Super User
“Onun təxəllüsü Mixaylo idi” – ikinci yazı
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
1957-ci ildə S.A.Kovlakın rəhbərliyi ilə Yuqoslaviya Partizan və Antifaşist hərəkatının iştirakçılarından ibarət nümayəndə heyəti getmişdi. Onun tərkibində Sloveniya ərazisində fəaliyyət göstərən sovet partizan batalyonunun komandiri Anatoli Dyaçenko da vardı. O, Azərbaycanın, Sovet İttifaqının, Yuqoslaviyanın Qəhrəmanı Mehdi Hüseynzadənin, azadlığın, dostluğun, qardaşlığın rəmzi kimi qorunan məzarından – abidəsindən belə bir təəssüratla ayrılmışdı: “Yuqoslaviya xalqı bizim Mehdinin xatirəsini əbədiləşdimək üçün onun qəbrində gözəl bir abidə ucaltmışlar. Qəbir tər güllərlə bəzədilmişdir. Gülləri hər gün onun qəhrəman və cəsur əməlləri haqqında dəfələrlə eşidən yerli əhali gətirir. Yuqoslaviyanın şərəfli azərbaycanlı oğlu haqqında hekayətləri “Bizim dostumuz Mixaylo” sözləri ilə başlayır.”
Mixaylo bizim Babək, Koroğlu kimi qəhrəmanımızdır. Onu bizə tanıdan, sevdirən, xatirəmizə əbədi həkk edən isə, səmimiyyətlə etiraf edək ki, Həsən Seyidbəylinin və İmran Qasımovun “Mixaylo” filmidir. Biz bu filmlə Mixaylonun adını təkcə bir Qəhrəman kimi qəlbimizə yazmadıq. Ondan Vətənə sevgisini, azadlıq, istiqlal uğrunda ölməyi öyrəndik. Mehdi Hüseynzadənin qəhrəmanlıqları barədə yazanlar çoxdur, olduqca çox. Onların önündə Keçmiş Sovet İttifaqının və Sosialist Respublikalarını çevrələyən ölkələrin məşhur simalarının, hərb tarixi ilə bağlı tədqiqatları qələmə aldığı kitab və monoqrafiyaların, sənədli filmlərin ayrıca yeri, məqamı vardır. “Yuqoslaviyanın hərbi tarixçisi Stanko Patelin öz “Qradnikpovun briqadası” monoqrafiyasında Mehdi Hüseynzadəyə xüsusi başlıq həs edib. Tarixçi qeyd edir ki, partizan Mixaylo daha çox rəqibin rəhbər kadrını məhv edib, nəinki öz mövcudluğu dövründə 9-cu korpusun 31-ci diviziyası”. Yazıçı P.Ameliettinin “Bir nəfər hamı üçün və ya Mixaylonun intiqamı” romanı, Sloveniya kinematoqrafları tərəfindən çəkilən “Onun təxəllüsü Mixaylo idi” adlı sənədli filmi Mixaylonun qəhrəmanlığı haqqında ən qiymətli sənət nümunələridir.
Mehdi Hüseynzadə: Mənim vəzifəm Vətəni müdafiə etməkdir
İkinci Dünya müharibəsi başlayanda Mixaylo Şüvəlanda şəhərin bağ mövsümünü yaşayırdı. Xəbəri radiodan eşidən kimi bacısı Hüriyyət xanımın qardaş yanğısına baxmayıb şəhərə, şəhərə deyəndə, kəndə - Novxanıya dönür. “Burda qala bilmərəm, birdən çağırış vərəqi gələr, mən isə evdə olmaram. Mənim vəzifəm Vətəni qorumaqdı...”
Mixaylonun dediyi kimi olur. Çağırış vərəqi gəlir, O, Vətəni qorumağa gedir. Onda onun nə yaşı var idi ki? Cəmi-cümlətanı 23 yaşı. Mixaylo ata-anasını tez itirmişdi. Onların ətrini iyini bir cüt bacısında Bikədən, bir də Hüriyyətdən almışdı. “Ana Vətən çağırır!”dı, kimsə onu tuta bilməzdi...
Faşizim üzərinə avqustun 9-da Bakıdan yeridi. Üç il sonra noyabrın 2-də müasir dillə desək Sloveniyada Vitovliye kəndində torpaq müqəddəsliyinə qovuşdu.
Tiflisdə hərbi-piyada məktəbini bitirdikdən sonra 1942-ci ildə Mehdi Hüseynzadə ön cəbhəyə göndərildi. Stalinqrad uğrunda gedən döyüşlərdə Minaatanlar tagımının komandiri kimi qeyri-bərabər döyüşlərə başladı. 1942-ci ilin avqustunda Koleç şəhəri uğrunda gedən döyüşlərdə ağır yara alan Mixaylo faşistlərə əsir düşür. “Orada O, Cavad Həkimli və digərləri ilə birlikdə Azərbaycan legionuna salınır. 1943-cü ilin ortalarında almanlar Ştrans hərbi düşərgəsindən Yuqoslaviyanın, Triestin və İtaliyanın ərazisində çoxsaylı hərbi əsirlər, o cümlədən azərbaycanlıları gətirirlər”. Elə burada Sovet hərbi əsirlərinin antifaşist qüvvələrinə qovuşan Mixaylo 1944-cü ildə bir qrup hərbi əsir yoldaşı ilə düşərgədən qaçaraq Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşulur. Burada azərbaycanlılardan ibarət İvan Qradnik adına 3-cü Sloveniya Xalq Azadlıq Briqadası 4-cü batalyonun rus rotası yaradılır. Rotanın komandiri Cavad Həkimıi, komissarı Mehdi Hüseynzadə olur. Angel dağı ətəyindən Otliça kəndində məskən salan rotanın komissarı qısa zamanda “Mixaylo” ləqəbi ilə faşistlərin canına vəlvələ salır. Elə bir vəlvələ ki, səsi, sədası Reyxstaqa qədər gedib çıxır.
Mixaylonun əfsanəvi qəhrəmanlıqları Angel dağının, daha doğrusu, Mələk dağının ətəyindən başladı. Öz yerlilərinin belə heyrətinə, həm də qürur mənbəyinə çevrildi. Hərbi tarixçi Stanko Peleninin “bütün 9-cu korpusdakı ən yaxşı partizanlardan” adlandırdığı Mixaylo barədə partizan Məhər Məmmədov da xatirələrində qürurla söz açardı: “Bu 1944-cü ilin əvvəlində olmuşdu. Almanlar, yerli əhali və əsirlər o zaman bizə o qədər yaxşı tanış olmayan Mixaylo adını tez-tez çəkirdilər. O zaman bu, bizim üçün sirr idi. Amma tezliklə hər şey aydınlaşdı. Biz Mixaylo ilə əl-ələ faşistlərlə mübarizə aparmaq şərəfinə nail olduq. Yanvarın ortalarında Mixaylo öz döyüşçüləri ilə əhəmiyyətli topoqrafik xəritələri ələ keçirdilər. Növbəti ayda o, alman zabiti formasında alman kazarmalarına daxil oldu, yanğın söndürənlərə mina döşəyib mərkəzi binanı partlatdı”. Aprelin 2-də Mirdaməd Seyidovla Triest şəhəri yaxınlığında yerləşən Opçine yaşayış məntəqəsində yerləşən kinoteatrı kinoseans zamanı partlatdı. Partlayış zamanı 300 nəfərdən çox faşistin həyatına son qoyuldu. Kimisi öldü, kimisi də şikəst oldu. Mixaylonun rəhbərliyi, iştirakı ilə çoxsaylı əməliyyatlar həyata keçirildi. Triestdə “İl Pikkolo” qəzetinin redaksiyasının mətbəəsini, 24 vaqondan ibarət alman əmlak qatarının keçdiyi Postoyna dəmiryolu stansiyası yaxınlığındakı körpünü partlatması, gestapo mayoru Kertnerin edamı, Opçıne yüksəkgərginlikli elektrik stansiyasının transformatorunu partlatması, hərbi hissələrə təkbaşına etdiyi hücumlar nəticəsində iki-üç mindən çox faşist zabitin partladılaraq məhv edilməsi onu düşmənlərin qorxulu yuxusuna çevirmişdi. Müharibənin taleyinin həll olunmaq üzrə olduğu bir dönəmdə “Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusunun tapşırığı ilə Mixaylo 31-ci diviziyanın qərargahı nəzdində partizan-kəşfiyyat qrupu yaradır və ona rəhbərlik edir. Azərbaycanın digər qəhrəman oğlu Cavad Həkimli bu barədə öz xatirələrində qeyd edirdi: “Mehdi elə qorxu yaratmışdı ki, almanlar şəhərə tək çıxmaqdan qorxurdular və onlara elə gəlirdi ki, Mixaylo nəhəng bir dəstənin adıdır və ona pəhləvan rəhbərlik edir. Almanlar başına 400 min marka mükafat təyin etmələrinə baxmayaraq Mixaylo ələkeçməz olaraq qalırdı. Yuqoslaviyada tapılan sənədlərin birində deyilirdi: “Hesab etmək olar ki, onun fəaliyyəti zamanı 1000-ə yaxın alman öldürülmüşdü və bunların içində əsasən zabitlər idi. Faşistlər necə olur olsun, onun başını əldə etmək istəyirdilər. Cavad Həkimlinin xatirələrinə görə gestapo mayoru Sejanda kəndli formasında olan Mixaylonu tutmuşdu. Mehdi Hüseynzadə özünü rəssam kimi qələmə verdi və özünü elə qələmə verdi, heç kim onun kim olduğunu başa düşmədi...”
Tarixi mənbələr də sübut edir ki, Mixaylonun qəhrəmanlıq dastanı təkcə bu faktlardan ibarət deyil, o bir əfsanəvi qəhrəman kimi Adriatik dənizinin sahillərində də sevilib. Hitlerçi zabit forması ona ehtiyac duyan kəndlərdə sadə libas ilə hər kəsdə heyrət, maraq, məhəbbət doğurub. İnsanlar ona xilaskar mələyi, faşistlər isə bir az öncə qeyd etdiyimiz kimi qorxulu röyası kimi baxıb.
Mixaylo Novxanıda, Rəsulzadənin kəndində doğuldu
Novxanı bizim üstümüzdə haqqı-sayı Bayraq qədər olan köyümüzdü. Yoxdan bir dövlət qurub, bayraq yapan Rəsulzadənin diyarında doğulmaq səadəti deyilən nədirsə, elə o özüdür. İncilinin, püstəsinin, badamının, yer-yemişinin, tənəyinin, üzümünün, iydəsinin, innabının öz yeri var. Gülü bir ayrıdı, bülbülü bir ayrı, Süsəni, sümbülü, qərənfili, ağ şanısı, qara şanısı ağzımızın dadıdı. Əlini, ayağını Xəzər yuyur Novxanının. Qəzəli gözəl, gözəli qəzəl qədər “nərmü-nazik bayatıdır, bayatı”. Ustad şairlərin, qəzəlxanların, xanəndələrin, el və dil bilicilərinin bu kənddə öz yeri, məqamı olsa da, qibləsi Məhəmməd Əmin Rəsulzadə, haqq kəlməsi Mehdidi. Mehdi Hüseynzadə – Mixaylo. Biri peyğəmbər əleyhissəlama, digəri əhli-beytə bağlıdı.
İkinci Dünya müharibəsində Azərbaycan 6 diviziyası, 700 mindən çox qəhrəman insanı, 300 min şəhidi, 125 Sovet İttifaqı Qəhrəmanı, faşizm üzərində qələbənin əsas təminatçılarından biri kimi əvəzsiz olan nefti ilə tarix yaratdı.
Mümkün olmayanları mümkünə çevirən Stalin, Jukov, Molotov, Rokasovksi kimi tarixi şəxsiyyətlərin sırasında, Azərbaycanın və Dağıstanın o zamankı rəhbərləri Bağırovla, polkovnik-komissar Əziz Əliyevin öz yeri olduğu kimi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədovun, Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Məzahir Abbasovun, Züleyxa Seyid Məmmədovanın, Qambay Vəzirovun, Heybət Heybətovun, Məlik Məhərrəmovun, Ziya Bünyadovun və digərlərinin ayrıca yeri, məqamı vardı.
Mehdi əyninə əsgər kiteli – forması geyinəndə 23 yaşı vardı. Şəhidliyə qovuşanda 25-i təzə keçmişdi. Gözəl tar çalmağı, ruhunu, duyğusunu, sevgisini kağıza, kətana çevirməyi, fırçanın və qələmin müqəddəsliyində ilk məhəbbətin dastanını yaradırdı.
Mixaylo ata-anasını tez itirmişdi. Sevdiyindən də tez ayrıldı. Ayrılıq camına əcəl şərbəti süzəndə onun nişan üzüyü anadan qalma sandıqda idi. Bikə ilə Hüriyyət kəlağıyı da almışdı. Biz istəyən, deyən olmur ki? Yazı yazan özgə cür yazmışdı...
Kaş ki, mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni;
Aşaraq o qarlı, uca dağları,
Vətən torpağına salaydı məni…
Mixaylo bir nağıl, əfsanə, dastan kimidi. Bir az da istiqlal, azadlıq şərbətidi. İçdikcə yandırır, yandırdıqca çox mətləbləri andırır. Onun ən çox sevdiyi şairlərdən biri Mikayıl Müşfiq imiş. Sarı Aşığı da yaman sevər, tez-tez “Əzizim Güləbirdə, Yol gedir Güləbirdə, bir quş olub uçaydım, qonaydım gülə bir də” deyərmiş. Kaşki bir sarı yarpaq olaydım şeirindən də Sarı Aşığın iyi, ətri gəlir. Sarı Aşıq üzü qibləyə deyil, Yaxşıya yatdı. Müşfiq “Yenə o bağ olaydı” nidası ilə sevgili yar nisgilinin ən gözəl tablosunu yaratdı.
İkinci Dünya Müharibəsi başlayanda Mixaylo Şüvəlanda bağda idi. Kaş ki, yenə o bağ olaydı. Hüriyyət xanım süfrə salaydı. Bikə xanım qardaşına ad etdiyi üzüyü Mehdi, vüsalına yetmədiyi sevgisinin, qara sevdasının barmağına taxaydı, kəlağayısını da çiyninə salaydı. Nə müharibə olaydı, nə şəhərlər, kəndlər dağılaydı, könüllər xaraba qalaydı, nə qəlblər qaralaydı, nə də insanlar ayrı düşəydi. Nələr o qədərdir ki...
Mixaylo Cümhuriyyət qurulan il dünyaya gəldi. Cümhuriyyət 23 ay yaşadı. O, da 23 yaşında döyüşə yollandı. Bir də geri dönmədi. Bu cismən oldu. Bir kərə yüksələn Bayraq bir daha enməmək üçün Xəzərin sahilindən boy verdi. Rəsulzadənin, Mixaylonun varisləri 44 günlük Vətən müharibəsində Ali Baş Komandan iradəsinə mənsub olduğu Milləti, Məmləkəti Şuşa qalasında, Xudafərin körpüsündə bayrağa döndərdi. Qəhrəmanlar yetirən qəhrəman Mixaylonun Tarixi Zəfərdə öz payı vardı. Gərək gerçəyi deyək: Biz Vətənə sonsuz sevgini həm də ondan öyrənmişdik. Biz, Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində Qarabağa, Şərqi Zəngəzura təkcə Xəzərin sahilindən deyil, həm də Adriatik dənizinin yaxasından, “Uzaq sahillərdən” gəlmişdik. “Ana Vətən çağırır!” deyib, səngərlərə sipər, düşmənlərə çəpər olmuşduq! Bu il Faşizm üzərində qələbənin 80, erməni faşizmi üzərində qələbənin 5 illiyidir. Üzü Zəngəzura, Qərbi Azərbaycana, həm də Zəngəzur Dəhlizinəyik! Tanrı xalqımıza da, Zəfər-Qələbə Memarımıza da, yar və yardımçı olsun.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
CƏLİL XƏLİLOV: “Gənclərimiz ata-babalarının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığı 44 günlük Vətən müharibəsində təkrarladı”
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
9 May — Qələbə Günü, İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində Sovet İttifaqının və müttəfiqlərinin qələbəsini qeyd edən gündür. 1945-ci ilin 9 mayında Almaniya təslim oldu və bu tarix SSRİ-də və bir sıra postsosialist və postsovet ölkələrində rəsmi bayram kimi qeyd olunmaqdadır.
Azərbaycandan İkinci Dünya Müharibəsində 600 mindən çox insan cəbhəyə yollanmışdı. Onların böyük bir hissəsi döyüş meydanlarında qəhrəmancasına həlak oldu. Azərbaycan həm də arxa cəbhədə çox böyük rol oynadı — Bakı nefti Sovet ordusunun yanacaq təminatında həlledici əhəmiyyətə malik idi. Buna görə də, Qələbənin qazanılmasında xalqımızın böyük əməyi olmuşdur.
Azərbaycanda da 9 May — Faşizm üzərində Qələbə Günü kimi müxtəlif formalarda qeyd olunur:
- Müharibə veteranlarına həsr olunmuş tədbirlər keçirilir.
- Abidələrin, xatirə komplekslərinin qarşısında anım mərasimləri olur.
- Təhsil müəssisələrində Qələbə mövzusunda ədəbi-bədii kompozisiyalar təqdim edilir.
- Gənclər arasında vətənpərvərlik ruhunun aşılanması məqsədilə mühazirələr və sərgilər təşkil olunur.
Bu gün həm də bizə bir daha göstərir ki, azadlıq və sülh böyük qurbanlar bahasına qazanılır. Qələbə Günü — yalnız hərbi zəfərin deyil, həm də insanlığın, əzmkarlığın və həmrəyliyin bayramıdır.
Veteranlara dərin ehtiram:
Bu gündə xüsusilə müharibə veteranlarını yad etmək, onların fədakarlığını qiymətləndirmək böyük mənəvi borcumuzdur. Onlar təkcə döyüş meydanında deyil, həm də sarsılmaz ruhları ilə tarix yazıblar. Onların qəhrəmanlığı gənc nəsillərə vətənpərvərlik nümunəsidir.
Gənc nəsil və tarix yaddaşı:
Qələbə Günü həm də gənc nəslə tariximizi öyrətmək üçün əhəmiyyətli fürsətdir. Çünki keçmişini unudan xalq gələcəyini düzgün qura bilməz. Məktəblərdə, universitetlərdə bu günlə bağlı keçirilən tədbirlər, mühazirələr və sərgilər bu məqsədə xidmət edir.
Qələbənin mənəvi tərəfi:
Bu gün biz yalnız silahla deyil, həm də ruhla qazanılan qələbəni yad edirik. Bu qələbə — xalqların birliyinin, xalqımızın fədakarlığının simvoludur. O günün təntənəsini yaşatmaq — bizim vətən qarşısında borcumuzdur.
Bu günü qeyd etməklə biz təkcə tarixi xatırlamır, eyni zamanda sülhün və birliyin əhəmiyyətini vurğulayırıq.
Cəlil Xəlilovun fikrini aldıq:
Bu tarixi gün münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun fikrini aldıq. O dedi:
-İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixində mühüm yer tutur. Müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, onların 300 min nəfəri həlak olmuşdur. 176 min nəfərdən çox azərbaycanlı müharibədə göstərdiyi qəhrəmanlıqlara görə müxtəlif orden və medallarla təltif edilmiş, general Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə və digərlərinin qəhrəmanlığı dillər əzbəri olmuşdur. Müharibədə Bakı nefti nəhəng sovet hərb maşınının fasiləsiz fəaliyyətini təmin etmiş, qələbəyə misilsiz töhfə vermişdir. Bu baxımdan, Bakıya "Qəhrəman şəhər" adının verilməsi vacibdir. Çünki Bakı öz fədakarlığı ilə bu ada layiq olduğunu müharibə dönəmində artıqlaması ilə sübut edib.
Bizim üçün qürurvericidir ki, Azərbaycan gəncliyi atalarının, babalarının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində də təkrarladı, respublikamızın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan gəncliyi öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, o, öz əcdadlarının qəhrəmanlıq ənənəsinə sadiqdir.
Biz Vətən müharibəsində olduğu kimi, bu gün də dövlətin və Prezidentimizin ətrafında sıx birləşməli, hər bir təhdid və təhlükəyə qarşı mübarizədə həmrəylik sərgiləməliyik. Unutmayaq ki, ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də öz çıxış və tövsiyələrində hər zaman ölkə gəncliyini milli-mənəvi dəyərlərə bağlı olmağa səsləyib, yüksək vətənpərvərlik ruhuna malik olmağın vacibliyini vurğulayıblar. Biz bu tövsiyələri diqqət mərkəzində saxlamalı, öz əməli fəaliyyətimizlə dövlətimizə, Prezidentimizə dəstək olmalıyıq.
Fürsətdən istifadə edib bu tarixi gün münasibətilə hər bir kəsi təbrik edirəm!
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Yaşı 80-ni ötsə də...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sabah unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyidir. Bu ərəfədə sizə Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan, onun siyasətini xalq arasında dəstəkləyən insanlar haqqında məlumat vermək istəyirəm. Bu dəfə sizə onlardan biri barədə danışmağa səy göstərəcəyəm...
O, 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunun Xallanlı kəndində anadan olub. 1963-cü ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri doktorudur. Bakı Dövlət Universitetində müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. Hazırda BDU-nun professoru və 1990-cı ildə yaratdığı "Amorf təbəqələr" elmi-tədqiqat laboratoriyasının elmi rəhbəridir. Altı çağırış Milli Məclisin deputatı olub. Bir neçə kitabın müəllifidir. Xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. "Əməkdar elm xadimi"dir, sinəsini "Şöhrət" ordeni bəzəyir...
Deyir ki:- “Kütlə yaradıcı deyil, kütlə birbaşa dəyər yaratmır, kütlə ancaq mühit yaradır. Dəyəri xalqın yaradıcı nümayəndələri- şəxsiyyətlər, fərdlər yaradırlar. Kütlə torpaq kimidir. Torpağa gül-çiçək əkərsən bitirər, əkməzsən bitirməz. Kütləyə ideya verərərsən, onu göyərdə bilər. Kütlə şeir yaza bilməz, musiqi bəstələyə bilməz, rəsm çəkə bilməz, heykəl düzəldə bilməz. Bunu ancaq şəxslər edə bilər. Yaxın tariximizə qayıdaq. Yaxşı xatırlayırıq, 1987- 1991-ci illərdə SSRİ miqyasında güclü anti-Əliyev kampaniyası aparılırdı, böyük şəxsiyyətin adını kütlənin yaddaşından silmək istəyirdilər. Təbii ki, bu da böyük şəxsiyyətə qarşı olan anti-azərbaycanların mövqeyi idi. Ancaq "91-lər", əgər belə demək olarsa, buna imkan vermədilər. Əksinə, xalqın yadına saldılar ki, sənin problemlərini həll edə biləcək böyük şəxsiyyət- Heydər Əlirza oğlu Əliyev Naxçıvanda yaşayır. Amma Heydər Əliyevin Bakıya gəlməsini nə Bakı, nə də Moskva istəyirdi. Təsdiq edirəm, müstəqil Azərbaycan dövləti qurmaq ideyasının müəllifi Məhəmməd Əmin Rəsulzadədir. Ancaq onun qurduğu dövlət cəmi 23 ay ömür sürdü. Onun yerinə sosialist əsaslı başqa bir dövlət yaradıldı və bu dövlət 70 il yaşadı. Bu gün yaşadığımız dövlətin isə həm banisi və həm də qurucusu Heydər Əlirza oglu Əliyevdir. Bunu bütün dünya bilir. Heydər Əliyevin bu xidmətinə Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Bülənt Ecevitin verdiyi qiymət çox doğrudur: “Heydər Əlirza oğlu min ildə bir doğulan dahilərdəndir. O, Azərbaycanın Mustafa Kamal Atatürkdür...""
Obyektiv adamdır. Rasionallıq, intellektuallıq, ünsiyyətcillik onun əsas xüsusiyyətləri içində önəmli yer tutur. Çox geniş maraq dünyası var. Bir mövzuya maraq göstərdisə bütün diqqətini ona yönəldir və dərindən öyrənir. İnsanlarla ünsiyyətdə olmağı və məlumat mübadiləsi aparmağı xoşlayır. Bununla o, adamları asanlıqla tanımağı bacarır. Sosial çevrəsi xeyli genişdir, onun üçün dialoq və müzakirə çox vacibdir, çünki bu onun düşüncə tərzinin genişlənməsinə, eləcə də dərinləşməsinə səbəb olur...
“O vaxt məşhur "91-lər"in hər birinin arxasında xalq dururdu. Ziya Bünyadovun, Xəlil Rza Ulutürkün, Sirus Təbrizlinin, Zeynəb Xanlarovanın, Fərəməz Maqsudovun və digər alim, ziyalıların arxasında 100 minlərlə insan var idi. Üstəlik, xalq tərəfindən seçilmiş prezident Əbülfəz Elçibəy də Heydər Əliyevin arxasınca təyyarə göndərdi və Bakıya dəvət etdi. Deməli, "91-lər"in istəyini təkrar etdi. Elçibəy "91-lər"dən biri olmasa da, fəqət Heydər Əliyevi Bakıya dəvət edən 92-ci ziyalı oldu. Əlbəttə, tarixi addım atdı. Azərbaycanın müstəqiliyini vəzifə kürsüsündən üstün tutdu. Elçibəy başa düşdü ki, ölkəni bu bataqlıqdan çıxarmaq üçün ölkədə lokal lider olmaq kifayət deyil, müstəqilliyi qorumaq üçün ölkəyə qlobal düşüncəli lider lazımdır...”- söyləyir.
İti zəkaya, dərin düşüncə tərzinə, yüksək intellektual qabiliyyətlərə malikdir. O, sürətli analiz etməyi bacaran və tez qərar verən insandır. Dərindən düşünmə bacarığı, dərrakəsi onun həyatda uğur qazanmasına həmişə səbəb olub, problemlərini kreativ və gözlənilməz yollarla həll etməyə kömək edib...
Deyir ki:- “Heydər Əliyev elə bir şəxsiyyət və lider olub ki, onun irsinin öyrənilməsi və təbliği ümumdövlət, ümumxalq işidir. Bəli, onun yaratdığı irs tükənməzdir və iki hissədən ibarətdir: maddi və mənəvi irs. Ulu Öndərin irsini bir üzüyə bənzətsək, maddi irs uzüyün həlqəsi, mənəvi irs isə üzüyün qaşıdır. Təəssüf ki, uzük tərıflənir, onun qiymətli hissəsi olan qaş yaddan çıxarılıb. Ancaq bilmək lazımdir. Zaman maddi irs aşılaya bilir, ancaq mənəvi irsi aşılaya bilmir. Biz gənclər arasında Ulu Öndərin mənəvi irsini yaymalıyıq. Bunun üçün “Heydər Əliyev İnstitutu”-na ehtiyac böyükdür. O ki qaldı Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevə, o, çox çətin və tarixi bir problemimizi həll etdi. Möcüzə yaratdı. Qarabağ azaddır, Şuşa azaddır, Xan kəndində Azərbaycan bayrağı dalğalanır. Füzülidən təyyarələr həm Qərbə, həm də Şərqə uçur. Ona Allahdan kömək arzulayıram. Son olaraq qeyd edirəm ki: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsilmazdır”. Yaşasın Müstəqil Azərbaycan!”
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı professor Şahlar Əsgərov idi. Yaşı 80-ni ötsə də hələ də Heydər Əliyev ideyalarına sədaqətlə yaşayır...
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Seyidovlar soyunun görkəmli nümayəndəsi – BU GÜN DOĞUM GÜNÜDÜR
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alim Fikrət Seyidovun doğum günüdür.
O, 1930-cu ilin 9 may tarixində Qazax qəzasının Aslanbəyli kəndində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dil (İngilis dili) fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirmişdir.
Universiteti bitirdikdən sonra Şamxor (Şəmkir) rayonuna təyinat verirlər. Lakin hərbi çağırışçı olduğundan və Bakıda qeydiyyata düşdüyündən geri qayıtmaq məcburiyyətində qalır və Bakının 193 saylı orta məktəbində müvəqqəti müəllim işləyir, sərasər 2 ay. Pedoqoji sahə üzrə Aspiranturanı bitirir. Sonralar 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində işləməyə başlayır, ancaq bununla yanaşı, xeyli vaxt orta məktəbdə də çalışır...
Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, İngilis dili fakültəsinin dekanı, Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdıran və nailiyyət qazanan ilk alimdir. Xarici dil üzrə texniki vasitələrin tətbiqi sahəsində öncüllərdən biri, ingilis dili dərsliklərinin (5, 6, 7 və 8-ci siniflər üçün) müəlliflərindən biri olmuşdur.
Kitabları
"Azərbaycan pedaqoji fikir tarixindən səhifələr"
"Aslanbəylidən başlanan xatirələr"
Bir çox dövlət mükafatlarına layiq görülmüşdür. Fikrət Seyidov Əhməd Seyidovun oğlu, Səməd Seyidovun əmisidir. Seyidovlar soyundandır.
2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Bu gün faşizm üzərində Qələbə gününün 80-ci ili tamam olur
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Birinci dünya müharibəsindən sonra ideoloji cərəyan kimi meydana gələn və getdikcə Avropaya yayılan faşizm XX əsrin ən amansız bəşəri fəlakətlərindən birinə çevrilən yeni bir dünya müharibəsinə səbəb oldu. Faşizmin və ya milli sosializmin ideya əsasını ifrat antidemokratiya, irqçilik, şovinizm, sosial darvinizm təşkil edirdi.
O həm fiziki, həm də mənəvi mənada bütün fərdlərin taleyini həll etmək məsuliyyətini öz üzərinə götürən və "milli birliyə" hər hansı müdaxiləni qəti şəkildə aradan qaldıran totalitar dövlət quruluşunu ilahiləşdirir, zora güvənən qəddar, amansız hakimiyyəti təbliğ edirdi.
SSRİ-nin, o cümlədən Azərbaycanın faşizmə qarşı ölüm-dirim savaşı apardığı Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizindən 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.
Müharibə illərində akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.
Bəşəriyyətin XX əsrin əvvəllərində üzləşdiyi qəddar faşizm bəlası ilə Azərbaycan xalqı XX əsrin sonlarında bir daha üzləşdi – vaxtilə işğalının ildönümünü qeyd etdiyimiz şəhər və kəndlərimiz, yurdundan perik düşən insanlarımızın əzabları erməni faşizminin tarixin sinəsində açdığı yaradır. Lakin bir həqiqət var ki, insanlara ölüm və fəlakət gətirən hər cür antibəşəri istəyin özü, onu həyata keçirənlər məhvə məhkumdur. Şair demiş: "Zülm də, zalım da var ola bilməz!"
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Elmar Bayramovun “Nəfəs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb
ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun müəllifi olduğu “Nəfəs” (“Breath”) qısametrajlı filmi Türkiyənin İzmir şəhərində keçirilən II Beynəlxalq Turan Film Festivalında “Xüsusi Jüri Mükafatı”na layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Türk dünyasının müxtəlif ölkələrindən gələn kino əsərlərini nümayişini təmin etdirmək, mədəni əlaqələri gücləndirmək məqsədi daşıyan festivalda ümumilikdə 80 ölkədən 1675 müraciət qəbul edilib. Azərbaycan festivala 32, Türkiyə 324, Qazaxıstan 17, Özbəkistan 13, Türkmənistan 10, Qırğızıstan isə 7 filmlə qatılıb. Türk dünyasının mədəniyyətinə töhfə verən filmlər 10 müxtəlif kateqoriya üzrə mükafatlarlandırılıb. Festival çərçivəsində 3 sərgi və 8 xüsusi tədbir də təşkil edilib..
“Nəfəs” filmi münsiflər heyətinin qərarı ilə insan ruhunun davamlılığı və yaddaşın gücü kimi dərin mövzulara poetik bir yanaşma göstərdiyi üçün xüsusi olaraq seçilib. Film Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film “Old stone pictures” və “Black Garden Company” şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub.
3-6 may tarixlərində İzmirdə keçirilmiş festival haqqında ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz:
https://turanfilmfestival.com/
Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəfəs” filminin ABŞ-nin Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Oğuz rayonunda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə tədbir keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
İkinci Dünya Müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır.
1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı cəbhəyə yollanmışdır. Bu müharibədə Azərbaycanın mərd oğul və qızları özlərinin ən ali keyfiyyətlərindən olan fədakarlığı, vətənpərvərliyi, mərdliyi nümayiş etdiriblər.
Onların 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olunmuş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədə iştirak edən soydaşlarımızın təxminən yarısı həlak olmuşdur.
Müharibə iştirakçıları içərisində Oğuz (keçmiş Vartaşen) rayonunun sakinləri də çox olmuşdur. Artıq qələbədən 80 il ötür.
Ölkəmizin hər yerində olduğun kimi Oğuz rayonunda da faşizm üzərində qələbənin 80-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Mərasimdə Oğuz Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz Rayon Şöbəsinin rəisi, YAP Oğuz rayon Təşkilatının sədri, Rayon Ağsaqqalar Şurasının sədri, digər idarə, təşkilat və müəssisələrin rəhbərləri və nümayəndələri iştirak etmişlər.
İştirakçılar Oğuz şəhəri “Qəhrəmanlar parkında” İkinci Dünya Müharibəsi iştirakçılarının xatirəsinə tikilən abidənin önünə gül-çiçək dəstələri qoymuş, onların xatirəsini ehtiramla yad etmişlər.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Səyyar ASAN xidmət davam edir
May ayının ilk yarısı öz axarı ilə getməkdə, səyyar ASAN xidmət də bölgələrdə fəaliyyət göstərməkdədir.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, səyyar ASAN xidmət 1-15 may tarixində Xızıda, 1-27 may tarixində Astarada, Şirvanda, Şəmkirdə, Xaçmazda, Biləsuvarda, Zərdabda, Ağdaşda, Zaqatalada, 19-27 may tarixində isə Xırdalanda vətəndaşlara xidmət göstərəcək.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.
Qeyd: Hazırda Xızıda Səyyar ASAN xidmətin iş qrafiki saat 11:00-dan 17:00-a qədərdir.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş konsert keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt Muğam Mərkəzində Dalğa Aşıqlar Qrupunun konserti təşkil olunub.
Çingiz Mehdipurun rəhbərliyi ilə baş tutan musiqili tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin üzvləri iştirak ediblər.
Çıxış edən Zakir Fərəcov qeyd edib ki, Heydər Əliyev təkcə müasir Azərbaycanın qurucusu deyil, həm də xalqımızın zəngin mədəni irsinin qorunması və inkişafı istiqamətində əvəzsiz xidmətlər göstərmiş şəxsiyyətdir. O, Ulu Öndərin mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs edərək bildirib ki, bu sahənin inkişafı, mədəniyyət işçilərinin dəstəklənməsi və gənc istedadların üzə çıxarılması daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.
Qeyd olunub ki, bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konsertdə çıxış edən Dalğa Aşıqlar Qrupu 1990-cı ildə yaradılıb və bu illər ərzində səsi-sorağı Azərbaycanın hüdudlarını aşaraq dünyanın müxtəlif ölkələrindən eşidilib.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)
Sumqayıt Poeziya Evi “Azərbaycan" jurnalının kollektivinə qucaq açdı
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi, Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt Poeziya Evində "Azərbaycan" jurnalının kollektivi ilə görüş keçirildi.
Öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının xatirəsi yad edildi.
AYB Poeziya seksiyasının rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı qonaqları tədbir iştirakçılarına təqdim etdi.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin məqsəd və məramından danışdı.
Söz qələm adamlarına verildi. Jurnalın redaktoru İntiqam Qasımzadə, redaktorun müavini Südabə Ağabalayeva, Poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, Publisistika şöbəsinin müdiri Məmməd Oruc, tənqid şöbəsinin müdiri Azad Yaşar, məsul katib Vüsal Nuru, filologiya üzrə fəlsəfə doltoru, dosent, Nərgiz Cabbarlı, filologiya elmləri doktoru Vaqif Yusifli, şair Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, "Sumqayıt" qəzetinin baş redaktoru Sübhan Quliyev çıxış edərək "Azərbaycan" jurnalının bir əsri adlayıb keçdiyi yaradıcılıq yoluna işıq tutaraq fəaliyyətindən geniş bəhs etdilər. Şair Akif Amal, Süleyman Sərraf, Rəna Təbəssüm, Əli Niyazbəyli, Sumqayıt Dövlət Universitetininin tələbələri və şəhər məktəbliləri maraqlı təkliflər irəli sürdülər.
Tədbir boyu şairlər öz şeirlərini oxudular
Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin maraqlı görüş üçün jurnalın kollektivinə, bu işdə dəstək olan hər kəsə təşəkkürünü bildirdi.
“Azərbaycan” jurnalı, ümumən AYB nəşrləri ədəbiyyatımızın vuran ürəyidir!
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)


