Vaqif Səmədoğlunun “Əlimi uzatdım sevincə sarı” şeiri və Orxan Fikrətoğlu Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam, "Ədəbiyyat və incəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük. Geniş izləyici auditoriyası olan və bəyənilən " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı heç vaxt unudulmayan, adı poeziyasevərlərin yaddaşına həkk olan mərhum şairimiz Fikrət Sadığın oğlu Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğludur.

 

-- Salam dəyərli Orxan bəy, xoş gördük. Nitqinizi ekranın bu tayından necə heyranlıqla dinlədiyimi xatırlayıram. Sözə olan sevginiz, sözə olan dəyəriniz bizə məlumdur.Qələminizin gücünə də bələdik, bu gün isə elə bu anın ovqatı üçün "Sevdiyin şeiri gəl mənə söylə" deyirik.

Buyurun, əziz Orxan bəy, söz Sizindir.

 

-- Salam, xoş gördük.

Əslində nəfəs alanda nəfəs aldığını düşünmürsən, yeriyərkən yeridiyini düşünmürsən. Əslində hər hansı bir şeirin də izahı yoxdur. "Niyə bu şeir? " sualının da, məncə, cavabı yoxdur. Sevdiyim şeirlər həddindən artıq çoxdur. Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Fikrət Sadıq və digərlərinin onlarla, yüzlərlə şeirləri var ki, çox bəyənirəm. Bəyəndiyim müəlliflərdən Qul Nəsimi, Dadaloğlu, Qaracaoğlan, Qayıqçı qul Mustafanın adlarını da çəkə bilərəm.

Rubrikanın şərtinə görə bir şeir seçsəm, Vaqif Səmədoğlu yaradıcılığından bu şeiri söyləyərəm, çünki indiki ovqatıma təndir. Mənim bu illərimin ovqatına uyğun Vaqif Səmədoğlunun bu şeirdə yaratdığı ovqatdır.

 

ƏLİMİ UZATDIM SEVİNCƏ SARI

 

Əlimi uzatdım

Sevincə sarı,

Gördüm, yox,

Arada kədər dayanıb.

Atamı səslədim,

Köməyə gəlsin,

Gördüm, yox,

Arada qəbir dayanıb.

Üz tutub gedirdim

Allaha tərəf,

Gördüm, yox,

Arada ömür dayanıb...

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.