“İrəvan mətbəxindən nümunələr” layihəsində Turşulu-şirin kələm dolması Featured

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Turşulu-şirin kələm dolmasının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR:

§ Qoyun əti – 160 qr

§ Quyruq – 35 qr

§ Soğan – 35 qr

§ Şabalıd – 50 qr

§ Kələm (dolmalıq) – 35 qr

§ Axta zoğal – 16 qr

§ Heyva – 45 qr

§ Yumru düyü – 10 qr

§ Şəkər tozu – 15 qr

§ Alça turşusu – 15 qr

§ Sarıkök – 0,1 qr

§ Darçın – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Qoyun əti, quyruq, soğan ət maşınından keçirilir, duz, istiot vurulur və qiymə hazırlanır. Qiyməyə düyü, axta zoğal, sarıkök, darçın vurulur, qarışdırılır. Kələm duzlu suda pörtlədilir. Hazır içlik kələmin içərisinə qoyulur və istənilən ölçüdə bükülür. Sonra dilimlənmiş heyvalar və şaba- lıd hazır dolmaların üzərinə qat-qat yığılır. Üzərinə 2 stəkan işgənə, şəkər tozu və alça məti əlavə olunur, bişirilir. Bişmə müddəti 1-1,5 saat təşkil edir. Pay şəklində boşqaba çəkilir və süfrəyə verilir. Hər paya dolmaların böyük və ya balaca bükülməyindən asılı olaraq, 3-4 ədəd qoyula bilər.

QEYD: Qiyməyə xırda doğranmış heyva, axta zoğal və şabalıdın yarısını əlavə etmək olar. İstənilən dada görə müxtəlif meyvə turşularından (rub, mət), doşabdan da istifadə etmək olar. Bu xörəyi bütöv içi oyulmuş qabaqla da hazırlamaq olar. Həmçinin kürədə, odun üzərində bişirilə bilər.

Qeyd: Tərifə Kəngərlinskaya eyni nüsxədə içlik üçün ət, soğan, yağ, duz və istiot istifadə etmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.