
Super User
Öz işinin PƏRVANƏSİ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ali təhsilini BDU-nun jurnalistika fakultəsində başa vurub. "1979-1999-cu illərdə Tehranda nəşr olunan “Varlıq” jurnalında ədəbiyyat məsələləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Daha sonra "Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib...
Deyir ki:- “Qəribə elmi taleyim var. Universiteti bitirəndə diplom işim İranda azərbaycanlı ziyalıların nəşr etdiyi bir jurnala həsr olunmuşdu. Sovet dövründə xarici ölkələrlə əlaqə saxlamaq mümkün deyildı. Xoşbəxtlikdən diplom rəhbərim və həmişə adını minnətdarlıqla xatırladığım vətənpərvər ziyalı Abbas Zamanov idi. O, mənim xariclə əlaqə saxlamağıma və lazım olan materialları əldə etməyə kömək etdi. Bu həvəs və maraq, uzun illər məni tərk etmədi. KİV-də, tədbirlərdə iştirak etdim, silsilə məqalələr yazdım. Nəhayət, monoqrafiyam çap olundu və mən dissertasiya müdafiə edib elmi ad aldım. Cənubi Azərbaycanda və İranda sayı bizdən 3-4 dəfə cox olan soydaşlarımız yaşayır. Onlar İranda yaşayıb oranın vətəndaşı olsalar da, fərqli kültürə, tarixə, ədəbiyyata, dilə və daha saymaqla bitməyən təzadlı dəyərlərə malikdirlər.”
Haqqında söhbət açdığım Pərvanə xanım Məmmədli Şəmkirdə dünyaya gəlib. AMEA-nın Ədəbiyyat institutunun dosentidir. Güney ədəbiyyatı, mədəniyyəti və mətbuatı ilə bağlı 20 kitabın məllifidir...
“O vaxt Cənubi Azərbaycan mətbuatının öyrənilməsi sahəsində bir boşluq vardı. Düzdür, Nazim Axundov, Çeşmazər, Səməd Sərdar Niya və başqa bu kimi ünlü tədqiqatçılar bu mövzunun müəyyən dövrlərini təhlilə cəlb etmişdilər. Amma yenə də bir boşluq var idi. Qərara gəldim ki, ”Cənubi Azərbaycan mətbuatı tarixi” kitabını ərsəyə gətirim. Və mən bu mövzuya konseptual yanaşdım 150 ildən artıq bir dövrün “yaddaşını”, “aynasını” arayıb-araşdırmaq çətin olduğu qədər, həm də məsuliyyətli idi. Kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarını araşdırmaya cəlb etmişəm. XIX əsrin əvvəllərindən başlamış mətbuatın keçdiyi yol, Cənubi Azərbaycanda mətbuatın formalaşması, mətbuatın cəmiyyətdə rolu, çoxsaylı mətbuat vasitələrinin fəaliyyəti, 1978-1979-cu illərdə İran inqilabında mətbuatın rolu, inqilabdan sonrakı və çağdaş dövrü fəaliyyəti əks olunub.”- söyləyir...
Özünə qarşı çox tələbkardır. Başladığı işi sona çatdırmayanadək yorulmaq bilmir. Ünsiyyətdə mehriban və gülərüzdür. Yüksək mədəniyyəti, davranışı ilə könülləri fəth edə bilir. Elmi fəaliyyətinə gəldikdə isə, bütün ömrünü Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatına həsr edib...
Deyir ki:- “Güneydə vətənə, xalqa bağlılıq çox güclüdür. Vətənpərvərlyin mahiyyəti vətən sevgisinə əsaslanan emosional bağlılıqdır və çox zaman "millət" anlayışı ilə eyniləşdirlir. Vətənpərvərlik milli və milli-azadlıq hərəkatlarının yaranması zamanı və müharibələr ərəfəsində daha da qüvvətlənir. Vətənimizin Güneyində bu hiss çağdaş dövrümüzdə daha aktualdır, özünü bütün emosiya çalarları ilə ədəbiyyatda göstərir...”
Bu günlərdə Pərvanə xanımın növbəti ad günüydü. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
Şən nəğmə oxuyan kədərlilər - ƏLİAĞA KÜRÇAYLININ DOĞUM GÜNÜ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mən hərb illərində son tikəsini
Yetim bir uşaqla bölən görmüşəm.
Yarıac oxuyub şən nəğməsini
Kədərli-kədərli gülən görmüşəm
Bu gün Əliağa Kürçaylının doğum günüdür.
Şair Əliağa Vəliyev 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir.
Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir.
"Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi, "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş, "Yazıçı" nəşriyyatında baş redaktor olmuşdur.
Kitabları
1. Vallah Arifin bağçası.
2. Salam, gələcək illər.
3. Səfərə çıxıram.
4. Cavabsız məktublar.
5. Nargindən əsən külək.
6. Şeirlər.
7. Gözəllik.
8. Əsmər və Zəfər.
9. Durnalar cənuba uçur.
10. Ülkər.
O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq və tərcüməçi idi. 1980-ci il fevralın 11-də ömrünün 51-ci səhifəsində həyata gözlərini yummuşdur.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
Mədəniyyət naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
Macarıstan Azərbaycanla mədəni əlaqələrə xüsusi önəm verir.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşdə Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma deyib.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan ilə Macarıstan arasında münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orbanın qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri iki ölkə əlaqələrinin, o cümlədən mədəni əməkdaşlığın da inkişafında müstəsna əhəmiyyət kəsb edir. Nazir Azərbaycan-Macarıstan mədəni əlaqələrinin geniş perspektivə malik olduğunu vurğulayıb, bu sahədə yeni addımların atılmasının faydalı olacağını diqqətə çatdırıb.
Səfir Tamaş Yojef Torma bildirib ki, Macarıstan kinematoqrafiya sahəsində zəngin ənənələrə malikdir və hazırda müasir film studiyaları fəaliyyət göstərir. Diplomat kitabxana sahəsində də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, ötən ilin oktyabr ayında Azərbaycan Milli Kitabxanasında “Macarıstan ədəbiyyatı guşəsi”nin yaradılmasından məmnunluğunu dilə gətirib.
Adil Kərimli iki ölkənin ali təhsil ocaqlarında Azərbaycan və macar dillərinin qarşılıqlı tədrisi ilə bağlı təklifini səsləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir
Respublika Gənclər Kitabxanası şəhid və qazilərimizin əziz xatirəsinə həsr edilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsini davam etdirir.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, layihə çərçivəsində 60-dan çox Vətən müharibəsi qəhrəmanı haqqında məlumatlandırıcı videomateriallar hazırlanıb.
Həmçinin kitabxananın rəsmi saytında “Qəhrəmanlar unudulmur” adlı rüblük məlumat bülletenləri təqdim edilib. Məlumat bülletenlərində görkəmli şəxslərin vətənpərvərlik mövzusunda söylədikləri fikirlər, Milli qəhrəmanlar haqqında kitablar, dövri mətbuat nümunələri və elektron keçidlərin siyahıları yer alıb.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Şəkidə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
18 fevral tarixində Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət göstərən Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, "İstiqlal" ordenli görkəmli xanəndə Əlibaba Məmmədovun "Vətən yaxşıdır" adlı xatirə gecəsi keçirilib.
Tədbirdə Şəki-Zaqatala RMİ-nin əməkdaşları, mədəniyyət, səhiyyə, təhsil işçiləri, şəhid valideyinləri və şəhər içtimaiyyəti iştirak edib.
Tədbirdə xüsusi qonaq qismində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən şəhid olduqdan sonra "Vətən uğrunda" və "Azərbaycan" ordenləri ilə təltif edilmiş şəhid Xudayar Yusifzadənin anası iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarxın təqdim edilməsi ilə davam edib.
Azərbaycanın Xalq artisti, muğam sənətinin ustalarından biri olan Ə.Məmmədovun repertuarından məktəbin şagirdlərinin ifasında " Bakı", "Mehriban həkim", Mənim Azərbaycanım", "Ana yurdum", "Xudayar" təsnifi, "Rast" muğamı, "Hicaz" təsnifi, "Birdənəsən" mahnılar səsləndirilib.
Qeyd edək ki, sözləri Ə. Vahidə məxsus olan və Ə.Məmmədovun repertuarından "Vətən yaxşıdır" təsnifi ikininci Qarabağ müharibəsi zamanı Xudayar Yusifzadənin ifasında yenidən sevilib və dillər əzbəri olub. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlanıb.
Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında olan "Bayatı-Şiraz", "Dəşti", "Şur" və başqa muğam və təsniflər Azərbaycan radiosunun "Qızıl fondu"nda qorunub saxlanılır. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnılarını muğam ifaçıları bu gün də sevərək ifa edirlər.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
May ayında “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi keçiriləcək
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) mayın 16-dan 18-dək “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresini təşkil edəcək.
Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AÜDCC-in yaydığı məlumata görə, “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki aktual məsələlər müzakirə ediləcək.
“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin hər dəfə olduğu kimi bu il də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu, dünyanın ən məşhur kardiocərrahlarından biri Böyük Britaniyadan olan professor David Taggartın Konqresin fəxri qonağı olacağını deyən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri professor Kamran Musayev konqres çərçivəsində əməliyyatxanadan birbaşa bağlantı ilə ürək əməliyyatının canlı yayımının təşkil olunacağını da bildirib.
“Dünya yenilənir, rəqəmsallaşma günü-gündən həyatımızın müxtəlif sahələrində üstünlüyünü büruzə verir. Biz də ötən konqresimizdə ilk dəfə olaraq metavers sessiya təşkil etmişdik. Bu dəfə isə əməliyyatxanadan birbaşa bağlantı ilə konqres iştirakçılarına ürək əməliyyatının canlı yayımını edəcəyik. İştirakçılar əməliyyatın gedişini canlı izləyəcək, suallarını verə biləcəklər. Bundan başqa, gənc mütəxəssislər üçün təşkil olunacaq praktiki məşğələlər onların təcrübələrinin artırılmasına dəstək olacaq, “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək.”
Konqresin proqramına əsasən, mayın 16-da gənc ürək-damar cərrahları üçün EVAR-TEVAR mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək.
Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası Ürək-Damar Cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunacaq.
Mayın 17-18-də isə dünyanın 15-ə yaxın ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq. Proqramda, həmçinin Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınması üçün Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasına müraciət edilib.
Konqresdə iştirak etmək istəyən mütəxəssislər www.bakuheartdays.az saytına daxil olaraq qeydiyyatdan keçə, həmçinin elmi məqalələrini göndərə bilərlər. Toplanmış elmi məqalələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri nəşrlər siyahısında olan “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi” elmi jurnalında dərc ediləcək”.
Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən iki ildən bir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
ƏDƏBİ HADİSƏ - Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitab Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatının məhsuludur.
Kitab barədə ilkin məlumat almaq üçün kitabın nəşriyyat redaktoru olan Varisə üz tutduq və aşağıdakı bilgiləri aldıq:
Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müəllif müxtəlif illərdə (və müxtəlif ədəbi üsullarda) yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.
Kitabın başqa bir məziyyəti isə ora Anarın şeirlər toplusunun daxil edilməsidir ki, müxtəlif illərdə hərdən yazıçının şeir yaradıcılığından da xəbərdar olurduq, amma bu dəfə bu şeirlər bir kitabda toplanıb.
Kitaba ön sözü akademik Nizami Cəfərov yazibdir. Amma ön sözdən öncə də söz var ki, bu söz kitabın ərsəyə gəlməsinin ən əsas səbəbinə - Anar, Vaqif və Yusif Səmədoğlularının sarsılmaz dostluğuna bir nümunədir:
Təsadüfi deyildir ki, Yusif, Vaqif və Anar şüurlu həyata qədəm basdıqları günlərdən dostdurlar, özü də adicə dost deyil, doğma qardaş kimidirlər. Heç şübhəsiz ki, bu dostluq onlara atalarından keçmişdir.
Abbas Zamanov
Rəhmətlik Yusif həmişə Vaqiflə mənə “biz üç qardaşıq” deyərdi.
Anar
Yaxınlarımı, dostlarımı nigaran qoyduğum dövrlərdə yer üzündə iki adam başlarını yastıq yerinə telefonun üstünə qoyublar gecələr. Biri anam, biri Anar.
Vaqif Səmədoğlu
Sual: Bəzən işə getmirmiş?
Cavab: O, heç vaxt elə işdə işləməyib ki, doqquzdan altıya qədər işdə olsun. Milli Məclisə iclaslar olanda, Yazıçılar İttifaqına isə yalnız Anara dəyməyə gedirdi.
Yusif Səmədoğlunun qızı Mehriban xanımla müsahibədən
Sənin həyatında çoxlu dost-tanışın olub, amma Anara münasibətin fərqli idi.
Vaqif, məncə, Anar səninlə dostluğunda daha möhkəm olub, nəinki sən. Ancaq 2014-cü ildə xəstəliyinlə apardığın qeyri-bərabər mübarizə vaxtı: “Nuşa, Azdramada Yazıçılar İttifaqının XII Qurultayı gedir, mən getməliyəm, Anarı müdafiə etmək lazımdır” deyərək, çətinliklə də olsa özündə güc tapıb ora getməyin (zala girərkən gurultulu alqışlarla qarşılandın), çıxış etməyin Anara qarşı göstərdiyin son vəfan, yüksək sədaqətin nümayişi idi. Sən Anarı müdafiə edirdin, sənə doğma olan insanı.
Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” kitabından
Onu da qeyd edək ki, kitabı ərsəyə gətirməkdə “Yazıçı” nəşriyyatına “Qazax” Xeyriyyə-İctimai Birliyi maddi dəstək göstərmişdir.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
.
Azərbaycanlı rəssamın əsəri Parisdə keçirilən incəsənət sərgisində nümayiş olunur
Parisin 8-ci rayonunda yerləşən Böyük Sarayda (Grand Palais) “Art Capital” beynəlxalq incəsənət sərgisi açılıb.
AzərTAC xəbər verir ki, incəsənət sərgisində tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun yaradıcılıq üslubunun davamçısı olan Nigar Nərimanbəyovanın “Sənt-Eqzuperinin Kiçik şahzadəsi” və “Tarielin nəvəsinin portreti” adlı əsərləri nümayiş olunur.
Fransa Rəssamlar Cəmiyyətinin təşkil etdiyi sərgidə nümayiş olunan əsərlər xüsusi münsiflər heyəti tərəfindən seçilir.
N.Nərimanbəyovanın əsərləri fransız sənətsevərlər tərəfindən həmişə maraqla qarşılanıb. O, Parisdə “Qrand Pale”də keçirilən “Art capital 2016” sərgisində “Adajio” diptixinə görə “TOİLE D'OR” mükafatına layiq görülüb. Bununla da N.Nərimanbəyova “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb. Onun əsərləri sərgi ziyarətçilərində yüksək əhvali-ruhiyyə yaradır. Rəssam tamaşaçıları dərindən düşünməyə sövq edən maraqlı mövzular seçir.
Azərbaycanlı rəssamın əsərləri uzun müddətdir ki, Avropa sənətçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.
Sərgi fevralın 22-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Qahirə Universitetində Azərbaycan dili dərslərinə başlanılıb
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi bu il də davam etdirilir. Azərbaycan dilini tələbələrə Misirdə Azərbaycan diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir.
“Ədəbiyyat və incəsənət” portalına Teymur Nəsirovun verdiyi məlumata görə, həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.
Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 100-dən çox tələbə iştirak edir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Azərbaycanlı alim bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini söyləyib.
Qeyd edək ki, diaspor mərkəzində Misirin müxtəlif universitetlərində təhsil alan tələbələr Azərbaycan dili dərslərində iştirak edirlər. Onların arasında Azərbaycan dilindən ərəb dilinə məqalələrin tərcümə edilməsi səviyyəsində olanlar da var. Eyni zamanda, hazırda diaspor mərkəzində dünyanın 59 ölkəsindən 650 dən çox tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında pavilyonla təmsil olunur
Fevralın 13-dən 23-dək 75-ci Berlin Beynəlxalq Film Festivalı (Berlinale) keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) milli kino sənətimizi beynəlxalq aləmə tanıtmaq və ölkəmizin mədəni irsini nümayiş etdirmək məqsədilə festivalda öz pavilyonu ilə təmsil olunur.
Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev, ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, agentliyin əməkdaşı Səbinə Bağırova, Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri və bir qrup azərbaycanlı rejissor və prodüser festivalda və Avropa Film Bazarında (European Film Market - EFM) iştirak edirlər.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində milli kinematoqrafiyamızın dünyada daha geniş tanıdılması və bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüşlər keçirir, müzakirələr aparır.
Dünyanın aparıcı kino mərkəzləri və istehsalçı şirkətləri öz film və layihələrini festival çərçivəsində keçirilən EFM-də təqdim edirlər.
Qeyd edək ki, festival rejissor Tom Tikverin "İşıq" (The Light) filminin nümayişi ilə başlayıb. Berlinaledə 19 film baş mükafat olan “Qızıl ayı” uğrunda yarışır.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)