İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovetlər İttifaqı zamanında maraqlı işləri ilə ölkədə tanınan rejissor Firudin Səfərov 1977-ci ildə A. Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrına dəvət edildi. O, 60-a yaxın opera tamaşalarına, o cümlədən P. İ. Çaykovskinin "Qaratoxmaq qadın", "İolanta", Q. Donisettinin "Sevgi şərbəti", C. Verdinin "Traviata", "Riqoletto", "Trubadur", C. Rossininin "Sevilya bərbəri", S. Prokofyevin "Odlu mələk" və başqa tamaşalara maraqlı səhnə həlli verdi.
O, Özbəkistanda keçirilən kütləvi bayramların bədii rəhbəri və quruluşçu rejissoru oldu, yaradıcı adamlar sırasında Azərbaycanı ləyaqətlə təmsil etdi. Firudin Səfərov hətta ölkədən kənarda çalışdığı vaxtlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu", müasir türk bəstəkarı Nevit Kodallının "Van Qoq" və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun "Natəvan" operalarına quruluş verdi.
Sənətçinin peşəkar kadrların yetişdirilməsində də xidmətləri böyük idi. O, uzun illərdir ki, Daşkənd Dövlət Konservatoriyasının opera hazırlığı fakültəsində bu istiqamətdə səmərəli iş apardı. Bir çox gənc vokalçılar ilk yaradıcılıq addımlarını məhz ustad rejissorun köməyi ilə atdı, böyük səhnədə öz istedadlarını nümayiş etdirə bildilər.
Firudin Səfərov 2002-ci ildən Daşkənd Dövlət Konservatoriyasının professoru idi.
Bəli, bu gün qardaş özbək teatrına töhfələr vermiş bu tanınmış rejissorun doğum günüdür.
Azərbaycan Respublikasının xalq artisti Firudun Səfərov 1 avqust 1933-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında zərb alətləri üzrə təhsil alıb, 1953-cü ildən 1964-cü ilədək dahi dirijor maestro Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışıb. 1968-ci ildə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirib
1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan istedadlı sənətçi az bir zaman ərzində yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik olduğunu göstərə bilib. O, bir çox opera tamaşalarına quruluş verib, teatr aləmində bacarıqlı rejissor kimi nüfuz qazanıb. Respublikamızda keçirilən 40-a yaxın dövlət səviyyəli tədbirin hazırlanması Firudin Səfərova həvalə olunub.
1981-ci ildə A. Petrovun "Birinci Pyotr" operasının quruluşuna görə Özbəkistanın Dövlət mükafatına, 1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb.
26 iyul 2024-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)