Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Yuxumu, gerçəkmi? Bəzən bunların sərhədi itir. Və nəticə təqribən bu cür olur:
Səni yuxularımda görürəm
Hər gün, hər gecə.
Tez-tez bizə gəlirsən,
Hər dəfə bir biçimdə.
Dolanırsan başım üstə,
Şam üstündə pərvanə tək.
Oxşayıb saçlarımı hərdən,
Bir nəğmə oxurdun anidən.
Ayılardım röyadan,
Bəlkə gerçəkdir deyə,
Bəlkə sən gəldin deyə.
Məgərsə yenə aldandım,
Bir röyaya bağlandım.
Mən nə zaman yanıldım?
Bir xülyanı eşq sandım.
Bu dünyada çox aradım,
Ancaq ən son anladım:
Səni düşlərdə sevdim,
Var olana gəl istədim.
Hər anımda ol istədim,
Sən gerçəkdə gəlməz oldun,
Düşlərimdən getməz oldun.
Heç bilmədim biz nə olduq,
Bir röyada həmdəm olub,
Bu dünyada əğyar olduq.
Kim bilir hansı yuxu çin olacaq?
Hansı yalan olacaq?
Səni ən çox yaşadan,
Qəlbində yaşatdığın olacaq.
Artıq qəm çəkmirəm əvvəlki tək,
İstər çin olsun, istərsə yalan.
Səni yaşadacağam hər zaman, hər an.
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)