
Super User
ÜÇ POETİK YARPAQ – “Səsimə səs verən yoxdu...”
“Ədəbiyyat və incəsənət” portalının üç yarpaq rubrikasında sizlərə Təranə Dəmirin şeirlərini yarpaq-yarpaq təqdim edirik.
Bir gözüm işıq axtarır,
Bir gözüm gecədən baxır.
Bir gözüm qapıda qalıb,
Bir gözüm bacadan baxır.
Səsimə səs verən yoxdu,
Vurnuxuram öz içimdə.
Hər tərəf ocaq yeridi,
Üstüm-başım köz içində.
Bu yuxu dar ağacıdı,
Məni gözümdən asıbdı.
Qaranlıqdan tuta-tuta
Gəlib gözümdə azıbdı.
Başımın üstündə ölüm
Dolanır dumansayağı.
Nə yaman ağırdı, Allah,
Bu gələn günün ayağı.
***
Gözlərimin qabağında
Can verdi ərik ağacı.
Bu həyətin, bu bacanın,
Bu evin çörək ağacı.
Bu ağac öz torpağından,
Daşından quruyub getdi.
Şaxtasından, sazağından,
Qışından quruyub getdi.
Yıxildı öz ocağından,
Külündən yıxıldı ağac.
Yarpağından,budağından,
Gülündən yıxıldı ağac.
Heç kimin əli gəlmədi,
Özü özündən yıxıldı.
Yerin dibində bitmişdi,
Göyün üzündən yıxıldı.
***
Addım-addım ölçürəm şəhəri,
Kölgəm də mənimlə addımlayır.
Ölçürəm adamları, yolları, maşınları,
Ağacları, binaları, səkiləri.
Qarğalar məni addım səslərimdən tanıyır,
Kölgəmə qaçır yiyəsiz küçə itləri.
Başımın üstündə səma,
Ayağımın altında torpaq yeriyir.
"Kimsə arxamca danışır" -
Qulağım cingildəyir.
Addım-addım keçirəm şəhərin tarixini,
Küçələri, reklamları,
Afişaları, heykəlləri, şəkilləri...
İçimdə tutub saxlayıram nəfəsimi,
Ürəyim ovcumda döyünür.
Gözümün qabağında
rəng verib rəng alır adamlar,
saxta gülüşlərdən diksinir
divarlar, daşlar, ğaclar, quşlar.
Addım-addım yeriyirəm qaranlığın üstünə,
Qürubun şəkli düşür dənizə,
Nə yaxşı dəniz var...
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
Bu səssizliyin içində Sən varsan… - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Əziz Allah!
Bu məktubu yazmağa başlayanda tərəddüd etdim. Sən hər şeyi bilirsən, elə deyilmi? Niyə yazmalıyam ki? Onsuz da qəlbimdə olanları oxuya bilirsən. Amma bəlkə də elə bu yazmaq hissi mənə lazımdır, səssizliyimi qırmaq üçün.
Uşaq vaxtlarımdan Səni axtarmışam. Bəzən göyə baxaraq, bəzən gecələr dualarımda, bəzən isə sadəcə susub ürəyimdə danışaraq. Sənin varlığını bilmək məni həm sakitləşdirib, həm də çaşdırıb. Çünki həmişə başa düşmək istəmişəm: İnsan bu qədər çətinliklərə niyə məhkumdur? Niyə bəziləri sevgi və qayğı içində böyüyür, digərləri isə hər şeyə təkbaşına dözmək məcburiyyətində qalır?
Mənə verilən həyatı qəbul etməyə çalışmışam. Bəzən özümü başqaları üçün kifayət qədər yaxşı olmamaqda günahlandırmışam. Çox şey yaşamışam, amma bəzən mənə elə gəlir ki, bu yaşadıqlarım məni olduğumdan daha kədərli, daha yorğun edib. Bəlkə də mənə göstərmək istədiyin bir hikmət var, amma bəzən bu hikmətin içində itib-batmaqdan qorxuram.
Allahım, mənə elə bir güc ver ki, ürəyimdəki qorxulara, keçmişimin izlərinə qalib gələ bilim. Məni bu dünyada sınamağa davam edirsənsə, xahiş edirəm, ən azından içimdə o sınanmalara qarşı dayanacaq bir işıq burax. Bəzən elə olur ki, insan özünə belə yadlaşır. Mən də çox vaxt öz içimdə qərib oluram. Elə bil, başqa birisi olmalı idim, amma məcburən bu versiyamla yaşamalıyam.
Bir sualım da var, Allahım. İnsan nə vaxt tam olur? Nə vaxt özünü olduğu kimi qəbul edə bilir? Mən hələ də bu suala cavab tapa bilmirəm. Çünki bu həyat elə bil ki, mənə hər zaman bir şeylərdən imtina etməyi öyrədib. Bəlkə də böyümək imtinalarla dolu bir prosesdir, bilmirəm. Amma bilirəm ki, mənim içimdə hələ də ümid var. Sən məni bu qədər sınadınsa, bəlkə də içimdə nəyinsə böyüməsini istəyirsən. Əgər belədirsə, xahiş edirəm, mənə yön ver.
Mənə özümü sevməyi öyrət, Allahım. Çünki bəzən bu o qədər çətin olur ki... Başqalarına sevgi vermək daha asan gəlir, amma özümə gələndə, sanki mən buna layiq deyilmişəm kimi düşünürəm. Halbuki, Sən insanı sevgi ilə yaratdın, elə deyilmi? O zaman, mənim də bu sevgidən payım var. Mən də Sənin yaratdığın bir bəndəyəm. Bunu özümə xatırlatmağı mənə nəsib et.
Sənə dua edirəm, amma cavabını bilmirəm. Bəlkə cavabın səssizlikdir, bəlkə də yollarımı mənə tək tapmağı öyrətmək istəyirsən. Amma hər nə olursa olsun, bilirəm ki, mən tək deyiləm. Əgər bir gün həqiqətən yolumu itirsəm, xahiş edirəm, məni tap. Səni həmişə içimdə hiss etmək istəyirəm.
Bu məktub uzun oldu, amma mənim içimdə uzun illər boyu susan sözlər də çox idi. Cavabın nə olursa olsun, mən Sənin varlığına tutunmağa çalışacağam.
Sənin yaratdığın, amma bəzən özünü yad hiss edən bir bəndən.
“Sizdən əvvəlkilər də sınağa çəkildi ki, Allah doğru danışanları və yalançıları üzə çıxarsın.”
(Ənkəbut, 2-3)
Cavabın səssizlik olsa belə, mən buradayam. Amma indi bilirəm ki, bu səssizliyin içində Sən varsan.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
NƏSİMAN YAQUBLU - Özünü Rəsulzadə irsinin tədqiqinə həsr edən alim…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu dünyada əbədi yaşayacaq kimsə yoxdur. Hər kəsin öz möhləti var və bu möhlət, necə deyərlər, fərqi yox, ya vəlvələdən, ya zəlzələdən, başa çatdısa- əlvida!..
Tarixçi alimlər iki çür olurlar - hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək biz oxucuların səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdən idi...
O, 1962-ci ildə dünyaya gəlmişdi. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdu. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedərək, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxumuşdu. 1986-cı ildə Sankt-Peterburq Universitetini bitirdikdən sonra Bakıya qayıdıb "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışmışdı.
1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını ərsəyə gətirib və 30 000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Sonuncu kitabı- "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" olub...
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıydı. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.
1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim vəzifəsində çalışırdı…
...Daim axtarışda idi. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirirdi. 30 ildən çox olardı ki, özünü M.Ə.Rəsulzadə irsinin tədqiqinə həsr etmişdi. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlirdi...
Bəli, bu dünyada Nəsiman Yaqublu adında bir alim vardı.
Yaşasaydı fevralın 22-də 63 yaşı tamam olacaqdı.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
TƏLƏBƏ YARADICILIĞI - Cəlil Məmmədquluzadə: müdrik bir ruhun təcəssümü
Fərasət Babazadə, NDU- nun Filologiya ixtisası üzrə II kurs tələbəsi. “Ədəbiyyat və incəsənət” üçün
Cəlil Məmmədquluzadə qələmində xalqın qəlb döyüntüsünü, dilində isə haqqın çağırışını daşıyan müdrik bir ruhun təcəssümüdür. Onun doğulduğu gün, elə bil, tarix öz səhifələrinə bir nur kəsrəsi əlavə etdi. Fevralın 10-u yalnız bir insanın doğum günü deyil, haqqın, ədalətin və bəşəriyyətin əbədi oyanış günüdür.
Azərbaycan ədəbiyyatının qəlbində nurlu bir çıraq, cəhalətin zülmətində işıq saçan bir əql övladı idi. O, təkcə qələmin deyil, həm də ruhun inqilabçısı, sönməz idealların daşıyıcısı olaraq bəşəriyyətin düşüncə sərhədlərini genişləndirdi. Onun dünyaya gəlişi, 10 fevral 1869-cu il, sanki elə həmin gün qaranlığın təbəssümü yerini işığa vermək istəyirdi.
O, zamanın sərt küləklərinə meydan oxuyan bir fırtına idi. Cəhalətin zülmətinə qarşı qaldırdığı bayraq, elə bil, yalnız öz xalqının deyil, bütün insanlığın vicdanı idi. O, qələmini yalnız kağıza deyil, bəşəriyyətin düşüncəsinə sancırdı - sevgi və ümid toxumlarını orada yetişdirmək üçün.
Mirzə Cəlilin qələmindəki mürəkkəb, zülm və nadanlığın qanı idi. O, hər cümləsində haqqı, ədaləti və azadlığı səsləndirirdi. Onun satirası gülüşün göz yaşları ilə qarışdığı, lakin hər zaman insan ruhunu oyatmağa qadir olan bir möcüzə idi.
Həyatı boyunca cəhalət zənciri ilə döyüşən Cəlil, sanki qaranlığın qoynunda parlayan bir ulduz idi. Onun mübarizəsi, bir fədainin son nəfəsinədək vuruşması kimi idi - əzəmətli, fədakar və əbədi.
"Molla Nəsrəddin"dəki hər bir karikatura, hər bir hekayə, zamanın daş yaddaşına həkk olunmuş ölümsüz bir fəryad idi. Mirzə Cəlil yalnız qələm ustası deyil, həm də xalqının ağrılarını öz ürəyində daşıyan bir əzabkeş idi.
O, qadın azadlığının müdafiəçisi, cahilliyin qatı düşməni, elmin və maarifin sönməz çırağı idi. Onun üçün insan milləti ilə deyil, düşüncəsi və vicdanı ilə dəyərləndirilirdi.
Mirzə Cəlil, avamlığın qandallarını qırmaq üçün mübarizə aparırdı. O, maarifin azadlıq mahnısını səsləndirən bir şair, həqiqət yolunun yorulmaz yolçusu idi.
“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal, mülk tələf olur gedir, amma söz qalır.”
Cəlil Məmmədquluzadə öz dövründə həm əsərləri, həm də jurnalist fəaliyyəti ilə cəmiyyətin problemlərini üzə çıxarıb, insanların düşüncələrinə təsir edib. “Molla Nəsrəddin” jurnalında qələmə aldığı satirik yazılar xalqın maariflənməsi və ədalətsizliklərə qarşı mübarizə aparması yolunda mühüm rol oynayıb. Maddi sərvəti olmasa da, sözləri onu əbədiləşdirdi. Bu yanaşma göstərir ki, insanın dəyəri malik olduğu sərvətlərdə deyil, öz arxasında qoyduğu mənəvi izdədir. Məmmədquluzadə də məhz söz vasitəsilə öz xatirəsini əbədiləşdirib və bu gün də insanların düşüncəsinə təsir etməyə davam edir.
Cəlil müəllim sözə güvənirdi, çünki bilirdi ki, söz bəşəriyyəti dəyişməkdə ən güclü vasitədir. "Molla Nəsrəddin" jurnalını yaratmaqla o, təkcə kağız üzərində deyil, xalqın ruhunda da əbədi olaraq bir inqilab başlatdı. O, digərlərindən fərqli olaraq ədalətsizlikləri gözləri ilə görən və bunları fəryad etməkdən çəkinməyən bir vicdan oğlu idi. Cəlilin mübarizəsi, əslində, insanın öz daxilindəki cahilliklə savaşı idi. O, hər bir insanın azad düşüncəli olmasını arzulayırdı və bilirdi ki, xalq yalnız maariflənməklə öz həqiqətinə çata bilər. Qələmindən çıxan hər bir söz, sanki zülmət dünyasında doğan bir ulduz idi.
Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin"i, sanki düşüncələrin sərhədini aşaraq əbədi bahar gətirən bir külək idi. Hər bir satirik yazısı, xalqın ruhunu silkələyən və onu təzədən həyatın anlamını dərk etməyə çağıran bir fəryad idi.
"Molla Nəsrəddin"in səhifələrində Cəlilin səsi, sanki küləklə daşlaşmış səhraya sərin bir yağış kimi enirdi. O, məzlum xalqın dərdlərini pıçıldayan, zalımın üzünə həqiqəti hayqıran bir haqqa fəryad idi. Onun satirası yalnız tənqid deyil, həm də məhəbbət idi - xalqına olan dərin sevgisinin ifadəsi.
“Mən bir dəli aşiqəm, ey pək nəfəsim,
Sənsiz könül aləmim olsun qəfəsim.”
Mirzə Ələkbər Sabirin bu sözləri yalnız şəxsi bir həsrət kimi deyil, həm də xalqına olan məhəbbət və azadlıq arzusu kimi şərh edilə bilər. Burada “könül aləmim olsun qəfəsim” ifadəsi, əslində, Cəlilin yaradıcılığında da qabarıq görünən, cəmiyyətin cahillik və geriçilikdən doğan mənəvi əsarətinə işarə edir.
Əgər Sabir bu qəfəsdə ruhunun qurtuluşunu sevgidə və həsrətdə görürdüsə, Cəlil bu qəfəsin açarını xalqın maariflənməsində və oyanışında tapmağa çalışırdı. Sabirin “aşiq”liyi yalnız fərdi deyil, həm də ictimai sevgiyə - xalqına qarşı dərin məəbbətə çevrilmişdi. Cəlil də qələmini bu sevgi ilə silahlandırıb, azadlıq və tərəqqi uğrunda mübarizəyə həsr etmişdir.
Bütün ömrü boyu qarşısında dayandığı ən böyük divar cəhalət divarı idi. Bu divar nə qədər möhkəm olsa da, onun qələmi bu divarı deşməkdə davam edirdi. Məktəblərin açılmasına, qadınların təhsil almasına, köhnə adət-ənənələrin çürüməsinə dəstək verərək, o, zamanının qəliblərini darmadağın etdi.
Ədibin yazdığı hekayələrdə insan taleyi həyatın kədərli simfoniyası kimi səslənirdi. "Danabaş kəndinin əhvalatları" onun xalqın ruhunu təsvir etmək üçün seçdiyi güzgü idi. Oradakı personajlar, sanki cəmiyyətin qanayan yaraları idi.
O, inanırdı ki, bəşəriyyət ancaq humanizmlə tərəqqi edə bilər. Zəmanəsinin fanatizmi ilə üzləşsə də, o, həqiqətdən dönmədi, çünki həqiqət onun üçün ilahi bir amaldı.
Cəlil Məmmədquluzdənin “Anamın kitabı” əsəri bir ailənin qırılan telləri ilə millətin yaralanan ruhunu yan-yana qoyur. Ata evində bir yerə toplanan, amma ürəkləri ayrı düşən üç qardaş – üç fərqli yol, üç fərqli həqiqət axtarışıdır. Rus mədəniyyətinin sərt buzları, şərqin köhnə qəlibləri və türkçülüyün qaynar çağırışı arasında qalan bu qardaşlar, əslində, bir xalqın tarixi keçidlərdəki parçalanmışlığını göstərir.
Kərbəlayı Səlimin əlində tutduğu “kitab” nə müqəddəs bir mətn, nə də adi bir yazıdır – o, birliyin simvoludur. Amma oğullar kitabı anlamır, kitab isə onların yollarını birləşdirə bilmir. Bu mənzərə bizə nə deyir? Cəlil Məmmədquluzadə sanki pıçıldayır: kitabı oxumamaq onu itirməkdir, amma hərənin öz kitabını yazmaq istəyi daha böyük fəlakətdir.
Bu gün bu əsəri oxuyanda sual yaranır: bizim “anamızın kitabı” hardadır? Bizi birləşdirən dəyərlər, adət-ənənələr, dilimiz, kimliyimiz, mənəviyyatımız – bunlar hələ də bizim evimizdə öz yerindədir, yoxsa hərəmiz başqa bir tərəfə çəkilmişik? Dünənki ata evini bu günkü virtual dünyalar, fərqli ideologiyalar əvəz edir. Əsərdəki ata – Kərbəlayı Səlimin sükutu bu gün də eşidilir: biz öz dəyərlərimizi anlamağa nə vaxt başlayacağıq?
“Anamın kitabı” yalnız keçmişin səsini deyil, həm də gələcəyin xəbərdarlığını gətirir. Cəlil Məmmədquluzadənin o dönəmdə yazdığı bu hekayə də, sanki hər dövr üçün yenidən doğulur. Çünki hər dövrdə itirilən bir kitab, hər zaman yolunu tapa bilməyən bir xalq var. Beləliklə, bu əsər sadəcə tarix deyil, həm də əbədiyyətin səsidir.
Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərində toxunulan əsas məsələlərdən biri maariflənmə və milli dəyərlərin qorunmasıdır. Əsərdə ata ocağında toplaşan, lakin bir-birindən mədəni baxımdan uzaq düşən üç qardaşın vəziyyəti, sanki dövrünün təhsilə və mədəniyyətə olan fərqli baxışlarını əks etdirir. Bu gün isə Azərbaycan gənclərinin xaricdə təhsil alaraq qlobal dünyaya inteqrasiya etməsi, amma öz milli köklərini qoruyub saxlamağa çalışması Cəlilin fikirlərinin uzaqgörənliyini göstərir.
Əsərdə Cəlil müəllim bizə deyir ki, xalqın inkişafı maariflənmədən keçir. Bu gün də dövlətimiz xaricdə təhsil proqramları ilə gənclərimizin elmə yiyələnməsi üçün şərait yaradır. Bununla bərabər, milli-mənəvi dəyərlərimizin qorunması üçün çalışır. O dövrdə Mirzə Cəlilin təsvir etdiyi ziddiyyətlər, bəzən bizim də qarşımıza çıxır: gənclərimiz qlobal dünyadan öyrənərkən öz milli kimliyini necə qorumalıdır?
Bu günkü irəliləyişlər, xüsusilə xaricdə təhsil alma imkanları, Cəlil Məmmədquluzadənin maarifçilik ideyalarının müasir dövrdə öz yerini tapdığını göstərir. Lakin burada bir vacib məqam da var: təkcə xaricdə təhsil almaq inkişafın göstəricisi deyil. Əsas məsələ, ədibin dediyi kimi, alınan biliklərin milli dəyərlərimizin qorunmasına xidmət etməsidir. Əgər o biliklər bizi öz köklərimizdən uzaqlaşdırarsa, bu, sadəcə zahiri inkişaf olar. Əsərdəki qardaşların hər biri özünəməxsus biliyə sahib olsa da, onlar bir ocaqda birləşə bilmirlər, çünki dəyərlərdən uzaq düşüblər.
Əsərdə ata evinin qapısı həm keçmişlə gələcək, həm də milli birliyin açarı kimi görsənir. Ata ocağına aparan bu qapı açıqdı, lakin o qapıdan girənlər birlikdə ola bilmir. Bu günkü dövrümüzdə xaricdə təhsil almaq həmin qapıdan keçmək, yeni imkanlar dünyasına addım atmaq kimidir. Lakin əsərdəki kimi, yalnızca qapını keçmək kifayət etmir – o qapının arxasında birləşmək, dəyərləri yaşatmaq lazımdır. Müasir dünyada bu qapını həm maariflənmə, həm də milli dəyərlərimizi qoruyaraq tərəqqi yolu kimi təsəvvür edə bilərik. Dövlətimizin xaricdə təhsilə verdiyi dəstək də, sanki, həmin qapının yenidən möhkəmlənməsinə xidmət edir. Amma əsərdəki sual bu gün də aktualdı: qapıdn keçəndən sonra bir evin içini unutmayacağıq ki?
Bu gün Azərbaycan dövlətinin gənclər üçün yaratdığı şərait, Mirzə Cəlilin maarifçilik idealının real həyatda tətbiqi kimidir. Dövlətimiz, xaricdə təhsil alan gənclər vasitəsilə həm beynəlxalq biliklərə yiyələnməyi, həm də milli dəyərlərin bu biliklər vasitəsilə daha geniş dünyaya tanıdılmasını təmin etməyə çalışır. Gənclərimiz xaricdən qayıdıb ata ocağını (mədəniyyətini, mənəviyyatını və milli dəyərlərini) unutmamalıdırlar. Onun sükutu və sualları bu gün də aktualdır: xaricdə qazandıqlarımızı öz millətimizin tərəqqisinə çevirməyə hazırıqmı?
Beləliklə, "Anamın kitabı" əsərindəki uzaqgörənlik, bu gün xaricdə təhsilin əhəmiyyəti və milli kimliyin qorunması kimi məsələlərlə birbaşa əlaqəlidir. Dünənki ata ocağı ilə bu günki qlobal imkanlar arasında balans yaratmaq – Cəlilin ideyalarının əsl həyata keçididir.
Ədibin hər bir nailiyyəti, sanki küləkdə dalğalanan bir bayraq idi – zəfər və dirçəlişin rəmzi. Onun həyatı yalnız özünün deyil, bütöv bir xalqın tarixini dəyişdirərək, bu gün də yanan məşəl kimi bizi maarifə, irfana, insanlığa çağırır.
“Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən” ifadəsi insanın özündən sonra qoyduğu mənəvi mirasın əhəmiyyətini vurğulayır. Cəlil Məmmədquluzadənin ideyaları, satirik əsərləri və maarifçi fəaliyyəti ölümsüzdür, çünki insanlar günümüzdə də onun fikirlərindən faydalanır. Bu ifadə həm də insanın özünü tanımağa, əməllərinin cəmiyyət üçün dəyərli olmasına və mənəviyyatla bağlı iz buraxmağa sövq edir. Məmmədquluzadənin əsərləri buna ən gözəl nümunədir.
Onun əziz xatirəsi, təkcə ədəbiyyatımızda deyil, bütün Azərbaycan xalqının ruhunda əbədi yaşayır. Bu nurlu şəxsiyyətin doğum günü, onun maarif işığında yol göstərən ruhunun əzəmətini anlamaq üçün bir fürsətdir. Onun hər bir cəfası, sanki zamana yazılmış üsyankar bir şeir idi. Cəlil Məmmədquluzadənin ruhu, bu gün də tariximizin və ədəbiyyatımızın qəlbində çırpınır. Onun adı, həyatın özü qədər əbədi, düşüncələr qədər azad, həqiqət qədər müqəddəsdir.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)_
Elə o özü də dənizə bənzəyir...
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
- Belə bir söz var, deyir ki:
Dostları olmalıdır insanın, eynən gəmilərin limanları kimi..
Zaman-zaman gəlib yükünü boşaltdığın, dalğalar dinənə qədər qoynunda gözlədiyin
Həyatı əzbərə oxuya bilən,
Düşünmədiklərini düşündürən,
səni güvəndə tuta bilən.
Gərəkdiyində sənin üçün alovu uda bilən.
Yoluna işıq saçan ustadın olmalı.
Bəli, hər insanın həyatda mütləq bir liman yeri, istinad nöqtəsi olur.
Dostoyevskinin təbirincə desək, gərək elə olsun ki, hər bir adamın heç olmasa bir gediləsi yeri olsun.
Hərçənd, hər nə qədər həmişə sahil üçün darıxsa da, yuxularına sahil boyu sıralanan yosunlu qayalıqlar girsə də, onun istinad yeri, həmişə daha çox güvəndiyi dənizdir.
Dənizdəki tənha ada, adadakı, sahildəki qayalıqlardır.
Əlbəttə, dost dediyi insanlar da elə onun üçün o sığına biləcəyi limanlar, qayalar, adalar kimidir.
Bizim şeir adıyla oxuduğumuz dəniz ətirli, qağayı avazlımisralar isə əslində onun dənizlə olan məhrəm söhbətləridir.
Elə o, özü də dənizə bənzəyir.
Bunları mən demirəm Faiq bəy özü belə deyir.
Deyir ki:
Həyatımın 40 ilindən çoxunu dənizə bağladım, dənizin sərt üzünü, tufanlı, fırtınalı zamanlarını gördüm, dözdüm, maneələri dəf etdim, möhkəm oldum və… insanları tanıdım, onlardan qorundum. Qoruna bildimmi, bəzi vaxtlar yox. Dənizin bütün sifətləri olduğu kimidir, sakit, dalğasız, ləpəli, sualtı axını, burulğanı və sair… görürüsən, özünü təqdim edir, hiss etdirir… Amma elə olur ki, insanlardakı bu sadaladığım hallar gözləmədiyin anda büruzə verir, zühur edir…
Ətrafda və cəmiyyətdə qarşılaşdığım eybəcərliklər, dost bildiyimizin xəyanətlərini görmüşəm, dözmüşəm, sınmamışam, sözümü demişəm bir başa, necə dəniz dalğaları ilə qayalıqlara çırpılıb sözünü deyir ha, o cür və rahat olmuşam, İçimdə kir, pasaq, nifrət, qəzəb, xəyanət olmayıb. Dənizə oxşamışam.
Onu dənizə ədəbiyyat gətirib, o da dənizi ədəbiyyata.
Ədəbiyyat və dəniz onun həyat tərzidir, yoldaşları üçün isə o, ən yaxşı dostdur.
Ötən gün dənizçi-kapitan, şair-publisist, öz təbirincə desək, dənizə oxşayan, söz kapitanı, şair Faiq Balabəylinin doğum günü idi.
Doğum günü münsibəti ilə sevimli şairi təbrik edir, ona səmimi qəlbdən möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
Ömrünüz tələsməsin Faiq bəy!
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
BİRİ İKİSİNDƏ - İlahə Səfərzadənin ədəbi tənqidi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün ədəbi tənqid günüdür, sizlərə İlahə Səfərzadənin “Qəlblərə yol tapan poeziya: Dayandur Sevginin şeirləri əsasında” yazısı təqdim edilir.
QƏLBLƏRƏ YOL TAPAN POEZİYA: DAYANDUR SEVGİNİN ŞEİRLƏRİ ƏSASINDA
Gözəl şeirlərin insan həyatındakı rolu dərin və çoxşaxəlidir. Bəşər tarixi boyu poeziya təkcə ədəbi növ kimi deyil, həm də emosional, intellektual və sosial ünsiyyət vasitəsi kimi mövcud olmuşdur. Şeirlər fərdi olmaqla bərabər, həm də ictimai səviyyədə dərinlərə yol tapır. Poeziya insanları nəinki özü, həmçinin dünya ilə əlaqə qurmağa, duyğuları ifadə edərək düşüncələri sorğulamağa, mədəniyyətin izlərini daşımaqdan insanların müxtəlif mövzulardakı mübarizələrini əks etdirməyə qədər bir çox funksiyaları özündə ehtiva edir.
İllərlə eyni şeirləri oxuyaraq, eyni zövqü ala biliriksə, deməli, həqiqətən də, sənətdə gözəllik anlayışı dəyişmir. Çünki şairlər öz fərdi hisslərindən irəli gələn duyğularla yazıb-yaratmaqdan daha çox, xalqın ümumi sevgi, gözəllik, hicran, həsrət anlayışlarından yola çıxaraq, öz hisslərini fərqli insan emosiyaları ilə yoğuraraq, vəhdət yarada bilirlər. Sevgi, ağrı, həsrət, ayrılıq, məhəbbət kimi duyğular şeirin obrazlı dili vasitəsilə şüurlarda mənəvi cəhətdən daha da yüksək pilləyə daşınır. Ustad sənətkarların əlində qəlbin dili, duyğuların ən dərinliklərinə enən bir səfərdir. Kəlmələrə düzülmüş təsirli emosiyalar şeirin qəlbində əks-səda verir. Bu məqalədə şeirlərini sevərək oxuduğumuz Dayandur Sevginin yaradıcılığından nümunələr seçib şərh etməyə çalışdım.
Hicran dərya, vüsal bir damla ətir,
Görməyən həsrəti nə bilər, nədir.
Bütün yaddaşımı sətirbəsətir
Siləm gərək səni unutmaq üçün.
***
Dəyişik düşübdür şirinim, acım,
Dünya balacadır, mən hara qaçım?
Yox ayrı bir yolum, özgə əlacım,
Öləm gərək səni unutmaq üçün.
Şairin “Səni unutmaq üçün” şeirindən gətirilən bu misralarda lirik qəhrəmanın öz sevgilisini unutmaq üçün çəkdiyi iztirab əks olunsa da, oxuyarkən mənəvi zövq yaşayır, haradasa başqa biri ilə öz dərdini bölüşürmüş kimi duyğulara qapılırıq. İnsanlar cənnəti yaşamağı, cəhənnəmi isə seyr etməyi sevirlər. Bəlkə də, məhz bu şüuraltı hisslərimizlə bağlı səbəbdən irəli gəlir ki, ayrılıq, hicran, sevgi əzabının əks olunduğu şeirlər qəlbləri daha çox riqqətə gətirir, insanlara sevilməyin humanist mahiyyətini, bəşəri məzmununu poetik dilin vasitəsi ilə çatdırır.
Ritm, səs və təsvirlə zəngin olan şeirlər oxucuya dərindən təsir edərək onu sözlərin sehrinə düşməyə vadar edir, mücərrəd duyğu və düşüncələri konkretləşdirir, oxucunun xəyal gücünü, yaradıcı təxəyyülünü qidalandırır.
Üzü gülər günəşin,
Baxar yana səmadan.
Gecələr ay boylanar
Səmanın aynasından
***
Tala-tala naxışdı
Səmada ağ buludlar.
Səmanın göz yaşıdı
Yağan yağış, yağan qar.
Bədii xəyal və romantik vüsətə malik olan misralar oxucunun qəlbini ələ almağa, ürəklərə yol tapmağa qadirdir.
Şeir həm də ictimai fəaliyyət, mübarizəyə ruhlandırmaq üçün vasitədir. Şair həm də cəmiyyətdə gördüyü naqisliklərə qarşı çıxır, ictimai idealını, onu düşündürən məsələlər haqqında öz narahatlıqlarını misralara tökür. Məhsətinin hələ uşaq ikən oxuduğum bu misraları beynimin bir kənarında özünə yer etmişdi:
Dün kaşu-kuzəmi daşlara çaldım,
Sərxoşdum, bilmədim, əlimdən saldım.
Kuzə dilə gəlib dedi ki, mən də
Sənin kimi idim, bu günə qaldım.
Dayandur Sevginin “Əl ağacı” adlı şeiri mənə həmin rübainin motivlərini xatırlatdı:
Qorxağın əlində darıxar, bezər,
Mərdlə hər ağrıya, acıya dözər,
Kişinin çiynində bayrağa bənzər,
Nakişi başında dar ağacıdı.
Bəndlərin birində lirik qəhrəman kuzəni əlindən salmaqla öz həyatı haqqında düşünürsə, burada isə əl ağacının məziyyətləri ilə öyünülərək yenə də dolayısı ilə həyat, insan psixologiyası, duyğu və düşüncələr haqqında xəyala dalır, öz səmimi hisslərini ifadə edir.
Ümumiyyətlə, poeziya mədəni irs kimi çox mühüm əhəmiyyətə malikdir və düşüncələr, hisslər, həyat haqqında qənaətlər şeirlər vasitəsilə nəsildən-nəslə ötürülür, genetik kod kimi formalaşır.
Şeirlər həm də rəqəmlərin mənaları və konotasiyalarından istifadə edərək yaradıcı bədii dil yaradır, nömrələr müəyyən mövzular və duyğularla əlaqələndirilir. Rəqəmlərin quruluşu da müəyyən ritm, qafiyə sxemi yaratmaqla oxucunun diqqətini cəlb edə bilir. Bu tip şeirlər qısa və yığcam olsa da, özündə düşündürücü mənalar ehtiva edir:
Sıfırdan başlanır, sıfırdan həyat,
Sıfırdan gedirik milyona doğru.
Zirvəyə yol gəzir, hamı zirvəyə,
Yüz minə can atır, bir ona doğru.
Dayandur Sevginin “Sıfır” adlı şeirindən sitat gətirilmiş bu misralarda rəqəmlər qeyri-adi birləşmələr və mənalar yaratmaq üçün təxəyyülü stimullaşdırır. Müəllif nömrələrdən unikal üsullarla istifadə edərək innovativ məzmun yarada bilmişdir.
Hər bir sənətkar kimi, Dayandur Sevgin də özündən öncəki yazıb-yaradan şəxsiyyətlərin ideya və düşüncələrinə istinad etmiş, onların bəşəri qayə və fikirlərinə yeni nəfəs gətirmişdir. Bu baxımdan “Dünya” şeiri səciyyəvidir. “Bir yandan boşalır, bir yandan dolur, Sirrini verməyir sirdaşa dünya” – deyən Səməd Vurğunun misralarına qüvvət olaraq müəllif yazır:
Titrəməz əlləri, qırışmaz üzü,
Seçməz nə əyrini, seçməz nə düzü,
Hamını qocaldır, qocalmaz özü,
Adəmin, Həvvanın yaşıdı dünya.
Həmçinin klassik ədəbiyyat ədəbi ənənələrindən yaranan Allaha müraciətlə (minacat) yazılmış “Allaha sual” şeiri də maraqlıdır:
Nə var ki salmağa mərdi kəməndə,
Ədalətin gözü yuxuludursa.
Allahın kölgəsi sayılan bəndə
Allahın özündən qorxuludursa,
Mən insandan qorxum, ya Səndən, Allah?
Bildiyimiz kimi, hələ qədim dövr ədəbiyyatından üzü bəri tarixən Allaha müraciətlə müxtəlif məzmunlu şeirlər yazılmışdır. Bu əsərlər insanların şüurundakı Tanrı arxetipinin poeziyaya köçürülmüş halıdır. Zamanla fani insanların əbədi Tanrıdan gözlənti və arzularını özündə ehtiva edib inancları nəsildən-nəslə ötürmüşdür.
Dayandur Sevginin çox sayda vətənə, torpağa olan sonsuz məhəbbət və bağlılığını ifadə edən şeirləri də vardır ki, bunlar da müəllifin qələmindən süzülüb gələrək yaddaşlarda daim yaşayacaqdır.
Arzu bulağımsan, ömür çırağım,
Dünyada ən böyük arxam-dayağım.
Göyündə ulduza dönməsəm də mən,
Yerində bir ovuc torpağam, Vətən.
Burada müəllifin şeirlərindən sadəcə bir neçəsini nümunələrlə şərh etsəm də, ümumilikdə Dayandur Sevgin poeziyası diqqətçəkən və yaddaqalandır. Bu da müəllifin formanı uyğun seçməyi ilə bərabər, həm də şeirlərdəki məzmun gözəlliyindən irəli gəlir. Ümid edirəm ki, o, oxucuları tərəfindən hər zaman dəyərləndirilərək qəlblərdə özünə əbədi yer edəcək.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
“Uşaq hüquqları və Uşaqların sosial müdafiəsi” adlı tədbir keçirilib
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Uşaq hüquqları və Uşaqların Sosial müdafiəsi” adlı tədbir keçirilib. Layihənin “Dialoq və ünsiyyət” rubrikasına aid olan tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirdə 193 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri, müəllim heyəti, həmçinin kitabxana əməkdaşları iştirak edib.
Tədbirdə kitabxana əməkdaşı uşaqları “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tanış edib, onlara bulinq haqqında geniş məlumat və mövzu ilə əlaqədar resursları əhatə edən prezentasiya təqdim edib.
Həmçinin qeyd edilib ki, “Məktəbdə müəllimləriniz və yoldaşlarınızla qarşılıqlı hörmətlə davranmaq, nizam qaydalarına riayət etmək həm sizin, həm də digər uşaqların hüquqlarının qorunmasına kömək edir. Məktəbdəki qaydalar hamınızın daha yaxşı təhsil alması və təhlükəsiz şəraitdə olmağınız üçün vacibdir. Prezentasiyanın təqdim edilməsində məqsəd sizə hüquqlarınızı öyrətmək və onları məsuliyyətlə istifadə etməyinizə dəstək olmaqdır. Çünki hüquqların istifadəsi ilə yanaşı, məsuliyyət daşımaq da önəmlidir. O cümlədən sosial çevrənizdə bulinqə məruz qalsanız qarşısını almaq məqsədi ilə bu situasiyanı güvəndiyiniz böyüklərlə bölüşərək müdafiə hüququnuzdan istifadə edə bilərsiniz.”
Tədbirin davamında yeniyetmələr və gənc kitabxanaçılar arasında dialoq və ünsiyyət mövzusunda maraqlı müzakirələr aparılıb. Sonda isə kitabxana tərəfindən şagirdlərə “Göy Qurşağı” uşaq jurnalı hədiyə edilib.
Tədbirin məqsədi, uşaqların bulinqə dair məlumatlılığını artırmaq, hüquqları və düzgün ünsiyyət qurmaqla bağlı maarifləndirməkdır.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
ANAİB idarə heyətinin növbəti toplantısı keçirilib
Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB) idarə heyətinin növbəti görüşü keçirilib. Görüş zamanı nəşriyyat sektorunun inkişafı, kitab sənayesinin qarşılaşdığı çətinliklər və layihələr müzakirə olunub.
“Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən verilən məlumata görə, toplantıda nəşriyyatlar arasındakı əməkdaşlığın genişləndirilməsi, kitab sərgiləri və mütaliə təşviqinə yönəlmiş tədbirlərin təşkili məsələlərinə toxunulub, nəşriyyat işinə innovativ yanaşmanın tətbiqi istiqamətində bir sıra məsələlər müzakirə edilib.
Bundan başqa, artıq ənənəyə çevrilmiş Uşaq Kitab Festivalı və Oxu Gününün Sumqayıtda keçirilməsi ilə bağlı müzakirələr aparılıb, tədbirin keçirilmə yeri və vaxtı haqqında razılıq əldə edilib.
Görüşdə əlavə olaraq təhsil sahəsində müxtəlif forumlar və gənclər arasında ədəbiyyata maraq yaratmaq üçün tədbirlər haqqında da müzakirələr aparılıb. Qeyd edilib ki, bu təşəbbüslər uşaq ədəbiyyatının inkişafı və gənclərin bu sahədə daha aktiv fəaliyyət göstərməsi məqsədini güdür.
Müzakirədə üzv nəşriyyatların fəaliyyəti ilə bağlı yeni addımlar atılması və əməkdaşlıq imkanları haqqında təkliflər səsləndirilib. Nəşriyyatların birgə fəaliyyəti ilə bağlı yenilikçi təşəbbüslər irəli sürülüb. Üzvlükhaqqı məbləğinə yenidən baxılması müzakirə olunub və nəşriyyatların bu prosesdə daha fəal iştirakının təmini məqsədilə tədbirlər planı təqdim edilib.
Çıxışçılar bildiriblər ki, bu müzakirələr ANAİB-in nəşriyyatlar arasında əməkdaşlığı gücləndirmək, sektorda davamlı inkişafı təmin etmək istiqamətində atacağı addımlar üçün ciddi əhəmiyyət daşıyır. Gələcəkdə sözügedən istiqamətdə daha çox təşəbbüs və layihənin həyata keçirilməsi gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
Sumqayıtda keçirilən maraqlı aksiya
Fərhad Dost, “Ədəbiyyat və incəsənət” üçün
Sumqayıt Dövlət Dram Teatrında Beynəlxalq ‘Kitab Bağışlama Günü’ münasibətilə yeni bir mədəni təşəbbüs həyata keçirilib. Layihə çərçivəsində teatrın kitabxanasının fondunun zənginləşdirilməsi məqsədilə tamaşaçılardan kitab bağışlanması təşviq edilmişdir.
Tədbir teatrın foyesində təşkil olunmuşdu. Tədbirin moderatoru olan teatrın aktyoru, Əməkdar artist Cəlal Məmmədov Beynəlxalq Kitab Bağışlama Gününün tarixi və əhəmiyyəti barəsində məlumat vermişdir.
Tədbirdə millət vəkilləri Elnarə Akimova, Aydın Hüseynov, Ceyhun Məmmədov, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli, elmi katib Aygün Bağırlı, Əməkdar müəllim, “Şöhrət” ordenli şair Ofeliya Babayeva və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov çıxış etmişlər.
Çıxışçılar kitabın insan intellektinin formalaşmasında, mənəvi dəyərlərin qorunmasında və cəmiyyətin inkişafında oynadığı roldan bəhs etmiş, kitab oxumağın müasir gənclərin dünyagörüşünə müsbət təsir etdiyini vurğulamışlar. Layihə çərçivəsində iştirakçılar şəxsi kitabxanalarından və yazdıqları müxtəlif nəşrləri teatra hədiyyə etmişlər. Bu təşəbbüsə Sumqayıt şəhərinin ədəbi mühiti, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti də fəal dəstək vermişdir.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar türkiyəli yazıçı Turqut Özakmanın "Ocaq" psixoloji dramının tamaşasına baxmaq üçün teatr zalına daxil olmuşlar. Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)
AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI – Davud Nəsib, “Ata laylası”
Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Davud Nəsib həftəsi davam edir.
Bu gün sizlərə “Ata laylası” şeirini təqdim edəcəyik. Xatırladaq ki, Davud Nəsib Azərbaycan poeziyasında ata həsrətinin poetik ifadəsinin ən gözəl nümunələrinin müəllifidir. Bu şeirin hamını təsirləndirəcəyinə əminik. Allah bütün atalara cansağlığı versin, dünyadan köçənlərə rəhmət eləsin!
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıq ruhunda yetişməsinə öz töhfələrini verib.
ATA LAYLASI
Neçə laylalar yatır
Hər ocağın közündə.
Saysızdır, hesabsızdır
Laylalar yer üzündə.
Yaşıl olub dağıldı
Təbiətin laylası.
Möcüzədi, nağıldı
Məhəbbətin laylası.
Hörmətdir, səxavətdir
Hər qonağın laylası.
Zəhmət ilə sərvətdir
Bu torpağın laylası.
Sevincdir, səadətdir
Balaların laylası.
Kişilikdir, qeyrətdir
Qalaların laylası.
Qalibiyyət çələngidir
Yürüşlərin laylası.
Qəhrəmanlıq cəngisidir
Döyüşlərin laylası.
Hər ürəyin havası,
Yoxun, varın laylası,
Laylaların laylası –
Anaların laylası.
Bilməyənlər qoy bilsin,
Nə bu yolun yorğunu,
Nə də durğunuyam mən,
Qoy hamıya deyilsin:
Ata dəlisiyəm mən,
Ata vurğunuyam mən.
Bu dərddən Davud xəstə,
Eşitsin, bilsin hamı.
Mən ölsəm qəbrim üstə
Salın yada laylamı:
Çalın mənim mahnımı,
Çalın ata laylamı.
“Ədəbiyyat və incəsənət”
(24.02.2025)