Super User

Super User

Sevda Verdiyeva, Oğuz şəhəri, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Şuşa işğal olunanda mən heç dünyaya gəlməmişdim. Lakin kitablardan, verilişlərdən  öyrəndiklərimdən və gördüklərimdən, 44 günlük müharibə dövründə həsrətlə gözlədiyim və eştdiyim xəbərlərdən, şahidlərin, o cümlədən dəfələrlə orada olmuş atamın söylədiklərindən sonra Şuşa mənim üçün möcüzələr diyarına çevrildi.

 

Nədənsə “Şuşa” deyəndə ilk xəyalıma gələn şəffaf və bərq vuran şüşə olur. Düşünürəm ki, Şuşa qızıl üzüyün brilyant qaşıdır. Şairin dili ilə üzümü Şuşaya tutub demək istəyirəm:

 

Sən dağların başında mirvarisən, incisən,

Şəhərlər sırasında dünyada birincisən!

Gözəlliyin Tanrının qüdrətindən yaranmış,

Tanrı verən payından bütün cahan barınmış… (K.Kərimli)

 

Niyə “gözəlliyi Tanrının qüdrətindən yaranmış” Şuşa bizim üçün bu qədər onəmlidir? Bu suala Ümummilli liderimiz H.Əliyevin sözləri ilə cavab vermək istərdim. O deyirdi:” Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Şuşanın ab-havası, iqlimi tamam bambaşqadır. Şuşa dağlarının məğrurluğu, gül-çiçəyinin ətri, quşlarının nəğməsi, bulaqlarının zümzüməsi, şəlalələrinin şırıtlısı o qədər qeyri-adidir ki, onu olduğu kimi təsvir etmək mənim üçün çox çətindir. Loğman şəhəri idi Şuşa. Dərmansız, iynəsiz insanları müalicə edirdi, həyata qaytarırdı. Eşitdiyimə görə, keçmişdə dava-dərman təsir etməyən xəstələrə deyərmişlər ki: "Get, bir neçə gün Şuşada qal. Qoy Qarabağın havası səni sağaltsın.  Dünyada uca dağlar da çoxdur, dilbər guşələr də, gözəl şəhərlər də. Amma bizim üçün Şuşanın əvəzi yoxdur, yeganədir, təkdir, taleyimizə, bəxtimizə yazılan cah-cəlaldır.

XVIII əsrin birinci yarısında Pənahəli xan Cavanşir tərəfindən üç tərəfi sıldırım qayalarla, dərin uçurumlarla, dərələrlə əhatə olunan hündür, əlçatmaz bir yerdə  əsası qoyulan Şuşa qalası   Qarabağ xanlığının inzibati paytaxtına, siyasi mərkəzə çevrilmişdi. Şuşada idarəetmə və dövlətçilik ənənələri mövcud idi.

“Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət,   sənətkarlıq və ticarət mərkəzi kimi tanınan Şuşa nəinki Qafqazda, Yaxın Şərq ölkələrində də məşhur idi. Getdikcə daha da gözəlləşən bu şəhər Qafqazın dəbdəbəli şəhərlərindən sayılır və Qafqazın incisi hesab olunurdu. Zənginliyinə və ticarət əlaqəsinə görə Şuşa İrəvan, Tiflis, Gəncə, Bakı, Şamaxı, Naxçıvan kimi inkişaf etmiş şəhərlərlə bir sırada dayanırdı.

Şuşa təkcə özünün coğrafi gözəlliyi və siyasi mərkəz olması ilə deyil,   tarixi və mənəvi irsimizin nümunələrini özündə əks etdirməsi ilə də tarixi və mədəni əhəmiyyətə malikdir. Şuşa mədəniyyət paytaxtı – mədəniyyət beşiyidir. Burada Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələri yaşayaıb, yaratmışlar.

Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu və şərqlilərə məxsus memarlığı ilə seçilən,   mədəniyyətimizə , ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Q. Zakir, X. Natəvan, M.Nəvvab, N. Vəzirov, Ə.Haqverdiyev, Y. V. Çəmənzəminli, F. Köçərli, Ə. Ağaoğlu kimi şəxsiyyətlər bəxş edən Qarabağın dilbər guşəsi olan Şuşa, həqiqətən, özü boyda tarixi abidədir.

Azərbaycan musiqisinin banisi hesab olunan Üzeyir Hacıbəyov da uşaqlıq illərində bu şəhərdə yaşamışdır.   Üzeyir bəylə yanaşı, C.Qaryağdıoğlu, Bülbül, X. Şuşinski, Niyazi, R. Behbudov, F.Əmirov və S.Ələsgərov kimi korifeylər də Şuşada yazıb yaratmışlar. Bu şəxslərə və Azərbaycan mədəniyyətindəki yerinə görə məhz Şuşa “Qafqazın Konservatoriyası” adlanırdı.  Bu dilbər diyardan pərvazlanan şəxsiyyətlər o qədər çoxdur ki, hamısını xatırlaya bilmirəm.

Şuşanın gözəlliyi, füsunkarlığı, təbiəti və siyasi mərkəz rolunda olması bir çox fatehlərin diqqətini özünə cəlb etmişdir. “Şuşanı idarə edən Qarabağı idarə edər” fikiri də məhz buradan meydan gəlmişdir.

Tarixin müxtəlif dönəmlərində düşmənə təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da, bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. Lakin 1992-ci ildə  bu qədim şəhər səhlənkarlığın qurbanı oldu. Beləcə əsrlərdən bəri alınmaz qala kimi düşmən hücumlarına mətanətlə sinə gərən Şuşa həmişə təbiətinə, gur sulu bulaqlarına həsəd aparan ermənilərə əsir oldu.  28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı.

Şuşa düz 28 il talandı, vuran qoyuldu. Düz 28 il dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada  qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün də böynu bükük qaldı. Susa şuşalılarsız qaldı. Cıdır düzü namərdlərin tapdağı altına düşdü.  Düşmən gülləsindən “yaralanan”  Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma xalqına qayıdacağı günü gözlədilər.

Şuşa düşmən əsarətində də qəddini əymədi. Gözəl Şuşa özünün yeni növrağının başlayacağına inandı, səbir və həsrətlə onu xilas etməyə gələcək igid övladlarının yolunu gözlədi.

Azərbaycan xalqının da ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi.  Hamı inanırdı ki, doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül yenə öz gözəlliyi ilə onları valeh edəcək. Hər kəs bilir və başa düşürdü ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.(H.Əliyev)

Nəhayət, belə bir gün gəldi. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Şuşaya qələbə bayrağını cancdı. Həmin gün – noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri Azərbaycan xalqının bütün acılarını unutdurdu. Şuşa öz igid övladarının qəhrəmanlığı, canı və qanı bahasına azad oldu.

Bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər. Bu qələbə milli tarixiizin, qürürümuzun, mənliyimizin, mədəniyyət və incəsənətimizin, Qarabağın baş tacının xilas edilməsi demək idi. Bu, ordumuzun gücünün, xalqımızın birliyinin təzahürü idi. Şuşanın və digər işğal olunmuş ərazilərimizin azad olunması üçün həyatını qurban vermiş şəhidlərimizi, qazilərimizi və igid döyüşçülərimizi daim yad etmək və xatırlamaq hər birimizin borcudur. Bu borc isə heç nə ilə ödənilməz. 

Bu gün Şuşa   özünün yeni növrağını yaşayır, sevilir və gözəlləşir. Hazırda Şuşanın əvvəlki görkəminin özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli bərpa və quruculuq işləri aparılır. Artıq Şuşa yeni müstəqil, qüdrətli və qalib Azərbaycanın ictimai-siyasi, mədəniyyət və incəsənət mərkəzidir.

Üç nəfər həmkəndlimin də uğrunda şəhid olduğu Şuşa yenə qonaqlı- qaralıdır. Cıdır düzü yenə də igidlərin məskəninə çevrilir. Və mən buna çox sevinirəm.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

 

 

 

Cümə axşamı, 08 May 2025 12:00

Məni nə sevdilər, nə də unutdular - ESSE

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Dostum, məni nə sevdilər, nə də unutdular. Sadəcə görmədilər.

Əsgərlikdən əvvəl bir dəlixanada öyrəndim ki, ağıl, çox vaxt səssizliklə ölçülür. Dərdlərini danışanlara “dəli”, susanlara “ağıllı” dedilər. Amma heç kim düşünmədi ki, bəzən susmaq yıxılmamaq üçün tutduğun son ipdir. Mən susdum. Məhz həyatım boyu elə susdum ki, içimdə minlərlə fəryad boy atdı. Həyatımın hər dövrü üçün onlara adı qoydum. Birinə “Azadlıq”, birinə “Qəbul olunmaq”, birinə “O” dedim.

 

Ətrafımda insanlar vardı. Baxıb görməyən, danışıb anlamayan, toxunub hiss etməyənlər. Və bu cəmiyyətin adı vardı. Avtoritar sevgi rejimi. Sevdiyini deyə bilmədiyin, ağladığını gizlədiyin, güldüyünə görə təqdir, kədərləndiyinə görə tənbeh aldığın bir sistem. Stalin sağdır, sadəcə televizora çıxmır. O artıq hər evdə, hər münasibətdə, hər valideyndə yaşayır.

Məni “sakit uşaq” kimi tanıdılar. Halbuki içimdə qışqırırdım. Atam, babam dediki, "Oğul, kişi ağlamaz.” Sevgilimsə az qalsın davam edəcəkdi, “Duyğusal oğlan zəifdir.” Cəmiyyət dedi, "Əvvəl iş, sonra hiss.” Allah isə. Allah susdu, başa düşürsən? O, da məndən əlini üzdü. Yəqin o da qorxurdu. Çünki bu dövrdə Tanrını belə sorğuya çəkirdi insanlar. Yəqin mənim də elə olacağımdan qorxdu.

Aşiq oldum. Onu bir fizika qanunu kimi dərk etməyə çalışdım. Cazibə idi, eyni zamanda dağılma enerjisi. Döndü dedi “istəmirəm səni. Qəlbimdə də, yanımda da, ağlımda da". Mən isə içimdəki bütün fəlsəfəni unudub sadəcə “qal” dedim. Amma o getdi. Çünki sevgidə bir nəfər azad olanda, o biri məhkum olur.

Bəzən düşünürəm, mən əslində heç sağalmadım. Sadəcə “normal görünmək” üçün əlimdən gələni etdim. Daxilimdəki Harun o yaralı, dəlixana divarlarını içində daşıyan, gecələr Hacıbaba Hüseynovun təsniflərinə sığınıb düşünən Harun hələ də oradadır. Bəlkə də heç oradan çıxmayıb.

Və bu yazını da o yazır.

 Bilirsən? Biz bir az Nitşe, bir az Sartrıq. Dərinliyə getsək, biraz Fyodr, biraz da Müşfiqik. Mən bir az da nə oxudumsa, orda özümü axtardım. Mənə “çox dərinə gedirsəne həci” deyən dostum. Sən hələ bilsəydin ki, mən dərinə getmirəm, mən onsuz da oradayam. Orda hava yoxdur, amma həqiqət var. Orda səssizlik var, amma içində musiqi çalır. Eyyub Yaqubovla Alim Qasımov növbələşir. Bəzən Maykl da qonaq olur. Ruhum da oralarda yerdəki cəsədimdən daha çox yaşayır.

 Düşünürsən ki, bu boyda eşqdən moizə yazan adam niyə ayrılar? Çünki biz iki əsrin fərqli fəsilləriydik. O yaz idi, mən payız. O şübhə idi, mən ümid. O gülümsəyirdi. Mən o gülüşü başa düşəcək qədər çox yaşamışdım, amma ona layiq olmağa cəsarətim çatmırdı.

Sonra zaman keçdi. O getdi. Mən qaldım. Və bu rejimdə həyat mənə dedi: “Güclü ol.” Mən güclü olmadım. Mən yazdım. Çünki yazmaq, içində boğulan adamın son nəfəsidir.

İndi metroda gözləyirəm. Qatar gəlmir. Bir iki dostla söhbət edirik. Onlar mənə “həci” deyir. Amma mən bilmirəm Tanrı məni eşidir, ya da sadəcə müşahidə edir. Bildiyim tək şey budur. İnsan sevdikcə itirir, itirdikcə yazır, yazdıqca sağ qalır.

 Məni tanımayın. Amma yazdığım cümlədə özünüzü tanıyırsınızsa bilin ki, biz eyni düşərgədə sağ qalmağa çalışan fərqli əsgərlərik. Bir az sevmiş, bir az itirmiş, bir az sağ qalmış, amma heç vaxt tam olmamış birindən.

 Siz indi rahat yatırsınız. Bilirəm. Çünki sizi qınamıram. İnsanlar qorxar. Sevgidən, məsuliyyətdən, hətta öz hisslərindən. Amma mən qorxmadım. Mən axıra qədər sevdim, axıra qədər qaldım. Qalmadığınız yerlərdə belə qaldım. Bilirəm, biri çıxıb deyəcək: “Harun da çox dərinə gedir, adamı ağırlaşdırır.” Hə, gedirəm. Çünki səthi su susuzluğumu yatırmır. Dərinlikdə nəfəs almaq çətindir, bəli. Amma orda yalnız gerçək olanlar qalır. 

Bu yazını oxuyursan. Gülümsəyirsən. Deyirsən, “maraqlı yazır, amma həddindən artıq emosionaldır.” Əslində isə, sən də hiss edirsən. Sadəcə etiraf etməyə qorxursan. Amma bir gün gələcək ki, sən də kiminləsə metroda vidalaşanda boğazında düyün hiss edəcəksən. Çünki artıq heç ən uzaq tanışınla belə danışa bilməyəcəksən. O zaman bu yazı sənin yazın olacaq.

 Qorxma. Mən çoxdan sən oldum, dostum.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə  təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. 

 

Əvvəlcə qonaqların iştirakı ilə dahi şəxsiyyətin Sumqayıta səfərlərini əks etdirən sərgiyə baxış olub. 

Sumqayıt Tarixi Muzeyinin əməkdaşı Sevinc Əmirovanın təqdimatı ilə sərgi maraqla izlənilib.

Dəyirmi masa ətrafında davam edən görüşdə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Moderator Hafiz Ataxanlı çıxış üçün qonaqlara söz verib. 

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Əli Kərim adına Poeziya klubunun direktoru İbrahim İlyaslı, Əməkdar rəssam Fazil Abbasquluzadə, şəhid atası, şair Zakir Zahir, digər ziyalılar Şahin Şəfiyev, Lilpar Cəmşidqızı, Mirzəcan Ağabalyev, Mənsurə Xələfbəyli, Polad İbrahimoğlu, Etibar Bənnayev və başqaları Ulu Öndərin həyat və fəaliyyətindən, ədəbiyyat və incəsənət adamlarına olan diqqət və qayğısından, müstəqilliyin qorunub saxlanılması istiqamətindəki əvəzsiz xidmətlərindən danışıblar, böyük dühaya həsr etdikləri şeirlərini səsləndiriblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

Cümə axşamı, 08 May 2025 12:28

Cəmo bəyin “SEVGİLİ AZƏRBAYCAN”ı

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas alim Asif Rüstəmlinin “Cəmo bəyin “Sevgili Azərbaycan”ı” məqaləsini təqdim edir.

 

Cəmo Bəyin “Sevgili Azərbaycan” şeiri onun çağdaş himnimizin mətninə çevrilmiş “Azərbaycan Marşı” (“Vətən marşı”) deyil, amma eyni mövzuda və eyni ruhda yazılmış, vətənpərvərlik duyğusunun coşub çağladığı misraların, bəndlərin müəllifi – “Cəmo Bəy” sözü abreviatura anlamını da əks etdirmir. O, imperiya zamanında “Tiryakilər” məzhəkəsinin, Cümhuriyyət dönəmində “Tarixi-təbii” kitabının, Sovet dövründə çoxsaylı “Hekayələr” toplularının, lirik və satirik şeirlərin müəllifi, əməkdar müəllim, pedaqoji elmlər namizədi Cəbrayılbəylinin əsl, həqiqi adıdır.

 

 “Cəmo Bəy” imzasının yanlış olaraq abreviatura hesab edərək yozmalara əl atanlar nə qədər bəlağətli, pafoslu cümlələrə, fantaziyalara üstünlük versələr də bütün bu hipnozvari parıltı və gurultular tək bir mötəbər faktı əvəz edə bilməz! Və nə edək ki, 1915-1922-ci illərdə onlarla şeirin, hekayənin, məqalənin, məktubun imza yerində yazılmış “Cəmo Bəy” – bugünkü dövlət himnimizin sözlərinin müəllifi Cəbrayilbəylinin adıdır. 

Cəmo Bəy Cəbrayılbəyli 1965-ci il iyul ayının 30-da, Şamaxının Çuxuryurd qəsəbəsində, 78 yaşında ürək xəstəliyindən vəfat etmiş, Şamaxıdakı məşhur “Yeddi günbəz” qəbiristanlığında, böyük satirik şair, yaxın dostu Mirzə Ələkbər Sabirin məqbərəsinin bir neçə metrliyində dəfn olunmuşdur. Bu il 30 iyulda görkəmli maarif xadimi, istedadlı şair, nasir və dramaturq Cəmo Bəy Cəbrayılbəylinin vəfatının 60 ili tamam olur...

Əbədiyyətə qovuşmasının 1 illiyi münasibətilə həyat yoldaşı Şəfiqə xanım Cəbrayılbəyli mərhum əri Cəmo Bəyin ədəbi-bədii əsərlərini nəşr etdirmək üçün bir yerə toplamağa başlamışdır.

O, yaxın qohumu Gülsüm Əfəndizadəyə müraciət edərək Cəmo bəyin “Vətənim” şeirini yazıb ona göndərməyi xahiş etmişdir. Gülsüm xanımın (özünün də qeyd etdiyi kimi-A.R.) xəstəliyi bu işdə ləngliyə səbəb olsa da Cəmo Bəy Cəbrayılbəylinin “Vətənim” şeirinin “yadında qalan” mətnini ərəb qrafikası ilə yazır və bəzi qeydlərlə Şəfiqə xanıma göndərir:

 

“VƏTƏNİM

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın vətəni!

Səndən ötrü qan tökməgə cümlə hazırıq.

Səndən ötrü can verməgə hamu hazırıq.

Al rəngli bayrağınla məsud yaşa.

Minlərcə can qurban oldı,

Sinən hərbə meydan oldı,

Hüququn dərk edən əfrad,

Hərə bir pəhlivan oldı.

Sən olasan gülüstan,

Sənə hər dəm can qurban.

Sənə bir çox məhəbbət,

Sinəmdə dutmuş məkan.

Namusuvi hifz etməgə,

Toprağuvi bəsləməgə,

Cümlə gənclər möhtacdır.

Azərbaycan, Azərbaycan!

Şanlı vətən...”

 

Bu şeirin 20 ildən sonra mübahisələrə səbəb olacağını öncə duyan  Gülsüm xanım şeirin müəllifi məsələsinə aydınlıq da gətirir: “Müəllifi - əzizimiz, çox hörmətə layiq və malik, mərhum Cəmo bəy Cəbrayılzadədir. Yazılıbdır 1918-minci sənədə, Bakı şəhərində.”

Şəfiqə xanıma ünvanladığı həmin vərəqin arxasında isə Gülsüm xanım yazıb: “Mehriban, əziz və dərin ehtiramlı bacı, Şəfiqə səlam!

 Xəstəxanada (Mərdəkan) bir neçə gün həkim məni yataqda saxladı. Sizə, çox əzizimizə, xatirələrimizdə həmişə hörmətlə qalan mərhum Cəmo dayının mənim yadımda qalan “Vətənim” adlı şeirini Sizə yadigar olaraq göndərirəm. 

Adil (Cəmo oğlu Cəbrayılbəyli-A.R.) balanın sağ və səlamət qayıtması (Adil Cəmo oğlu 1967-ci ildə Zaqatalada baş həkim vəzifəsində işləyirdi-A.R.) habelə bütün ailələrinizlə səlamət və xoşbəxt olmağınız 1-minci arzumdur.

Qohum və dostlara səmimi səlamlarımı yetirməgi Sizdən xahiş edirəm.

 Çox hörmətlə, Sizin: Gülsüm x-m. 6.VII.67. Mərdəkan”

Gülsüm xanımın Şəfiqə xanım Cəbrayılbəyliyə göndərdiyi Cəmo bəyin “Vətənim” şeiri bəzi dəyişiklik istisna olunmaqla indiki Himnimizin mətni ilə eynidir. 

Sovet rejiminin kifayət qədər güclü olduğu 1967-ci ildə uzun illər yaddaşda  yaşadılan sonra ilk dəfə kağıza köçürülən “Cəmo bəy Cəbrayılzadə”nin  “Vətənim” əsərini fakt hesab etməyən “qramofon”lara əlavə sözüm yoxdur (Bu yerdə Cəmo Bəyin “Qramofon” məzhəkəsi yada düşür). 

Şəfiqə xanım Cəbrayılbəyli həyat yoldaşı Cəmo Bəyin 100-dən çox lirik və satirik şeirlərini, hekayə və xatirələrini toplasa da nəşrinə nail ola bilməmişdir. Həmin qaynaqdan Cəmo Bəyin “Sevgili Azərbaycan” şeirinin ərəb qrafikalı  əlyazma nüsxəsindən transliterasiya edərək bir neçə bəndi ilk dəfə oxuculara təqdim edirəm:

 

SEVGİLİ AZƏRBAYCAN

 

Yaşa ey şanlı vətən, sevgili Azərbaycan,

Dostla dostluqla yaşa, el gülü Azərbaycan!

 

Qara neftin qara düşmənlərinə odlu zəfər,

Ucalan dağların azğınlara qüdrətli sipər,

Afatın da polatdır ona batmaz xəncər,

Doğru tut süngülərin, süngülü Azərbaycan,

Yaşa atəşli vətən, sevgili Azərbaycan!

 

Yaşa Babəklər eli, parla Cavanşirlər eli,

Yaşa azad vətən, gurla igidlər qəzəli,

Qoç Koroğlu kimilər əzmlə qoymuş təməli,

Düşmənin çax gözünə od mili Azərbaycan,

Dostla dostluqla yaşa, el gülü Azərbaycan!

 

Möhtəşəm özülünü qoydu müqəddəs əllər,

Ulu dahilər əlilə yaranıb dost ellər,

Baqi hümmətlə yaşa dostlar ilə min illər,

Solmasın çöllərinin sünbülü, Azərbaycan!

Yaşa namuslu vətən, sevgili Azərbaycan!

 

Qeyd: 6 bəndlik şeirin yalnız 3 bəndi təqdim edilir və ilk dəfə yayınlanır.  Cəmo Bəy Cəbrayılbəylinin bədii əsərlərinin nəşri nəzərdə tutulmuşdur. Təqdim edilən şeirləri ərəb qrafikalı əlyazmasından müasir əlifbaya çevirəni A.Rüstəmli.

                                                                                                 Bakı, 07.05.2025

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

7 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında şairə Aygün Bal ilə 177 nömrəli məktəbin şagirdlərinin görüş təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin birgə səsləndirilməsi ilə başlayıb. Daha sonra kitabxananın direktoru Şəhla Qəmbərova yazıçının uşaq ədəbiyyatına verdiyi töhfələr barədə məktəblilərə geniş məlumat verib.

Görüş zamanı Aygün Bal “Meşədə əlifba bayramı” adlı şeirlər kitabı haqqında ətraflı danışaraq əsərin məzmunu və yazılma məqsədi barədə fikirlərini bölüşüb. Kitabda müəllifin uşaqlar üçün qələmə aldığı mənzum poema və şeirlər toplanıb.

Səmimi atmosferdə keçən tədbir məktəblilərin şairənin şeirlərini böyük həvəs və sevinc hissi ilə səsləndirmələri ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxana İ.Əbilov adına Mədəniyyət Mərkəzi və “Müasir şairlər. Modern Poems” ədəbi layihənin iştirakçıları ilə birgə İ.Əbilov adına Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş “Yaddaşımıza həkk olunan əbədiyaşar qəhrəmanlar” musiqili-poetik tədbir keçirdi.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirin əvvəlində Böyük Vətən müharibəsində həlak olanların, Vətənimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açdı. O qeyd etdi ki, Böyük Vətən müharibəsi əbədi olaraq tariximizə həkk olundu və müharibədə həlak olan qəhrəmanlar, veteranlar yaddaşlarda daima yaşayacaq. L.Məmmədova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Böyük Vətən müharibəsi haqqında dediyi sözləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. O qeyd etdi ki, Ulu Öndərimiz Böyük Vətən müharibəsi veteranları ilə görüşərək demişdir: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir”.

Daha sonra o vurğuladı ki, Azərbaycan xalqı Böyük Vətən müharibəsində Qələbəyə böyük töhfə vermişdir. Böyük Vətən müharibəsinin ilk günlərində Azərbaycanın 40 mindən çox oğlu və qızı cəbhəyə göndərilmək üçün hərbi komissarlıqlara ərizə verdilər. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi və 15 min nəfərlik hava hücumundan müdafiə bölməsi təşkil edilmişdir. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycanın mərd oğul və qızlarının tarixi şücaətləri, qəhrəmanlıqları bu gün də yaddaşlardan silinmir. Müharibə illərində Azərbaycandan 127 nəfər SSRİ-nin ali mükafatı – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 170 min əsgər və zabit SSRİ-nin orden və medalları ilə təltif edilmişdir. Azərbaycanlılardan formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdilər. Müharibə illərində ümumilikdə 75 milyon ton neft hasil edilmişdir ki, bu da bütün Sovet neftinin ¾ hissəsini təşkil edirdi. 22 milyon ton benzin istehsal edilmişdir ki, bu da ümumittifaq benzininin 80 faizini, ümumittifaq neftinin 96 faizini təşkil edirdi. Azərbaycan Qələbəyə təkcə özünün əsas sərvəti olan nefti deyil, həm də ən qiymətli sərvəti olan 300 min igid oğul və qızının həyatını verdi.

Ədəbi-bədii tədbirdə “Müasir şairlər. Modern Poems” ədəbi layihənin rəhbəri, gənc şair Lalə Həsənova, layihənin iştirakçısı olan şairlər, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucuları Günatay Hüseynova, Aliyə Tağıyeva, Ziba Eyyubova (Rəsul), Nell Kyuri, Arzu Manaflı, Renat İlyazov, Zarema Manafova, Olqa Şalayeva, Maksim Yelizarov, Zaur Cəfərov, İlqar İbrahimov adına 167 №-li tam orta məktəbin şağirdləri Aytac Məmmədli, Əli Əzimzadə, Səxavət Əliyev, kitabxananın fəal oxucusu Nuray Hüseynova Böyük Vətən müharibəsinə həsr olunmuş şeirlər söylədilər.

Tədbirdə Səməd Vurğunun “Zəfər bayramı”, Lebedyev-Kumaçın «Священная война», Musa Cəlilin «Чулочки»,  K.Simonovun «Жди меня, и вернусь» və «Тот самый длинный день в году», A.Tvardovskinin  «Я знаю, никакой моей вины» və «Рассказ танкиста», G.İbrahimovanın “Olmasın müharibə”, L.Mətinin “Azad Vətən” və b. şairlərin, habelə “Müasir şairlər. Modern Poems” ədəbi layihə iştirakçılarının bir neçəsinin Böyük Vətən müharibəsi haqqında yazdıqları şeirlər səsləndirildi.

Ədəbi-musiqili tədbirdə Kamran Abdullayevin ifasında Azərbaycan və rus dillərində «День Победы» və «Sən ey uşaqlıq», Bakı Musiqi Akademiyasının magistri Leyli Əşrəfinin ifasında «Dayan zaman» və «Ey Vətən», Səbinə Qocayevanın ifasında «Журавли» və «Катюша», İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” Folklor Xalq Ansamblının müşaiyəti ilə (tarda Rövşən Abduləzizov, kamançada Nahid Məmmədov, nağarada Sabir Cabbarov) Esmira Yusiflinin və Xəqani Zeynalabdinovun ifalarında “El yolunda”, “Elə bəndəm”, “Mənim Azərbaycanım” mahnıları ifa olundu. Gənc müğənni Leyli Əşrəfini fortepianoda Respublika və Beynəlxalq müsabiqələr laureatı, bəstəkar, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmiralda Hüseynova müşaiyət etdi.

Yubiley tədbirində ziyalılar, şəhid ailələri, şair və yazıçılar, geniş ictimaiyyət nümayəndələri, fəal oxucular, kitabsevərlər iştirak etdilər.

Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş videoçarx nümayiş olundu.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

 

    

 

 

 

 

 

Ötən gün Azərbaycanın Xalq rəssamı, Əmək Qəhrəmanı, Azərbay-can  karikatura sənətinin banisi Əzim Əzimzadənin anadan olmasından 145 il ötdü.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında janr müxtəlifliyiincə rəng duyumuorijinallığı  milli koloriti ilə görkəmli rəssamın Azərbaycan rəssamlıq tarixinə qızıl hərflərlə yazılmış yaradıcılıq yolundan bəhs edən material hazırlanmışdır.

 

Materialda Əzim Əzimzadənin incəsənət və pedaqoji sahədə olan  fəaliyyəti,  “Molla Nəsrəddin”, “Tuti”, “Baraban”, “Zənbur”, “Kəlniyyət” kimi jurnallarda işləyərək ölkəmizdə satirik qrafika  karikatura janrının əsasını qoyması, “Varlı evində toy”, “Köhnə bakılılar” , “Qurban bayramı”, “Qız övladının dünyaya gəlişi” kimi rəsm əsərlərinin müəllifi olması haqqında məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda görkəmli rəssamın Azərbaycanda kitab qrafikası sənətinin yaranması və inkişafı istiqamətində gördüyü işlər haqqında məlumatlar, teatr tamaşaları üçün çəkdiyi geyim eskizləri və dekorasiyaların görüntüləri öz əksini tapır.  Materialda görkəmli rəssamın foto və video görüntüləri ilə yanaşı, dünyaca məşhur muzeylərdə sərgilənən rəsmlərdən nümunələr də təqdim edilir.

Xalq rəssamı Əzim Əzimzadənin 145 illik yubileyi münasibətilə hazırlanan material kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/ezim-ezimzade-145  yerləşdirilib.  

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 49 nömrəli "İntellekt" məktəb- liseyidir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Bağırzadə Elza Əliqulu qızı 1994-cü ildə Azərbaycan Texnologiya Universitetinin “Yeyinti məhsulları texnologiyası” fakültəsinə daxil olmuş, 1998-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Müəllimlər İnstitunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirmiş, Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi“ fakültəsində təhsilini davam etdirmişdir. 2001-2020-ci illərdə Bakı şəhəri Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi, 2020-2021- ci ildə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 2020-ci ilin sentyabr ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən müvəffəqiyyət qazanıb, 2021-ci ilin sentyabr ayından Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin oktyabr ayından isə Rəfail Hüseynov adına 49 № li "İntellekt" məktəb-liseyə direktor vəzifəsinə təyin olunmuşdur.

Amazonda dərc olunan “Vaxtın idarə edilməsi: məhsuldarlıq və uğur strategiyaları” adlı kitabın həmmüəllifidir. Bir çox yerlı və beynəlxalq təlimlərdə, eləcə də beynəlxalq təcrübə probramlarında uğurla iştirak edibdir.

 

ŞAGİRD:

Mən, Yusif Bəhruz oğlu Cəfərli 2010-cu ildə Azərbaycan Respublikasının Neftçala rayonunda anadan olmuşam. Hal-hazırda R.Hüseynovun adına 49  nömrəli "İntellekt" məktəb-liseyinin VIII sinif şagirdiyəm.

2024–2025-ci tədris ilində təşkil olunan Beynəlxalq Kosmik Olimpiadada iştirak etmişəm. Təhsil həyatımda elmi biliklərə maraq göstərir, müxtəlif fənn olimpiadalarında və layihələrdə fəal iştirak edirəm.

 

 

ESSE

“Rəqəmsal Dünya”

 

Müasir dövrdə texnologiya çox sürətlə inkişaf edir. Artıq həyatımızın bir hissəsi rəqəmsal dünyaya bağlıdır. Biz gündəlik işlərimizi, dərslərimizi və əyləncələrimizi internet və müxtəlif cihazlar vasitəsilə həyata keçiririk. Rəqəmsal dünya kompüterlər, telefonlar, internet və sosial şəbəkələrdən ibarət olan bir dünyadır.

Rəqəmsal dünyanın bizə çox faydası var. Məsələn, dərsləri onlayn şəkildə izləyə, maraqlı məlumatlar axtarıb tapa və dünyanın istənilən yerindəki insanlarla əlaqə saxlaya bilirik.

Rəqəmsal alətlər sayəsində məlumatlara daha tez çatırıq və bir çox işlərimizi daha asan və sürətli şəkildə görürük.

Həmçinin, rəqəmsal dünya bizə yeni imkanlar da yaradır. Artıq insanlar evdən çıxmadan alış-veriş edə, dostları ilə görüntülü danışa, filmlər izləyə və oyunlar oynaya bilirlər. Hətta bəzi işlər artıq tamamilə onlayn şəkildə görülür. Bu da vaxtımıza qənaət etməyə və daha rahat yaşamağa kömək edir.

Amma rəqəmsal dünyanın zərərli tərəfləri də var. Bəzən insanlar telefon və kompüter qarşısında çox vaxt keçirirlər. Bu isə həm sağlamlığa, həm də dərslərə mənfi təsir edə bilər. Eyni zamanda, internetdə yanlış məlumatlar və təhlükəli insanlar da ola bilər. Buna görə biz rəqəmsal aləmdə diqqətli olmalı və vaxtımızı düzgün idarə etməliyik.

Nəticə olaraq, rəqəmsal dünya həyatımızın vacib bir hissəsinə çevrilib. Onun faydalarından istifadə etməli, amma zərərlərindən qorunmaq üçün ağıllı davranmalıyıq. Texnologiyanı düzgün istifadə etməyi öyrənsək, gələcəkdə daha uğurlu və savadlı insanlar ola bilərik.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Yeni imzalar rubrikasında bu gün sizlərə Nahidə İsmayılın 3 essesi təqdim ediləcək.

 

SEVGİ TEOREMİ

Uşaq vaxtı xəyal qururdum ki, kaş, insanlar bir-birlərini nə qədər sevdiklərini görə bilsəydilər. Qarşıdakı insanın qəlbindəki sevginin nə qədər dərin olduğunu görə bilsəydilər. Onda nə kimsə “bacım məni sevmir”, “anam məni sevmir”, “axı niyə o məni sevmir” deyə ağlamazdı. Heç kəs üzülməz, heç kəs qırılmaz, heç kəs boşanmaz, heç kəs ayrılmazdı. Mənə görə əsas problem insanların bir-birlərini sevməməsi deyil, o sevginin qarşıdakına görünməməsi idi.

Böyüdükcə daha fərqli düşünməyə başladım. Deyəsən, insanın sevgisini göstərməyə də ehtiyacı vardı. Sevginin sübut edilmədiyi həyat çox sıxıcı olardı. Uşaq vaxtı düşündüyüm kimi insan qarşı tərəfin sevgisini görsəydi, “səni sevirəm” cümləsi dəyərsiz olacaqdı. Kiməsə gül almağa, qucaqlamağa ehtiyac yoxdur, çünki zatən içindəkiləri görür. Və o gül onun üçün heç nə sübut etmir.

Sonralar bir şeyi dəqiq başa düşdüm. İnsanın qarşı tərəfdəki sevgini ona göstərəcək gözə deyil, öz sevgisini başqasına göstərəcək gözə ehtiyacı var. Sevgisini bəlli edəcək dilə, üzə ehtiyacı var. İnsanın hər gün sevgisini sübut etməyə ehtiyacı var. Hər gün qucaqlamağa, hər gün o gözəl sözləri deməyə ehtiyacı var. Bir Yunan müdrikin dediyi kimi, sevgi elə bir teoremdir ki, onun hər gün sübut olunmağa ehtiyacı var.

 

ONLAR NİYƏ DAHA XOŞBƏXTDİRLƏR?

(“Balaca şəhzadə” haqqında qeydlər)

Uşaqlar niyə daha xoşbəxtdilər? Daha doğrusu elə görünürlər. Sadə cavabımız var: Məsuliyyətləri çox-çox azdı. Yəni sadəcə məsuliyyət insanın xoşbəxtliyi əlindən alır? Həqiqətən xoşbəxtlik səbəbləri bu qədər sadə ola bilməz axı. Axı onlar necə daha xoşbəxtdirlər? Necə daha çox və içdən gülə bilirlər? Necə bir oyuncaq, ya da şirniyyatla xoşbəxt ola bilirlər? Bəlkə əsas səbəbləri olduqları yerdə xoşbəxt olmağı bacarmaqlarıdı?

 “Olduğu yer heç kəsin xoşuna gəlmir.” Mən bu cümləni inkar edəcək insan axtardım. Tapa bilmədim. Burada yer dedikdə yəni sadəcə fiziki yeri deyil, bizdə var olan hər şey, içində olduğumuz həyat nəzərdə tutulur. Davamlı nəsə xəyal qurur, nəsə axtarırıq. Pisdirmi xəyal qurmaq? Pisdirmi axtarmaq? Xeyr, pis deyil. Sadəcə bəzən o xəyallar beynimizin mərkəzində oturur və olduğumuz yerdə yaşaya biləcəyimiz xoşbəxliyi əlimizdən alır. Çünki o bir xəyaldır. Ona görə o xəyalın içində yaşamağa başlayırıq. O fikir, o xəyal, o düşüncə ehtimal ki, ya geçmişdi ya da gələcək. Amma qətiyyən indi deyil.

Uşaqlarla fərqimiz elə burda başlayır. Onlar çox vaxt indidə olurlar və o “indi” də xoşbəxtliyi tapırlar. Zatən çox da düşünəcək keçmişləri yoxdu. Gələcək dərdləri də sadəcə “anam, atam ölməsin, ayrılmayaq”dır. Qalan vaxt indidədirlər. Ya biz?

Ən çox nə vaxt xoşbəxt oluruq? Məncə, insan ən böyük xoşbəxtliyi indidə yaşayır. Kimlə olsa da, harada olsa da “an” sadəcə insanın qəlbini gülümsədir. Bəlkə də, o “an” bir zaman dönmək istəyəcəyimiz keçmişimiz, ya da bir zamanlar xəyalı qurduğumuz, ya bəlkə də qorxduğumuz gələcəyimizdi...

 

HARDASAN, EY VƏFA?!

O, axtarırdı. Hər insanda, hər üzdə onu axtarırdı. İllərdi axtarırdı. Yox olmuşdu sanki. Görəsən insanlar ondan bezmişdi? Tapacaqdı. Çünki özü onu çox sevirdi. O, vəfa axtarırdı... Qeyb olmuş vəfalıları axtarırdı. Ya da orada durmuş, amma görünməyən vəfalıları.

Ən çox özündə tapdı vəfanı. Hər şeyə vəfalıydı. Nə idi vəfa? Bəlkə də, heç özü də bilmirdi. Çox gözəl bir duyğu idi. Amma tam olaraq nə idi? Bir insana onun üstünə keçən haqqını ödəməyə çalışmaqdımı? Yox, haqq ödəndikdə məsələ bitərdi. Amma vəfa əbədi hiss idi, bitə bilməzdi. Lüğətdə mənası “sözünün üstündə durma” yazılırdı. Axı vəfa verilən bir sözdə deyildi, axı vəfalı olmağa kimsə söz verə bilməzdi. O qəlbdən gəlməli idi.

Bəlkə vəfa qiymət vermək idi? Həm mənfi bir duyğu deyil, həm də yükümlülük vermirdi. Çünki insan qiymətini bildiklərinə vəfa göstərir. Ya da vəfa göstərdikləri qiymətli olur. Bəlkə, vəfa bir şeyin qiyməti idi? Bir əşyaya nə qədər vəfa göstərirsənsə o qədər dəyərli olurdu?

Bəlkə, bir insana nə qədər vəfalı insan varsa, o, bir o qədər qiymətli insandır?

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

 

Cümə axşamı, 08 May 2025 10:42

Culfada musiqili-sözlü tədbir keçirilib

Naxçıvan MR Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə Culfa Rayonu Mədəniyyət Sarayında Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Tərlan Musayevanın 70 illik yubileyi münasibəti ilə tədbir keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İB-dən verilən məlumata görə, tədbirdən öncə Culfa Şəhidlər Xiyabanı ziyarət olundu. Kəlağayı Ev Muzeyinin qədimi və müasir kəlağayılarından, müxtəlif növ papaqlardan, əl işlərindən, təşkilatın dəstəyi ilə işıq üzü görmüş kitablardan, quramaçı Aybəniz Camalovanın əl işlərindən ibarət sərgiyə baxış keçirildi.  Sərgi çox böyük maraqla qarşılandı. Sərgidə 100 ədəd kəlağayı göz oxşayırdı.

Tədbiri giriş sözü ilə Mədəniyyət Şöbəsinin müdiri Füzuli Hüseynli açdı, qonaqları salamladı, tədbir haqqında geniş məlumat verdi.

Şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla anıldı.

Söz Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlıya verildi. O, qeyd etdi ki, Ulu Öndərin anadan olmasının 102- cı ildönümü  münasibəti ilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum" kitabının işıq üzü görməsi Ulu Öndərin ruhuna töhfədir. 

Vaqif Osmanlının "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabı isə Tərlan xanımın keçdiyi çətin və şərəfli ömür yolundan bəhs edir. 

"Babamın papağı, nənəmin kəlağayısı" kitabı Güllü Eldar Tomarlı tərəfindən toplanıb və tərtib olunub. Bu kitab orta məktəb şagirdlərindən və tələbələrindən ibarət geniş auditoriya üçün nəzərdə tutulmuşdur.

Tədbirdə Vaqif Osmanlı, Tərlan Musayeva, Kırna Mədəniyyət Evinin direktoru Sona Əsgərova, şəhid bacısı, quramaçı Aybəniz Camalova, Anar İncəli çıxış etdilər. 

Maraqlı bədii hissə tamaşaçılar tərəfindən sevgilərlə, alqışlarla qarşılandı.

Sevinc Quliyevanın, Gülnar Məmmədəliyevanın, Sona Əlizadənin, Emil Vəliyevin,  Məzahir Gülməmmədovun,  Rəqsanə Qurbanovanın  Tərlan Musayeva və Güllü Eldar Tomarlı haqqında  hazırladıqları möhtəşəm kompozisiya maraqla izlənildi.

Sonda Güllü Eldar Tomarlı Naxçıvan MR Mədəniyyət Nazirliyinə, Mədəniyyət şöbəsinə, Culfa Mədəniyyət Sarayına  təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.