Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin iştirakçıları ölkəmizdədir

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunan Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin iştirakçıları artıq Azərbaycandadır.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, dünyanın 61 ölkəsindən gələn 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi yad olunub,  abidəsi önünə əklil qoyulub.

Düşərgə iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin iştirakçılarıAzərbaycan xalqının böyük tarixi qələbəsinin rəmzi sayılan Zəfər abidəsini də ziyarət ediblər.

Gənclərə Azərbaycanın Konstitusiya və suverenlik dəyərləri, müstəqillik tarixi, Qarabağda qazanılan qələbə və bir sıra başqa mövzularla bağlı məlumat verilib. Bildirilib ki, ölkəmizin imicinin formalaşması və beynəlxalq nüfuzunun artırılmasında diaspor gənclərinin xüsusi rola malik olması onların doğru bilgiləndirilməsini zəruri edir.

Qeyd edək ki, avqustun 3-dən 9-na qədər Xankəndidə keçiriləcək Diaspor Gənclərinin VI Yay Düşərgəsinin proqramına faydalı və maraqlı panel iclasları, şəhid ailələri, diplomatlar, sənət adamları və idmançılarla görüşlər, müxtəlif mövzularda təlimlər, əyləncəli oyunlar, musiqili proqramlar, ekskursiyalar daxildir. Bu günə kimi diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində 5 yay düşərgəsi təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.