“Ümidvaram, məni tez unudacaqlar...” - ESSE Featured

(“Qadın ağlıyla” silsiləsindən Dj Sada üçün...) 

 

 Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Biz bu ömürdən tez keçdik... Addımlarımız ağır idi, halbuki. Nəyə əl uzatdıqsa, “gecikmisən” dedilər,  nəyə umsunduqsa, “dibini sıyırıblar” eşitdik. Bir qara nöqtə vardı bəmbəyaz xəyallarımızın sol tərəfində həmişə. O nöqtədən başladı  baxışlarımızdakı duman. Və bir gün anladıq ki, o qara nöqtə öz əməlimizdir... 

 

Qadın olmaq... Xüsusilik deyilmiş... Qadın başlanğıcları ilə eyniləşdirilən mifoloji ünsürlərin hamısını  tanıyan  kişilər olmuşdu. Bizi bizdən yaxşı tanıyanların qarşısında öyündüyümüz tək şey vardı: “Səninəm...” 

Ən sevimli yazıçım Aqata Kristidir, Dj-im... Amma ən əziz əsər Jül əminin “Kapitan Qrantın uşaqları”dır ta əzəlindən.  Adamın ən əzizi ən sevimlisinin qələmindən çıxmalıydı, deyilmi? Amma olmadı... Bəlkə də, Aqata xalanı sevməyimin kökündə onun qadın olmağı ən incə ipliyinə qədər anlaması, yaşaması olmuşdu, kim bilir... 

“Hər şeyin dişisi erkəyindən daha ölümcüldür...” Belə yazıb Aqata xala “Frankfurt yolçusu” romanında... “Ölüm tikan üstündə” əsərində isə deyib: “Zəkalı kişiyə zəkalı qadınla söhbət etmək maraqlı deyil...”  Və  Mallovanla evliliyindən tək qazancını belə anlatmışdı:  “Bir arxeoloqla evləndim. Yaşlandıqca dəyərimi daha yaxşı anlayır”. 

Hansı sözü doğru idi sevimli yazıçımın? Məncə, hamısı. Haqlı olduğunu bilirdi, amma haqlılığıyla öyünəmmirdi. Qadın başlanğıcının bir kişi qorumasına ehtiyacı olduğunu anlayanlardan olmaqla öyünməyini dünya qəbul etməzdi. Hələ-hələ, “gender bərabərliyi”ndən danışanlar heç qəbul etməzdi. 

Yadındadırmı, Dj-im, televiziyada işləyəndə gender mütəxəssisi bir qadın çağırmışdıq qonaq qismində. Efirdən əvvəl o balaca, yarızirzəmi otağımızda oturub  bizə qadın haqlarından danışmışdı.  Bir gözüm saatda (“canlı qonaq”reklamda studiyaya daxil olmalıydı), bir gözüm əlimdəki “efir vərəqi”ndə soruşmuşdum ondan: 

-Səhər yeməyi yemisiniz? 

-Yox, elə kişini işə, oğlumu məktəbə yola salıb qaçdım.  Saçımı taksidə daramışam.... 

İllər keçdi, mənim özümü başqa bir televiziyaya qonaq çağırdılar. Çəkilişdən sonra aparıcı qız soruşdu: 

-Niyə keçən həftə gəlməmişdiniz efirə? 

-Atama pencək tikirdim, onu bitirdim, bu həftə gəldim-dedim. 

Qız da güldü, operator oğlan da... Mən o gender mütəxəssisinə gülməmişdim amma. Onun haqqında danışdığı dəyərlərə inanmadığını anlamışdım. Mənsə, haqqında danışmasam da, dəyərlərə inanırdım. İndi də inanıram... 

Gəncliyin üsyankarlığını nə gözəl uğurlamışıq, hə, Dj-im? O üsyankarlıqda belə, özümüz ola bilmişiksə,  inandığımız dəyərlərdən heç nə itirməmişiksə, xoşbəxtik! 

Xoşbəxtikmi? 

Xoşbəxtikmi bu cəmiyyətdə qadın kimi? 

Yox! Bu cəmiyyət də o gender mütəxəssisi kimidir:  haqqında danışdığı dəyərlərə inanmır.. Biz evimizin içində varıq, xoşbəxtik! Biz cəmiyyətdə yoxuq, bədbəxtik! Çabalaya-çabalaya əldə etdiyimiz bir ayaq yeri var cəmiyyətdə, onu da çox görür eşikdəkilər... Aylarla eşiyə çıxmasam da, yadıma küçələr düşməz, mağazalar düşməz, bir qalaça düşər, bir bulaq düşər, bir ot basmış cığır düşər, bilirsən.  Onlar kimi geyinmədiyim üçün baxıb gülən qadınlar itələyir məni cəmiyyətdən, onlar kimi  iki tək-bir cüt atışdırmalıq deyil, təmizlik vasitələri aldığım üçün lağlağı edən qızlar itələyir məni cəmiyyətdən, eynəyimi düzəldib şəhərarası mikroavtobusun nömrəsini oxuyanadək, az qala, məni ayaqlayıb keçən məktəblilər itələyir məni cəmiyyətdən... Və mən itələnə-itələnə  öz evimə yıxılmışam. 

Əvvəl filankəsdən, beşmənkəsdən küsürdüm, Dj-im.  Düşünürdüm ki, məni onlar qınayır, onlar bağışlamır çatışmayanımı... Sonra gördüm ki, yox, o filankəs də, o beşmənkəs də, sadəcə, hamı kimi olmaq cəhdindədir... Olmaq istədikləri “hamı” cəmiyyətdir. 

...Ah, Dj-im, ah! Mən izah etmək, təkrarlamaq istəmirəm Aqata Kristinin sözlərini. Hər halda, bioqrafiyası ilə maraqlananlar onun həyatının Mallovandan sonra dəyişdiyini etiraf edirlər. Və çoxlarının düşündüyü kimi, o, evdən Maksa görə deyil, ömrünün sonunadək, hətta sonsuzadək soyadını  daşıdığı Arçiyə görə qaçmışdı. Sevən, sevilməyən və sevilən qadın obrazlarını tanımaq olar Aqata xalanı tanımaqla... Və qadının sevərkən, sevilərkən, sevilmədiyini bilərkən nələr edə biləcəyini anlamaq... 

Qadın ağlıyla yaşamaq əzablı olduğu üçün “kişi kimi qadın” olmağa məcbur edir cəmiyyət... Biz də baş əyirik... Daxilimizdə  bir az Sfinks, bir az Mona Liza, bir az da Maqdalenayıq hamımız.  Övladını ac qoymamaq üçün səkilərdə yalınayaq mahnı oxuyan,  sonra dərman almağa pul tapmayaraq övladını itirən Edit Piaf pul içində üzəndə özünə belə təsəlli verirdi: “Ümidvaram, mənim haqqımda da Maqdalena haqqında dediklərini deyəcəklər: O, sevirdi!” 

...Gəl, biz də özümüzə bir təsəlli cümləsi quraq, Dj-im... Deyək: “Ümidvaram, məni tez unudacaqlar... Yazdıqlarımı isə heç oxumayacaqlar....” Qadın ağlıyla bir düşün, deyəkmi? 

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.