Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
Belə abidələrdən biri də Laçın rayonunun Şəlvə kəndinin mərkəzində yerləşən Şəlvə sövməəsi - XV əsrdə tikildiyi güman edilən məbəddir. Tipinə görə alban məbədləri sırasına daxildir.
Sövməə binası yerli bazalt daşlardan və əhəng-gəc qarışığından inşa edilmişdir. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan mərkəz tipli bazilikaya malik digər sövməələrlə səsləşir. Onlar arasında əsas fərq yalnız qurbangahın qapısının hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlıqlarının saxlandığı yerlərin mövcud olmasıdır. Sövməəyə giriş tikilinin qərb tərəfindədir. Sövməənin xaricdən uzunluğu 13,5, eni isə 8,5 metrdir.
Bu tarixi əhəmiyyətli sovməə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən dövlət tərəfindən 4741 saylı inventar kimi qeydiyyata alınmışdır. Şəlvə sövməəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin də siyahısına əlavə edilmişdir.
Məbədin hal-hazırda təmirə və baxıma ehtiyacı var. İnşallah, müvafiq qurumlar tərəfindən restavrasiya edilər. Yerli və xarici turistlərin ziyarət edəcəyiyi gözəl məkana çevrilər.
“Ədəbiyyat və incəsənət”
(28.07.2025)