Könül, “Ədəbiyyat və incəsənət”
Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitab Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatının məhsuludur.
Kitab barədə ilkin məlumat almaq üçün kitabın nəşriyyat redaktoru olan Varisə üz tutduq və aşağıdakı bilgiləri aldıq:
Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müəllif müxtəlif illərdə (və müxtəlif ədəbi üsullarda) yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.
Kitabın başqa bir məziyyəti isə ora Anarın şeirlər toplusunun daxil edilməsidir ki, müxtəlif illərdə hərdən yazıçının şeir yaradıcılığından da xəbərdar olurduq, amma bu dəfə bu şeirlər bir kitabda toplanıb.
Kitaba ön sözü akademik Nizami Cəfərov yazibdir. Amma ön sözdən öncə də söz var ki, bu söz kitabın ərsəyə gəlməsinin ən əsas səbəbinə - Anar, Vaqif və Yusif Səmədoğlularının sarsılmaz dostluğuna bir nümunədir:
Təsadüfi deyildir ki, Yusif, Vaqif və Anar şüurlu həyata qədəm basdıqları günlərdən dostdurlar, özü də adicə dost deyil, doğma qardaş kimidirlər. Heç şübhəsiz ki, bu dostluq onlara atalarından keçmişdir.
Abbas Zamanov
Rəhmətlik Yusif həmişə Vaqiflə mənə “biz üç qardaşıq” deyərdi.
Anar
Yaxınlarımı, dostlarımı nigaran qoyduğum dövrlərdə yer üzündə iki adam başlarını yastıq yerinə telefonun üstünə qoyublar gecələr. Biri anam, biri Anar.
Vaqif Səmədoğlu
Sual: Bəzən işə getmirmiş?
Cavab: O, heç vaxt elə işdə işləməyib ki, doqquzdan altıya qədər işdə olsun. Milli Məclisə iclaslar olanda, Yazıçılar İttifaqına isə yalnız Anara dəyməyə gedirdi.
Yusif Səmədoğlunun qızı Mehriban xanımla müsahibədən
Sənin həyatında çoxlu dost-tanışın olub, amma Anara münasibətin fərqli idi.
Vaqif, məncə, Anar səninlə dostluğunda daha möhkəm olub, nəinki sən. Ancaq 2014-cü ildə xəstəliyinlə apardığın qeyri-bərabər mübarizə vaxtı: “Nuşa, Azdramada Yazıçılar İttifaqının XII Qurultayı gedir, mən getməliyəm, Anarı müdafiə etmək lazımdır” deyərək, çətinliklə də olsa özündə güc tapıb ora getməyin (zala girərkən gurultulu alqışlarla qarşılandın), çıxış etməyin Anara qarşı göstərdiyin son vəfan, yüksək sədaqətin nümayişi idi. Sən Anarı müdafiə edirdin, sənə doğma olan insanı.
Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” kitabından
Onu da qeyd edək ki, kitabı ərsəyə gətirməkdə “Yazıçı” nəşriyyatına “Qazax” Xeyriyyə-İctimai Birliyi maddi dəstək göstərmişdir.
“Ədəbiyyat və incəsənət”
(19.02.2025)
.