Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Kinosu Günü ərəfəsində və Xalq yazıçısı, dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyi çərçivəsində müəllifin ssenarisi əsasında ekranlaşdırılan bədii filmlər haqqında materiallar hazırlanıb.
“Ədəbiyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, “Ədəbiyyatdan mavi ekrana – Maqsud İbrahimbəyov yaradıcılığı” başlığı altında təqdim edilən və Azərbaycan kino sənətinə qızıl hərflərlə yazılan “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim” və “Ən vacib müsahibə” bədii filmlərinə həsr edilən bu materiallar kitabxananın rəsmi saytında https://www.ryl.az/virtual/multimediya yerləşdirilib.
Video materiallarda öz ətrafında milyonlarla oxucu və izləyici toplamış bu əsərlərin yazılma tarixi, qısa məzmunu, ekran həyatı, yaradıcı heyətinin üzvləri, layiq görüldüyü yerli və beynəlxalq mükafatlar haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda sözügedən ekran əsərlərindən foto və video görüntülər, ən yaddaqalan fraqmentlər də təqdim edilir.
Kitabxanada təşkil edilən ənənəvi kitab sərgisində Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış korifeylərin həyat və yaradıcılığından bəhs edən “Heydər Əliyev və kinematoqraf”, “Kino və həyat”, “Səhnə fədailəri” kimi 60-dan çox kitab sərgilənir.
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)