Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair ABŞ-da mühacirətdə olan Məhəmmədrza Ləvayidir.

Məhəmmədrza Ləvayi

Çikaqo

  

 ÖZGÜRLÜYƏ DARIXAN VAR

 

Artıq parklar səndə hava alır Ortadoğuda

Hakimlər insanı ümumi tualetə dönüşdürmüş

Çirkinliklərini insana boşaldıb dincəlirlər.

O zamanlar açıq kitablar idik gənclər əllərində

Bizi də, kitablarımız kimi yığışdırdılar xiyabanlardan.

O zamanlar binalar balıq olub sıçrayardı üstümüzə

Şəhərlər qurudu, balıqlar qurudu, sevgi qurudu.

 

Mən sürgün edildiyim gün gözlərin yalnız Təbriz idi

İndi isə gözlərində Azərbaycan atışıb-tutuşur bu ayrılığı, bu sevdanı

Eşqimizi zorlaşdıran sınırları hələ də sındıranmıram.

 

Gözəlim, Çikaqodakı qucağıma yaxınlaş Təbrizdə

Bu fantastik filmə biraz od qoyaq öpüşlərimizlə

Baxan var, axan var, yaxan var

Özgürlüyə darıxan var...

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qazmaqlı plovun hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR:

§ Uzun düyü – 100 qr

§ Kərə yağı – 20 qr

§ Zəfəran və ya sarıçiçək – 0,1 qr

§ Duz – 6 qr

Qazmaq 1:

§ Yumurta – 40 qr

§ Un – 40 qr

§ Qatıq – 50 qr

§ Bişirilmiş düyü – 50 qr

§ Duz – 4 qr

Qazmaq 2:

§ Un – 40 qr

§ Ərinmiş yağ – 25 qr

§ Yumurta – 40 qr

§ Xama (tam yoğrulması üçün

ehtiyac olduqda) – 20 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Plov dedikdə bişirilmiş, süzülmüş, dəmə qoyulmuş düyü başa düşülür. Əsasən, uzun düyüdən bişirilir. Qazana su tökülür, oda qoyulur, duz əlavə olunur, qaynadılır. Düyü yuyulur, təmizlənir, isladılır.

Birinci üsulla qazmaq hazırlansa, yumurta, qatıq, un, duz qarışdırılır, çalınır, sonra bişirilir, düyü əlavə olu- naraq qarışdırılır.

Ikinci üsulla hazırladıqda un, yu- murta, ərinmiş yağ, duz qarışdırılır, xəmir yoğrulur. Yağlı xəmir alınır, 10-15 dəqiqə dincə qoyulur. Sonra xəmir kündələnir, yayılır, dairə, romb və ya kvadrat şəklində kəsilir. Su qay- nadıqda isladılmış, süzülmüş düyü əlavə olunur. Düyü yarı (50-60%) biş- dikdə ocaqdan götürülür, aşsüzəndən süzülür, üzərinə soyuq su gəzdirilir. Qazanın dibinə ərinmiş yağ əlavə olunur, yağ qızdıqda I və ya II üsulla hazırlanmış qazmaq döşənir. Üzərinə düyü, ərinmiş yağ, dəmlən- miş zəfəran şirəsi əlavə olunur. Ağzı dəsmalla bağlanır, qapağı örtülür. Vam odda dəm almağa qoyulur. Altı- na dəmir parçası və ya tava qoyulur. 40-50 dəqiqə müddətində hazır olur. Dəm aldıqda boşqaba çəkilir, yanına qazmaq düzülür, ərinmiş kərə yağı, zəfəran və ya sarıçiçək şirəsi əlavə olunur, süfrəyə verilir.

Dəmlənmiş plovun yanında müxtəlif növ ət, ev quşları, çöl quşları, tərəvəz, meyvə, çərəz, balıqlardan bişirilmiş xuruşlar, qaralar, müsəmmələr və s. verilir. Bu üsul əsas və əsl üsul hesab olunur.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Четверг, 20 Февраль 2025 13:05

Misralarda yaşayan şair... - FƏRQANƏ MAHDİYEVA

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Keçib boğazımız gəlib kəndirə,

Dərdimiz bəllidir, dərman tapılmır.

Evin dalındakı qərib təndirə,

Gör neçə zamandır çörək yapılmır.”

 

Deyirdi ki,- "Yaradıcılığımda xeyirxah adamların rolu az olmayıb. Onların arasında mənə yol açan, istiqamətləndirən, şeirlərim haqqında fikir söyləyənlər də olub. Yaxşı yadımdadır, şeirlərim "Ədəbiyyat qəzeti"ndə çıxmışdı. Dilçi alim Yusif Seyidov şeirlərimi oxuyub qəzetə açıq məktub yazmışdı. Məktub əsasən "Təndir" və "Daşyonan" şeirlərimin üzərində qurulmuşdu və bu şeirləri işıqlandırdığı üçün baş redaktora minnətdarlıq etmişdi. Ayaz Vəfalının bildirdiyinə görə, həmin ərəfədə redaksiyaya Nəriman Həsənzadə, Ələmdar Quluzadə, Qəzənfər Paşayev, Hüseyn Abbaszadə kimi böyük şairlər zəng vuraraq mənimlə maraqlanmışdılar. Mənə ən çox qayğı göstərən adamlardan biri də Fikrət Qoca olub. Haqqımda "Tanıdığım və sevdiyim şairə" adlı rəy də yazmışdı. Dəyərli alimimiz Qəzənfər Kazımova kitab vermişdim, şeirlərim haqqında “Kredo” qəzetində çox səmimi bir yazısı çıxmışdı. Xalq şairi Fikrət Sadiq isə "Payızın yanında gözlərsən məni" kitabım haqqında "Ədəbiyyat qəzeti"nə böyük bir məqalə çap etdirmişdi və s..”

Dostların elə bir tədbiri olmazdı ki, orada görünməsin. Hamıya doğması kimi yanaşırdı. Səmimi, insanpərvər, olduğu kimi görünməyi bacaran adam idi...

 

Bəli, bu gün sizə 2020-ci ildə vəfat edən şair, mərhum Fərqanə xanım Mehdiyeva haqqında söhbət açmaq istəyirəm. O, 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində dünyaya gəlmişdi. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra Nəsrəddin Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirmişdi...

“Atam məni orta məktəbdə oxuduğum illərində rayonun "Qələbə" qəzetinin "Kürün töhfəsi" ədəbi birliyinə aparırdı. Dərnəyə ədəbiyyat müəllimi, gözəl şeirlər müəllifi Cəfər müəllim rəhbərlik edirdi. Şeirlərim tezliklə həmin qəzetdə çap olunmağa başladı. Bir gün şair Zabil Pərviz "İstedad əsasdır" başlıqlı məqaləsi ilə məni oxuculara təqdim edib “uğurlu yol” yazdı. Dərnəyimizə Bakıdan tez-tez tanınmış yazarlar gəlirdi- Xəlil Rza, Ağacavad Əlizadə, Oqtay Rza. İlk şeirim 7-ci sinifdə oxuyarkən "Qələbə" qəzetində çap olunmuşdu. Xəlil Rza atama demişdi ki, bu qızdan gözəl şair çıxacaq. Onun bu sözləri mənim üçün bir stimul oldu. Və mən daha ürəklə yazmağa başladım. Düşünürdüm ki, hər gələn həftə keçən həftədəkindən daha yaxşı olmalıdır.”- söyləyirdi.

 

Yaradıcılığa erkən yaşlarından başlamışdı. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edirdi. İlk kitabı 1999-cu ildə işıq üzü görmüşdü. "Çəkdiklərim mənə bəsdi" adlı bu kitabından sonra, onun “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları da nəşr olunub...

 

Deyirdi ki:- “Tələbə vaxtı Musa Ələkbərlinin, Məmməd İsmayılın dərnəklərində iştirak etdim. Ötən əsrin 80-ci illərində radioda, "Bulaq" verilişində müntəzəm olaraq mənim şeirlərim səslənirdi. Bakı Mədəni Maarif Texnikumunda oxuyanda bir dəfə dəyərli alimimiz Qəzənfər Paşayev mənim bayatılar şeirimi bəyəndiyini söylədi. Ayaz Vəfalı da onunla idi və söylədi ki, bu şeir sabah "Ədəbiyyat qəzeti"ndə çap olunacaq. Səhəri gün qəzeti alıb həmin şeiri gördüm və çox sevindim. Bu hadisədən sonra şeirlərim müxtəlif ədəbi qəzet və jurnallarda mütəmadi çap olunmağa başladı. Ailə qurandan sonra yaradıcılıqdan bir az uzaqlaşdım. Bir müddət mətbuatdan uzaq oldum. Ədəbi mühitə yenidən "Pərvanə" ədəbi dərnəyinə qoşulandan sonra qarışdım. Ora gedib yeni şeirlərimi oxuyurdum, müzakirələr olurdu. "Ədalət" qəzeti dərnəyimiz üçün səhifə ayırmışdı, şeirlərimiz orda çap olunurdu. Mən lap orta məktəb, tələbəlik illərindən "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz" jurnallarını izləyirdim. Həmişə də arzu edirdim ki, mənim də şeirlərim bu qəzet və jurnallarda çap olunsun...”

 

Bəli, bu dünyada Fərqanə Mehdiyeva adlı bir şair də var idi. Amansız ölüm onu aramızdan tez aparsa da, dostlarının, sevənlərinin qəlbində, şeirlərinin sətirlərində həmişə var olacaq. Yaşasaydı dünən - fevralın 19-da Fərqanə xanımın 61 yaşı tamam olacaqdı. Ruhu şad olsun!..

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.” - İlham Əliyev, Azərbaycan Prezidenti

 

Bakı bu günlərdə yeni bir tarixi və mədəni təşəbbüsə tanıq olur: Türküstan çadırları qurulmağa başlanılıb. Qurulan çadırlar həm rəmzi həm gerçəkçi məzmun daşıyır. Bu hadisə təkcə çadırların fiziki olaraq qurulması deyil, həm də Türk dünyasının ortaq dəyərlərinin, iqtisadi gücünün və mədəni irsinin bir araya gətirilməsi baxımından önəm daşıyır. Layihə, Azərbaycanın strateji mövqeyi baxımından, Türk dünyasının iqtisadi və mədəni birliyinə doğru atılan yeni bir addım kimi qiymətləndirilə bilər.

 

Keçmişdən gələcəyə uzanan körpü məzmunu daşıyan Türk Obası daha necə və neçə obalara, yeniliklərə başlanğıc olacaq - onu örnək alacaqlar; qoy, sabah-birisigün Dərnəgüldəkindən də gözəl çadırlar, obalar qurulsun; qoy, yaxşı işlər görməkdə yarışaq; dədə-babamızın ruhunu şad edən, gələcək nəslə yol açan hadisələrdə uduzan yarışçı olmur - kim nə qurub-yaratsa, ol miqdar qalibdir!

 

Sözügedən təşəbbüsün mərkəzində Bakıdakı Türk Ticarət Mərkəzi dayanır. Ötən təqvim ilinin son ayında açılmış bu mərkəz artıq qısa müddət içində iqtisadi, mədəni və sosial platforma kimi önəmli bir ünvana çevrilib. İndi isə Türk Obası, yəni köçəri türk həyat tərzini, milli idman növlərini və ortaq mədəniyyət elementlərini özündə birləşdirən yeni bir məkan, bu mərkəzin daha da zənginləşməsinə töhfə verəcəkdir.

 

Çadırlar Dərnəgül yolu üzərində yerləşən Gül bağçasında qurulur. Burada təkcə simvolik bir məkan deyil, həm də canlı çalışma ocağı yaradılır. Özəlliklə Ergenekon (Yenigün, Novruz) bayramı ərəfəsində oxçuluq poliqonunun açılması, gələnəksəl türk idman növlərinin və qədim döyüş sənətlərinin yenidən gündəmə gətirilməsi baxımından vacib hadisədir.

 

Rəsmi açılışda mötəbər, yetkili qonaqlar qatılacaq. Bəli, bu, təkcə idman tədbiri deyil, eyni zamanda siyasi, iqtisadi və mədəni birliyin nümayişi olacaq.

 

Türk Ticarət Mərkəzinin konsepti budur ki, türk dövlətlərindən olan iş adamları burada sərbəst fəaliyyət göstərsin, işbirliklərini gücləndirsin və beynəlxalq bazarlara çıxışlarını asanlaşdırsınlar. Bura yalnız bir iş mərkəzi deyil, öz konfrans salonları, təlim və sərgi sahələri, İKT resursları, kitabxanası, milli mətbəxə aid restoranları və onların hər birinin (məzmun tamamlayıcı) süsü, bəzəyi ilə iş və iç dünysaını birləşdirmə gücündədir.

 

Bakı bu işdə öncüllük edir, lakin layihə yalnız Azərbaycanla sınırlanmır. Türk Ticarət Mərkəzinin Özbəkistanda, daha sonra isə Quzey Kıbrıs Türk Cümhuriyyətində açılması öngörülür. Bu, türk dövlətlərinin iqtisadi və ticari bağlarının yeni modelini yaradır.

 

Türk Ticarət Mərkəzi və onun Türk Obası, yalnız iqtisadi məkan deyil, eyni zamanda mədəniyyətin, milli kimliyin və ortaq dəyərlərin təbliğ-tərənnümü, öyrənilib-öyrədilməsi üçün bir mərkəz olacaq. Burada mədəniyyət (incəsənət) sərgilər, gələnəksəl sənətkarlıq, etnoidman və qastronomiya vasitəsilə sunulacaqdır.

 

Oxçuluq poliqonu da tarix və milli kimlik üçün simvolik addım sayıla bilər.

 

Türk Obasında yaradılacaq oxçuluq poliqonu, Türk dünyasının qədim döyüş sənətləri ilə yenidən tanış olması üçün bir fürsət yaradacaq. Tarix boyu oxçuluq türk toplumlarında təkcə bir döyüş sənəti deyil, eyni zamanda mənəvi və strateji bir bilik qaynağı olub. Bu gələnəyin dirçəldilməsi mədəni özünüdərk və tarixə yiyə durmaq baxımından önəmlidir.

 

Bu, eyni zamanda etnosport hərəkatının bir bölümüdür. Bilal Erdoğanın rəhbərlik etdiyi Dünya Etnosport Konfederasiyası, gələnəksəl idman növlərinin yenidən güncəlləşdirilməsinə çalışır. Türk Obasında keçiriləcək tədbirlər, bu hərəkatın Azərbaycan və bütövlükdə Türk dünyasında inkişafına böyük töhfə verəcək. Ayrıca, Azərbaycan Alpaqut Türk Döyüş Sənətinin bərpa edildiyi, qədimlik və çağdaşlığın bir arada tutula bildiyi unikal ölkədir. 

 

Beləliklə, 

Bakıda qurulan Türk Obası, keçmişin və gələcəyin bir nöqtədə görüşdüyü, iqtisadi, mədəni və tarixi dəyərlərin bir araya gətirildiyi önəmli bir məkandır. Burada türk dövlətləri yalnız biznes baxımından deyil, həm də mədəniyyət, idman və identiklik baxımından ortaq bir paylaşıma daxil olur.

 

Türk dünyası üçün bu kimi təşəbbüslər inteqrasiya, birlik və güclənmənin yeni modeli ola bilər. Türk Obası, bu modelin canlı örnəyi kimi iqtisadi inkişafı, mədəni kimliyi və tarixi yaddaşı ortaq məxrəcə gətirən bir layihədir.

 

Azərbaycan üçün isə bu, yalnız Türk dünyası ilə iqtisadi və mədəni bağların genişləndirilməsi deyil, eyni zamanda Bakı şəhərinin beynəlxalq mədəniyyət və iş mərkəzi kimi mövqeyini daha da gücləndirən bir addımdır.

 

Bu təşəbbüsün Türk dünyasına xeyirli və uğurlu olması diləyi ilə. 

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

 

Alan yoxdu- sözü baha qoymuşam,

Bir işimi yüz sabaha qoymuşam...

Ürəyimi nişangaha qoymuşam-

 

-deyir şair. Və bu dəfə də mükəmməl deyir. 

Xoş mütaliələr!

 

Hansı gülün canındasan, bilmirəm,

Bəlkə mənim yanımdasan?- bilmirəm...

Uzaqdasan, yaxındasan bilmirəm-

Uzaqları yaxınlara qov gətir.

 

Alan yoxdu- sözü baha qoymuşam,

Bir işimi yüz sabaha qoymuşam...

Ürəyimi nişangaha qoymuşam-

Sən də bu gün evinizə ov gətir.

 

Qadan alım, daha keçib səbrdən,

Belə yumşaq yapışma sən dəmirdən.

Bir ölüm var,  üzür hələ ömürdə-

Bu ölümü tutmağa tilov gətir...

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Четверг, 20 Февраль 2025 12:00

“Ümidvaram, məni tez unudacaqlar...” - ESSE

(“Qadın ağlıyla” silsiləsindən Dj Sada üçün...) 

 

 Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Biz bu ömürdən tez keçdik... Addımlarımız ağır idi, halbuki. Nəyə əl uzatdıqsa, “gecikmisən” dedilər,  nəyə umsunduqsa, “dibini sıyırıblar” eşitdik. Bir qara nöqtə vardı bəmbəyaz xəyallarımızın sol tərəfində həmişə. O nöqtədən başladı  baxışlarımızdakı duman. Və bir gün anladıq ki, o qara nöqtə öz əməlimizdir... 

 

Qadın olmaq... Xüsusilik deyilmiş... Qadın başlanğıcları ilə eyniləşdirilən mifoloji ünsürlərin hamısını  tanıyan  kişilər olmuşdu. Bizi bizdən yaxşı tanıyanların qarşısında öyündüyümüz tək şey vardı: “Səninəm...” 

Ən sevimli yazıçım Aqata Kristidir, Dj-im... Amma ən əziz əsər Jül əminin “Kapitan Qrantın uşaqları”dır ta əzəlindən.  Adamın ən əzizi ən sevimlisinin qələmindən çıxmalıydı, deyilmi? Amma olmadı... Bəlkə də, Aqata xalanı sevməyimin kökündə onun qadın olmağı ən incə ipliyinə qədər anlaması, yaşaması olmuşdu, kim bilir... 

“Hər şeyin dişisi erkəyindən daha ölümcüldür...” Belə yazıb Aqata xala “Frankfurt yolçusu” romanında... “Ölüm tikan üstündə” əsərində isə deyib: “Zəkalı kişiyə zəkalı qadınla söhbət etmək maraqlı deyil...”  Və  Mallovanla evliliyindən tək qazancını belə anlatmışdı:  “Bir arxeoloqla evləndim. Yaşlandıqca dəyərimi daha yaxşı anlayır”. 

Hansı sözü doğru idi sevimli yazıçımın? Məncə, hamısı. Haqlı olduğunu bilirdi, amma haqlılığıyla öyünəmmirdi. Qadın başlanğıcının bir kişi qorumasına ehtiyacı olduğunu anlayanlardan olmaqla öyünməyini dünya qəbul etməzdi. Hələ-hələ, “gender bərabərliyi”ndən danışanlar heç qəbul etməzdi. 

Yadındadırmı, Dj-im, televiziyada işləyəndə gender mütəxəssisi bir qadın çağırmışdıq qonaq qismində. Efirdən əvvəl o balaca, yarızirzəmi otağımızda oturub  bizə qadın haqlarından danışmışdı.  Bir gözüm saatda (“canlı qonaq”reklamda studiyaya daxil olmalıydı), bir gözüm əlimdəki “efir vərəqi”ndə soruşmuşdum ondan: 

-Səhər yeməyi yemisiniz? 

-Yox, elə kişini işə, oğlumu məktəbə yola salıb qaçdım.  Saçımı taksidə daramışam.... 

İllər keçdi, mənim özümü başqa bir televiziyaya qonaq çağırdılar. Çəkilişdən sonra aparıcı qız soruşdu: 

-Niyə keçən həftə gəlməmişdiniz efirə? 

-Atama pencək tikirdim, onu bitirdim, bu həftə gəldim-dedim. 

Qız da güldü, operator oğlan da... Mən o gender mütəxəssisinə gülməmişdim amma. Onun haqqında danışdığı dəyərlərə inanmadığını anlamışdım. Mənsə, haqqında danışmasam da, dəyərlərə inanırdım. İndi də inanıram... 

Gəncliyin üsyankarlığını nə gözəl uğurlamışıq, hə, Dj-im? O üsyankarlıqda belə, özümüz ola bilmişiksə,  inandığımız dəyərlərdən heç nə itirməmişiksə, xoşbəxtik! 

Xoşbəxtikmi? 

Xoşbəxtikmi bu cəmiyyətdə qadın kimi? 

Yox! Bu cəmiyyət də o gender mütəxəssisi kimidir:  haqqında danışdığı dəyərlərə inanmır.. Biz evimizin içində varıq, xoşbəxtik! Biz cəmiyyətdə yoxuq, bədbəxtik! Çabalaya-çabalaya əldə etdiyimiz bir ayaq yeri var cəmiyyətdə, onu da çox görür eşikdəkilər... Aylarla eşiyə çıxmasam da, yadıma küçələr düşməz, mağazalar düşməz, bir qalaça düşər, bir bulaq düşər, bir ot basmış cığır düşər, bilirsən.  Onlar kimi geyinmədiyim üçün baxıb gülən qadınlar itələyir məni cəmiyyətdən, onlar kimi  iki tək-bir cüt atışdırmalıq deyil, təmizlik vasitələri aldığım üçün lağlağı edən qızlar itələyir məni cəmiyyətdən, eynəyimi düzəldib şəhərarası mikroavtobusun nömrəsini oxuyanadək, az qala, məni ayaqlayıb keçən məktəblilər itələyir məni cəmiyyətdən... Və mən itələnə-itələnə  öz evimə yıxılmışam. 

Əvvəl filankəsdən, beşmənkəsdən küsürdüm, Dj-im.  Düşünürdüm ki, məni onlar qınayır, onlar bağışlamır çatışmayanımı... Sonra gördüm ki, yox, o filankəs də, o beşmənkəs də, sadəcə, hamı kimi olmaq cəhdindədir... Olmaq istədikləri “hamı” cəmiyyətdir. 

...Ah, Dj-im, ah! Mən izah etmək, təkrarlamaq istəmirəm Aqata Kristinin sözlərini. Hər halda, bioqrafiyası ilə maraqlananlar onun həyatının Mallovandan sonra dəyişdiyini etiraf edirlər. Və çoxlarının düşündüyü kimi, o, evdən Maksa görə deyil, ömrünün sonunadək, hətta sonsuzadək soyadını  daşıdığı Arçiyə görə qaçmışdı. Sevən, sevilməyən və sevilən qadın obrazlarını tanımaq olar Aqata xalanı tanımaqla... Və qadının sevərkən, sevilərkən, sevilmədiyini bilərkən nələr edə biləcəyini anlamaq... 

Qadın ağlıyla yaşamaq əzablı olduğu üçün “kişi kimi qadın” olmağa məcbur edir cəmiyyət... Biz də baş əyirik... Daxilimizdə  bir az Sfinks, bir az Mona Liza, bir az da Maqdalenayıq hamımız.  Övladını ac qoymamaq üçün səkilərdə yalınayaq mahnı oxuyan,  sonra dərman almağa pul tapmayaraq övladını itirən Edit Piaf pul içində üzəndə özünə belə təsəlli verirdi: “Ümidvaram, mənim haqqımda da Maqdalena haqqında dediklərini deyəcəklər: O, sevirdi!” 

...Gəl, biz də özümüzə bir təsəlli cümləsi quraq, Dj-im... Deyək: “Ümidvaram, məni tez unudacaqlar... Yazdıqlarımı isə heç oxumayacaqlar....” Qadın ağlıyla bir düşün, deyəkmi? 

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Четверг, 20 Февраль 2025 11:29

İnsanı bu həyatda yaşadan nədir? - ESSE

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Həyat bir yolçuluqdur—sonu bəlli olmayan, enişli-yoxuşlu, bəzən bizi güldürən, bəzən üzən bir səfər. İnsan bu yolun müxtəlif döngələrində itirə, qazana, yorula bilər. Bəzən bu yol o qədər ağır və mənasız görünür ki, davam etmək çətinləşir. Amma yenə də addım atırıq, yenə də nəfəs alırıq, çünki içimizdə bizi yaşadan bir şey var. Bəs bu nədir? Nədir insanı bu həyatda irəliləməyə vadar edən?

 

Ümid—qaranlıqda işıq

 

Bəlkə də insanı yaşadan ən böyük güc ümiddir. Sabahın bu gündən daha yaxşı olacağına, yaşanan çətinliklərin bir gün sona çatacağına inam bizi ayaqda saxlayır. İnsan bəzən bütün qapılar üzünə bağlandığını düşünə bilər, amma içində bir səs pıçıltıyla deyir: "Davam et." Həyatın ən qaranlıq anlarında ümid insanın tək çırağıdır. O işıq tamamilə sönərsə, insan yaşamaq istəyini itirər.

 

Ümid bizi arzularımıza bağlayır, gələcəyə dair xəyallar qurmağa vadar edir. Bəzən tək bir cümlə, kiçik bir uğur, gözlərdə parlayan bir sevinc qığılcımı ümidimizi yenidən alovlandıra bilər. O alov ki, insanı irəliləməyə, mübarizəyə və həyata daha sıx sarılmağa vadar edir.

 

Sevgi—varlığın ən dərin səbəbi

 

Sevgi insanı yaşadan ən güclü hisslərdən biridir. O, təkcə iki insan arasındakı bağlılıqdan ibarət deyil. Sevgi ana qucağındakı istilikdir, dostun səmimi təbəssümüdür, sevdiyin insanın gözlərində gördüyün əksindir. İnsan sevdikcə, daha çox yaşamaq istəyir.

 

Ancaq sevginin ən önəmli tərəfi insanın özünə olan sevgisidir. Çox zaman unudulan, amma ən vacib olan bu sevgidir. İnsan özünü dəyərli hiss etmədən, varlığını mənalı görmədən yaşamaqdan yorulur. Özümüzü bağışlamağı, sevməyi, səhvlərimizi qəbul etməyi öyrəndikcə həyat daha dözümlü və gözəl görünür.

 

Mübarizə—həyatın dəyişməz qanunu

 

Həyat bəzən insana istədiyini vermir. Hətta bəzən insandan çox şey alır—xəyallarını, sevdiklərini, inamını... Amma insanın içində bir qüvvə var ki, ona tab gətirmək gücü verir: mübarizə ruhu.

 

Hər yıxılan insanın ayağa qalxma səbəbi var. Bəzən bu, bir xəyaldır, bəzən bir insan, bəzən də sadəcə özünü sübut etmək istəyi. Mübarizə insana "Mən buradayam!" deməyi öyrədir. Ağrı çəkmiş, amma sınmamış insanlar dünyaya ən gözəl izləri buraxır.

 

Həyat asan deyil. Bunu hər kəs bilir. Amma həyatın çətin olması onun mənasız olduğu anlamına gəlmir. Mübarizə olmasa, insan güclənə bilməz. İnsanı yaşadan bəzən məhz bu mübarizədir—hər şeyə rəğmən, var olmaq, öz yolunu tapmaq və bu həyatda öz izini qoymaq.

 

Sadəlikdəki xoşbəxtlik

 

İnsan xoşbəxtliyi çox zaman böyük şeylərdə axtarır—mükəmməl bir həyat, böyük uğurlar, sonsuz sevgi. Amma bəzən insanı yaşadan və ona həqiqi hüzur verən şeylər çox sadədir:

 

Günəşin səhər pəncərədən süzülməsi,

 

Sevdiyin kitabın səhifələrində tapdığın bir cümlə,

 

Küçədə gəzərkən küləyin saçlarını qarışdırması,

 

Həyatın yorucu axarında bir fincan isti çay içmək,

 

Bəzən sadəcə bir pişiyi sığallamaq.

 

İnsan həqiqi xoşbəxtliyi tapmaq üçün bəzən böyük şeylərin arxasınca qaçmağı dayandırmalı, sadə anların gözəlliyini hiss etməlidir.

 

Sonda…

 

İnsanı bu həyatda yaşadan çox şey var—kimisi üçün sevgi, kimisi üçün ümid, kimisi üçün mübarizə. Amma hamımız üçün ortaq olan bir həqiqət var: insan yaşamaq üçün bir səbəb tapmalıdır. Bəzən bu səbəb öz içimizdə, bəzən başqalarının gözlərində, bəzən isə sadəcə həyatın axışında gizlidir.

 

Ən önəmlisi isə, insan yaşamaq üçün bir səbəb tapmadıqda onu özü yaratmalıdır. Çünki həyat, sadəcə nəfəs almaq deyil, içində həqiqi mənada var olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

2002-ci ildə Polyak rejissor Roman Polanskinin ekran əsəri olan “Pianoçu” filmi çəkilmişdir.  Film yəhudi pianoçu  Vladislav Şpilmanın Polşada yaşadığı  7 il ərzində  cərəyan  edən hadisələrdən bəhs edir.  

 

Şpilman 1939-cu ildən etibarən  böyük təhlükələrlə qarşılaşır və nasistlərdən gizlənmək məcburiyyətində qalır.  Vladislav Şpilmanın gizlənməsində isə çalışdığı Polşa radiosu əməkdaşlarının və  ən əsası alman  zabiti  Vilm Hosenfildin böyük rolu olur.   İkinci dünya müharibəsinin ağır günlərindən biridir. Dəhşətli müharibə hər kəsin dinc həyatına dərindən təsir edir. Uçuq  bir evdə gizlənən pianoçu canını qurtarmağa çalışır.  Xarabalıqdakı otaqların birindən piano tapandan sonra işlər kökündən dəyişir.  Şpilman  hər şeyi unudaraq  musiqi dünyasına qapılır. Ancaq sadəcə Şpilman musiqinin sehrinə qapılmayacaqdı.  Onu radiodalğalarda çox sevir və dinləyirdilər.   Deyirdilər ki, Şopeni heç kəs Şpilman qədər möhtəşəm şəkildə ifa edəmməz. Müharibə insanın əlindən hərşeyi alır deyirlər, ancaq Şpilman bu düsturu tərsinə çevirdi.  Öz musiqisini barmaqlarında olmasa da  bütün müharibə boyu musiqi sevgisini qəlbində yaşatdı və böyütdü.  Elə sonda da onu pianonun ağ-qara dilləri və  barmaqları xilas etdi.  

Film olduqca real şəkildə çəkilib, ikinci Dünya müharibəsi illərində yaşanmış bir həyatı təsvir edir,  müharibənin dəhşətləri  olduqca təsirli şəkildə təsvir edilmişdir.  Şpilman  incə sənətin sahibi olsa da, dəmir iradəyə sahib idi. O,  evini,  ailəsini,  həyatdakı mövqeyini, bir sözlə az qala hərşeyini itirsə belə ümidini itirmir.  Öz musiqisini bu dəhşətdən və kabusdan mühafizə etməyi bacarır.  Müharibə hər yanı dağıdır,  təmiz xəyalları qanla ləkələyir, şəhər xarabalığa çevrilir,  silah səsləri,  yerə sərilmiş insan cəsədləri... Şpilmana qalan isə  sadecə bu dəhşətli mənzərəni göz yaşları içində izləmək qalır. Və birdə yaşamaq uğrunda apardığı amansız mübarizə.  Əlindən başqa heçnə gəlmir.  Vladislav Şpilman obrazı ekrana musiqi  və müharibə dəhşətlərini  gözlər önünə bir daha sərdi.  Həm də insanlıq tarixinin ən dəhşətli anlarından biri olan İkinci Dünya Müharibəsinin timsalında... 

 

“Ədəbiyyat və İncəsənət” 

(20.02.2025)

Четверг, 20 Февраль 2025 11:00

TMİF TƏQDİM EDİR - Özbəkistan şairəsi Sənubər Mehman

Cahangir NAMAZOV, Özbəkistan, “Ədəbiyyat və incəsənət” üçün

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Qızıl alma” layihəsində budəfəki söhbət iştirakçımız — tanınmış özbək şairəsi, tərcüməçi və jurnalist, Özbəkistan Yazıçılar Birliyinin üzvü Sənubər MEHMANdır.

Söhbətimiz ustad-şagird ənənələri, Azərbaycan və özbək şeiriyyatı, təsəvvüf ədəbiyyatı, şair ilə şəxsiyyət arasındakı baxışlar haqqında oldu.

 

-Söhbətimizi poeziyaniz haqqında başlayaq. Şeirlərinizdə Mövlanə Rumi, Əhməd Yəsəvi, Baburəhim Maşrab kimi böyük ustadlarımızın işıqlı nəfəsi hiss olunur.

Belə bir şans hər şairə nəsib olmur.

Bu böyük və ilahi istedad yükünü daşımaq çətin deyilmi?

 

-Şeir bütün dövrlərin əbədi mövzusudur, niyə də olmasın...

Sualınız çox yerindədir — əslində, Sözün yükü çox ağırdır, çünki bu yük Sözün özü qədər qədim və qiymətlidir.

Amma, müdrik xalqımızda:

"Allah yerin dağlarına baxıb qış göndərir" — deyə müdrik bir atalar sözü var.

Böyük Yaradanımız söz demək cəsarətini və bacarığını verirsə, onu daşımaq üçün də güc verir.

Bundan əlavə, bu dünyada məsuliyyət gözləri ilə baxsan, ən asan işin belə olmadığına rast gələ bilərsən, insan hər zaman, hər hansı bir halda da olsa insan olaraq qalmağın özü nə qədər çətin və əziyyətlidir!

Amma insan hər zaman səbr və mətanət ilə özünü, özünün həqiqi qiymətini anlamağa çalışır.

 

-Ozod Şarofiddinov, Nəcmiddin Komilov kimi böyük ədəbiyyatşünaslar sizə öz yolunuzu tapmaqda necə kömək etdilər?

Onlarla keçən dövrlər, söhbətlər haqqında fikirlərinizi bölüşsəniz...

 

-20-ci əsr özbək ədəbiyyatının zirvələri olmuş — Özbəkistanın Qəhrəmanı Ozod Şarofiddinov, filologiya elmləri doktoru, professor Nəcmiddin Komilov haqqında danışmaq istəsək, onların nə qədər böyük Ustad, ensiklopedik bilik və yüksək təfəkkür sahibləri olduğunu söyləsək, bir suala cavab olaraq kitab yazmaq belə yetərli olmaz. Bu böyük ustadlarım ən əvvəl insanlıq elminin zirvələri idilər.

Kim ki, bu ruhani söhbətlərdən faydalanıbsa, şübhəsiz ki, ruhu işıqlanmış və təfəkkürü parlaq olmuşdur, bunlar arasında mən də bu uca varlıqların nəzərinə layiq görülməyimdən məmnun olaraq, bu sevgidən təəccüblənərək, özləri çağırmasalar belə getmişəm.

Doğrusu, deməliyəm ki, hər ikisi də mənim haqqımda özlərinin sevgi və etimad dolu məqalələri ilə — Özbəkistanın Qəhrəmanı Ozod Şarofiddinov müəllimi "Dünya Ədəbiyyatı" jurnalında, filologiya elmləri doktoru, professor Nəcmiddin Komilov müəllimi "Gülüstan" jurnalında yazıblar — amma mən hər ikisinin qarşısına getməkdən çox çəkinmiş və getməyə utanmışam, bu səbəbdən bu böyük ustadlarımdan dualar, səmimi sevgilər və gözəl bir yol arzuları ilə yazılmış ön sözlər mənim üçün miras qalmışdır.

Amma, aramızdakı bu ruhani münasibətlərdə heç bir dünya görüşü qarışmamışdır, yəni mən onların vəzifələrindən və ya mövqelərindən heç bir şəkildə maraqlanmadım, ya da şəxsi problemlərimi, məsələn, təhsil haqqını ödəyə bilmədiyim halda məktəbi tərk etməyim barədə onlara danışmadım.

Düzünü desəm, onların bu vəziyyəti hiss etmələrindən qorxmuşdum.

Mənim üçün onlar ədəbiyyatın, biliklərin yüksək səmasında yaşayırdılar və mən onların o yüksək səma üzərində qalmasını, yerin kiçik qayğılarına qarışmamalarını istəyirdim.

Bəlkə də, bu düzgün deyildi, bunu bilmirəm, çünki o vaxtlar çox gənc idim, həmçinin "qanla girən canla çıxar" — dedikləri kimi mən hələ də o cür təvazökar və utancaq idim.

Şeirlərimdəki azad və sərbəst ruh və insanı təbiətimdəki təvazökarlıq mənim üçün çox çətindir.

İlk sualın dəqiq cavabı burada ortaya çıxdı.

 

-Sizə görə təsəvvüfün tərifi nədir?

Təsəvvüf şeirləri yazmaq prosesi zamanı hansı mənəvi halı hiss edirsiniz?

 

-Təsəvvüf əslində ruhun şeiridir.

Onun içində ruh belə poetik yüksəlişlərdə yer və dünyadakı kiçik kədərləri rədd edir.

Təsəvvüfün tərifi ilə yaşamaq, əslində bütün ömrü şairanə bir əhval-ruhiyyə ilə yaşamaqdır.

 

-Hər bir şairin, yazıçının ruhunun şairləri olur. Sizin ruhunuzu şairləri kimlərdir?

 

-Mən özbək ədəbiyyatının demək olar ki, bütün klassik şairlərini və Şərq ədəbiyyatının, Azərbaycan ədəbiyyatının böyük klassikləri Məhəmməd Füzulinin, fars-tacik ədəbiyyatından Həfiz Şirazi, Bədreddin Hilolinin qəzəllərini, bu günün ən yüksək Ruhiyyə səviyyəsində yüksək məqamlar yazan bütün şairləri diqqətlə oxuyuram.

Bundan əlavə, Qərb ədəbiyyatından Jorj Sand, Xulio Kortasar, Emili Dikinsonun və Yaponiya şairi İsakova Takubokunun heykəlləri, klassik və müasir yapon şairlərini, Yasunari Kawabata'nın nazik təbiət tərənnümlərini, ispaniyalı şair Federico Garcia Lorcanın cazibədar heyrətlərini sevirəm.

Həmçinin, Azərbaycan müasir şairləri Romiz Ravşan və Səməd Vurğunun gözəl tərcümələrini də axtarıb oxuyuram.

 

-Şair və şəxsiyyət kimi həyatınızdakı ən vacib qərarlar nə olub?

Bu qərarlar sizə yaradıcılıq və həyat arasında hansı tarazlığı qorumağa kömək edib?

 

-Hər bir insanın öz həyat prinsipləri olmalıdır, mənim üçün!

Prinsipi, qətiyyətli xarakteri və müəyyən sərhədləri olmayan insanın heç vaxt öz mənəvi kimliyi olmaz!

Məni hər zaman tarazlıqda saxlayan qüvvə bu inamdır!

 

-Yaradıcı və şəxsiyyət kimi həqiqəti axtarmaq, söz və mənanı dəqiq göstərmək sizin üçün nə qədər vacibdir?

 

-Məhz bu sualınıza beşinci sualda özüm bilmədən cavab vermişəm (!!!)

İlahi, yüksək inamı və qətiyyətli prinsipi olmayan yaradıcı insanın mənəvi kimliyi olmaz, çünki mənəvi kimlik olmadığı halda, o yaradıcı özü-özlüyündə itir.

Söz və mənası mənim üçün can və bədən kimi bütöv bir anlayışdır!

 

-“Bəzi şeylər kitablardan öyrənilmir.

Onları ustaddan öyrənmək lazımdır," deyilir.

Buna necə fikriniz var?

 

-Doğrudan da elədir — kitablardan öyrənilməyən, yalnız görməklə və yaşamaqla başa düşülən acı həyat həqiqətləri vardır.

 

-Əmir Qobus deyir ki: "Yüksək dərəcələrə yalnız başdan keçirilən çətinliklərlə nail olunur."

Sizə görə, şair və şəxsiyyət üçün yüksək dərəcə nədir?

 

-Mənim fikrimcə, həqiqətən Şair və Şəxsiyyət olmaq üçün ən yüksək dərəcə, hər hansı bir vəziyyətdə də özünün sadə bir insan olduğunu və ona verilən bütün mükafatların Allahın neməti olduğunu unutmamaqdır!

Yəni ən yüksək dərəcə bu təvazökarlıqdır!

 

-Çox sayda yaradıcı mərkəz olaraq şəhərə meyllənir.

Yaxşı şair, yazıçı olmaq üçün şəhərə meyllənmək nə qədər doğrudur?

 

-Bir zarafatlı aksioma var, böyük istedadlar kənddə doğulur, şəhərdə ölürlər...

Demək istəyirəm ki, mərkəzin öz cazibəsi var, burada bütün istedadlar cəm olmuş və bu baxımdan bir növ yaradıcı mühitin qaynadığı yer olaraq tək bir yerdə yaradıcıları çəkən xüsusiyyətə malikdir.

 

-Mitskoviç deyir: "Bütün gün yaxşı yaşamaq, kitab yazmaqdan daha çətindir."

Sizə görə, biz yaxşı insan olaraq yaşamağı və yaxşı kitablar yazmağı nə qədər bacarırıq?

 

-Bu suala ümumi cavab vermək mümkün deyil, çünki yaxşı insan olaraq yaşamaq çox özünəməxsus bir prosesdir.

Bir vaxtın özündə kimisi çox yüksək bir həyat yaşarkən, onun yanındakı biri də ən aşağılıq və axmaqlığın ən ucuna çıxa bilər.

 

-Azərbaycan ədəbiyyatına maraqlarınız haqqında da danışsanız.

Azərbaycan ədəbiyyatından ən çox oxumağı sevdiyiniz şair və yazıçılar kimlərdir?

 

-Azərbaycan ədəbiyyatı mənim üçün hələ bir sirli dəniz, açılmamış xəzinə kimi durur. 

Azərbaycan klassik şairləri Məhəmməd Füzuli, İmaməddin Nəsimi və Bilal Nəzimi çox oxumuşam, xüsusilə Füzulinin otuzdan çox qəzəlini əzbər bilirəm, müasir Azərbaycan ədəbiyyatının zəhmətli nümayəndəsi Yusuf Samad oğlunun: "Qətl günü" romanını (Usman Qoçxor tərcüməsində) oxuyaraq çox təsirlənmişəm.

Səməd Vurğundan gözəl tərcümələrini də axtarıb oxuyuram, Ramiz Rövşənin şeirlərini sevirəm, ən böyük arzum onları orijinalda oxumaqdır!

 

-Sizcə, Azərbaycan və özbək ədəbiyyatı arasında hansı ümumi xüsusiyyətlər və bənzərliklər var?

Bu iki xalqın ədəbiyyatı bir-birinə necə təsir edir?

 

-Bu iki xalqın kökü birdir, bizim Azərbaycanla dinimiz ortaqdır, ədəbiyyatımız ortaqdır, buna görə ədəbiyyatımız da ruhən bir-birini tamamlayan əkiz ədəbiyyatlardır.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Четверг, 20 Февраль 2025 08:29

Bir Yuxu - ŞEİRVARİ ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Yuxumu, gerçəkmi? Bəzən bunların sərhədi itir. Və nəticə təqribən bu cür olur:

 

Səni yuxularımda görürəm

Hər gün, hər gecə.

Tez-tez bizə gəlirsən,

Hər dəfə bir biçimdə.

Dolanırsan başım üstə,

Şam üstündə pərvanə tək.

 

Oxşayıb saçlarımı hərdən,

Bir nəğmə oxurdun anidən.

Ayılardım röyadan,

Bəlkə gerçəkdir deyə,

Bəlkə sən gəldin deyə.

 

Məgərsə yenə aldandım,

Bir röyaya bağlandım.

Mən nə zaman yanıldım?

Bir xülyanı eşq sandım.

 

Bu dünyada çox aradım,

Ancaq ən son anladım:

Səni düşlərdə sevdim,

Var olana gəl istədim.

Hər anımda ol istədim,

Sən gerçəkdə gəlməz oldun,

Düşlərimdən getməz oldun.

Heç bilmədim biz nə olduq,

Bir röyada həmdəm olub,

Bu dünyada əğyar olduq.

 

Kim bilir hansı yuxu çin olacaq?

Hansı yalan olacaq?

Səni ən çox yaşadan,

Qəlbində yaşatdığın olacaq.

 

Artıq qəm çəkmirəm əvvəlki tək,

İstər çin olsun, istərsə yalan.

Səni yaşadacağam hər zaman, hər an.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.