələsmirlər. Müəyyən müddətdən sonra yanan təyyarənin qapısı açılır, bir-birinin ardınca 4 nəfər Amerikalı tüstü-duman içində bayıra çıxırlar, dərhal həbs olunurlar. Onların təyyarədən düşməsi ilə təyyarə yenidən alışır. Bu isə sonradan istintaqçılarda təyyarənin qəsdən yandırılması haqda şübhələr yaradır. Çünki hadisə yerində iş aparan xüsusi qrup müəyyən edir ki, amerikalılar yerə düşdükdən sonra 6 dəqiqəyədək təyyarəni tərk etmirlər. Sonradan ağzı açıq halda tapılmış kiçik boş yanacaq çəlləkləri də bir daha sübut edir ki, təyyarə qəsdən yenidən yandırılıb. Təbii ki, bütün bunlar sonradan aşkara çıxacaq. İndisə qayıdaq təyyarədən paraşütlə tullanan 5 nəfərə.
*5 desant tapılsın!*
1958-ci il iyun ayının 27-də saat 23.40-da Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 33 əməliyyat işçisi Bakıdan Ağcabədi rayonunun Hindarx kəndinə yola düşür. Operativ qrup 28 iyun 1958-ci ildə səhər saat 10-da Hindarxa çatır. Vəziyyət qəliz idi, qrup vaxt itirmədən dərhal əməliyyata başlayır. Beləcə, Hindarxa düşən yanan təyyarədən çıxarılan 4 Amerika desantının həbsindən sonra qalan 5 nəfərin və ərazidə casus materiallarının axtarışına başlanılır. Paytaxtdan ezam olunan qrupa ətraf rayonlardan da müvafiq rəsmi şəxslər, həmçinin 4-cü Ordunun Bakı Dairəsi Hava Hücumundan Müdafiə Qoşunlarının qrupu, yerli aktivistlərin iştirakı ilə 42-ci sərhəd dəstəsinin sərhədçiləri də qoşulur. Axtarış əməliyyatına rəhbərlik o dövrdə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi 2-ci şöbə - əks-kəşfiyyat şöbəsinin rəis müavini, 35 yaşlı mayor Heydər Əlirza oğlu Əliyevə tapşırılır. Axtarışın nəticələri haqda raport Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri polkovnik Fyodr Kopılova təqdim olunur.
Beləliklə, axtarış qrupunun rəhbəri mayor Heydər Əliyevin polkovnik Fyodr Kopılovun adına yazdığı raportdan oxuyuruq:
"28-30 iyun 1958-ci il tarixində ümumən 500-ə yaxın operativ işçi, əsgər və yerli aktivist Amerika təyyarəsindən tullanmış 5 nəfər desantın axtarışına cəlb olunmuşdur. Axtarış bu istiqamətlərdə aparılmışdır:
1. Axtarış zolağının uzunluğu 20, eni 6 km olmaqla Hindarx-Mahrızlı-Qərvənd istiqaməti;
2. 45 kv.km ərazi olmaqla Hindarx-İmanqulubəyli-Qaraxanlı-Çəmənli-Qərvənd istiqaməti;
3. 18 km dərinliyi, 2 km cəbhə boyu olmaqla Hindarx-Üçoğlan-Qərvənd istiqaməti.
Bəli, vurulmuş təyyarədən paraşütlə tullanan digər 5 nəfərin axtarışı üçün geniş sahədə əməliyyat axtarış tədbirləri başlayır. Budur, birinci əşyayi-dəlil tapılır: 5-10 sm ölcüdə ingilis dilində həm əlyazma, həm də çapla sözlər yazılmış karton vərəq və yenə üstündə ingilis dilində yazılar olan kağız parçası.
Onu da qeyd edək ki, iyun ayının 28-də Mahrızlı, Çəmənli və Üçoğlan kəndinə 3 nəfərdən ibarət operativ istintaq qrupu göndərilmişdi. Onlar Amerika desantlarının tutulmasında iştirak edən yerli sakinlərdən sorğu götürmüşdülər.
Arayışdan daha sonra oxuyuruq:
"Məlum olmuşdu ki, "Stalin", "Sosializim" və "Orconikidze" kolxozlarının sədrləri Quliyev, Əliyev, Məmmədov, Üçoğlan kənd sovetinin sədri Məhərrəmov, "Stalin" adına kolxozun partiya təşkilatı sədri Kərimov, kolxozcular Haciyev, Baxşəliyev, Heydərov, Abdullayev, Məmmədov, Bayramov və başqaları Amerika paraşütçülərinin yerə enməyinin şahidi olmuş, onların tutulmasında bilavasitə iştirak etmişlər.”
Yanmış təyyarənin qalıqları və axtarış işinin marşrut sxemi arayışa əlavə edilir.
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin ikinci şöbəsinin rəis müavini mayor Heydər Əliyev. 3 iyul 1958-ci il".
Onu da deyək ki, Amerika təyyarəsindən, desantlardan düşmüş və götürülmüş hərbi sursatlar, ləvazimatlar Heydər Əliyevin tərtib etdiyi arayışda ən xırda detallarına qədər təsvir olunub. İndisə keçək Ağcabədiyə düşmüş 9 Amerika təyyarəçisinin kimliyinə.
*Siz kimsiniz, amerikalılar?*
1. Lyüter Vilyam Laylıs. 24 mart 1925-ci ildə Amerikanın Texas ştatının Bel şəhərində anadan olub. Amerika vətəndaşıdır. Qərbi Almaniyanın Visbaden şəhərində 7405 saylı aviaeskadrilyada xidmət edir. Təyyarə komandiridir. Rütbəsi mayor. ABŞ hərbi hava qüvvələrində 11 il xidmət təcrübəsi var.
2. Deyl Lonald Brannon. 25 aprel 1914-cü ildə Ohaya ştatında anadan olub. Amerika vətəndaşıdır. Visbadendə yerləşən 7170 saylı təchizat aviaqrupunun komandiridir. Rütbəsi polkovnik. İkinci dünya müharibəsi vaxtı Sakit okeanın cənub hissəsində Yaponiyaya qarşı vuruşan qırıcı eskadrilyasının komandiri olub.
3. Robert Edvard Krens. 1922-ci ildə Amerikada anadan olub. Amerika vətəndaşıdır. Avropadakı ABŞ hərbi hava qüvvələrində xidmət edir, rütbəsi mayor. Hazırkı ekipajın ikinci pilotudur.
4. Benni Allen Şup. 1925-ci ildə Corciya ştatında ana-dan olub. Amerika vətəndaşıdır. 1943-cü ildən Amerika hərbi hava qüvvələrində xidmət edir. Rütbəsi mayor, 1-ci dərəcəli pilotdur. Visbaden şəhərində arvadı və 8 yaşlı qızı var.
5. Ceyms Tomas Keyn. 27 oktyabr 1921-ci ildə Nyu-York şəhərində anadan oub. Amerika vətəndaşıdır. Ali təhsillidir. İkinci dünya müharibəsi vaxtı aviasiyada xidmət edib. Müharibədən sonra kollec qurtarıb. 1951-ci ildən yenidən orduya çağırılıb və Yaponiyaya göndərilib. Hazırda Visbaden şəhərindəki 7405 saylı dəstək eskadrilyasında xidmət edir. Rütbəsi kapitan.
6. Ceyms Nikolas Lyüter. 7 sentyabr 1932-ci ildə Min-nesot ştatında anadan olub. Amerika vətəndaşıdır. Ali təhsillidir. 1955-ci ildən hərbi hava qüvvələrində xidmət edir. Hazırda Visbadendəki Amerika bazasında arvadı yaşayır, ABŞ-da 2 qardaşı, 3 bacısı var.
7. Ceyms Hi Holman 17 fevral 1923-cü ildə Luiziana ştatında anadan olub. Amerika vətəndaşıdır. 1955-ci il-dən 7405 saylı ABŞ dəstək aviaeskadrilyasında xidmət edir. Rütbəsi serjant.
8. Peder Nikolas Seybo. 1936-cı ildə anadan olub. Amerika vətəndaşıdır. ABŞ hərbi hava qüvvələrində sı-ravi kimi xidmət edir.
9. Eyl Hovard Rimer. 1932-ci il may ayının 5-də Minnesot ştatında anadan olub. Milliyətçə belçikalı almandır, Amerika vətəndaşıdır. 1950-ci ildən Amerika ordusunda sıravi kimi xidmət edir. 1957-ci ildən Visbadendəki 7405 dəstək eskadrliyasında bort-mexanik vəzifəsindədir.
*Mayor Əliyev sorğu-suala başlayır!*
Həbs olunan amerikalılar əvvəlcə avtomobillərdə Kirovabada, yəni indiki Gəncəyə gətirilir, ayrı-ayrı otaqlarda ilkin ifadələri alınır. Onlar 28 iyun saat 13-də paytaxtdan gəlmiş xüsusi təyyarələrlə Bakıya gətirilir, Dövlət Təhlükəsizlik Komitəsinin binasında ayrı-ayrı ayrılmış otaqlarda saxlanılır və sorğu-sual edilir. Vaxtilə Azərbaycan DTK-sının sədri vəzifəsində çalışmış, ömrünün sonuna kimi isə Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisi işləmiş general-leytenant Ziya Yusifzadə Ulu Öndər haqda çəkilmiş "Profesional" filmində deyirdi: "9 nəfər amerikalı Bakıya gətirildi və hər bir ekipaj üzvü ilə əsaslı surətdə iş aparılmağa başlandı. Amerikalı təyyarəçilərin dindirilməsi ilə şəxsən Heydər Əliyev məşğul olurdu. Mən dindirmədə tərcüməçi qismində iştirak edirdim. Heydər Əliyevin ustalığına heyran olurdum. O, istintaqı elə aparırdı, istintaq olunanları almaq istədiyi cavaba elə yaxınlaşdırırdı ki, onlar özləri də hiss etmədən faktiki olaraq Cənub-Şərqi Asiya, Pakistan, Avropa ərazilərində onlara məlum olan bütün Amerika hərbi aerodromlarının yerini açıb söyləyirdilər".
Arzulanmayan qonaqların sorğu-sualı davam etməklə yanaşı, deyilməlidir ki, amerikalılara qarşı həm də kifayət qədər mədəni davranılıb. Hətta, iyul ayının 4-də Amerikanın müstəqillik günü münasibətilə Sovet çekistlərindən təbrik də alırlar. Bütün bunlar sənədlərdə əksini tapıb.
Onlar sorğu zamanı etiraf edirlər ki, Ermənistan SSR-nin ərazisində olan Sevan gölünü Türkiyədəki Van gölü ilə səhv salaraq sərhəddi bilmədən pozublar.
*Qarşılıqlı notalar verilir!*
Bütün bunlarla belə, mətbuat da öz işini görürdü. “İzvestiya" qəzetinin 29 iyun 1958-ci il sayında Sovet Hökumətinin Amerika Birləşmiş Ştatlarına göndərdiyi 27 iyun tarixli notası dərc olunur. Notadan oxuyuruq:
"27 iyun 1958-ci il Moskva vaxtilə 18.30-da ABŞ Hərbi Hava Qüvvələrinin bildiriş nişanları olan 4 matorlu təyyarə İrəvan şəhərinin cənubundan SSRİ sərhəddini pozaraq 170 kilometr ölkənin dərinliyinə qədər keçmişdir. 2 qırıcının xəbərdarlıq siqnallarına baxmayaraq, təyyarələr buna əməl eləmədiyindən enişə məcbur ediliblər. Təyyarə sərhəddin pozulduğu yerdən 240 kilometr aralıda yerə enərək yanmışdır. ABŞ Hərbi Hava Qüvvələrinin formasını geymiş 9 nəfər hərbçi SSRİ ərazisindədir. Sovet Höküməti ABŞ-dan Sovet sərhədlərinin pozulmasının qarşısının alınması üçün təcili olaraq effektiv ölçülər götürülməsini tələb edir".
Bir həftə sonra - iyul ayının 4-də "İzvestiya"da ABŞ hökümətinin cavabı dərc olunur. Cavabda deyilir: "DS-6 hərbi-yük təyyarəsi Almaniya Federativ Respublikasının Visbaden şəhərindən Tehrana uçurmuş. Təyyarədən son siqnal Kipr adasından - Nikosiyadan 13.20-də alınıb. Hava buludlu olub və təyyarə dağlıq ərazidə azıb. Bu, qəsdən sərhəd pozuculuğu deyil. Xahiş edirik, ekipajı və mümkündüsə, təyyarəni, əgər qalıbsa, təyyarənin hissələrini qaytarın".
Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Amerika hərbi təyyarəsi tərəfindən SSRİ sərhəddinin pozulması faktı üzrə aparılmış operativ istintaq haqda arayışından oxuyuruq:
"Amerika təyyarəsinin ekipajının İrandakı ABŞ Hərbi Hava Qüvvələri-nin nümayəndələrinə təhvil vermək göstərişi aldıqdan sonra təyyarəçilərin hər biri ilə yenidən belə təxribat xarakterli əməllərə yer verməyəcəkləri haqda ayrı-ayrılıqda söhbətlər aparılmışdır. Amerikalılar bu proses boyu rəsmi Sovet hakimiyyət nümayəndələrindən, onlara göstərilmiş tibbi yardımdan, yeməkdən və məişət şəraitindən razı qaldıqlarını bildirmişlər. Onlar həmçinin Sovet tərəfə qarşı heç bir şikayətlərinin olmadığı haqda yazılı izahat vermiş, bütün sənədlərinin və şəxsi əşyalarının onlara qaytarıldığını etiraf etmişlər.
Bütün ekipaj üzvləri təhvil verilmək üçün 1958-ci il iyul ayının 6-da saat 23.30-da Azərbaycan DTK əməliyyatçılarının müşayiəti ilə rahat avtobuslarda Astara rayonunda 44 saylı sərhəd dəstəsində əvvəlcədən hazırlanmış xüsusi otaqlarda yerləşdirilmişdir.
İyulun 7-də Moskva vaxtilə səhər saat 7-də amerikaıların təhvil verilməsi üçün danışıqlar başlamışdır. Danışıqları Lənkəran rayonu üzrə SSRİ Sərhəd komissarı podpolkovnik Kuzmin, İrandakı ABŞ hərbi hava attaşesi polkovnik Con Baska aparmışdır. Tərcüməçi Azərbaycan DTK 2-ci şöbəsinin əməliyyatçısı Ziya Yusifzadə olmuşdur".
Danışıqlar vaxtı Amerika tərəfi Sovetlərin 30 min rubl təzminat istəməsinin səbəbini soruşub. Sovet nümayəndə heyəti cavab verib ki, bu xərclər Amerika təyyarəçilərinin saxlanmasına və onların daşınması üçün ayrılmış xüsusi təyyarələrə xərclənib. Amerika tərəfinin razılaşmaqdan başqa çarəsi qalmır. 1958-ci il iyul ayının 7-də Astara şəhərində 27 iyun 1958-ci ildə SSRİ sərhəddini pozmuş Amerika hərbi təyyarəsinin ekipaji Amerika Birləşmiş Ştatlarının Ordu nümayəndələrinə təhvil verilmişdir"
*Hadisənin tarixi əhəmiyyəti*
Ağcabədi hadisəsi Soyuq Müharibə dövründə ABŞ və SSRİ arasında baş verən çoxsaylı casusluq və hava məkanı pozuntularından biri idi. Hər iki tərəf öz hava məkanlarını qorumaq üçün ciddi tədbirlər görür, kəşfiyyat uçuşları həyata keçirir və düşmənin hərəkətlərini izləyirdi. Bu hadisə həm də Azərbaycan SSR ərazisinin strateji əhəmiyyətini vurğulayır. O dövrdə Azərbaycanın hava məkanı SSRİ-nin cənub sərhədlərinin müdafiəsində mühüm rol oynayırdı və burada yerləşən hərbi obyektlər ABŞ kəşfiyyatının xüsusi maraq dairəsində idi.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)