İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mən hərb illərində son tikəsini
Yetim bir uşaqla bölən görmüşəm.
Yarıac oxuyub şən nəğməsini
Kədərli-kədərli gülən görmüşəm
Bu gün Əliağa Kürçaylının doğum günüdür.
Şair Əliağa Vəliyev 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir.
Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir.
"Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi, "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş, "Yazıçı" nəşriyyatında baş redaktor olmuşdur.
Kitabları
1. Vallah Arifin bağçası.
2. Salam, gələcək illər.
3. Səfərə çıxıram.
4. Cavabsız məktublar.
5. Nargindən əsən külək.
6. Şeirlər.
7. Gözəllik.
8. Əsmər və Zəfər.
9. Durnalar cənuba uçur.
10. Ülkər.
O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq və tərcüməçi idi. 1980-ci il fevralın 11-də ömrünün 51-ci səhifəsində həyata gözlərini yummuşdur.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)