Günel Quliyeva, “Ədəbiyyat və incəsənət” üçün
İdrak liseyində 21 fevral “Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən müəllim və şagirdlər Ana dilimizin özəlliklərindən danışaraq, onu göz bəbəyimiz kimi qorumalı olduğumuzu vurğuladılar.
Şagirdlərin ifasında “Vaqif” tamaşasından Ana dilimizlə bağlı bir parça nümayiş etdirildi. Bundan başqa məktəblilər başqa bir tamaşa ilə də dahi Nizami dövrünə səyahət edərək dilimizin o vaxtkı vəziyyətini, onun necə çətinliklərdən keçib gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Tədbirdə Ana dili haqqında dünya filosoflarının fikirlərindən nümunələr səsləndirildi. Doğma Azərbaycan dilimizin müqəddəsliyi, onun zənginliyi və gözəlliyi ilə bağlı Ulu Öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin fikirləri diqqətə çatdırıldı. “Sarı gəlin” xalq mahnısının sədaları ilə rəqs nümunəsi, iştirakçıların birgə ifasında Ana dilimizə həsr edilmiş mahnı da rəğbətlə qarşılandı. Tədbirdə 13-cü Beynəlxalq uşaq muğam müsabiqəsi və Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 4-cü Respublika musiqi müsabiqəsinin qalibi Yusif Tural oğlu Sadıxov da iştirak edirdi. Onun ifasında əlamətdar günün ovqatına köklənmiş muğam parçası hər kəsə xoş anlar yaşatdı.
Onu da qeyd edək ki, Ana dilimizə həsr olunan tədbirdə “Vətən səsi”nin əməkdaşı, uşaq yazıçısı Mina Rəşid də qonaq qismində iştirak edirdi. Şagirdlər onun birinci sinifin “Azərbaycan dili”dərsliyinə daxil edilmiş “Ana dili” şeirini səsləndirdilər. Mina xanım çıxışında Ulu Öndərimizin Ana dilimizə böyük qayğısından söhbət açaraq, bu diqqətin indi də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirildiyini söylədi. O, çıxışında “Ana dili” şeirini bir daha səsləndirdi. Tədbirin sonunda əməkdaşımız İdrak liseyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırıldı.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)