Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ƏKRƏM ƏYLİSLİNİN “YARALI YERİ”
Ancaq mənim belə bir yaralı yerim vardı. 60-cı illərin ikinci yarısında bir-birinin ardınca yazdığım və 1970-ci ildə – “Adamlar və ağaclar” adı ilə artıq kitab halında buraxılmış üç povestimdən sonrakı neçə-neçə povest və hekayəmi, mənə elə gəlirdi ki, ədəbi mühit lazımınca qiymətləndirmək istəmir.
Təvazökarlıqdan uzaqlaşıb bunu özüm deməyə məcburam ki, Azərbaycan dilinin oçağacan heç kəsin əl uzada bilmədiyi an zərif, ən sehrli qatlarında işlənmiş – “Əncirsiz payız”, “May günü”, “Güllü paltar mövsümü”, “Büllur külqabının nağılı”, “Bir gecənin ay işığı” kimi hekayələrim ola-ola adamların dilindən yenə “Gilas ağacı” və “Nənəmin tütün kisəsi” kimi ilkin yazılarımın tərifini eşidəndə, doğrusu, tamam çaşıb qalırdım. Sonrakı, məsələn, “Bir misranın yuxusu” kimi povestim haqqında heç bir söz demədən, hələ də “Tənha narın nağılı”ndan danışan bəzi qələm yoldaşlarım, mənə elə gəlirdi ki, ilk yazılarıma vurğunluq maskası altında mənim son yaradıcılıq uğurlarımı şeytani bir hiyləgərliklə hardasa gözardına vurmaq məqsədi güdürdülər. Xüsusən Yusif Səmədoğlunun “Qətl günü” romanı ilə təxminən eyni vaxtda işıq üzü görən, sonuncu – “Ağ dərə” adlı povestimin, demək olar ki, tam sükutla qarşılanması, sizdən nə gizlədim, bəzən məni lap cin atına mindirirdi.
Yusifin “Qətl günü” romanını mən realist Azərbaycan ədəbiyyatının bütün tarixi boyunca dilimizdə yaranmış ən maraqlı nəsr əsərlərindən biri hesab edirəm. Bu əsərin işıq üzü görməyində də mənim çox ciddi, bəlkə də həlledici rolum olub. Bununla belə, “Qətl günü”nü əlahiddə bir canfəşanlıqla şişirdib az qala bütün ədəbiyyata qarşı qoyan bəzi “sənət təəssübkeşləri”nin bu cəhdində mən nəsə məkrli, xəstə bir hal olduğunu da müşahidə eləyirdim”.
Əkrəm Əylisli. “Əylisdən Əylisəcən” yazısından
“Azadlıq” qəzeti
27 sentyabr 1997
“Ədəbiyyat və incəsənət”
(28.07.2025)