Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ
Azərbaycan tarixinə 22 fevral 1988-ci il günü xalqımızın yaddaşına dərin iz salan bir gün kimi həkk olunub. Məhz bu tarixdə Qarabağ hadisələrinin ilk şəhidləri – Əli Hacıyev və Bəxtiyar Quliyev Əsgəran yaxınlığında erməni silahlılarının açdığı atəş nəticəsində həyatlarını itirərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etdilər. Bu hadisə, illər sonra baş verəcək böyük münaqişənin ilk qanlı səhifəsi kimi tarixə düşdü.
1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyada vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq, Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qanunsuz qərar qəbul edildi. Bu addım sovet rəhbərliyinin qeyri-obyektiv münasibəti və erməni separatizmini açıq dəstəyi ilə müşayiət olunurdu. Azərbaycan xalqı isə bu ədalətsizliyə qarşı haqq səsini ucaldaraq etiraz etməyə başladı.
Fevralın 19-da Bakıda və Ağdamda başlayan mitinqlər üç gün davam etdi. Lakin Sovet rəhbərliyindən heç bir reaksiya gəlmədiyi üçün fevralın 22-də silahsız azərbaycanlılar dinc şəkildə Xankəndinə doğru yürüşə başladılar. Yürüş iştirakçılarının məqsədi sülh yolu ilə baş verən haqsızlığa son qoymaq və öz haqlı mövqelərini bildirmək idi. Təəssüf ki, Əsgəran yaxınlığında erməni silahlıları tərəfindən açılan qəfil atəş nəticəsində Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid oldular, 17 nəfər isə yaralandı.
Hadisə şahidlərinin xatirələrinə əsasən, bu gənclər Azərbaycan torpaqlarını qorumaq uğrunda ilk igidlər kimi ön sıralarda idilər. Onların şəhadəti, yalnız Qarabağ uğrunda gedən mübarizənin başlanğıcı deyil, həm də xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin rəmzi oldu.
Bu faciədən sonra da sovet rəhbərliyi və yerli hakimiyyət orqanları tərəfindən hadisələrə qarşı laqeyd münasibət göstərildi. Yaralı gənclərin təhqir edilməsi, yürüş iştirakçılarının təzyiqlərə məruz qalması, Azərbaycan xalqının mübarizə ruhunu zəiflətmək məqsədi daşıyırdı. Lakin bu təzyiqlər xalqın iradəsini qıra bilmədi, əksinə, birliyimizi daha da gücləndirdi.
1988-ci ilin sonlarına doğru, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamlar daha da amansız xarakter aldı. Quqark və Spitakda baş verən kütləvi qətllər Azərbaycanın mülki əhalisinə qarşı törədilən vəhşiliklərin miqyasını ortaya qoydu.
Bu gün, Əli Hacıyev və Bəxtiyar Quliyev kimi şəhidlərimizin ruhuAzərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız mübarizənin simvoludur. Onların fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə azadlıq uğrunda mübarizənin müqəddəs bir nümunəsi kimi ötürüləcək.
22 fevral tarixi Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərinin anım günü təkcə onların xatirəsini yad etmək deyil, həm də milli birliyimizin, vətən sevgimizin və ədalət uğrunda mübarizə əzmimizin təcəssümüdür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.02.2025)