Сoşqun Xəliloğlunun uşaq şeirləri Featured

 

“Ədəbiyyat və incəsənət” portalının poçtunda şair, AYB üzvü Сoşqun Xəliloğlunun uşaq şeirləri yer alıb. Onları sizlərin ixtiyarına veririk.

 

MURAD ƏSGƏR OLACAQ

 

Murad əsgər paltarın

Geyinibdi əyninə,

Oyuncaq avtomatın

Keçiribdi çiyninə.

 

Bax papağına  onun,

Bir gör necə yaraşır,

Əsgər tək yeriyəndə

Böyüyür, məğrurlaşır.

 

Öyrənib “Əsgər marşı”n

Bilir nə qədər şeir,

“Dünyada ən yenilməz

bizim əsgərdi”, - deyir.

 

Murad çox istəyir ki,

Böyüyüb əsgər olsun,

Vətənə xidmət edib

Yurdumuzu qorusun.

 

 

QARPIZ-YEMİŞ

 

Atam bostanımızda

Qarpız-yemiş əkibdi,

Ləkləri suvarmağa

Kiçik kanal çəkibdi.

 

Yemiş, qarpız adını

Çox vaxt qoşa çəkirlər,

Bostanda da onları

Yaxın-yaxın əkirlər.

 

Bir bəzəkdir bostana

Yaşıl qarpız tağları,

Necə gözəl görünür

Qarpızın zolaqları.

 

Yemişin çiçəkləri

Bir-birindən qəşəngdir,

Elə bil yarpaq üstə

Sapsarı kəpənəkdir.

 

Yay gələndə yetişir

Bostanda qarpız, yemiş,

Kal olanda yeyilməz,

Gərək olsun  yetişmiş.

 

Məst olursan qovunun,

Yemişin qoxusundan,

Şamamalar sallanır

Tağların yaxasından.

 

Yemiş, qarpız yeməyin

Nə qədər faydası var,

Çox yesən ziyanlıdır,

Yeməyin qaydası var.

 

Bərəkətli torpağım

Min cür nemət bitirir.

Barıyla, bəhəriylə

Bizə sevinc gətirir.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.