Bakı Biznes Universitetində kitab sərgisi və yazıçı Varislə görüş təşkil edilib Featured

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Fevralın 20-də Bakı Biznes Universitetində 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş kitab sərgisi və yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi Varislə görüş keçirilib.

 

Filologiya üzrə fəlsəfə doktoru, universitetin Humanitar elmlər kafedrasının Azərbaycan dili müəllimi Reyhan Dadaşovanın təşəbbüsü və Azərbaycan Nəşriyyatlar Asossiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasovun açılış nitqi və xeyir-duası ilə başlayıb. Rektor bu təqvim gününün tarixindən, mahiyyətindən, Azərbaycan dilinin dünənindən, bugünündən danışıb. O, tələbələri ana dilini sevməyə, onun qədrini bilməyə, onu əcnəbi sözlərlə yükləməməyə çağırıb.

Bir neçə nəşriyyatın tələbələrə təklif etdikləri kitablar arasında iqtisadi, tarixi, bədii, elmi-kütləvi, biblioqrafik və ensiklopedik nəşrlər üstünlük təşkil edirdi.

Universitetin olduqca geniş, işıqlı, müasir və zəngin kitabxanasında Varislə baş tutan saat yarımlıq görüşdə yazıçı tələbələrə ana dilinin qorunmasında və inkişafında şifahi və yazılı ədəbiyyatın rolu, mütaliənin insan üçün faydaları, çağdaş dövrdə Azərbaycan və dünya ədəbiyyatı barədə bilgilər verib. Eləcə də şəxsi inkişaf və karyera irəliləyişi, uğura gedən yol, arzulara və hədəflərə daha tez və maneəsiz yetişmək vasitələri barədə söz açıb.

Görüşdə tələbələrdən Nurcan Mirzəyeva, Ömər Nağıyev, Zümrüd Kərimli, Leyla Hüseynova,Aytac İbrahimovaNurlan Nağıyev xüsusi fəallıq göstəriblər.

Yazıçı tələbələr üçün kitablar imzalayıb, görüş ailə fotosu çəkməklə yekunlaşıb.

Universitetin prorektoru Cavidan Heydərov Varisə maraqlı və tələbələrdə bol təəssüratlar yaradan görüşə görə minnətdarlıq bildirib, Bakı Biznes Universitetində tələbələrə iqtisadi biliklər verməklə yanaşı, onların mənəvi cəhətdən zənginləşmələri üçün görülən işlərdən, əldə edilən nəticə və nailiyyətlərdən bəhs edib.

Reyhan Dadaşova isə qeyd edib ki, sərgilərin, tələbələrlə ziyalıların bu sayaq görüşlərinin təşkilində əsas məqsəd tələbələrə dilimizi, ədəbiyyatımızı, tariximizi sevdirməkdir.

Varis də öz növbəsində görüşdən hədsiz razı qaldığını söyləyib, tələbələrin yüksək intellektini qeyd edib, universitetin texniki təchizatından, foyelərdəki stendlərin və əyani təşviqat vasitələrinin mükəmməlliyindən, auditoriyaların səliqə-səhmanından, universitetin ölkə təhsilinə verdiyi töhfələr, beynəlxalq sferada tanınması barədə eşitdiyi məlumatlardan məmnunluq duyduğunu ifadə eləyib.

 

Qeyd edək ki, kitab sərgisi iki gün davam edib. Sərgidə Varisin 5 kitabının eksklüziv nəşr və yayım hüququna malik olan XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoy bizimlə söhbətdə bildirib ki, tələbələrin yüksək fəallığı ilə müşayiət olunan sərgidə bədii ədəbiyyata olan sonsuz maraq bir daha öz əksini tapıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.