Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Səhər açılmamışdı hələ. Sükutun ən dərin anıydı. Bütün Azərbaycan nəfəsini tutmuşdu sanki. Göy üzü bir az daha qəmli, külək bir az daha yavaş əsirdi. Və o an... bir səs susdu. Təkrarsız, dəyişməz, minillərin yaddaşını daşıyan bir səs. Sanki “Segah”ın son pəncərəsi örtüldü, “Qarabağ şikəstəsi” öz kədərini yerə qoydu.
Ötən gün – 1 avqust 2025-ci il tarixində Azərbaycan muğam sənətinin nəhəng siması, Xalq artisti, muğam professoru, Azərbaycan muğam məktəbinin canlı əfsanəsi Arif İmran oğlu Babayev 87 yaşında vəfat etdi. Bu xəbər yalnız sənət aləmində deyil, bütün xalqın yaddaşında dərin hüznlə qarşılandı. Çünki o, təkcə bir ifaçı deyildi – o, muğamın özü idi.
Bir Ömürlük Səda – Arif Babayevin Həyat Yolu
Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Musiqiyə olan istedadı və eşqi uşaq yaşlarından bəlli idi. Gənc yaşlarında muğamın sirlərinə yiyələndi, ifasında milli ruhu və klassik ənənəni birləşdirərək özünəməxsus sənətkar kimliyini formalaşdırdı.
1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirən Arif Babayev, 1963–1966-cı illərdə Dövlət Filarmoniyasında, daha sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışıb. O, muğam tamaşalarında “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Gəlin qayası” kimi rollarla yadda qalıb.
Lakin onun sənət ömrü təkcə səhnə ilə bitmədi. O, muğamı öyrədən, yaşadan və ötürən bir müəllim oldu. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk dəfə xanəndəlik üzrə dərs deməyə başladı. 1984-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında – bu günkü Bakı Musiqi Akademiyasında fəaliyyətini davam etdirdi. 1990-cı ildə isə xanəndələr arasında ilk dəfə muğam professoru adına layiq görüldü.
Arif Babayev onlarla tələbə yetişdirdi – bir neçəsi bu gün Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən tanınmış muğam ifaçılarıdır. Onun dərs dediyi auditoriyalarda yalnız muğam öyrədilmirdi – orada milli qürur, sənətə hörmət və insanlıq təlim olunurdu.
Təltiflər və Təkidlər – Xalqın Səs Verdiyi Ustad
Arif Babayevin xidmətləri dövlət səviyyəsində dəfələrlə təqdir olunub:
1978-ci ildə – “Əməkdar artist”
1989-cu ildə – “Xalq artisti”
1998-ci ildə – “Şöhrət” ordeni
2008-ci ildə – “İstiqlal” ordeni
2018-ci ildə – “Şərəf” ordeni
2025-ci ildə – Prezidentin təqdim etdiyi Heydər Əliyev Mükafatı
Onun hər bir təltifi bir əsərin, bir ömrün təntənəsi idi.
Səda Susdu, Ruh Qaldı – Ustada Sonsuz Hörmətlə
Arif Babayev 2025-ci ilin iyul ayında səhhətində yaranan ciddi problemlərlə xəstəxanaya yerləşdirildi. Onun müalicəsi əvvəlcə Qaxda, sonra isə Bakıda – Mərkəzi Klinik Xəstəxanada davam etdirildi. Bütün ölkə onun sağlamlığı ilə bağlı dualar edirdi. Amma bu gün səhər o böyük səs əbədiyyətə qərq oldu.
Onun itkisi təkcə sənət aləminin deyil, milli kimliyimizin itkisidir. Çünki Arif müəllim öz səsi ilə Qarabağ torpağının nəfəsini, Azərbaycanın könül tınısını oxuyurdu. O, bizim tariximiz, yaddaşımız, varlığımız idi.
Sənin səsin susdu, Arif müəllim…
Amma muğam sənin nəfəsinlə yaşamağa davam edəcək.
“Ədəbiyyat və İncəsənət” portalı adından ustadımızın yaxınlarına başsağlığı verir, xanəndəmizi dərin hüzn və rəhmətlə anırıq.
“Ədəbiyyat və incəsənət”
(02.08.2025)