Super User

Super User

Çərşənbə axşamı, 29 İyul 2025 08:28

Сoşqun Xəliloğlunun uşaq şeirləri

 

“Ədəbiyyat və incəsənət” portalının poçtunda şair, AYB üzvü Сoşqun Xəliloğlunun uşaq şeirləri yer alıb. Onları sizlərin ixtiyarına veririk.

 

MURAD ƏSGƏR OLACAQ

 

Murad əsgər paltarın

Geyinibdi əyninə,

Oyuncaq avtomatın

Keçiribdi çiyninə.

 

Bax papağına  onun,

Bir gör necə yaraşır,

Əsgər tək yeriyəndə

Böyüyür, məğrurlaşır.

 

Öyrənib “Əsgər marşı”n

Bilir nə qədər şeir,

“Dünyada ən yenilməz

bizim əsgərdi”, - deyir.

 

Murad çox istəyir ki,

Böyüyüb əsgər olsun,

Vətənə xidmət edib

Yurdumuzu qorusun.

 

 

QARPIZ-YEMİŞ

 

Atam bostanımızda

Qarpız-yemiş əkibdi,

Ləkləri suvarmağa

Kiçik kanal çəkibdi.

 

Yemiş, qarpız adını

Çox vaxt qoşa çəkirlər,

Bostanda da onları

Yaxın-yaxın əkirlər.

 

Bir bəzəkdir bostana

Yaşıl qarpız tağları,

Necə gözəl görünür

Qarpızın zolaqları.

 

Yemişin çiçəkləri

Bir-birindən qəşəngdir,

Elə bil yarpaq üstə

Sapsarı kəpənəkdir.

 

Yay gələndə yetişir

Bostanda qarpız, yemiş,

Kal olanda yeyilməz,

Gərək olsun  yetişmiş.

 

Məst olursan qovunun,

Yemişin qoxusundan,

Şamamalar sallanır

Tağların yaxasından.

 

Yemiş, qarpız yeməyin

Nə qədər faydası var,

Çox yesən ziyanlıdır,

Yeməyin qaydası var.

 

Bərəkətli torpağım

Min cür nemət bitirir.

Barıyla, bəhəriylə

Bizə sevinc gətirir.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

 

 

 

 

 

Çərşənbə axşamı, 29 İyul 2025 08:04

“Əliqulunu evləndirən” Əşrəf Quliyev

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın köhnə filmləri və köhnə tamaşaları. Onları hər birimiz sevir, daim maraqla izləyirik. Bu gün köhnə Azərbaycan tamaşalarında əməyi olan aktyor, rejissor Əşrəf Quliyevin doğum günüdür.

 

O, 29 iyul (bəzi mənbələrdə 29 iyun) 1924-cü ildə Bakıda anadan olub. Yeddiillik təhsili bitirəndən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Tələbə ikən Azərbaycan Akademik Dövlət Teatrının tamaşalarında kütləvi səhnələrə çıxıb. 1938-ci ildə təyinatla İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərilib.

Böyük Vətən müharibəsində iştirak edib. Müharibədən qayıtdıqdan sonra az müddət İrəvan teatrında işləyib və sonra yenicə açılan Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub.

1952-ci ildən Akademik Milli Dram Teatrında rejissor işləyib.

1984-cü il yanvar ayının 2-dən yalnız Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləyib və burada aktyor və rejissor sənətindən dərs deyib, "Aktyor sənəti" fakültəsinin dekanı olub. Müxtəlif illərdə Lənkəran və Gəncə teatrlarında tamaşalara quruluşlar verib.

 

Quruluş verdiyi tamaşalar

 

Nəcəf bəy Vəzirov adına Lənkaran Dövlət Dram Teatrın səhnəsində

 

- Mirzə İbrahimov "Yaxşı adam"

- Nəbi Xəzri "Sən yanmasan"

- Mirzə İbrahimov " Kəndçi qızı"…

- Nəbi Xəzri "Əks səda"

 

Akademik Milli Dram Teatrın səhnəsində

 

- Vasili Şkvarkinin "Özgə uşağı"

- Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli"

- Həsən Seyidbəylinin "Bağlı qapılar"

- Mirzə Fətəli Axundzadənin "Hacı Qara"

- Sabit Rəhmanın "Əliqulu evlənir"

- Vilyam Şekspirin "Heç nədən hay-küy"

- Aleksandr Ostrovskinin "Müdriklər"

- Cəfər Cabbarlının "Oqtay Eloğlu"

- Sabit Rəhmanın "Toy"

- Cavad Fəhmi Başqutun "Köç"

 

Mükafatları

 

1. "Əməkdə fərqlənməyə görə" medalı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

 

Azərbaycan SSR əməkdar incəsənət xadimi Əşrəf Quliyev 10 fevral 1994-cü ildə Bakıda vəfat edib və Yasamal qəbirsanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

Bazar ertəsi, 28 İyul 2025 17:11

“Bir gün Səbinəgildə” - HEKAYƏ

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Səbinə məndən boş vaxtım olanda ibtidai sinifdə oxuyan oğlu Fuadla bir az məşğul olmağımı xahiş etmişdi. Bu günün bazar günü və havanın da çox gözəl olmasından istifadə edib Səbinəgilə yollandım. 
Qapını balaca Fuad açdı.
- Salamm,– deyə gülümsədim.
Mətbəx qapısından boylanıb gələnin mən olduğunu görən Səbinə gülər üzlə:
- Xoş gəlmisən, Mələk, buyur keç. Elə mən də təzə çay dəmləyirdim,– dedi.
Səbinənin qaynanası Həcər xala da məni görcək:
- Xoş gəlmisən, qızım, keç otur, necəsən? İşlərin necə gedir?,– deyərək nəzakətlə hal-əhvalımı xəbər aldı.
Fuad əlimdən tutub şirin danışığı ilə:
- Gəl, Mələk xala,– deyərək məni arxası ilə aparıb divanda - Həcər xalanın yanında yer göstərdi.
Təbəssümlə onun başını oxşayıb:
- Şükür Allaha, Həcər xala, çox sağ olun, siz necəsiniz?,– deyə cavab verərək göstərdiyi yerdə əyləşdim.
- Həmd olsun, qızım Allahın köməkliyi ilə  dolanıb gedirik yavaş-yavaş.
- Bax, Mələk xala, Mirzə də bizdədir,– deyib Fuad əlimdən tutaraq üzbəüz kresloda oturan Mirzəyə işarə etdi:
- Necəsən, Mirzə?
- Yaxşıyam,  yaxşıyam, mən yaxşıyam, sən necəsən?
- Sağ ol Mirzə,  yaxşı olasan, mən də yaxşıyam.
Mirzə Həcər xalanın qaynı oğludur. O, şizofreniya xəstəliyindən əziyyət çəkir, el dilində desək, Mirzə dəlidir.
Çox sakit və yaşının 30-dan yuxarı olmasına baxmayaraq, o
, sözə baxan, eyni ilə mülayim təbiətli bir uşaq kimidir. Heç vaxt heç kimi incitməzdi, məhz bu səbəbdən tanıyan hər kəs onu çox sevirdi. Zamanın çoxunu məhəllədəki uşaqlarla futbol oynamaqla keçirirdi. Həcər xala Mirzəni doğma balası kimi çox sevir, Sabirdən (Səbinənin həyat yoldaşı) ayırmırdı.
Az sonra: "Hə, çaylar da gəldi",– deyərək Səbinə əlindəki çay podnosunu stolun üzərinə qoydu.
Çay içib bir az ordan-burdan danışıb, hal-əhval tutduqdan sonra balaca Fuadın dərsləri ilə maraqlanmağa başladım.
- Gülnarın iki qələmi var idi, babası bu gün ona bir qələm daha aldı. İndi Gülnarın neçə qələmi var? Məsələnin şərtini oxuyub gəl indi hesablayaq görək, Gülnarın neçə qələmi oldu?,– deyə Fuada müraciət edib ardınca soruşdum:
- İki üstə gəl bir, neçə edir ?
- Üç.. üç edir, mən bilirəm,  üç edir,– deyə bayaqdan sakitcə bizi dinləyən Mirzə hərarətli şəkildə dilləndi. Bir an Mirzəyə baxıb gözlərimi döydüyümün fərqinə varıb təəccübümü gizlətməyə çalışaraq: "Bax, Fuad, Mirzə deyir ki, üç edir, bəs sən nə fikirləşirsən?– dedim.
Bir neçə məsələ daha həll etdikdən sonra Fuadın yorulduğunu hiss edib bu günlük bu qədər bəsdir dedim, ona gedib oynaya biləcəyini söylədim. Fuad qalxıb gedəndən sonra oturduğum yerdəcə pəncərədən çölə boylandım, Mirzə artıq ən sevimli məşğuliyyətində – məhəllənin uşaqları ilə top oynamaqda idi.
Mətbəxdə Səbinəyə yemək hazırlamaqda kömək edən Həcər xala yanıma gəlib:
- Qızım, çay istəyirsənmi, süzüm sənə? – deyə nəvazişlə çay istəyib-istəmədiyimi soruşdu.
- Yox, Həcər xala, çox sağ olun, süfrəniz hər zaman bərəkətli olsun.
- Fuadın qavraması necədir, yaxşıdırmı? Gözün su içir?
- Bəli, bəli yaxşıdır. Hələ yaşı azdır, indidən onu çox da yükləməyə ehtiyac yoxdur, elə bu şəkildə davam etsə, hərgünkü dərslərini bu cür qavrayıb yadında saxlasa, dərslər mürəkkəbləşdikcə çox da çətinlik çəkməyəcək, narahat olmayın.
- Hə, inşallah, qızım, inşallah.
- Həcər xala, olar sizdən bir söz soruşum?
- Əlbəttə, qızım, buyur.
- Bayaq Fuadla məsələ həll edəndə çox qəribə bir şey oldu, – deyib hadisəni Həcər xalaya danışdım.
- Çox təccübləndim açığı, mən buna bir ad verə bilmədim. Siz Mirzəni yaxından tanıyırsınız, bəlkə siz bilərsiniz, sizcə, Mirzə bunu necə bildi?
- Ehh, qızım, – deyə köks ötürərək sözə başlayan Həcər xala  mənə Mirzə haqqında bu günə qədər bilmədiyim elə şeylər danışdı ki, duyduğum təəssüf hissini sözlərlə ifadə etmək çətindir.
                                          

 

***
- Mən Səməd kişi ilə evlənəndə Mirzənin 13-14 yaşı vardı. Yaşının az olmasına baxmayaraq, çox anlayışlı, ağıllı və məqsədli bir uşaq idi. Bu xarakterinə görə Səməd onu çox sevərdi. Həmişə də fəxrlə deyərdi ki, onun adını mən qoymuşam, Mirzə savadlı adam deməkdir. Deyərdi, mən əminəm ki, o, çox böyük adam olacaq, futbola böyük bir sevgi və marağı olsa da, bununla yanaşı, dərsləri də çox yaxşıdır. Sabirin 3 yaşı olanda Mirzə artıq orta məktəbin son sinfində oxuyan, yaraşıqlı, yeniyetmə bir oğlan olmuşdu. Ali məktəbə hazırlaşırdı, sevdiyi bir qız da var idi hətta.

Həcər xala yenidən köks ötürüb çətinliklə sözlərinə davam etdi.

-Yay ayları idi, orta məktəbi yenicə bitirmiş, ailələr arasında söz də kəsilmişdi, imtahan nəticələrini gözləyir, nişanlanıb birlikdə ali təhsil almaq xəyalları qururdular.
Kənddə toy idi o gün, qohum olan ailələrdən biri bizim kənddən, digər ailə isə qonşu kənddən idi. Gecə qonşu kənddən gələn cavan oğlanlarla bizim kəndin cavanları arasında bir dava düşər. O ki var içib, sərxoş olub özlərindən çıxan gənclərin sözləri bir-birinin boğazından keçməyəndə başlayarlar yumruqlarını işə salmağa. Mirzəylə birlikdə bir neçə yoldaşı daha vəziyyəti belə görəndə savaşan tərəfləri ayırıb, sakitləşdirməyə çalışarkən, gicgahından dəyən yumruq zərbəsiylə yerə yıxılan Mirzənin başı zərblə daşa dəyir və o, oradaca huşunu itirir.

Gözləri dolmuş Həcər xala göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı.

-Sonrası da məlum məsələdir, bir neçə dələduzun boş və mənasız, axmaq mübahisəsinə görə, o gecə günəş kimi parlaq bir gələcəyi olan, qızıl kimi qiymətli bir gəncin həyatı, xəyalları, arzuları məhv oldu.

Yaylığı ilə göz yaşlarını silib bir az toxdadıqdan sonra Həcər xala sözünə davam elədi.

-Ehh, qızım, hələ o yazıq qızcığaz. Mirzə yıxılıb başından zədə aldığı gün onun da dünyası başına yıxıldı. Bir gecənin içində bütün arzuları, birlikdə universitetə qəbul olmaq xəyalları puç oldu. Mirzə bəlkə o gün ölmədi, amma, inan ki, ilk zamanlar onu belə görmək ölümdən də betər idi. Bir müddət sonra imtahan nəticələri çıxdı, qismətə, bax, ikisi də eyni univerisitetin eyni ixtisasına qəbul olmuşdular. Qohum-qonşu, dost-tanış yığışıb dərs ili başlayana qədər bir təhər yazıq qızı dilə tutub gedib oxumağa razı sala bildilər. O da gedib təhsil almaq, hər gün Mirzəni bu vəziyyətdə görməkdən daha asan olar hər halda, deyə düşünüb çıxıb getdi. Təhsilini bitirəndən sonra da təyinatını başqa yerə aldırıb bir də kəndə qayıtmadı. Bir neçə il sonra da evləndi, yazıq balam dilinə, bir dəfə olsun içki dəyməyən uşaq sanki qızın toy günü olduğunu hiss edib o gecə içib sərxoş olmuş, səhərə kimi sayıqlamışdı. Hələ o gün anasını gördüm qızın, deyir, oğlunun adını Mirzə qoyub.

 Eşitdiklərimin təsirindən donub qalmış nə deyəcəyimi bilmirdim. Birdən: "Qoooool, qoool", – deyə uşaqların şən səsi bütün məhləni götürdü. Qalxıb eyvana çıxdıq.

Mirzə hər şeydən xəbərsiz vurduğu qolun sevincini yaşayırdı.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)



 

 


“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Səhər Xiyavlıdır.

 

Səhər Xiyavlı

Xiyav

 

 

ISLAQ ANILARIM

 

Islaq anılarımı

Sərmişəm cansız qış günəşinin şəritinə.

Anılarım küf gedir şəritdə,

Könülsüzcə

Divar üstündə bir pişik,

Hüzünlü başını tovlayır mənə.

Nənəlikdən tənbih görmüş uşaq kimiyəm,

Qurumur göz yaşlarım,

Tökülmür köksümü ağırladan daşlarım

Aslaq qalmışam anılarımdan,

Islaq qalmışam fəsillərin yol ayrıcında

Boşluqdan doludur yaşam.

Saxtadır...

Saxtadır...

Bu günəş,

İsindirmir məni

Gözlərinin qovuran günəşi olmasa.

 

 “Ədəbiyyat və incəsənət”

(28.07.2025)

 

Bazar ertəsi, 28 İyul 2025 16:03

ƏKRƏM ƏYLİSLİNİN yaralı yeri

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ƏKRƏM ƏYLİSLİNİN “YARALI YERİ”

 

Ancaq mənim belə bir yaralı yerim vardı. 60-cı illərin ikinci yarısında bir-birinin ardınca yazdığım və 1970-ci ildə – “Adamlar və ağaclar” adı ilə artıq kitab halında buraxılmış üç povestimdən sonrakı neçə-neçə povest və hekayəmi, mənə elə gəlirdi ki, ədəbi mühit lazımınca qiymətləndirmək istəmir.

Təvazökarlıqdan uzaqlaşıb bunu özüm deməyə məcburam ki, Azərbaycan dilinin oçağacan heç kəsin əl uzada bilmədiyi an zərif, ən sehrli qatlarında işlənmiş – “Əncirsiz payız”, “May günü”, “Güllü paltar mövsümü”, “Büllur külqabının nağılı”, “Bir gecənin ay işığı” kimi hekayələrim ola-ola adamların dilindən yenə “Gilas ağacı” və “Nənəmin tütün kisəsi” kimi ilkin yazılarımın tərifini eşidəndə, doğrusu, tamam çaşıb qalırdım. Sonrakı, məsələn, “Bir misranın yuxusu” kimi povestim haqqında heç bir söz demədən, hələ də “Tənha narın nağılı”ndan danışan bəzi qələm yoldaşlarım, mənə elə gəlirdi ki, ilk yazılarıma vurğunluq maskası altında mənim son yaradıcılıq uğurlarımı şeytani bir hiyləgərliklə hardasa gözardına vurmaq məqsədi güdürdülər. Xüsusən Yusif Səmədoğlunun “Qətl günü” romanı ilə təxminən eyni vaxtda işıq üzü görən, sonuncu – “Ağ dərə” adlı povestimin, demək olar ki, tam sükutla qarşılanması, sizdən nə gizlədim, bəzən məni lap cin atına mindirirdi.

 Yusifin “Qətl günü” romanını mən realist Azərbaycan ədəbiyyatının bütün tarixi boyunca dilimizdə yaranmış ən maraqlı nəsr əsərlərindən biri hesab edirəm. Bu əsərin işıq üzü görməyində də mənim çox ciddi, bəlkə də həlledici rolum olub. Bununla belə, “Qətl günü”nü əlahiddə bir canfəşanlıqla şişirdib az qala bütün ədəbiyyata qarşı qoyan bəzi “sənət təəssübkeşləri”nin bu cəhdində mən nəsə məkrli, xəstə bir hal olduğunu da müşahidə eləyirdim”.

 Əkrəm Əylisli. “Əylisdən Əylisəcən” yazısından

 “Azadlıq” qəzeti

27 sentyabr 1997

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

15.Qələbə qanunu.

«Liderlər komandalarının qalib gəlməsi üçün yolu tapırlar».

 

Qalibiyyət qazanmış liderlə məğlubiyyətə uğramış lider arasındakı fərq barədə heç düşunmusünüz? Əlbəttə, bunun üçün konkret bir keyfiyyətin adını çəkmək olmaz. Liderlik ətrafındakı hər bir situasiya fərqlidir, spesifikdir. Ancaq Can Maksvell, hər halda, bütün qalib gəlmiş liderlərə xas bir xüsusiyyət göstərə bilib: «Onlar üçün qələbənin alternativi tam yolverilməz görünür, odur ki, onlar qələbənin yolunu ciddi səylə düşünürlər, sonra da seçdikləri yolla əllərində olan bütün resurslardan istifadə edərək irəliləyirlər».

İkinci dünya müharibəsində Hitler İngiltərəni bombalayanda İngiltərənin lideri Uinston Çörçil heç nədən çəkinmədən nasist Füreri ilə qarşı-qarşıya dayandı, onun separat danışıqlara getmək təklifinə rədd cavabı verdi. Çörçil səylə qələbə qazanma yollarını axtarmağa başladı. O deyirdi: «Bizim məqsədimiz nədir? Bircə sözlə cavab verim – qələbə. Hansı vəclə olursa olsun qələbə, bütün mövcud dəhşətlərə baxmayaraq qələbə, yolu nə qədər uzun və çətin olsa da qələbə. Çünki qələbəsiz bizə yaşamaq mümkünsüzdür». Qələbəyə aparan yol – Franklin Ruzveltin liderlik etdiyi Amerika ilə müttəfiqlik oldu, bu tandem Hitler ordusunun kapitulyasiyasını bayram edə bildi.

Təzyiqlər artanda böyük liderlər özlərini ən yaxşı cəhətdən göstərə bilirlər. Onların bütün yaxşı cəhətləri üzə çıxır.

Qələbə üç tərkib hissəsindən ibarətdir:

 - Komanda o zaman qalib gəlir ki, üzvlərin hamısının baxışları eyni olsun;

 - Üzvlərin müxtəlif cür bacarıq və qabiliyyətləri olsun;

 - Lider qələbəyə tam köklənərək üzvləri elə tərbiyələndirsin ki, onlar öz potensiallarını aça bilsinlər.

Liderlər qələbə qanununa köklənəndə bir şeyə əmin olurlar: onların ehtiyat variantları yoxdur. Bu, onlarda qələbə əzmini qoruyub saxlayır.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

 

Belə abidələrdən biri də Laçın rayonunun Şəlvə kəndinin mərkəzində yerləşən Şəlvə sövməəsi - XV əsrdə tikildiyi güman edilən məbəddir. Tipinə görə alban məbədləri sırasına daxildir.

Sövməə binası yerli bazalt daşlardan və əhəng-gəc qarışığından inşa edilmişdir. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan mərkəz tipli bazilikaya malik digər sövməələrlə səsləşir. Onlar arasında əsas fərq yalnız qurbangahın qapısının hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlıqlarının saxlandığı yerlərin mövcud olmasıdır. Sövməəyə giriş tikilinin qərb tərəfindədir. Sövməənin xaricdən uzunluğu 13,5, eni isə 8,5 metrdir.

Bu tarixi əhəmiyyətli sovməə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən dövlət tərəfindən 4741 saylı inventar kimi qeydiyyata alınmışdır. Şəlvə sövməəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin də siyahısına əlavə edilmişdir.

Məbədin hal-hazırda təmirə və baxıma ehtiyacı var. İnşallah, müvafiq qurumlar tərəfindən restavrasiya edilər. Yerli və xarici turistlərin ziyarət edəcəyiyi gözəl məkana çevrilər.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)


Bu il görkəmli heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağdının 110 illik yubileyidir. Heykəltaraşın yubileyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Daşları “danışdıran” böyük sənətkar” adlı videoçarx hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, videoçarxda Azərbaycan heykəltaraşlıq məktəbinin banilərindən biri, bir çox monumental heykəllərin müəllifi Cəlal Qaryağdı haqqında məlumat verilir. Bildirilir ki, C.Qaryağdı Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi və xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. C.Qaryağdı XX əsrin 40-cı illərində heykəltaraşlıq əsərlərini yaratmağa başlayır. Videoçarxda  heykəltaraş-rəssamın yaratdığı bir sıra monumental heykəl, habelə portret və büstlər nümayiş olunur.

Videoçarxda İzləyicilərə tanınmış heykəltaraş və rəssam C.Qaryağdının təltif və mükafatları haqqında da məlumat verilir.

Videoçarx kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:

https://www.youtube.com/watch?v=-dlwh1zimbU

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Tarixin ən çətin sınaqlarından alnıaçıq, üzüağ çıxan insanlar öz ömür yolunu deyil, bütöv bir xalqın taleyini dəyişir, milli yaddaşda silinməz iz buraxırlar. Belə fədakar insanlardan biri də Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələr vermiş həkim, ziyalı, ictimai xadim, əsilzadə köklərə bağlı İsmət Məlik-Aslanovdur.

 

İsmət Məlik-Aslanov 1924-cü ilin yanvar ayının 18-də Azərbaycanın qədim və mədəniyyət beşiyi olan Qarabağın Tuğ kəndində dünyaya göz açmışdır. O, zadəgan kökləri ilə seçilən, Azərbaycanın tanınmış nəsillərindən biri olan Məlik-Aslanovlar ailəsinin nümayəndəsidir. Ailəsinin bəy mənşəli olması sovet dövrünün ideoloji basqılarına səbəb olmuş, bu səbəbdən də ailə 1930-cu illərin ortalarında Bakıya köçməyə məcbur qalır. Repressiv siyasətin təhlükəsindən qorunmaq məqsədilə atasının soyad dəyişməsi ilə nəsildə “Məlik-Aslanov”dan “Aslanov” formasına keçid edilir.

İsmət Məlik-Aslanov Bakıda orta təhsilini davam etdirərək, 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul olunur. Lakin Böyük Vətən müharibəsinin başlaması bu gənc və istedadlı tələbənin həyatını tam dəyişir. O, orduya çağırılaraq cəbhəyə göndərilir. Müharibə zamanı kontuziya alır, bir qulağında eşitmə qabiliyyətini demək olar ki, tamamilə itirir. Bununla belə, əzmkarlığı və vətənə bağlılığı onu ruhdan salmır – cəbhədən qayıtdıqdan sonra təhsilini davam etdirərək 1949-cu ildə ali təhsilini başa vurur.

Gənc həkim kimi ilk təyinatını Türkmənistan SSR-in Cərco (indiki Türkmənabad) şəhərində alır. 1952-ci ildə Rusiya Federasiyasının Nijeqorod vilayətinin Şatki şəhər tipli qəsəbəsinə göndərilir və burada rayon xəstəxanasının baş həkimi kimi fəaliyyətə başlayır. Bu vəzifədə qısa zamanda savadı, təşkilatçılığı və peşəkarlığı ilə fərqlənir.

1955-ci ildə doğma Vətəninə qayıdan İsmət Məlik-Aslanov ömrünün qalan hissəsini Sumqayıt şəhəri ilə bağlayır. Sürətlə inkişaf edən sənaye şəhərində sağlamlıq sisteminin formalaşmasında onun xidmətləri əvəzsiz olur. O, “1 saylı İttifaq səviyyəli tikinti tresti”nin (sonradan “Zaqafqaziyasənayetikinti” Tresti adlandırılıb) baş həkimi kimi 27 il (1955–1982) xidmət göstərir.

Onun zəhməti yüksək qiymətləndirilib. Belə ki, o, 1964-cü ildə SSSR Səhiyyə Nazirliyinin ən ali mükafatlarından biri olan “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunur. Bu mükafatı ona şəxsən o dövrün Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri Kamal Axundov təqdim etmişdir.

1982-ci ildə təqaüdə çıxdıqdan sonra da səhiyyə sistemindən ayrılmayan İsmət həkim, Nasoslu (indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsi) xəstəxanasında rentgenoloq kimi fəaliyyətini davam etdirir. Cəmiyyətin qayğılarına hər zaman həssaslıqla yanaşan İsmət Məlik-Aslanov 1988-ci ildən başlayaraq baş verən Qarabağ hadisələri zamanı Sumqayıta axın edən qaçqınlara əlindən gələn yardımı əsirgəmir.

Əmək fəaliyyəti dövründə bir sıra orden və medallarla, SSSR və Azərbaycan SSR dövlət qurumlarının diplom və fəxri fərmanları ilə təltif edilən İsmət Məlik-Aslanov eyni zamanda ədəbiyyata, poeziyaya da dərin maraq göstərmişdir. O, şeirlərində doğma Qarabağ torpaqlarına olan sevgi və Vətənə bağlılıq hissini incə duyğularla əks etdirmişdir. Lakin bir dəfə də olsun yazdıqlarını nəşr etdirmək istəməmiş, təvazökarlıqla bu təklifləri qəbul etməmişdir.

Qeyd etmək yerinə düşər ki, İsmət Məlik-Aslanovun ailəsi Azərbaycanın ictimai-siyasi həyatında da dərin iz buraxmış şəxsiyyətlərlə zəngindir. Anası Nabat xanım – Azərbaycan Xalq Cümhuriyyətinin Həmkarlar İttifaqları Konfederasiyasının ilk sədri və Lənkəran qəzasının General-qubernatoru Cavad bəy Məlik-Yeqanovun bacısı idi. Kiçik qardaşı Muxtar Məlik-Aslanov SSRİ Dövlət Mükafatı laureatı olan tanınmış alim idi. Bacısı Leyla xanım Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın analığı olmuşdur.

Ömrünü elmə, səhiyyəyə və insanlara xidmətdə keçirən, nəcib nəsildən gələn, cəfakeş həkim, sadiq, ləyaqətli bir azərbaycanlı İsmət Məlik-Aslanov 12 iyul 1996-cı ildə dünyasını dəyişsə də, göstərdiyi xidmətlərlə həm sumqayıtlılar, eləcə də ölkə vətəndaşları onu örnək bir həkim, ziyalı və vətəndaş kimi xatırlayırlar.

Bir sözlə, bu dəyərli ziyalının həyat yolu bir ömrə sığmayan fədakarlıqlar, əzmkarlıq və yüksək mənəvi keyfiyyətlərlə doludur. Bəli, təsadüfi deyildir ki, onun adı Sumqayıtın səhiyyə tarixində və minlərlə insanın yaddaşında dərin iz buraxıb.

 

Şəkillərdə:

Hərbi çağırış zamanının fotoşəkli.

14 sentyabr 1964-ci il - SSSR-i "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilən həkimlər.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə hər dəfə atası - Azərbaycan Yazıçılar İttifaqının üzvü, şair Qasım Qasımzadə barədə ürək dolusu danışanda hər bir kəs ona diqqət kəsilir. Axı atalar barədə ən yaxşı sözü həmişə oğullar deyər.

 

Qasım Qasımzadə poeziyamızda say-seçmə şeirləri ilə qalıb. Onun bir yadıgarı isə əfsanəvi xanəndə Qədir Rüstəmovun ifasında məşhur olan "Olmaz-olmaz, olmaz-olmaz deyirsən" mahnısının sözlərinin müəllifidi olmasıdır.

 

Qasım Qasımzadə 23 iyun 1923-cü il tarixində  Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olub. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləyib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib.

Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlayıb. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atmış Azərbaycan şairidir.

İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir.

Şeirləri bir sıra xarici dillərə tərcümə edilib.

 

Kitabları

 

1. Bizim kənd

2. Bizim şəhər

3. Bizim dağlar

4. Azərbaycan ədəbiyyatında xalqlar dostluğu

5. Ürək döyüntüləri

6. Son görüş

7. Süleyman Rəhimov

8. Kiçik dayə

9. Nəğməli ürəklər

10. Bənövşə yarpağı

11. İsmət

12. Aşıq gördüyünü çağırar

13. Getdim, gördüm, düşündüm

14. Dağlar buraxmır məni.

15. Keçmə namərd körpüsündən

16. Daşdan keçən söz

17. Ədəbiyyatımız, mənəviyyatımız

 

Tərcümələri

 

- M. Tursunzadə. Hindistan balladası

- M. Mirşəkər. Qızıl qışlaq

- İ. Noneşvili. Qonaq gəlin Gürcüstana

- M. Tursunzadə. Asiyanın səsi

 

Qasım Qasımzadə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

Şair 28 iyul 1993-cü ildə vəfat edib. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.