Olmaz-olmaz deyirsən... – QASIM QASIMZADƏNİN ANIM GÜNÜDÜR Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə hər dəfə atası - Azərbaycan Yazıçılar İttifaqının üzvü, şair Qasım Qasımzadə barədə ürək dolusu danışanda hər bir kəs ona diqqət kəsilir. Axı atalar barədə ən yaxşı sözü həmişə oğullar deyər.

 

Qasım Qasımzadə poeziyamızda say-seçmə şeirləri ilə qalıb. Onun bir yadıgarı isə əfsanəvi xanəndə Qədir Rüstəmovun ifasında məşhur olan "Olmaz-olmaz, olmaz-olmaz deyirsən" mahnısının sözlərinin müəllifidi olmasıdır.

 

Qasım Qasımzadə 23 iyun 1923-cü il tarixində  Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olub. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləyib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib.

Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlayıb. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atmış Azərbaycan şairidir.

İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir.

Şeirləri bir sıra xarici dillərə tərcümə edilib.

 

Kitabları

 

1. Bizim kənd

2. Bizim şəhər

3. Bizim dağlar

4. Azərbaycan ədəbiyyatında xalqlar dostluğu

5. Ürək döyüntüləri

6. Son görüş

7. Süleyman Rəhimov

8. Kiçik dayə

9. Nəğməli ürəklər

10. Bənövşə yarpağı

11. İsmət

12. Aşıq gördüyünü çağırar

13. Getdim, gördüm, düşündüm

14. Dağlar buraxmır məni.

15. Keçmə namərd körpüsündən

16. Daşdan keçən söz

17. Ədəbiyyatımız, mənəviyyatımız

 

Tərcümələri

 

- M. Tursunzadə. Hindistan balladası

- M. Mirşəkər. Qızıl qışlaq

- İ. Noneşvili. Qonaq gəlin Gürcüstana

- M. Tursunzadə. Asiyanın səsi

 

Qasım Qasımzadə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

Şair 28 iyul 1993-cü ildə vəfat edib. Allah rəhmət eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.