Super User

Super User

Суббота, 22 Февраль 2025 08:32

Komitə sədri Məclisdə qəbul keçirib

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ötən gün Məclisdə növbəti vətəndaş qəbulu keçirib.

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, vətəndaş cəmiyyəti institutu nümayəndələri - TESAM-ın ("Türkiyə İqtisadi, Sosial və Strateji Araşdırmalar Mərkəzi"nin) Azərbaycan təmsilçisi Elməddin Məmmədzadə, "Mədəniyyətin, İncəsənətin İnkişafı və Təbliği" İctimai Birliyinin təsisçisi Turanə Orucova, vətəndaşlar - İzzət Kərimov, Ellada Məmmədli, Güləhməd Hacıəliyev, Şəhriyar Kərimov, Rəşad Əliyev və b. ilə görüşən Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb. 

Komitə sədri qaldırılan vacib məsələlər - ictimai birliklərin dövlət qeydiyyatı, fəaliyyəti, vacib layihələr, əməkdaşlıq imkanları, eləcə də, əfv məsələləri üzrə əlaqədar dövlət orqanları ilə müzakirə aparacağını, müvafiq müraciət məktubları göndərəcəyini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2025)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ

 

 Azərbaycan tarixinə 22 fevral 1988-ci il günü xalqımızın yaddaşına dərin iz salan bir gün kimi həkk olunub. Məhz bu tarixdə Qarabağ hadisələrinin ilk şəhidləri – Əli Hacıyev və Bəxtiyar Quliyev Əsgəran yaxınlığında erməni silahlılarının açdığı atəş nəticəsində həyatlarını itirərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etdilər. Bu hadisə, illər sonra baş verəcək böyük münaqişənin ilk qanlı səhifəsi kimi tarixə düşdü.

 

1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyada vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq, Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qanunsuz qərar qəbul edildi. Bu addım sovet rəhbərliyinin qeyri-obyektiv münasibəti və erməni separatizmini açıq dəstəyi ilə müşayiət olunurdu. Azərbaycan xalqı isə bu ədalətsizliyə qarşı haqq səsini ucaldaraq etiraz etməyə başladı.

Fevralın 19-da Bakıda və Ağdamda başlayan mitinqlər üç gün davam etdi. Lakin Sovet rəhbərliyindən heç bir reaksiya gəlmədiyi üçün fevralın 22-də silahsız azərbaycanlılar dinc şəkildə Xankəndinə doğru yürüşə başladılar. Yürüş iştirakçılarının məqsədi sülh yolu ilə baş verən haqsızlığa son qoymaq və öz haqlı mövqelərini bildirmək idi. Təəssüf ki, Əsgəran yaxınlığında erməni silahlıları tərəfindən açılan qəfil atəş nəticəsində Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid oldular, 17 nəfər isə yaralandı.

 

Hadisə şahidlərinin xatirələrinə əsasən, bu gənclər Azərbaycan torpaqlarını qorumaq uğrunda ilk igidlər kimi ön sıralarda idilər. Onların şəhadəti, yalnız Qarabağ uğrunda gedən mübarizənin başlanğıcı deyil, həm də xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin rəmzi oldu.

Bu faciədən sonra da sovet rəhbərliyi və yerli hakimiyyət orqanları tərəfindən hadisələrə qarşı laqeyd münasibət göstərildi. Yaralı gənclərin təhqir edilməsi, yürüş iştirakçılarının təzyiqlərə məruz qalması, Azərbaycan xalqının mübarizə ruhunu zəiflətmək məqsədi daşıyırdı. Lakin bu təzyiqlər xalqın iradəsini qıra bilmədi, əksinə, birliyimizi daha da gücləndirdi.

1988-ci ilin sonlarına doğru, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamlar daha da amansız xarakter aldı. Quqark və Spitakda baş verən kütləvi qətllər Azərbaycanın mülki əhalisinə qarşı törədilən vəhşiliklərin miqyasını ortaya qoydu.

Bu gün, Əli Hacıyev və Bəxtiyar Quliyev kimi şəhidlərimizin ruhuAzərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız mübarizənin simvoludur. Onların fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə azadlıq uğrunda mübarizənin müqəddəs bir nümunəsi kimi ötürüləcək.

22 fevral tarixi Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərinin anım günü təkcə onların xatirəsini yad etmək deyil, həm də milli birliyimizin, vətən sevgimizin və ədalət uğrunda mübarizə əzmimizin təcəssümüdür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2025)

 

 

Xalq şairi Nəriman Həsənzadə doğum günündə "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən ziyarət olundu

 

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

 

Qaçdıq qara saçdan ağ saça qədər

                                      Nəriman Həsənzadə

 

Həm ömrün, həm yaradıcılığın müdriklik çağını yaşayan Xalq şairi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordeni, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadəni ziyarət etmək uzaq-yaxın keçmişi, tarixi, tarixə çevrilən bir əsri canlı ziyarət etmək deməkdir.

 

Anadan olmasının 94-cü ilini qeyd edən Xalq şairi Nəriman Həsənzadə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun rəhbərliyi ilə "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, ziyalılar tərəfindən evində ziyarət olundu. İlham Pirməmmədov Nəriman Həsənzadəyə "Qazax" Xeyriyyə İctimai Birliyinin bütün üzvlərinin, Qazax mahalının ziyalılarının adından salam-dualarını, təbriklərini çatdırdı. Nəriman müəllimə gələn il 95 illik yubileyini onu sevənlərlə birlikdə təntənəli şəkildə qeyd etməsini, poeziyaya yeni töhfələr ərmağan etməsini arzuladı.

Şair Rafail İncəyurd, yazıçı-publisist Məti Osmanoğlu, tənqidçi alim Rüstəm Kamal Nəriman Həsənzadə yaradıcılığında tarixi həqiqətlərin daha qabarıq yer almasını xüsusilə vurğuladılar. Rüstəm Kamal Nəriman Həsənzadəni ədəbiyyatın, poeziyanın imperatoru adlandırdı.

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Nəriman müəllimə 2 kitab hədiyyəsi gətirmişdi, bunlardan biri Azərbaycan Ədəbiyyat Fondunun Mədəniyyət Nazirliyi ilə birgə ərsəyə gətirdiyi Çağdaş Azərbaycan Ədəbiyyatı Antologiyası idi ki, kitabda bütün xalq yazıçıları və şairlərinin, o cümlədən də Nəriman Həsənzadənin özlərinin seçdikləri ən yaxşı əsərləri dərc edilibdir. İkinci kitab isə Xalq yazıçısı Anarın müəllifi olduğu, yenicə çapdan çıxan 2=3+4, yaxud İKİ AİLƏDƏ ÜÇ XALQ YAZIÇISI, DÖRD XALQ ŞAİRİ kitabı idi ki, kitab Səməd Vurğun və Rəsul Rzanın ailəsindən və bu iki ailənin ədəbiyyatımıza bəxş etdiyi şəxsiyyətlərdən, onların yaradıcılığından bəhs edir, ətraflarında gedən söz-söhbətə aydınlıq gətirir.

Nəriman müəllim həm Anar müəllimə, həm Varis müəllimə diqqət və qayğıya görə təşəkkürünü bildirdi. Səməd Vurğun ailəsindən bəhs edən kitabın "Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə təqdimat mərasiminin keçirilməsini tövsiyə etdi.

Aşıq Şaiq İncəli və Aşıq Ramin Qarayev sazda Nəriman Həsənzadənin sözlərini ifa etdilər.

Daha sonra "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən rəssam Qafar Sarıvəllinin kətan üzərində yağlı boya ilə çəkilmiş "Göyəzən dağı" əsəri İctimai Birliyin adından Nəriman Həsənzadəyə təqdim olundu.

Xalq şairi, el ağsaqqalı, dəyərli ziyalı Nəriman Həsənzadə ona göstərilən diqqət və qayğıya görə İlham Pirməmmədova, İctimai Birliyin bütün üzvlərinə, Qazax mahalının ziyalılarına öz dərin minnətdarlığını bildirdi. Özünə mənəvi qardaş hesab etdiyi İlham Pirməmmədova gördüyü bütün işlərdə uğurlar arzulayıb, öz ağsaqqal xeyir-duası ilə təşəkkürünü bildirdi.

Hörmətli Nəriman müəllim, sizə uzun ömür, can sağlığı arzulayırıq. Yazın-yaradın! Siz bizim fəxrimizsiniz.

94-ü aşırdın, 100-ə nə qaldı, ay Nəriman müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2025)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Fevralın 20-də Bakı Biznes Universitetində 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş kitab sərgisi və yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi Varislə görüş keçirilib.

 

Filologiya üzrə fəlsəfə doktoru, universitetin Humanitar elmlər kafedrasının Azərbaycan dili müəllimi Reyhan Dadaşovanın təşəbbüsü və Azərbaycan Nəşriyyatlar Asossiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasovun açılış nitqi və xeyir-duası ilə başlayıb. Rektor bu təqvim gününün tarixindən, mahiyyətindən, Azərbaycan dilinin dünənindən, bugünündən danışıb. O, tələbələri ana dilini sevməyə, onun qədrini bilməyə, onu əcnəbi sözlərlə yükləməməyə çağırıb.

Bir neçə nəşriyyatın tələbələrə təklif etdikləri kitablar arasında iqtisadi, tarixi, bədii, elmi-kütləvi, biblioqrafik və ensiklopedik nəşrlər üstünlük təşkil edirdi.

Universitetin olduqca geniş, işıqlı, müasir və zəngin kitabxanasında Varislə baş tutan saat yarımlıq görüşdə yazıçı tələbələrə ana dilinin qorunmasında və inkişafında şifahi və yazılı ədəbiyyatın rolu, mütaliənin insan üçün faydaları, çağdaş dövrdə Azərbaycan və dünya ədəbiyyatı barədə bilgilər verib. Eləcə də şəxsi inkişaf və karyera irəliləyişi, uğura gedən yol, arzulara və hədəflərə daha tez və maneəsiz yetişmək vasitələri barədə söz açıb.

Görüşdə tələbələrdən Nurcan Mirzəyeva, Ömər Nağıyev, Zümrüd Kərimli, Leyla Hüseynova,Aytac İbrahimovaNurlan Nağıyev xüsusi fəallıq göstəriblər.

Yazıçı tələbələr üçün kitablar imzalayıb, görüş ailə fotosu çəkməklə yekunlaşıb.

Universitetin prorektoru Cavidan Heydərov Varisə maraqlı və tələbələrdə bol təəssüratlar yaradan görüşə görə minnətdarlıq bildirib, Bakı Biznes Universitetində tələbələrə iqtisadi biliklər verməklə yanaşı, onların mənəvi cəhətdən zənginləşmələri üçün görülən işlərdən, əldə edilən nəticə və nailiyyətlərdən bəhs edib.

Reyhan Dadaşova isə qeyd edib ki, sərgilərin, tələbələrlə ziyalıların bu sayaq görüşlərinin təşkilində əsas məqsəd tələbələrə dilimizi, ədəbiyyatımızı, tariximizi sevdirməkdir.

Varis də öz növbəsində görüşdən hədsiz razı qaldığını söyləyib, tələbələrin yüksək intellektini qeyd edib, universitetin texniki təchizatından, foyelərdəki stendlərin və əyani təşviqat vasitələrinin mükəmməlliyindən, auditoriyaların səliqə-səhmanından, universitetin ölkə təhsilinə verdiyi töhfələr, beynəlxalq sferada tanınması barədə eşitdiyi məlumatlardan məmnunluq duyduğunu ifadə eləyib.

 

Qeyd edək ki, kitab sərgisi iki gün davam edib. Sərgidə Varisin 5 kitabının eksklüziv nəşr və yayım hüququna malik olan XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoy bizimlə söhbətdə bildirib ki, tələbələrin yüksək fəallığı ilə müşayiət olunan sərgidə bədii ədəbiyyata olan sonsuz maraq bir daha öz əksini tapıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin (KTM) təşkilatçılığı ilə həyata keçirilən “KitabLab” layihəsinə start verilib. Layihənin rəhbəri Natiq Xəlilovdur. Layihə çərçivəsində universitetdə ilk görüş BAAU-nun rektoru, dosent Səyavuş Qasımov ilə yazıçı, psixoloq Rövşən Abdullaoğlu və “Qədim Qala” nəşriyyatın direktoru Şöhlət İxtiyaroğlu arasında baş tutub.

 

Görüş zamanı tələbələr arasında kitab və mütaliəyə marağın artırılması, eləcə də universitetin intellektual və mədəni mühitinin daha da zənginləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

S.Qasımov universitetin tələbələrinin intellektual inkişafına və kitab oxuma vərdişlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. O, “KitabLab” layihəsinin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu bildirərək layihənin tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.

R.Abdullaoğlu və Ş.İxtiyaroğlu BAAU-nun ali təhsil ocağı kimi bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib və davamlı olmasını arzulayıb. Onlar universitetdə kitaba marağın artırılması və mütaliə mədəniyyətinin inkişafına dəstək göstərməkdən məmnun olduqlarını diqqətə çatdırıblar.

Görüşün sonunda R.Abdullaoğlu rektor S.Qasımov tərəfindən BAAU-nun tələbələri ilə keçirilən səmərəli və maarifləndirici görüşə görə təşəkkürnamə ilə təltif edilib.

Sonra BAAU-nun Kitabxana və İnformasiya Mərkəzində yazıçı R.Abdullaoğlunun oxucuları ilə görüşü baş tutub. Tədbirdə universitetin akademik-inzibati heyət üzvləri, tələbə və magistrlar iştirak ediblər.

Görüşdə yazıçının həyat və yaradıcılığına dair maraqlı müzakirələr aparılıb. Oxucular yazıçıya onun psixoloji və fəlsəfi əsərləri, eləcə  də müxtəlif dillərə tərcümə edilmiş kitabları ilə bağlı suallar ünvanlayıblar. Rövşən Abdullaoğlu kitablarının yazılma prosesindən, əsas mövzulardan və oxuculara ötürmək istədiyi mesajlardan danışaraq kitab oxumağın fərdi və cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbirin sonunda yazıçı oxucular üçün kitablarını imzalayıb.

Layihə çərçivəsində 2025-ci ilin 19-20 fevral tarixlərində universitetdə “Qədim Qala” nəşriyyatının kitab satış sərgisi də təşkil olunub. Sərgidə müxtəlif janrlarda kitablar – bədii, elmi, psixoloji, biznes və fərdi inkişaf sahələri üzrə nəşrlər təqdim edilib. Sərgidə iştirak edən tələbə və müəllimlər onları maraqlandıran kitabları əldə etmək imkanı qazanıblar.

“KitabLab” layihəsi çərçivəsində növbəti aylarda universitetdə müxtəlif nəşriyyatların iştirakı ilə növbəti kitab satış sərgilərinin keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi tələbələr arasında kitab oxuma mədəniyyətini təşviq etmək, onların yazıçılarla birbaşa ünsiyyət qurması üçün şərait yaratmaq və universitetin intellektual mühitini daha da gücləndirməkdir.

Qeyd edək ki, BAAU KTM tərəfindən həyata keçirilən bu layihə universitetin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq gənclərin elmi və mədəni inkişafına töhfə vermək məqsədilə təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

Пятница, 21 Февраль 2025 16:17

İdrak liseyində “Beynəlxalq Ana Dili Günü” qeyd edildi

 

Günel Quliyeva, “Ədəbiyyat və incəsənət” üçün

 

İdrak liseyində 21 fevral “Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən müəllim və şagirdlər Ana dilimizin özəlliklərindən danışaraq, onu göz bəbəyimiz kimi qorumalı olduğumuzu vurğuladılar.

 

Şagirdlərin ifasında “Vaqif” tamaşasından Ana dilimizlə bağlı bir parça nümayiş etdirildi. Bundan başqa məktəblilər başqa bir tamaşa ilə də dahi Nizami dövrünə səyahət edərək dilimizin o vaxtkı vəziyyətini, onun necə çətinliklərdən keçib gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Tədbirdə Ana dili haqqında dünya filosoflarının fikirlərindən nümunələr səsləndirildi. Doğma Azərbaycan dilimizin müqəddəsliyi, onun zənginliyi və gözəlliyi ilə bağlı Ulu Öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin fikirləri diqqətə çatdırıldı. “Sarı gəlin” xalq mahnısının sədaları ilə rəqs nümunəsi, iştirakçıların birgə ifasında Ana dilimizə həsr edilmiş mahnı da rəğbətlə qarşılandı. Tədbirdə 13-cü Beynəlxalq uşaq muğam müsabiqəsi və Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 4-cü Respublika musiqi müsabiqəsinin qalibi Yusif Tural oğlu Sadıxov da iştirak edirdi. Onun ifasında əlamətdar günün ovqatına köklənmiş muğam parçası hər kəsə xoş anlar yaşatdı.

Onu da qeyd edək ki, Ana dilimizə həsr olunan tədbirdə “Vətən səsi”nin əməkdaşı, uşaq yazıçısı Mina Rəşid də qonaq qismində iştirak edirdi. Şagirdlər onun birinci sinifin “Azərbaycan dili”dərsliyinə daxil edilmiş “Ana dili” şeirini səsləndirdilər. Mina xanım çıxışında Ulu Öndərimizin Ana dilimizə böyük qayğısından söhbət açaraq, bu diqqətin indi də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirildiyini söylədi. O, çıxışında “Ana dili” şeirini bir daha səsləndirdi. Tədbirin sonunda əməkdaşımız İdrak liseyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırıldı.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

Пятница, 21 Февраль 2025 15:42

Azərbaycanın işgüzar turizm imkanları BƏƏ-də tanıdılıb

 

Azərbaycan Turizm Bürosu və Bakı Konqres Mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü “MALT” Konqresində (Meetings Arabia & Luxury Travel) təmsil olunub. 

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, Yaxın Şərq regionunun işgüzar tədbirlər və lüks səyahət sahəsi üzrə aparıcı mütəxəssisləri sənayenin inkişaf edən trendlərini müzakirə etmək, strateji əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını qiymətləndirmək məqsədilə bir araya gəliblər. Konqres çərçivəsində Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20-dən çox B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri və ümumilikdə regional biznes tədbirləri üçün imkanları haqqında məlumat verilib.

Tədbirdə müxtəlif ölkələrdən 250-dən çox nümayəndə qatılıb.

 

 “Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

 

Respublika Gənclər Kitabxanasında 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə biblioqrafik icmal, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materiallarda əlamətdar günün yaranma tarixindən, ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilir.

Virtual sərgidə Ana dili sahəsində Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, bu sahədə imzalanan qanun və sərəncamlar haqqında məlumatlar öz əksini tapıb. Materiallarda akademik Nizami Cəfərovun “Dilin tarixi” məqaləsinin tam mətni, görkəmli şəxslərin dəyərli fikirləri, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyevin dil siyasəti”, “Qədim türk yazılı abidələrinin dili”, “Dildən dilçiliyə”, “Dilimiz, düşüncəmiz”, “Müasir Azərbaycan dilinin üslubiyyatı”, “Tarixi yaddaş milli dil güzgüsündə”, “Azərbaycanşünaslıq məsələləri” kimi 30-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat nümunələrinin siyahısı yer alıb. 

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Sərəncamda deyilir: “2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur. 

Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir”. 

Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

 

 

 

“Prezident İlham Əliyev tərəfindən Xankəndidə Zəfər parkının təməlinin qoyulması Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin təntənəsidir”.

 

Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin bu şəkildə əbədiləşdirilməsi olduqca qürurvericidir:

 

“Bu gün respublikamızın hər bir kəndində, hər bir şəhərində 8 Noyabr zəfəri, 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı hansısa bir abidə, hansısa bir park, küçə və s. mövcuddur. Bütün bunlar şanlı zəfərimizin təbliği, əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu gün Müzəffər Ali Baş Komandanımız tərəfindəın Xankəndidə Zəfər parkının təməlinin qoyulması da tarixi qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Zəfər parkının Xankəndidə inşası bizim üçün mənəvi baxımdan da ikiqat əhəmiyyətə malikdir. Çünki Azərbaycanın tarixi ərazisinin ayrılmaz bir parçası olan Xankəndi uzun müddət erməni separatçılarının əsas sığınacaq məntəqələrindən biri olmuşdur. 2023-cü ildə ordumuzun gerçəkləşdirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri kimi Xankəndi də separatçılardan təmizləndi və Azərbaycanın de-fakto nəzarətinə keçdi. Bu, suverenliyimizin tam şəkildə bərpasına imkan yaratdı. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhdilərimizə, xalqımızın mübarizə əzminə borcluyuq.

Əminəm ki, bu gün Xankəndidə təməli qoyulan Zəfər parkı illər, əsrlər sonra da vətəndaşlarımız üçün doğma məkanlardan biri olacaq, öz gözəlliyi, əzəməti ilə onu ziyarət edən hər kəsə daim ordumuzun qəhrəmanlığını, xalqımıza qazandırdığı böyük zəfəri xatırladacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.