Super User
BİRİ İKİSİNDƏ – Azər Fəraqi Urfan ədəbiyyatı barədə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Tribuna rubrikasıdır, tribunadakı Azər Fəraqidir. O, Urfan ədəbiyyatı barədə danışır.
Azər FƏRAQİ
ÜRFAN ƏDƏBİYYATI – İSLAMIN BUDAQ DİLİ
Bəşər sivilizasiyası həzrəti Nuhun zamanında baş vermiş böyük bir fəlakətdən sonra tənəzzülə uğrasa da, süqut etməmiş, həzrəti İbrahimin səylərilə başlayaraq yenidən yüksəlməyə davam etmişdir. İlahi elçilər, onların canişinləri, o cümlədən bütün müdrik insanlar həqiqətləri digər insanların həm fərdi, həm də bəşəri olaraq birgə təkamülünə zəmin yaratmaq üçün zamanın və məkanın tələblərinə uyğun bir üslub və yaşadıqları dövrün insanlarının qavraya biləcəkləri dil ilə anlatmışlar. Allahın son elçisi həzrəti Muhəmməd belə buyurub: “Biz, peyğəmbərlər qövmü,insanlar ilə öz dillərində danışarıq”. Bəzən yanlışlıqla yəhudiliyin ezoterik bir yönü olaraq təqdim edilən, əslində isə əsli bütün səmavi dinlərdən, həmçinin yəhudiliyin özündən də daha qədimə dayanan, ilk dəfə həzrəti İbrahimin sistemləşdirdiyi Kabala elminin insanlara xitab etdiyi dil də tamamilə rəmzlər və məcazlar ilə ehtiva edilmişdir.
Kabala, beş duyğu üzvləri vasitəsi ilə qavranan maddi reallığın əsl mahiyyəti olan mənəvi gerçəkliyin metodiki idrakı elmidir. İnsan ağlı maddi reallığı üç parametrdə qəbul edə bilir: məkan, zaman və hərəkət.
Maddi aləmdə mövcud olan hər bir nəsnə və baş verən hər bir hərəkət materiyanın bətnində, caizi-təbir ilə desək, üst ruhani aləmdə var olan substansiyaların və işləyən qüvvələrin inikasıdır. Bu səbəb – nəticə münasibətlərinin təbiətdə bir ağacın kökləri və budaqları arasında olan əlaqələr ilə bənzərliyinə binaən Kabalistlər özlərinə "Budaq dili" adlandırılan xüsusi bir dil təyin etmişdilər. Ruhani aləmdəki bir obyekt, yəni "kök" maddi aləmdəki təzahürü olan obyektin, yəni "budağın" ismi ilə adlandırılır. Beləliklə, ruhani aləmi bəşəri kəlmələrlə ifadə etmək mümkün olur. Qədim kabalistik mətnlər məhz bu dildə tərtib edilmişdir. Bu dili bilməyən şəxslər həmin mətnləri oxuyarkən dünyəvi bir hekayədən fərqli bir məfhum anlaya bilməzlər.
İslam mədəniyyətində isə bu ənənə daha çox ədəbiyyat sahəsində, nəzm və ya nəzmli nəsr sayəsində yaşamışdır. Sufilər, həmçinin digər arif mütəfəkkir alimlər, şairlər insanlara çatdırmaq istədikləri ürfani bilgiləri və ya başqa ariflərə nəsildən-nəslə ötürmək istədikləri həqqani sirləri məhz bəhs etdiyim rəmzlər, ədəbi istilahlar ilə dilə gətirmişdirlər. Beləliklə, ürfan ədəbiyyatı adlandıra biləcəyimiz xüsusi bir dil formalaşmışdır.
Təsəvvüf ərbabı arasında təkcə ədəbi sahədə deyil, mürşid-mürid münasibətləri konsepsiyasında da təkamül məqamlarının, mənəviyyat hallarının ifadəsi üçün xüsusi ürfan istilahlarından istifadə edilmişdir. Ümumiyyətlə, bütün elmlərin özünəməxsus istilahlarının olmağı labüd və normaldır. Lakin həm Kabalanın, həm də ürfan ədəbiyyatının istifadə etdiyi kəlmələr, ifadələr istilah olmaqdan ziyadə, ayrıca bir dil adlandırılacaq qədər zəngindir. Nəzərdə tutulmuş mətləbi daha anlaşılan etmək üçün bir neçə nümunə qeyd etmək faydalıdır. Klassik ədəbi əsərlərdə tez -tez rast gəlinən "cövr" və "cəfa" kəlmələri orfoepik lüğətdə mənaları bir-birilə eyni olan sinonim kəlmələrdir. Lakin ürfan ədəbiyyatında bu iki kəlmə salikin, yəni mənəvi təkamül yolunda irəliləməyə çalışan şəxsin yaşaya biləcəyi iki fərqli ruhani halın ifadəsidir. Təsəvvüf sistemində salik insan ruhunun mütləq həqiqətə doğru yüksəlməsi prosesi olan ürucdan saxlanılması ilə yaşadığı hala "cövr", qəlbinin ruhani mənəvi həqiqətlərdən pərdələnməsinə isə "cəfa" deyilir.
Tarixən ürfan və təsəvvüfün beşiyi olmuş Azərbaycan mədəniyyətinin yetirdiyi bir çox ariflər – Məhəmməd Füzuli, Seyyid Əzim Şirvani və bu silsilənin ləyaqətli davamçılarının yaradıcılıqları başdan-başa ürfan ədəbiyyatıdır.
Seyyid Əzim Şirvani Məhəmməd Füzulinin
"Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,
Namaz əhlinə uyma, onlar ilə durma, oturma"
– beyti ilə başlayan qəzəlinə yazdığı
"Könül, ta var əlində cami-mey, səbhəşümar olma,
Riyayi-xəlqdir, billah, nəmaz əhlinə yar olma".
– beyti ilə başlayan nəzirəsinin məqtə beytində özünün timsalında oxuculara və dinləyənlərə xitabən tənbeh ilə belə buyurur:
"Rümuzi-şerimin dərk etmədən mənasını, Seyyid,
Gedib meyxanələrdə laübali meyküsar olma".
Ürfan ədəbiyyatına aid əsərləri təhqiq və təhlil edərkən və yaxud bu ədəbi üslub ilə bir əsər yazarkən Seyyid Əzimin təbiri ilə desək, "rümuzi-şerin" mənasını dərk etmək, ürfani istilahların mənalarına bələd olmaq zəruridir. Ürfan ədəbiyyatını fəhm etmədən bu üslubda yazılmış bir ədəbi əsəri oxuyan, dinləyən şəxslər dünyəvi hisslərdən fərqli bir təəssür duya bilməzlər. Bundan əlavə, ürfan ədəbiyyatına aid bir əsər təhqiq və təhlil edilərkən əsərin müəllifinin şəxsiyyətinin də göz önündə tutulmağı mühümdür. Çünki deyilən sözün hikməti ilə sözü söyləyənin şəxsiyyəti bir-birinin qarşılıqlı göstəriciləridir.
“Nə qədr var təbəqati-məani şerimdə,
Fəraqi, ol təbəqat üzrə başqa bir təbəqə”.
Əl-qərəz, ürfan ədəbiyyatı İslamın Budaq dilidir.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Livanda da Azərbaycan Evi açıldı
Livanı biz ən ermənipərəst ölkə kimi tanıyırıq. Uzun illərdir ki, “bizi sevməyənlərdən” yan gəzib dolanırdıq, amma indi olduqca düzgün siyasət həyata keçirilir. Bizə dost olmayan ölkələrlə münasibətləri istiləşdirir, bir sözlə, rəqiblərimizi neytrallaşdırmaq kursu götürürük.
Bu sahədə Diasporla İŞ üzrə Dövlət Komitəsinin fəaliyyəti olduqca qənaətbəxşdir.
Livanın Kavaşra bölgəsində Azərbaycan Evinin açılış mərasimi keçirilib. Tədbirdə bu ölkədə yaşayan türkmanlarla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, Akkar quberniyasının müftisi, Vəqflər şöbəsinin müdiri, millət vəkilləri, bələdiyyə sədrləri, şeyxlər, müəllim və şagirdlər iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Mərasimdən öncə Kavaşra kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Tədbir Azərbaycanın və Livanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Livanda Azərbaycan Evinin rəhbəri Xaled İsmayıl türkman icmasının fəaliyyəti və orada evin açılmasını zəruri edən səbəblərlə bağlı ətraflı məlumat verib: “Azərbaycan Evinin açılması türkmanların Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətini öyrənməsi üçün böyük fürsətdir. Bu imkanı bizə yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”,-deyə o bildirib.
Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Livanda Azərbaycan Evinin açılmasını iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türkman xalqının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib: “Bu günədək dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi açılıb. Bu evlərin açılması Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsidir. İnanıram ki, burada yaşayan türkmanlar Livandakı Azərbaycan Evinin xətti ilə iki ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verəcəklər”.
Təcrübə göstərir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənməsində Azərbaycan Evlərinin xidməti əvəzsizdir.
Kavaşra kəndində Azərbaycan Evinin açılış mərasimi münasibətilə 300 nəfərin iştirak etdiyi bədii tədbir də təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Başı papaq, əli silah, gözü düşmən tutanların hamısı…
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Dünən 8 May idi - cəmi beş il öncəyədək Şuşanın işğal günüydü, kədər günü, dərd günüydü. Bu gün qələbədən danışmaq bizi sıxmır, incitmir - tam tərsinə, 80 il öncənin 9 May qələbəsindən daha doğma, daha əziz və üstün 8 Noyabr - Zəfər Günümüz var!
9 May bizimçün – Azərbaycan xalqı üçün faşizm üzərində ümumbəşəri qələbənin günüdür. Bu tarix İkinci Dünya Müharibəsində azadlıq və ədalət adına savaşan xalqların birlik və həmrəylik simvoludur. Həmin birlikdə və tarixi qələbədə Azərbaycan xalqının imzası, əməyi, qızıl qanı və altun zəkası var. Bu gün qələbənin siyasi-ideoloji monopoliyadan çıxarılaraq, xalq yaddaşı və tarixi məsuliyyət müstəvisində yenidən dərk edilməsi zəruridir. İndi Parisdə yaxud Moskvada kimsə bizim haqqımızı dana bilər - ancaq bu nəyə yarar?- Biz bildiyimizi bilirik, tarix yazdığını yazıb, yazır, yazacaq və gələcəyin vicdanı fransızca yaxud bir başqa dildə oxunmayacaq - məhz ilahicə oxunacaq, anlaşılacaqdır.
Tarixin yükünü çiyninə alan xalq
Azərbaycan İkinci Dünya Müharibəsində çox - təkrar edirəm, çox böyük itkilər verib. Təsəvvür edin: o vaxtlar 3 milyon əhalisi olan respublikanın 600 mindən çox əli silah tutanı müharibəyə yollanıb. Bu həmin dönəmdə Azərbaycanın əhalisinin başı papaq, əli silah, dili söz, ayağı yer, gözü düşmən tutan vətəndaşlarının mütləq əksəriyyəti deməkdir! - Ən adi sayımla da başa düşmək olar ki, bu belədir; üstəlik, cəbhəyə göndərilənlərin tən yarısı geri dönməyib - ya həlak olub ya itkin düşüb… Geri dönənlərinsə bir qismi travmalı, yaralı və ömürlük yarımcan dönüb…
Bu rəqəmlər sadəcə statistik göstərici deyil, əlbəttə – necə deyərlər, bir xalqın varlıq savaşı, şərəf mücadiləsi və töhfə əzəmətidir.
Azərbaycanın hərb və elm cəbhəsində qəhrəmanlıqları
Azərbaycanın bir çox şanlı oğlunun haqqı tanınmasa sa, yenə 130-dan çox nümayəndəsi (o dönəmçün ən yüksək fəxri ad olan) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz orden-medallarla təltif olunub. Bir ayağı Hitlerin, bir ayağı Stalinin yanında, başları isə öz mənfur planlarında olan ermənilərə rütbə üstə rütbə, mükafat üstə mükafat verən Kreml, bizim bayraqdar qəhrəmanlarımızı (yumşaq desək) könülsüz-könülsüz görüb…
Polkovnik səviyyəli beş erməniyə marşal rütbəsi verən SSRİ hərbi-siyasi rəhbərliyi bizim marşal ləyaqətli və haqlı qəhrəmanlarımıza kor olub;
İsrafil Məmmədovun, Ziya Bünyadovun qəhrəman adı bir dəfə əllərindən alınıb, onlar yenidən qəhrəman adı qazanıb;
qanı və haqqı Ovanes Baqramyanın üzərində olan Həzi Aslanovun ikinci dəfə qəhrəmanlığı yalnız 90-cı illərdə rəsmiləşib,
Mixaylonun qəhrəmanlığı da çox gecikdirildi, “Leninqrad göyləri”nin qoruyucu mələyi Hüseynbala Əliyevin haqq etdiyi fəxri ad isə ümumiyyətcə verilməyib…
“Qəhrəman şəhər” adı əsirgənən qəhrəman Bakı təkcə döyüşçü yox, həm də şəfa verən bir şəhər idi – 1 milyondan artıq əsgər burada urvatlı müalicə alıb, şəfqət görüb - 1 milyondan artıq!
Elm cəbhəsində də Azərbaycan fədakarcasına addımlayıb: akademik Yusif Məmmədəliyevin yaratdığı yandırıcı maye sonradan “Molotov kokteyli” kimi tanınaraq düşmənin texnikalarına od vurdu. Məmmədəliyevin yüksək oktanlı uçaq yanacağı icadı isə (keçmiş) Sovet qırıcı-bombardımançı uçaqlarının alman uçaqlarından daha sürətli və manevr qabiliyyətli uçuşunu təmin edib.
Bakının zavodlarında “Katyuşa” raketləri istehsal olundu – bu da müharibənin gedişinə təsir edən strateji amillərdən idi.
Bakı buruqları – Qələbənin yanacaq ocağı
Qələbənin mühərriki – neft ilə çalışırdı. O mühərriki isə Azərbaycan işə salmışdı. Müharibə dönəmində SSRİ-də hasil edilən neftin 70 (!) faizindən çoxu, benzinin 80 (!) faizi, motor yağlarının 90 (!) faizi Azərbaycanın payına düşürdü! Cəbhə üçün bu, silah qədər dəyərli idi. Azərbaycanın “lend-liz” daşınmalarında körpü rolunu oynaması isə qələbənin logistik dayağını təmin edirdi.
Qələbə irsini təhqir edənlər və unudulmaz həqiqətlər
Ancaq təəssüf ki, beynəlxalq dəstəkli bəzi dairələr tarixdən dərs almaq əvəzinə onu təhrif etməyə çalışmaqda israrçıdır. İrəvanın mərkəzində faşist cəlladı, satqın, əli bizim də qanımıza batmış Qaregin Njdeyə abidə ucaldan Ermənistan, əslində, özünü faşist ideologiyasının davamçısı kimi təqdim etmiş olur. Nijdelik Paşinyanın dönəmində də davam edir. Bu, təkcə tarixə deyil, bütün bəşəri dəyərlərə, o cümlədən ümumi Qələbəyə qarşı sayğısızlıqdır. Ayrıca, Ermənistan post-sovet dönəmində faşizmin biləvasitə ocağına çevrildi - Qarabağın 30 illik işğalı son bulsa da, acı və ağır izlər qalmaqdadır.
Tarix unudulmur, əlbəttə. Əlbəttə, 2020-ci ilin payızında Azərbaycan xalqı faşizmin başqa bir forması na – Moskva dəstəkli erməni işğalçılığına qarşı öz tarixi Zəfərini qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günə işğal altında olan ərazilərimiz azad edildi. Bu Zəfər həm də o ideologiyanın iflası idi ki, uzun illərdir güc və zorakılıqla tarix yazmaq istəyirdi.
Şəhidlər ölmədi, Vətən bölünmədi!
Bəli,
9 May yalnız keçmişin xatırlanması yox, həm də gələcəyə verilən barış, ədalət və dirəniş ismarıcıdır. Azərbaycanın İkinci Dünya Müharibəsindəki rolu təkcə keçmişə aid deyil – bu, şərəfli bir örnək, qürur qaynağı və unudulmaz dərsdir. Qələbəyə gedən yol hər zaman haqqın, əməlin və zəkanın yolu olub – o yolda Azərbaycan xalqı həmişə olub, bu gün də var, sabah da olacaq. Çuvaşlar demiş: Epir pulna, pur, pulatpar (Epir pulnă, pur, pulatpăr)!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
“Kitab karvanı" yenə Ağdamdan keçdi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
May ayının yaz təravəti və günəşli sabahı Ağdam Dövlət Sosial-İqtisadi Kollecində xüsusi bir əhval-ruhiyyə ilə qarşılanıb. Bu gün kollecin foyesində təşkil olunan möhtəşəm kitab sərgisi bir düşüncə bayramı, bir mənəviyyat çağırışı idi.
Sərgi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuşdu. Bu mənalı təşəbbüs xatirə borcunu yerinə yetirmək yanaşı, həm də gələcək nəsillərə mütaliənin, maarifin, milli kimliyin nə qədər vacib olduğunu xatırlatmaq məqsədi daşıyırdı.
Sərgidə nümayiş etdirilən kitablar zəngin və rəngarəng seçimlə diqqət çəkirdi. Masaların üzərindəki səliqə ilə düzülmüş kitab sıraları bir möcüzələr aləmini xatırladırdı. Dünya klassiklərindən Lev Tolstoyun "Hərb və Sülh" əsəri, Viktor Hüqonun "Səfillər"i, Fyodor Dostoyevskinin "Cinayət və Cəza"sı kimi nəhənglərdən tutmuş, müasir psixologiya və inkişaf kitablarınadək geniş bir spektr əhatə olunmuşdu. Sərgi ədəbiyyatsevərlərin, eləcə də tarixi, fəlsəfəni, siyasəti, elmi sevənlərin də maraq dairəsinə uyğun kitablarla zəngin idi.
Sərginin diqqətçəkən guşələrindən biri isə "Heydər Əliyev – 102 il" başlıqlı stend idi. Burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablar, fotoalbomlar və bioqrafik nəşrlər yer almışdı. Bu guşə Heydər Əliyev irsinin nə qədər zəngin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirirdi. Onun müdrik siyasəti, xalqına bağlılığı və təhsilə verdiyi önəm sərginin ümumi ruhuna da təsir etmişdi.
Sərgi kollecin müəllim və tələbələri tərəfindən böyük maraqla qarşılandı. Tələbələr sərgidəki kitablarla tanış olur, bəzi bölmələrə nəzər salır, müəllimlərlə müzakirələr aparırdılar. Bu cür tədbirlər gənc nəsildə oxu vərdişinin formalaşmasına, estetik zövqün və mənəvi dünyagörüşün inkişafına əvəzsiz töhfə verir.
Bu sərgi bir daha sübut etdi ki, kitab olan yerdə işıq var, maarif var, gələcək var. Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin bu təşəbbüsü təkcə Ulu Öndərin xatirəsinə ehtiram deyil, həm də onun ideyalarının bu gün də yaşadığını göstərən canlı nümunədir.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
ZEYNƏB XANLAROVA: “Deyirdi ki, “səninlə söhbətdən zövq alıram…”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sabah unudulmaz şəxsiyyət, dahi siyasətçi, uzun illər Azərbaycana rəhbərlik edən, ulu öndər Heydər Əliyevin 102 illiyidir. Bu ərəfədə sizə Heydər Əliyev ideyalarına bu gün də sadiq qalan, onun siyasətini xalq arasında dəstəkləyən insanlar haqqında məlumat vermək istəyirəm. Bu dəfə sizə onlardan növbəti biri barədə danışmağa səy göstərəcəm...
O, 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. O, qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında sənədli televiziya filmi çəkilib. Bir neçə çağırış Milli Məclisin deputatı olub. Xidmətlərinə görə “Xalqlar Dostluğu”, “Şərəf”, “Şöhrət”, “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif olunub. Prezidentin fərdi təqaüdünü alır...
Deyir ki:- “Heydər Əliyevlə hər görüşümüz bir hadisə idi, duzlu zarafatlar edərdi. Mənim səmimiliyimi, açıq danışmağımı çox sevirdi. Deyirdi ki, “səninlə söhbətdən zövq alıram, istirahət edirəm. Hamı ilə rəsmi olsam da, sənsə tamam başqasan. Sən necəsənsə, eləsən, özünsən. Ona görə də sənin xətrini çox istəyirəm. Sən mənə çox doğmasan, əzizsən”. Həmişə ona deyirdim ki, sizə dağlar qədər ömür arzulayıram. “Nə üçün dağlar qədər? De, günəş qədər” deyə cavab verərdi. Mənsə həmişə deyirdim: “Ona görə dağlar qədər deyirəm ki, dağlar həmişə yaşayır, zirvədə olur. Günəş isə sönür, sonra yanır. Siz isə həmişə sönməzsiniz. Odur ki, Sizi ancaq dağa bənzədirəm”. Heyf, mənim əziz Heydər Əliyevim bu gün aramızda yoxdur. Biz sözün əsl mənasında atasız qalmışıq!..”
Səsdə böyük qüdrət olduğunun hamımız şahidi olmuşuq. Səs adamı döyüşə qaldıra, kövrəldə, ağlada da bilir. Bu ilahi möcüzənin sehrinə düşdünsə, ruhun pərvazlanıb göylərdə süzəcək. Bəli, SƏSin ucaltdığı ifaçılar, müğənnilər çox olub. Kim deyir, mərdlik kişilərə xasdır, kişilərə aiddir. Mərdlik dəyərdir, qadınlarda da olur…
“Unutmuşam neçənci il idi. O vaxt Heydər Əliyev Moskvada işləyirdi. Yay fəsli olduğundan şəhərdən kənar bağ evimdə dincəlirdim. Bir gün Mərkəzi Komitədən iki nəfər gəlib, mənim təcili olaraq Bakıya qayıtmağımı xahiş etdilər və dedilər ki, axşam saat 6-da Heydər Əliyev səninlə telefonla danışacaq. Şəhərə evə gəldim, özüm də çox həyəcanlı idim. Fikirləşirdim, görəsən, uzaq ölkədən nəyə görə mənə zəng vuracaq. Elə bu fikirlə oturub gözləyirdim ki, birdən telefon zəng çaldı. Ürəyim yerindən oynadı. Telefonda Zərifə xanımın səsi eşidildi. Allah ona qəni-qəni rəhmət etsin. Hal-əhval tutduqdan sonra dedi ki, indi qardaşın səninlə danışacaq. Bir də gördüm onun səsi eşidildi: “Zeynəb, necəsən? Eşitdim bağda kef edirsən. Anan necədir?”. Dedim: “Gecə-gündüz sizə dua edirik”. Dedi: “Mən bağı anana vermişəm. O, məni səndən çox istəyir”. Mən incidiyimi büruzə verdim. Dedi: “Yaxşı, özündən çıxma. Bilirsən, sənə niyə zəng etmişəm?”. Dedim ki, yox, bilmirəm. Dedi ki, “səni ürəkdən təbrik edirəm. Sənə mənim təqdimatımla SSRİ xalq artisti fəxri adı verilib. Rəşid Behbudov isə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb.”- söyləyir.
Gözəllik- Allahın bəndəsindən əsirgəmədiyi lütfdür- onda da var…
Kübarlıq- vücudu ruha təslim edən gücdür- onda da var…
Fikrini elə tərzdə ifadə edir ki, dilindən qopan kəlmələr sahibinə çata bilsin. Buna ancaq nadanlar ağız büzər. Ondan fərqli olaraq, kişi həmkarlarından biri isə müəllimlərin işdən sonra gedib mala çəkib pul qazanmasını, divar hörməsini tövsiyə edirdi. Bu qadının mərdliyi, o da kişinin…
Deyir ki:- “Vəzifədən kənarlaşdırılmışdı, infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Mən və radionun diktoru olan rəfiqəm Məhəbbət onun yanına xəstəxanaya getdik. Darvazada bir kişi Ərəbzəngi kimi yolumuzu kəsmişdi. Heç kimi içəri buraxmırdı. Qışqır-bağır saldıq, yenə də buraxmadı. Mən istəmirdim öz titullarımı bir-bir sadalayım onun üçün. Birdən cin vurdu başıma, onu yandırmaq üçün dedim: “Mən SSRİ xalq artistiyəm, Dövlət mükafatları laureatıyam”. Dedi: “Xvatit”, yəni “bəsdir”, mən sizi buraxaram”. Üzünə baxmadan yüyürə-yüyürə qaçdım ulu öndərin yanına. İçəri girən kimi o, məni qucaqladı, gözləri yaşardı, köks ötürdü. Dedi: “Sən Azərbaycanda olan çox kişidən qeyrətlisən!”.
Çox adamlara əl tutub. Hələ sovet dönəmində, SSRİ ali sovetinin deputatı olanda şəxsən tanıdığım bir nəfəri ölüm cəzasından qurtarmışdı. Bəzilərindən fərqli olaraq, özünü reklam etmədən kimsəsizlərdən, şikəstlərdən heç vaxt köməyini əsirgəməyib. Ola bilsin ki, kimsənin haqqı özünə çatmayıb. Amma həmin haqq onda yox, arada itmiş olar...
Bir dəfə Naxçıvanda olanda mən Heydər Əliyevə zəng edib anadan olan gününü təbrik edərək dedim: “Böyük oğlan olasınız, bizim əzizimiz.” O da gülümsəyərək dedi ki, “böyük qızın yanında elə böyük oğlan olmaq daha yaxşıdır”.
“Bir dəfə yenə pərdə arxasına gəlib artistlərlə görüşəndə mənə dedi ki, sən burda hamıdan gözəlsən. Mən də 6 dəfə onun o üzündən, bu üzündən öpdüm və bütün artistlərə dedim, gedin siz də öpün. Onlar utanırdılar və ayrılanda onu bir-bir öpməyə başladılar. Çox böyük hörmət bəslədiyim general qardaşım Vaqif Axundov mənim qulağıma pıçıldadı ki, “siz öpdünüz bəs edir, çünki hər nəfəsi ona vermək olmaz”. Mən dedim: “İstəyirəm ki, onun üçün xoş olsun.”- söyləyir.
Əlbəttə ki, gözəldir. Bir əsrdən 12 il kəm yaşı var. Cavanlıq təravəti, qadın gözəlliyi hələ də boyuna biçilib, ona etibarlı qalıb, sədaqət göstərib. Kübardır, lazım bilmədiyi yerdə görünüb ucuz gündəmə qaçmaz. İctimai çəkini, nüfuzu, illərlə qazanılan şöhrəti qorumaq, qazanmaqdan daha çətindir…
Bəli, bu dəfə sizə Zeynəb Xanlarovadan danışıram. O, bu gün də Heydər Əliyev ideyalarına sədaqətlidir. Yadınızdadırsa, yeniyetmə çağlarımızda hər dəfə onun adı gələndə minlərlə həmyaşıdımız kimi, tələsik “sehirli qutunun” qarşısına yüyürürdük, sevə-sevə onun mahnılarını dinləyirdik. Ruhumuzun körpə, ac vaxtlarında, musiqi zövqümüzün formalaşmasında onun xidməti böyük olub...
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Yazmaq — ağrını kənara deyil, içinə çəkib bir az da sənlə barışmaqdır
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Məni heç kim itirmədi. Çünki heç kim mənə tam sahib olmadı. Sadəcə kənardan baxdılar — keçib gedən bir qatar kimi. Sürəti vardı, amma mənzilim deyildi. Mən isə perronda qalmaqdan başqa yol bilmədim. Həmişə bir az gözlədim, bir az ümid etdim, bir az da içimdə böyüyən boşluğa ad qoymağa çalışdım. Amma bacarmadım. Çünki bəzi hisslər ad istəmir, sadəcə yaşanmaq istəyir.
Susdum. Hər dəfə danışmağa cəhd edəndə içimdəki səslər daha yüksək qışqırdı. Və bu qışqırıqları susdurmaq üçün bir yol tapdım: yazmaq. Yazmaq — ağrını kənara deyil, içinə çəkib bir az da sənlə barışmaqdır. Mən barışmağa çalışdım, amma barışmaq heç vaxt bağışlamaq deyil. Mən sadəcə qəbul etdim: bəzi boşluqlar dolmaz, bəzi insanlar geri dönməz, bəzi sözlər heç vaxt deyilməz.
Mənə "niyə bu qədər dərinsən?" deyənlərə cavab verə bilmədim. Çünki mən dərindən gəlmişdim. Mənə "çox hiss edirsən" deyənlər bilmədi ki, hiss etməsəm yaşaya bilmərəm. Mən sevgi haqqında moizələr oxumadım, onu bir nəfərin gözündə axtardım. O isə baxıb görmədi, susub getdi. Bəlkə də qorxdu. Çünki mən hisslərdən ibarət idim, o isə hesablamalardan.
Bir gün o da başa düşəcək. Amma gec olacaq. Hər şeyin bir qatar vaxtı var. Geciksən, keçər. Qayıdış isə ancaq yaddaşda mümkündür. Və yaddaş, bəzən insanın ən ağır yüklərindən biridir. Mən də daşıyıram. Səsini, baxışını, susqunluğunu. Amma səni yox. Çünki sən artıq bir hiss deyilsən, sən artıq bir yazısan. Bu yazının bir cümləsi, bir nöqtəsi, bir fəryadı...
Bu dünyada sağ qalmağın yolu ya hisslərini öldürmək, ya da onlara dil verməkdir. Mən ikinci yolu seçdim. Çünki mən sağ qalan deyil, yaşayan olmaq istədim. Az da olsa, qalan da olsa, yarım da olsa — həqiqi olmaq istədim.
Və sən, bu sətirləri oxuyursansa, bil ki, biz eyni xatirənin fərqli səsləriyik. Eyni pəncərədən baxıb, fərqli yollara çıxmış iki ruhuq. Sən də susursan. Mən də. Amma bu yazı — bizim qışqırığımızdır.
Susma. Yaz!!!
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
“Nə? Harada? Nə zaman?” intellektual oyunu Oğuzda
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz şəhərində yerləşən AFRA oteldə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Oğuz rayon İcra Hakimiyyətinin Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayon üzrə gənclər və idman sektorunun,Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının, Oğuz rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə gənclər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rayonumuzda keçirilən tədbirlərdən, Ümummilli liderin gənclərə qayğısından, onun xalqımıza miras qoyub getdiyi irsinin gənclər arasında təbliği və əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər və yarış iştirakçılarına uğurlar arzulayıblar.
Maraqlı keçən oyunda qalinlər müəyyən olunmuş və onlar kubok, diplom, hədiyyələrlə mükafatlandırılıblar.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Norveçdəki Azərbaycan icması ilə görüş keçirilib
Norveç Krallığının Oslo şəhərində fəaliyyət göstərən Azərbaycan Evində bu ölkədəki Azərbaycan icması ilə görüş keçirilib. Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Norveç üzrə koordinatoru, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təsisçisi və Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyev Oslo Azərbaycan Evinin və evin nəzdindəki həftəsonu məktəbinin fəaliyyəti barədə məlumat verib. Həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Arzu Rzayeva məktəbdə tədrisin səviyyəsindən və uşaqların dərslərə marağından danışıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev komitənin və onun nəzdindəki Azərbaycan Diasporuna Dəstək Fondunun layihələrindən bəhs edib.
“Prezident İlham Əliyevin tövsiyələri əsasında hər il dünyanın müxtəlif ölkələrində Azərbaycan Evləri və onların nəzdində həftəsonu məktəbləri açılır. Artıq 19 ölkədə 30 Azərbaycan Evi var və həmin evlər təkcə azərbaycanlılar üçün deyil, həm də bizə dost olan diasporlar üçün açıq müzakirə məkanıdır” - öz çıxışında bu fikirləri səsləndirən sədr müavini həmin evlərin və məktəblərin soydaşlarımızın şəbəkələşməsində böyük rola malik olduğunu da vurğulayıb.
Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əskər Nağıyev bildirib ki, Norveçdəki Azərbaycan icması çox fəaldır, ölkəmizlə bağlı həqiqətlərin yerli və beynəlxalq cəmiyyətə çatdırılmasında xüsusi rola malikdir.
Görüş fikir mübadiləsinin aparılması və soydaşlarımızın suallarının cavablandırılması ilə davam edib.
Daha sonra keçirilən seçkidə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Fariz Rzayev Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasına Norveç üzrə koordinator seçilib.
Qeyd edək ki, xaricdəki Azərbaycan Evləri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan Qarabağ məktəbləri, həmçinin 100-dən çox həftəsonu Azərbaycan məktəbi uğurla işləyir və yeni nəsil diaspor üçün mühüm platformaya çevrilib.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
TƏLƏBƏ YARADICILIĞI – Zərbab Hüseynovanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Tələbə Yaradıcılığı rubrikasından növbəti yazını təqdim edir.
Təhsil ocağı: Ağdam Sosial İqtisad Kolleci
Ad-soyad: Hüseynova Zərbab
İxtisas: Məktəbəqədər təhsil 2A
Mövzu: Dostluğun Sirri
Altıncı sinif şagirdi Elvin məktəbə hər zamankı kimi erkən gəlmişdi. O, dərsləri çox sevirdi, amma bu gün nədənsə narahat idi. Dostu Murad dünəndən bəri dərsə gəlmirdi və onun telefonuna da zəng çatmırdı. Elvinin içində pis bir hiss vardı.
Tənəffüsdə müəllim sinfə girib dedi:
— Uşaqlar, Murad bu gün də gəlməyəcək. Ailəsi bir az narahatdır, deyəsən, o heç evə də qayıtmayıb...
Elvinin ürəyi sıxıldı. “Murad evə getməyibsə, bəs haradadır?” deyə düşündü. O qərara gəldi ki, nə olursa-olsun, dostunu tapmalıdır.
Dərsdən sonra birbaşa məktəbin kitabxanasına getdi. Muradın ən çox sevdiyi yer bura idi — tarixi, mifik, fantastik kitabları çox oxuyardı.
Elvin masa arxasına keçib ətrafı gözdən keçirdi. Birdən kitablar arasında Muradın dəftərini gördü. Dəftəri açanda içində tələsik yazılmış bir vərəq tapdı:
"Əgər kimsə bu qeydi tapırsa, bilin ki, mən məktəbin köhnə zirzəmisinə gedirəm. Orada qəribə səslər eşitmişəm. Məncə, kiminsə köməyə ehtiyacı var."
Elvinin ürəyi sürətlə döyünməyə başladı. Zirzəmi illərdir bağlı idi, amma o, tərəddüd etmədi. Cibinə bir fənər qoydu və məktəbin arxa hissəsinə keçdi. Köhnə qapı azca açıq idi. Elvin nəfəsini içində tutaraq içəri girdi. Pillələrlə aşağı düşdü, fənəri yandırdı və addım-addım irəlilədi.
Birdən bir səs eşitdi:
— "Elvin?!"
— "Murad?!" — Elvin fənəri səs gələn yerə tutdu. Orada, divarın kənarında oturmuş Muradı gördü. O bir az qorxmuş, toz içində idi.
Elvin qaçıb dostunu qucaqladı:
— “Nə olub sənə? Burada nə işin var?”
Murad cavab verdi:
— “Buraya gəlmişdim, amma qapı birdən bağlandı. Buradan çıxa bilmədim. Amma sənə bir şey göstərməliyəm!”
Onlar divarın küncündəki çatlaqdan içəri keçdilər. Bu, gizli bir otaq idi. İçəridə köhnə məktəb şəkilləri, qədim kitablar və üzərində “1945 – Məktəbin Sirri” yazılmış bir qutu vardı.
Elvin qutunu açdı. İçində köhnə məktəb planı və bir məktub var idi:
"Bu məktəbin altında bir zamanlar gizli bir otaqda tələbələr bir-birinə kömək etməyi, dürüst olmağı və dostluğu qorumağı öyrənərdi. Bu sirri yalnız əsl dostlar tapa bilər."
Muradla Elvin bir-birinə baxıb güldülər. Onlar bu sirri öz aralarında saxladılar. Çünki bu sadəcə bir sirr deyildi — əsl dostluğun simvolu idi.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)
Gəncə Filarmoniyasında Samir Cəfərov rüzgarı əsəcək
Bu gün - mayın 9-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş bir musiqi tədbiri - Xalq artisti Samir Cəfərovun "Sən elə bir zirvəsən" adlı solo konserti baş tutacaq.
Konsertdə Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi əsərləri səsləndiriləcək.
Xalq artisti “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Sənə də qalmaz”, “Sevgili canan”, “Azərbaycan” və digər mahnılarla çıxış edəcək.
Konsert saat 19.00-da başlayacaq.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)


