Dahi musiqiçilər nəslindən çıxan DAHİ DİRİJOR NİYAZİ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Drijor, SSR xalq artisti Niyazi Tağızadənin adı kimə tanış deyil ki?

Bu gün dahi dirijorun anım günüdür.

 

Niyazi 1912-ci il avqustun 20-də (digər mənbələrdə 7 iyulda) Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən biriydi və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi.

Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb.

İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirib. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alıb. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.

Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb.

Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə, onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı isə dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənib, Çexiyada "Suprafon", ABŞ-də "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb.

Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar edib. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazıb. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilib. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə edib.

 

Filmoqrafiya

- Almaz

- Arazın o tayında

- Arşın mal alan

- Axşam konserti

- Bəstəkar Müslüm Maqomayev

- Bəxtiyar Vahabzadə

- Bir məhəllədən iki nəfər

- Bir qalanın sirri

- Cazibə qüvvəsi

- Doğma xalqıma

- Əsl dost

- Fətəli xan

- İyirminci bahar

- Kəndlilər

- Kölgələr sürünür

- Liderlik missiyası. 1-ci hissə

- Maestro

- Maestro Niyazi

 

Təltifləri və mükafatları

1. Sosialist Əməyi Qəhrəmanı

2. "SSRİ xalq artisti" fəxri adı

3. "Azərbaycan SSR xalq artisti" fəxri adı

4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

5. "Ermənistan SSR xalq artisti" fəxri adı

6. "Stalin" mükafatı (2-ci dərəcə) (konsert-ifaçılıq fəaliyyətinə görə)

7. "Stalin" mükafatı (2-ci dərəcə) ("Gülşən" tamaşasına görə)

8. "Lenin" ordeni

9. "Oktyabr inqilabı" ordeni

10. "Qırmızı əmək bayrağı" ordeni

11. "Şərəf nişanı" ordeni

12. "Əmək veteranı" medalı

 

Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür gün yoldaşı Həcər xanım olub. Onların tanışlığının maraqlı tarixçəsi vardır:

Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilib. Irandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olub. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışıb. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırlıblar və yaxın münasibətləri yaranıb. Niyazi bəy Həcər xanımı burada görüb və bir-birlərinə aşiq olublar.

Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyiblər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmayıb. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəliblər. Elə belə də ediblər.

Bir müddət Ağdaşda qohumlarıgildə qalıblar. Evliliklərinin ilk illəri əziyyətli keçib. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı olmayıb. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdiriblər. Onların nigahı 1940-cı ildə rəsmiləşdirilib. Gənclər harda, necə yaşayacaqlarını bilməyiblər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürüblər.

Niyazi 2 avqust 1984-cü ildə dünyaya gözlərini qapayıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.