Soyuq divarların içində yaşayıb ölmək - ESSE Featured

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzi divarlar soyuqdur. Onu isidəcək nə bir alov, nə də bir insan nəfəsi qalıb. Onu heç nə isidə bilməz. Çünki təməlində heç bir daş günəş görmədi. Nə bir işıq, nə də bir isti əl ona toxunmadı. Hər yer soyuq, hər tərəf qaranlıq idi. Divarın üstü rənglənsə belə, içində nə bir istilik, nə də bir işıq göründü. O divarlara heç vaxt sevgi dolu bir xatirə, bir həyat izi yazılmadı.

 

Hər hekayə soyuq, hər oyanış bir zülmət idi. Sanki hər gün bir qaranlığa açılıb, bir qaranlıqda yox olurdu. Hər şey tünd idi. Sarıya həsrət idi o divarlar. Çünki o divarlar sevginin nə olduğunu bilmirdi. Heç zaman nə onu görmüş, nə də hiss etmişdilər. Soyuq divarlara heç vaxt xoşbəxtlik qoxusu hopmamışdı. Orada sadəcə əzab vardı.

Sevgi bütün duyğuları özündə birləşdirə bilər, amma sevginin olmadığı yerdə təkcə bir duyğu qalır — əzab. İndi o divarlar sadəcə əzab çəkir. Onun kölgəsindəki hər şey susur, çünki sevgi çoxdan tərk edib onları. Sevgini görməyənlər heç vaxt sevgi verə bilmir. O duyğu heç vaxt onların içində yaşaya bilmir, çünki kökü belə olmur.

Sevgi bir toxumdur. Əkilmədiyi torpaqda heç vaxt yaşaya bilməz. Soyuq divarlarda var olub da yaşaya bilməyənlər kimi, sevgi də doğulmadığı yerdə ölməyə məhkumdur.

Bəziləri üçün həyat heç vaxt sarı olmur. Bəziləri həmişə soyuq divarların içində yaşayıb ölür. Və bu da bir gerçəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.