Donald Tramp Britaniya kraliçası Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

Babalı Sərvərin boynuna, deyirlər belə bir hadisə həqiqətən də olubdur. Özü də Tramp müəllimin 1-ci prezidentlik dönəmində. Onda ki o, Britaniyaya rəsmi səfərə getmişdi…

 

Donald Tramp Britaniya kraliçası ilə görüşdə çay süfrəsi zamanı soruşur:

– Ülyahəzrət, siz böyük bir dövləti necə belə effektiv idarə edirsiniz? Bunun sirrini mənə deyə bilərsinizmi?

– Burda bir sirr yoxdur, – deyə kraliça cavab verir, – Özünüzü ağıllı adamlarla əhatə edin.

Tramp alnını qırışdırıb, bir neçə dəqiqə fikrə gedir və soruşur:

– Bəs mən hardan bilim ki, mənim əhatəmdəki adamlar ağıllıdırlar?

Kraliça çaydan bir qurtum içib deyir:

– Ooo, bu çox asandır. Siz sadəcə, onlardan bir ağıllı tapmacaya cavab vermələrini xahiş edin. İndi sizə nümunə göstərəcəm.

Sonra kraliça yanındakı köməkçisinə tapşırır ki, Boris Consonu onun yanına çağırsın.

Az sonra Baş nazir Conson otağa daxil olur. Kraliça onunla görüşəndən sonra soruşur:

– Cənab Conson, xahiş edirəm sualıma cavab verəsiniz. Sizin ata-ananızın övladı var. Bu uşaq sizin nə qardaşınızdır, nə də bacınız. Bəs o kimdir?

– O mənəm, – deyə Conson dərhal cavab verir.

– Bəli! Çox yaxşı, – deyib kraliça razılıqla Trampa baxır.

 

...Tramp Amerikaya qayıdır. Vitse-prezident Mayk Pensi çağırıb, ondan soruşur:

– Mayk, sualıma cavab ver. Sənin ata-ananıın övladı var. Bu uşaq sənin nə qardaşındır, nə də bacın. Bəs o kimdir?

Pens dərhal cavab verir:

– Mənim, əlbəttə, cavabım var, lakin mən onda əmin deyiləm. İcazə verin, mən bu sual ətrafında bir gün fikirləşim.

Tramp ona bir gün vaxt verir.

Pens bütün müşavirlərini bir yerə yığıb, eyni sualı onlara verir, lakin heç kim bu suala qənaətbəxş bir cavab verə bilmir. Əlacsız qalan Pens gecə restoranda işləyən gənclik dostu Cək Mörfinin yanına gəlir və eyni sualı ona verir. Mörfi gülüb deyir:

– Çox asan sualdır. Bu mənəm!

Pens ona təşəkkür edib, sevincək evinə qayıdır.

 

Səhər işə gələn kimi Pens Trampın kabinetinə daxil olub, deyir:

– Mən dünən bütün günü düşünüb, bir neçə tədqiqat aparıb, verdiyiniz sualın cavabını tapdım. O uşaq mənim dostum Cək Mörfidir!

Tramp yerindən durub, əsəbi halda Pensə yaxınlaşır və qışqırır:

– Sən axmaqsan, axxxmaq!!! O uşaq Boris Consondur!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.