“Prezident İlham Əliyev tərəfindən Xankəndidə Zəfər parkının təməlinin qoyulması Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin təntənəsidir”.
Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin bu şəkildə əbədiləşdirilməsi olduqca qürurvericidir:
“Bu gün respublikamızın hər bir kəndində, hər bir şəhərində 8 Noyabr zəfəri, 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı hansısa bir abidə, hansısa bir park, küçə və s. mövcuddur. Bütün bunlar şanlı zəfərimizin təbliği, əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu gün Müzəffər Ali Baş Komandanımız tərəfindəın Xankəndidə Zəfər parkının təməlinin qoyulması da tarixi qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Zəfər parkının Xankəndidə inşası bizim üçün mənəvi baxımdan da ikiqat əhəmiyyətə malikdir. Çünki Azərbaycanın tarixi ərazisinin ayrılmaz bir parçası olan Xankəndi uzun müddət erməni separatçılarının əsas sığınacaq məntəqələrindən biri olmuşdur. 2023-cü ildə ordumuzun gerçəkləşdirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri kimi Xankəndi də separatçılardan təmizləndi və Azərbaycanın de-fakto nəzarətinə keçdi. Bu, suverenliyimizin tam şəkildə bərpasına imkan yaratdı. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhdilərimizə, xalqımızın mübarizə əzminə borcluyuq.
Əminəm ki, bu gün Xankəndidə təməli qoyulan Zəfər parkı illər, əsrlər sonra da vətəndaşlarımız üçün doğma məkanlardan biri olacaq, öz gözəlliyi, əzəməti ilə onu ziyarət edən hər kəsə daim ordumuzun qəhrəmanlığını, xalqımıza qazandırdığı böyük zəfəri xatırladacaq”.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)