
Super User
“Ədəbiyyatın gözündə EŞQ” – Eşq həqiqətən varmı?
Zəhra Allahverdiyeva ,“Ədəbiyyat və incəsənət”
Eşq nədir?
Bu suala minlərlə bəlkə də, milyonlarla cavab tapmaq olar. Çünki hər kəsin eşq anlayışı fərqlidir.
İmam Əlinin (ə) nəzərincə eşqin növləri:
1. Mənasız eşq.
Bu nəfsani istəklərə qulluq edən bir eşqdir. Bu cür eşq zamanı İmam Əlinin (ə) buyurduğu kimi insanın dərki, düşüncəsi və kamal istəyi aradan gedər. Onu xəstə edər və psixoloji problemlər yaradar.
2. Mənalı eşq.
İnsanın kamala və xeyir işlərə çatmaq üçün hiss etdiyi şiddətli eşq və məhəbbətdir. Mərifət, dostluq kimi. Fəzilətli əxlaq kamalın cilvələrindəndir.
3. Mənalı eşqin ən üstünü.
Ariflərin dilində bu eşq həqiqi eşqdir. Bu eşqdə tək məşuq Allahdır. Bu kamalın ali səviyyəsidir. Bu eşq zamanı insanın bütün beyin və psixoloji qüvvələri çiçəklənər.
Eşq qəlbin dərinliyindəki bir hissdir. Eşq böyükdürsə, cürrətkarlığ vardır. Cürrət eşqi etirafdır. Eşqi etiraf cəsarətdir. Eşq bəzən etiraf olunmaz. Ya deyilməyə qorxular, ya da birtərəflidir. Deyilməyə qorxulan eşq 1 aylıq körpənin dil açmasına bənzəyir. Körpənin bioloji gücü yoxdu, aşiqin qəlb gücü yoxdu. Gərçi, ola bilər aşiq dünyalar qədər sevir , nə mənası məşuqə bilməyəndən sonra?
Bir tərəfli eşq platonik sevgi adlanır. Platonik sevgi iki cür ola bilər: 1) etiraf edilib rədd edilmiş ; 2) vəziyyəti əl verməmiş.
Rədd olunmaq necə də ağır gəlir qulağa deyilmi? 2024-də oğlanlar rədd edir, qızlar eşq dalıyca pərvanə olur. Qadınlar bağışlayandı, sevəndi, yolaverəndi. Ona görə də, bəzən oğlanlar xəyanətdən çəkinməz, çünkü zatən qadın bağışlayacaq. Qadın bağışlamaz, ya gedər, ya özü özünə zindan qurar. Bəziləri də sonunu bildiyi hadisəni gözləyər. Sevgi hörmətdisə , xəyanət acizlikdir. Bir də var vəziyyəti əl verməyənlər. Qadınlar nə qədər şəraitə uyğunlaşsa da , insan kimi xərcləri, tələbləri olur. Kişilər bəzən bu tələbləri qarşılayır, bəzən maddi gücləri çatmır. Burada qadınlar 2 yerə ayrılır: vəziyyətə məcburi uyğunlaşan və ayrılan. Nə qədər deyilsə də , puluna baxmıram, xasiyyətinə baxıram, bu da bir yerə qədərdir. Ailə kiçik dövlətdir. Dövlətin xəzinəsi olmasa, inkişaf edə bilməz, sahələrdə durğunluq olar. Ailə də belədir əgər, maddi yığım yoxdursa, ailə qurmaq da çətin olacaq. Rəsmi dini nigah etdin, toy etməzsən ailə arası yığıncaq edərsən, amma bundan sonrasının ucuz hissəsi yoxdu. Ona görə də, oğlanlar kiçik yaşlarından yığımcıl olmalıdı. Yollarda gəzməyin, artıq yerlərə pul verməyin kimə nə xeyri var?
Qızlar isə uşaqlığdan pulu idarəli işlətməyi öyrənməlidir. İşləyib yuvasına dəstək olmalıdır. Ailə qarşılıqlı köməklə ailə olur.
Bəs ədəbiyyat gözündə eşq necə təzahür edir?
Ədəbiyyatda eşqin bir sıra tipləri var:
1) ilahi eşq;
2) dünyəvi eşq;
İlahi eşq nədir?
İlahi eşq Allaha sevgidir, dünyəvi eşq isə Allahın bəndələrinin sevgisidir.
İlahi eşq bəndəylə Allah arasında bir vasitədir. Eşqin İslam’da yeri böyükdür . Eşq elə müqəddəsdir ki, Quran ayələrində özünə yer tapır:
1)“Buna baxmayaraq, Allahdan başqa varlıqları Ona bərabər tutan və onları Allahı sevirmiş kimi sevən insanlar var. Həqiqi möminlərin Allah sevgisi hər şeydən daha güclü və güclüdür. Kaş zalımlar indi əzabı gördükləri kimi bütün gücün Allaha məxsus olduğunu və Allahın həqiqətən çox şiddətli bir varlıq olduğunu anlasalar!” (Bəqərə surəsi 165-ci ayə).
2)“Rəsulum ! De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayandır, rəhm edəndir” (Əl-i İmran surəsi 31-ci ayə).
Bəs biz ədəbiyyatda kimlərin hansı əsərlərində eşqi görürük ?
Qədim dövrün Nizami Gəncəvisi bir eşq elçisi, eşq günəşidir. Nizaminin möhtəşəm əsəri “Xəmsə”nin ana xətti eşq-məhəbbətdir. Nizaminin eşqə baxışı irfani baxışdır.
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?
Nizaminin fikrincə, eşqsiz cahan ruhsuz bədən kimidir və ilk insan (Adəm) yaradılmamışdan öncə varlıq aləmində eşq yox idi. Tanrı insanı yaratdıqdan sonra eşqi də yaratmışdı”.
_
Deyib bu sözləri, baş qoydu yerə,
Qəbri qucaqladı o birdən-birə.
Dostun qəbrini öpdükdən sonra
“Dost!” – deyib, canını tapşırdı ona.
Heç bir divanə bu qədər dərinliyə varıb, “dost”un “eşq”dən daha ucada dayandığını anlayacaq qədər ağıllı ola bilməz. Demək, Məcnun adi dəli yox, eşqin dəlisi idi. Eşqin dəlisi olmaq isə xüsusi bir dərəcədir”.
_
Biz “Xəmsə”də gördük ki, eşqindən taxt tacı vecinə almayanlar, sevgidən dəli divanə olanlar , sevgisi üçün dəyişənlər var. Eşq insanı saflaşdırır bəli, bəzən böyük şəkili görmürük. Amma onu bilirik ki, sevgi ən gözəl hissdir.
Eşq ilə düzəltdim mən bu dastanı,
Doldurdum səsiylə eşqin, dünyanı.
(“Xosrov və Şirin” poeması)
Biz burada Nizamidən poemasının ana xəttinin eşq olduğunun təsdiqini alırıq. N.Gəncəvinin lirik qəzəl və qəsidələrinin aşiq personajı eşqdən yıpranmış vəziyyətdə deyil. O, çökməyib, şuxdur, inamlıdır, gələcəyə böyük ümidləri var.
_
Klassik ədəbiyyatda Əliağa Vahidin bu şeiri diqqəti cəlb edir:
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqdən məhrum olan insanlığa biganədir.
Buradakı məna eşqin olmaması varlığın da olmaması demək olduğu qənaətindədir. Yəni eşq olmasa, insanlar bir-birlərini sevməsə bioloji artım olmaz, bu da , insanlığın tükənməsi deməkdir. Həmçinin sevginin insanın saflaşdırmasını, insani keyfiyyətləri qazanmasını da vurğulayır. Əgər sən eşqdən məhrumsansa, sevib-sevilmirsənsə, səndə heç insanlıq da yoxdu .
_
Mikayil Müşfiqin “Sevgilər” şeiri ən sevilən eşq şeirlərindəndir. Hətta bu şeirə mahnılar da qoşulub:
“Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.”
M.Müşfiq deyir ki, elə sevgilər var ki, qəlbə xoşbəxtlik gətirir. Bax elə bu sevgilər ruhu oxşayan sevgilərdi. Sevgi qəlbə, ruha və cana dərmandır.
_
Fikrət Qocanın “Gizli sevgi” şeiri :
Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.
Burada Fikrət qoca sevginin qaçmaqla bitmədiyini daha da həsrətin darıxmağın şiddətləndiyini bildirir. Hər yerdə çiçəklərin ətrində belə sevgilisi onunladır. Nizamidən qalma bir ifadə var “Eşqindən Leyla olmaq”, yəni Leylanın (Leylinin) eşqi o qədər güclüdür ki, o hər yerdə sevgilisi Məcnunu görür .
Atalar belə yerdə yaxşı deyib: “Sevgi od deyil, amma oddan yamandır.”
Əsl sevgi yara yox, yar’a xoşluq gətirər.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
BİR SUAL, BİR CAVAB Ramil Əhməd ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Dəyərli Ramil bəy, Orxan Pamuk ismi Sizə nəyi xatırladır?
CAVAB
Şəxsi olaraq, həyatımın bir ilini, 23-24 yaşımı xatırladır. Magistr dissertasiyam onunla bağlı olduğu üçün bir il fasiləsiz olaraq onun yaradıcılığı ilə məşğul olmuşam. Ümumi olaraq isə ustad bir yazıçının necə olması gərəkdiyini xatırladır.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
Kənar olmayan adamın məsləhətləri - AKTUAL
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Salam, yenə gəldim ağız dolusu ürəyimdən keçənləri bura tökməyə. Deməli, növbəti dəfə bir çox insan üçün hər il təkrarlandığı kimi bir an yaşandı və 11-ci siniflərin cavabları çıxdı. Maşallah olsun, nə qədər gənc tələbə adını qazanıb. Hətta, bayaqdan statuslarda hüquq, tibb, informasiya təhlükəsizliyi, mühəndislik, jurnalistika, maliyyə-mühasibat kimi ixtisasların qəbulunun nə qədər çətin olmasına baxmayaraq bir çox gənc artıq bacarmışdı. Bu yoldan keçən hər kəs nəticəni gözləməyin, həyəcanın, stressin və ən çox da bacarmama qorxusunun nə olduğunu çox gözəl dərk edə bilir. Ümumilikdə deyərdim ki, bu il qəbulun səviyyəsi orta səviyyə olsa belə, keçid çox çətin oldu, ballar qalxdı, yerlər məhdudlaşdı, dövlət sifarişlilərə az yerlər açıldı və daha nələr, nələr oldu. Çox insan qəbul olmasının sevincini yaşayarkən onların bəziləri qəbul ola bilməməyin məyusluğunu yaşayırlar. Təbii ki, təhsil hər zaman çox önəmlidir, lakin uğursuzluqlar insan həyatında daim bir imtahan rolundadır və hər uğursuzluq ondan dərs çıxarılması üçün başa gəlir.
Məsələn mən hər zaman deyirəm ki, nə bakalavrda iqtisadiyyat oxumaq istəmişəm, nə də magistraturada maliyyə oxumaq istəmişəm, halbuki, bu ixtisaslar 2ci qrupların xəyalı idi. Mənim isə xəyalım hər zaman hüquq olub. Ancaq nə yalan deyim, o vaxt bu qədər dərin düşünən, öz üzərində çalışan və səhvlərini özü görməyi bacaran biri olmadığım üçün seçimimin arxasıyca gedə bilmədim. İndi qohum-əqrəbada, dost-tanışda hüquq görən kimi qeyri-ixtiyari gözüm dolur və bilirəm ki, hüquq mənə qismət olmayan ən böyük xəyalım kimi qəlbimdə hər zaman yaşayacaq. Və mən hər dəfə hüquqşünas olan gəncləri görəndə ən azı onlar qədər sevinib duyğulanacam.
Uşaqlar, kəsilmisiniz ya qəbul olmusunuz, fərq etmir, əsas odur ki, cəhd etmisiniz. Qıraqdan boş-boş danışanlara çox da fikir verməyin. İndi bilirəm hər ağızdan bir avaz gələcək. Biri deyəcək “Oba”da kassir axtarırlar, biri deyəcək, get əsgər gəl, sonra birtəhər düzələrsən harasa, hələ bəziləri qız uşağıdı qəbul olmadı, qoy ərə getsin, əri qazanar, o yeyər düşüncəsində olacaq. Doğrudan da, Allah sizin çəkdiyiniz əziyyətləri görür, əsas vicdanınızı təmiz tutun. Sahiblənəcəyiniz peşəni canla-başla mənimsəyin, qəbul olmaq və ya olmamaq sizin gələcəyiniz üçün təməl olsa belə hər şey təhsil deyil. Dəfələrlə müsahibələrə getmiş, kəsilmiş, qəbul olduğu halda imtina etmiş biri olaraq sizə deyirəm ki, yerinizdə saysanız diplom sizi xilas etməyəcək. Öyrənməyə, təcrübə yığmağa köklənin və daim qəlbinizi pak tutun. Bilin ki, bu gün içdən içə narazı olduğunuz cəmiyyət vicdandan, mərhəmətdən və ləyaqətdən bixəbər insanlarla doludur. Siz onlara rəğmən seçimlərinizin arxasında durmağı və uğursuzluqlarınızdan dərs çıxarmağı bacarıb faydalı cəmiyyət inşa edə biləcək kəslərsiniz.
Bir daha tələbə adınızı təbrik edirəm, zehniniz, yolunuz açıq olsun.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
“Mənim xəbərsiz qonağım - ESSE
Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"
Bilirsənmi, uşaq vaxtı qonaqlardan heç xoşum gəlməzdi. Amma həmin gün evdə bişən yeməklər, üzə çıxarılan qab-qacaqlar, sadəcə yerini anamın bildiyi şokoladları nəhayət yemək fürsətim olacaqdı, gecəni sevməyib, həmin vaxt çıxan ay-ulduzların işığından faydalanan insanlar kimi.
Həmin günlər mənə görə, yersiz qeyd olunan bayramların mənasızlığını hiss etdirirdi. "Səmimiyyətsiz səmimiyyət" bayramları...
Bilirdim, anam da bilirdi, elə gələn qonaqların özləri də. Lakin bu bir-birinin evinə getmə döngüsü bitmirdi. Bir-birlərini görməkdən ötrü olsa, nə var idi ki...
Lakin bu yığıncaqlar mənə daha çox özlərindən başqa hər kəsi süzgəcdən keçirmək üçün təyin olunan günlər kimi gəlirdi. Onları sevməməyimin bir digər nədəni isə, çox sual verdikləri və mənim danışmağı heç sevmədiyim üçün idi. Bəlkə də, verilən sualların altında yatan və verdiyim cavablardan sonra gülərək mənə geri qaytarılan "bədii sual"ları sevmirdim. Uşaqlıqda sevmədiyim qonaqların, böyüdükdən sonra xəbərsiz gələcəklərini bilmirdim. Eynilə sən kimi, hə, hə, sən kimi..
Sən ruhuma gələndə, gedəcəyini, qalmayacağını bilirdim. Axı, mən qonaqları sevmirdim. Anam qonaqlar gedəndən sonra evi təmizləyir, onu əvvəlki halına qaytara, ətrafda olan səliqəsiz əşyaları yerinə qoya bilirdi.. Bəs mən niyə bacarmadım? Niyə hər şey uşaqlıqda olduğundan daha fərqli baş verirdi? Niyə sən gedəndən sonra hərəsini qəlbimin bir küncünə atdığın, dağılan hisslərimi ifadə edə, toplaya bilmədim? Uşaq deyildim, böyümək üçün can atdığım illərimi geridə qoymuşdum və ən əsası havada uçan, "böyüyəndə nə olacaqsan" suallarının altında qalmırdım. Kiçik problemlərimi böyüdükdən sonra, öz "böyüklüyüm" ilə həll edə biləcəyimi düşünərdim. Amma yaşım artdıqca, insanın əslində böyüyərək kiçildiyini və kiçik problemlərinin də səninlə birgə böyüdüyünü görürdüm. Uşaqlıqda mənə asan gələnlərin, sonradan çətinləşəcəyini, hətta mənasını, bir başqa məna ilə əvəzləyəcəyini bilməzdim. Dağılan evi səliqəyə salmaq olurmuş, amma mövzu ətrafa səpələnən əşyalar deyildə, parçalara ayrılan qəlbindirsə, bu biraz çətin imiş. Uşaqlıqdakı kimi deyilmiş.
Xəbərsiz gələn qonaq idin, evimizə gələn xəbərli qonaqlar kimi. Bilirdim, amma sən heç getməyəcək kimi gəlib, heç gəlməmiş kimi getmişdin. Mən heç vaxt yaşamadığım hissləri, qonaq gələndə yediyim, anamın gizlətdiyi şokoladlar kimi gizlədib, həmin hissləri səninlə birlikdə dadmışdım. Uşaq ikən qonaqların gedəcəyini bildiyim halda vaxt keçmirdi sanki. Amma sənin hər an gedəcəyini bilməm gərəkli olduğu halda, bilmirdim. Qonaqlar müvəqqəti olur. "Amma sən mənim getməsi üçün saata baxdığım deyil də, getməməsi üçün bir çay daha təklif etdiyim qonağım idin"...
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
“Qocaman dünya gözümdə əriyib, xırdalaşır…” - Atıla Hacızadə
Əli Çağla, “Ədəbiyyat və incəsənət” (Güney Azərbaycan bölməsi)
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Atıla Hacızadənin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
Atıla Hacızadə
I.
Dağılmışam mələyim dağların bulaqları tək,
Dünən tufan dağıdan dəftərin varaqları tək.
Günəş dumanlı şəhərdən küsüb gedən çağdan,
Lal olmuşam şəhərin səsləri, soraqları tək.
Tükənmişəm qadası, qalmayıb gəlib-gedənim,
Kasıb məhəllələrin kölgəsiz duraqları tək.
Baxanda gözlərimiz göynəyir, yanır; qamaşır
Yağışda sahilinin* çırpınan çıraqları tək.
Kütəlmişəm deyəsən, yox daha karım-kəsərim,
Yalançı inqilabın paslanan oraqları tək.
Yadında vəlvələli şallaq öldürdü məni –
Dabanlı başmağının taq-taraq, taraqları tək?
Ehey sizə yazıram saxtakar tumançaqlar,
Qoxuz gəlir bazarın çirkli mustaraqları tək.
Baş ağrı jestləriz qusdurub verir yuxuya,
Bizim bu mərkəzin** adsız-ucuz araqları tək.
* Sahili: Urmunun şəhər çayında yer tutan park adı.
** Mərkəz: Urmunun mərkəzi meydanı və bazar ağzı eləcə xilafdan savaba, ağlınıza gələn hər türlü işin görüldüyü bir yerdir.
II.
Kor olmuşam deyəsən, kölgəmi ağır görürəm,
Nə qədri göz tikirəm çevrədə duman görürəm.
Yenilmişəm gecənin qap-qara qaranlığına,
Bu zülmətin səhərə çatmağın güman görürəm.
Deşik-deşik deşilibdir əlim, qolum, ayağım,
Yolun qarış-qarışında sırıq tikan görürəm.
Bu yerdə tapmayıram siz deyən mələklərdən,
Bəyaz geyimlər içində oranqutan görürəm.
Dediz vətən gətiribsiz bu zindan içrə; amma
Bular pişik deyəni mən niyə siçan görürəm?
Aya?
Günə? Səhərə?
Hansına güvənməliyəm?
Baxınca dəstəyim içrə qara ilan görürəm.
Bir az kənarda gəzin zəhləkar qumarbazlar,
Ağız dolu qusuram, sizləri hər an görürəm.
Dönüb geri deyəsən tarixin varaq-varağı,
Baxınca nizə başında yenə qurangörürəm.
Gecə,
Gündüz,
Xiyabanda azadlığın bağıran
Divarların sinəsində nədəndi qan görürəm?!
Biraz kənarda gəzin
Ax...
Bir iş çıxardacağam,
Yavaş-yavaş gözümə çox o yan-bu yan gəlisiz...
Çox içmişəm deyəsən, kefliyəm, bağışlayasız,
Önümdəki kağızın xətlərin zorangörürəm.
III.
Gecənin buz çağıdır, get-gedə itlər ulaşır,
Qocaman dünya gözümdə əriyib, xırdalaşır.
Əli bağlı, dili bağlı xiyabanda gəzirəm,
Nə yazıq ki, hərə bir cür sinəsindən alışır.
Gecənin xan çağıdır, göy demə de qan çanağı,
Qap-qaranlıqda ölüm kölgəmiz ilə sarışır.
Leş yeyənlər şəhərin həndəvərində yığışıb,
İçki çaqqışdıraraq it ilə çaqqal barışır.
Qorxuluqlar dikilibdir xiyabanlar boyuca,
Qapıdan, pəncərədən evlərə divlər yanaşır.
Havasın qan qoxu aldı bu vətən adlı yerin,
Əlim hər bir tərəfə dəysə kəsafət bulaşır.
Güllələr yıxdı yerə əsrimizin asilərin,
Oxşama qaynayır, üsyan küçədən şəhrə aşır.
Qatı sallaqxanaya döndü bu ölkə elə ki,
Hər obaşdan vədəsi boynumuza ip dolaşır.
Əlini ver əlimə, düş yola, sil üz-gözünü,
O qədər ağlamışıq göz yaşımız arxa daşır.
Sözün ən qıssası dostum, sən özün sal-çıx elə
Ən cavan çağda axı saçlarıma dən yaraşır?
IV.
Nə olar qorxunu gözdən salasan qar çiçəyi.
Bu qara çarşabı göydən alasan qar çiçəyi.
Nə olar getməyəsən, çəkməyəsən əl buradan,
Bu ocaqsız evimizdə qalasan qar çiçəyi.
Nə olar çıxma otaqdan, dola əl nərdələrə,
Çoxlu gözlər tikilibdir solasan qar çiçəyi.
Sən gərək solmayasan qış çağının pərdəsinə,
Kasalan güzgülərə daş çalasan qar çiçəyi.
*
Şəhərin bağrına xəncər soxulub, qan calanıb,
Və qaranlıq qucağında sarı güllər talanıb.
Bilməyirsən
İşığı dal küçədə girlədir?
Bilməyirsən
Günəşi dan çağı zəncirlədilər?
Bilməyirsən
Səsimiz həncərələrdə boğulub,
Xiyabanlarda yenə qorxulu divlər doğulub?
Hələlik pəncərəmiz yaz çağın erkənləməyib,
Günəşin dimdiyi zülmət yolağın dənləməyib.
*
Nə olar buz sarıyan pillələri çıxmayasan,
Qırmızı sevdamıza can olarsan qar çiçəyi.
Hörülü saçlarının cilvəsinə aldanma,
Əl uzalt bəlkə saçından yolasan qar çiçəyi.
Əllərin bağlı, hörüklər dolanıb boynuna ah,
Səsləyərkən sevirəm mənsə
Ə___
Ni
Ə___
Taq-taq
Tarataq___.
V.
Sən məni buraxıb düşəndə yola,
Nə günəş qaraldı, nə yağış yağdı.
Çaxmağım bir siqar alışdırarkən,
Qəhərim dırmaşıb gözümü sağdı.
Sevgili günlərin xatirəsini,
Nə rahat buraxdın ay ağrın alım.
Nə erkən unutdun, nə ertə dandın,
Yadında deyilmi, yadına salım?
“Xəyyamın darışlıq küçələrində,
Baxışlar bir-birin qucaqladılar.
O qədər öpüşdük dal küçəsində,
Kövrəlib dodaqlar qan ağladılar.”
İşıqlar sönərkən sanki bürüyür,
Sahili parkını, kədərli anlar.
Neçə il bərabər addımlasaq da,
Bizi tez unutdu bu xiyabanlar.
Bu şəhər alçaqdır, demişdim sənə,
Nə qalıbsa bizdən, üzündən silər.
Küçəsi gizlədər öpüşlərimi,
Sevgimi süpürər, süpürgəçilər.
Sanırdıq pay verib bizi bir-birə,
Tüpürdüm bu şəhrin sevgi payına!
Mənə səndən qalan bir üzük oldu,
O da qismət oldu şəhər çayına.
Ah nədən görmədi göz yaşlarımı –
Bilmirəm bu şəhər sarsaqmı, kormu?
Yazın tablolarda buranın adın:
Yarım sevgilərin şəhəri Urmu...
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
“Baş alıb gedirəm…” - Narıngül Nadirin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Narıngül Nadirin şeirləri təqdim edilir.
Vətən
Dağdı, daşdı, çöldü vətən,
ağac vətən, yarpaq vətən,
Adam ölüb yox olmaz ki,
adam boyda torpaq vətən.
Görən, necə dindir vətən,
hamı ibadət eyləyir?
Görən, necə sevgidir ki,
hamı eyni donda sevir?
Görən, necə yardı vətən,
rəqibi, əğyarı yoxdur?
Görən, necə aşiqdir ki,
özgə bir nigarı yoxdur?
Ərazisi sevgi boyda,
xəritəsi qandan keçir,
Görən, necə qandır ki, bu,
səndən, məndən, ondan keçir?
Getdi igid oğlanları,
getdilər vətən olmağa,
Qorxunc divdən, əjdahadan,
təpəgözdən qorunmağa.
Məlikməmməd xilas edən
qırmızı almadır vətən,
Axtarma başqa yerdə sən,
ürəkdə, candadır vətən.
Adam-adam dolub-daşar,
adam-adam yaşar vətən,
Adam-adam çıxıb gedər,
qürbətə daşınar vətən.
Qürbətdən baxanda vətən,
baxıb ağlamaq üçündür.
Qürbətdən gələndə vətən
yara bağlamaq üçündür.
Sən məni vətən kimi sev,
səndən uzaq düşsə yolum,
Sən məni vətən kimi sev,
sevgindən arxayın olum.
Qarşıda boşluq var
Dolabdan asılıb paltarsız asılqan.
Sümükləri gülür
adamın üzünə.
İndi mən özüm də
dünyanın bir küncündən
asılmış asılqanam
üzü divara sarı...
Hər addım atdıqca
adamlar tökülür əynimdən.
Bir anda
boşalır
bütün izdihamlar.
Qarşıda boşluq var.
Baş alıb gedirəm
adamla dopdolu
qatarın içində.
Ürəyimdə şəhərin basabası,
səhərin basabası.
Baş alıb gedirəm.
bir metro qatarında.
Pərçimlənib adamlar.
Kimsə hövsələsizdir
söyür meqapolisi.
Bax budur, maşinistin
gəlir bariton səsi:
- Ehtiyatlı olun! Qarşıda boşluq var.
İndi mən də şəhərin
gur vağzalı kimiyəm.
Gah dolub, gah boşalır.
ürəyimdən adamlar.
İndi mənim özüm də
fit verən bir gecə qatarı misalı.
Özündən qaçmaqdır
qaçışın ən ən böyük finalı.
Qarşıda boşluq var...
Qanadlarım açılıb
göyün ortasındayam.
Bir quşun qanadında uçduqca uçuram.
Bəs hara gedibdir quşların qatarı?
Bəs bu quş niyə təkdir?
Quşların nə vecinə,
göydəki quşlar üçün
dünya bir yelləncəkdir.
Ürəyim uçunur.
Dimdiyində bir məktub gətirir göyərçin
sevgi məktubudur.
Bu da son sətiri:
Qarşıda boşluq var.
Darıxmaq nədi ki...
Yaxşı tanıyıram mən
bu darıxmağı, sırtığın biridir,
Nə qədər yozursan,
başını qatırsan kirimir.
Yaxşı tanıyıram,
tutub ətəyindən getməz ki,
Yaxşı tanıyıram,
nə qədər çəksən də bitməz ki...
İnadından dönməz,
nə bəndəyə baxar, nə də ki tanrıya
Yaşını bilmirəm,
min illərdir gəlib dünyaya.
Darıxmaq nədir ki,
sənin olanları əlindən buraxmaq,
Sonra da oturub
bir qucaq dolusu darıxmaq.
Darıxmaq nədir ki,
uçmaq istəyərkən qanadı qırılmaq,
Hər gün axşamüstü
üfüqə baxaraq saralmaq.
Darıxmaq nədir ki,
ağacda tək qalan, titrəyən son yarpaq.
Bütün sevgilərin bir ucu darıxmaq.
Dostum, əlini ver
ayrılıq sözünü lüğətdən pozduraq,
Dostum, əlini ver
gedək darıxmağı azdıraq.
Qayıtdınmı, dostum
Unutdunmu, dostum?
Gizlənpaç oyunu kimidir ömrümüz.
Sən varsan, mən yoxam,
mən varam,
sən yoxsan.
İndi bu şəhərdə
qara div kimidir
böyük göydələnlər.
Böyük göydələnlər dam olmaz,
quşlar yuva qurmaz.
Hanı bu şəhərin neft iyi,
hanı mazut iyi?
Sən özün hardasan?
Darıxdınmı, dostum?
Darıxsan, bilet al.
Parisə, Londona,
Ufaya,
Perimə, Hataya...
Hər yerə bilet var,
yetər ki, bilet al.
Şəhərə nə var ki,
atıb getmək olur.
Amma ki, özündən
getmək olmur, dostum.
Bunu sən bilirsən...
Sən bunu bilirsən:
Bütün gedişlərin qiyməti bahadır,
bütün qayıdışlar havayı.
Qarşıda nə var ki, yollardan savayı?..
Qayıtdınmı, dostum?
İndi sən
mənim ölkəmdəki
heç bir xəritədə olmayan şəhərsən -
Çoxdan köçmüş şəhər.
Daha nələr, nələr...
Paslı qıfıl kimidir, bütün xatirələr.
Bir də ki,
Günəş eynidir, dostum,
Şəhərin "Tarqovi" küçəsində,
yaxud da ən ucqar dağ kəndinin
ən ucqar guşəsində.
Günəş eynidir, dostum,
yetər ki, sən gülümsə.
Günəş göydədirsə,
gülümsə...
Darıxmaqdan başqa
Hərdən şəhərin üzünə darıxır adam
tənhalığını sıxır şəhərin alnına.
Baxmır o boyda küçəsinə, dənizinə, vağzalına
darıxmaqdan başqa
heç nə gəlmir ağlına.
Hərdən xoşbəxtlik də görünmür gözünə.
Bu boyda dünyada
adam balası kimi oturub darıxmağa
bir yer tapa bilmir özünə.
Hərdən şəhəri aldadıb vağzala gətirmək,
aldadıb harasa ötürmək,
aparıb dənizdə üzdürmək,
şəhəri götürüb çiynində gəzdirmək
İstəyir adam.
Hərdən şəhərin üzünə darıxır adam
Gül kimi şəhərin üzünə...
Burdan bir köç keçdi...
Mən keçmişi sevirəm, dost.
Ömürlük sürgündür
heç nə geri dönmür.
Qarşıda qadağan işarəsi.
Qarşıda yol polisi
tənzimləyir meqapolisi.
Ömrümün piyada keçidi hardadır?
Keçmək istəyirəm keçmişə.
Mən keçmişi sevirəm, dost.
Keçmiş xatırladır
amma ələ gəlmir.
Zibilliyə atılmış boşqab sınığı
qırıq təbəssümdür.
Boşalmış rezin top
boşalmış dünyadır.
Qırılmış patefon elə hey oxuyur,
bir kimsə eşitmir,
quşlar dimdikləyir səsini.
"Vasmoy" bazarında köhnə əşya satan kişi
qarşısına düzüb keçmişi.
Bəlkə, xırdan ola? Almaq istəyirəm keçmişi.
Keçmiş xatırladır:
Bu dünya bir heçdi...
Yolun kənarında bir yovşan
ətrini burnuna çəkərək ağlayır -
burdan bir köç keçdi...
Mən keçmişi sevirəm, dost.
Bütün gedişlərin vağzalı mənəm,
bütün qatarları qarşılayıram.
Keçmişə aparan taksilər
görəsən, neçəyə aparar?
Ünvanı bilirəm:
Darıxdığın yerdən keçir
bütün ayrılıqlar.
Mən keçmişi sevirəm, dost
Köklü ağac kimi...
Məktub gözləyirəm
Göylərdən bir yarpaq.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
“Abbasqulu bəyin nazıynan çox oynayırıq haa, Kərbəlayi"
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu gün kino sənətimizdə Abbasqulu bəy, Bəxtiyar, Qaraş kimi bənsəzrsiz və unudulmaz obrazlara can vermiş teatr və kino aktyoru, xalq artisti, dövlət mükafatı laureatı Həsən Məmmədovun anım günüdür.
Həsən Ağaməhəmməd oğlu Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub.
1956-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub.
İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub.
Hələ tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib, 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən başlayaraq on il ərzində kino çəkilişləri ilə əlaqədar fasilələrlə burada çalışıb.
1972-ci il fevralın 2-də “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilib.
1992-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında doğma kollektivin aktyor truppasında çalışıb.
Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olub və daha sonra kino sənətimizdə
Qaraş ( Böyük dayaq ), Əsgər ( Arşın mal alan ), Oqtay (Gün keçdi), Qəmərlinski (Arxadan vurulan zərbə), Nəriman (Bizi bağışlayın), Baba Əliyev (Birisi gün gecə yarısı), Murad (İstintaq ), Dədə Qorqud (Dədə Qorqud), Abbasqulu ağa Şadlinski (Axırıncı aşırım), Balaş ( Sevil), Bəxtiyar (Yeddi oğul istərəm ), Murad ( Bir cənub şəhərində), Fərman (Qızıl qaz), General (Bakıda küləklər əsir), Qurban (Alma almaya bənzər) ,Əlibaba (Səmt küləyi), Əzimov (İstintaq davam edir), Polkovnik (Şahid qız), Məmmədhəsən əmi (Qəm pəncərəsi), Mirzə Səfər (Papaq), Əlimurad (Həm ziyarət, həm ticarət), Kamil (Zirvə) kimi bir-birindən gözəl və unudulmaz obrazlar yaradıb.
Aktyor 1967-ci ildə Lətifə xanımla ailə həyatı qurub. Aynur və Əvəz adlı iki övladı dünyaya gəlib.
Teatr və kino sənətində göstərdiyi xidmətlərə görə Həsən Məmmədov 1971-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ, “Birisi gün gecə yarısı” kino lentindəki Baba Əliyev obrazına görə Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə “7 oğul istərəm” filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkən aktyor ürəyindən ağır əməliyyat keçirib. Lakin, 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
STATUS YAĞIŞI - Atanın sevinc hissi
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını yazar, pedaqoq, naşir Şəmil Sadiq üçün açır.
Buyurun.
Sevinc hissi!
Oğlum Nicat bu il Macarıstanın ELTE Universitetinin Kompyuter Elmləri fakültəsini ortalama 5 üzərindən 4,2 balla bitirdi, iki aylıq hazırlıqla IELTS-dən 8 bal yığdı və budur, magistr qəbulu gəldi:
İngiltərə Royal Holloway, University of Londonda Süni İntellekt fakültəsi!
Bəli, mən Nicatdan bir ata kimi çox razıyam. Atam da məndən razı qalmışdı…. Məni Bakıya göndərəndə demişdi ki, mənim gücüm səni Bakıda oxutmağa çatdı, sən də kişi ol, uşaqlarının xaricdə oxumasına nail ol! Bu gün mən atamın, Nicat da mənim arzularımı gerçəkləşdirdi! Nə məktəbdə oxuyanda, nə də tələbə olanda Nicat bizi incitmədi! Biz də ata-ana olaraq gücümüz çatanı etdik. Düzdür, arada anasına gileylənir ki, sən mənə məktəbə gedəndə bir manat verirdin və mən Xırdalandan şəhərə gəlib gedirdim, bəzən pulum çatmırdl. Anası Zülfiyyı xanım da bütün analar kimi özünə qarğış tökür həmin dədiqə.
Bu gün isə çox qürurluyam, sevincliyəm, Nicatın istedadına və tərbiyəsinə görə. Düzdür, bəzən mənim kimi ataların oğullarının uğuru atasının ayağına yazılır, özü kölgədə qalır. Əminəm ki, bir gün Nicat məni kölgədə qoyacaq!
Təhsil ən böyük yatırımdır deyib yola çıxmışıq, sözün hər mənasında! Əminəm ki, həm ailə, həm millət, həm də bəşəriyyət olaraq bundan faydalanacağıq! Bağrıma basıram, oğul!
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
Bütün sinif ali məktəbə qəbil oldu
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
“Danışan fotoşəkillər” rubrikamda sizlərə təqdim etdiyim bu fotoda siz xoşbəxt yeniyetmələri görürsünüz. Niyə xoşbəxt?
Deyim də!
Bir neçə gündür ki, az qala hamı tələbə qəbulu barədə danışır. Belə ki, qəbul imtahanlarından sonra kodlaşdırma başa çatdı və nəticələr elan olundu.
Birdən birə bir sinfin bütün şagirdlərinin ali məktəbə qəbul edilməsi barədə eşitmişdinizmi?
Buyurun, şəkildəki yeniyetmələr Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin 11A sinif şagirdləridir, onlar ölkə üzrə rekord nəticə göstəriblər.
Belə ki, ali məktəblərə qəbul üçün sənəd verən 19 nəfərin hər biri müvafiq universitetlərə qəbul olaraq 100 faiz nəticə göstəriblər.
Bölgələrdə belə uğur göstəricisi çox sevindiricidir.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)
Bu yağış niyə belə yağdı?!
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Şair Elman Tovuzu torpağa tapşırarkən yağış başladı. Yay üçün o qədər də xarakterik olmayan selləmə yağışı öz-özümə yozmağa çalışdım. - Mənə elə gəldi, Göylər bizim - Elmanın dostlarının donuq qaldığını, göz yaşı tökmədiyini görüncə, özü dolub, yağış tökmək qərarına gəldi… El-obada “Yer də, Göy də ağladı” deyimi var - bax, o kimi…
Dəfn bitər-bitməz güclənən yağış, bir də, biz Şıxheybətə çatarkən dayanmaqdaydı.
Yağış bizim Elmanın son mənzili üstündə törən keçirməyimizə izn vermədi sanki; nə sudan, nə insandan doymayan qara torpaq, qoynuna yeni aldığı şair oğluyla bir an öncə baş-başa qalmaq, dərdləşmək istəyirdi və bizim Qoşasuyu tez tərk etməyimizi istəyirdi elə bil… Elə bil, Göy-Yer eyni ahənglə, bir alqoritmlə çalışırdı… Zatən Kainatın öz qanunauyğunluqları vardır, bilirik…
Uşaq vaxtı biz bəzən qardan, yağışdan incik danışarkən, rəhmətlik atam deyərdi, “a bala, kərəminə şükür olmuş bizdənmi soruşacaq, öz mülküdür, yağdırır”…
Bəli, biz Yaradanın işinə qarışmırıq, ancaq öz işimizi də bəzən yetərincə yerinə yetirmirik. Elman Tovuzun xəstəxanaya düşdüyü gündən bəri, xəyalımda hər gün yanına gedirdim; ancaq nıxtı tutulmuş kimi, “ha bu gün - ha sabah” deyə-deyə, gedib Abşeron xəstəxanasına çıxmadım da çıxmadım… Bilirsiz, bu nıxtı tutulmuşluqda bir təsəlli, bəraət məqamı da var: deyirəm, Yaradanın kəramətinə yaraşdırdıqlarımıza, öz diləklərimizin çin olacağına elə inanırıq, elə inanırıq, ölümü qəti yaxın qoymuruq… Elman Tovuz uzun illərdi sağlıq qayğıları ilə yaşayırdı lakin biz dostları, doğmaları ölümün bunca yaxında olduğunu düşünmür, yaman düşüncələri yaxına buraxmırdıq. Hərdən də, düşünürük, biz xəstəxanaya getməklə, artıq sona yaxınlaşdığımızla barışmış oluruq sanki - doğru deyil, əlbəttə; əlbəttə, nə gedən gələcək, nə o ziyarət məqamı olacaq bir də… Olan oldu!..
Təqvim ilinin 7-ci ayının son günüydü, biz Elmanı doğma Tovuzun Şıxheybət kəndinin qəbristanlığı yerləşən, Qoşasu adlanan yerdə - anasının yanında torpağa tapşırdıq… Elman yeni ayın ilk gününü o dünyada qarşılayacaqdı. Uzun illər ayağa qalxacağı günün hicranı ilə, o umudlu günün vicdanına güvənərək yaşayan şairçün bu dünyada təqvimlər “ölmüş”kən, o dünyada nəyə yarar?..
Dədə-babamızdan qalma belə bir inanc var, bəs, biz tərəflərin ilk ağacı Qoca Palıd olub; qərinələr dolanıb, yüzillər keçib, bir nəfər çıxıb da, o köklü-köməcli, irigövdəli ağacı düz dibindən nə üçünsə oda verib və nəhayətində, saatlarla korun-korun yanan ağac dünya qopurmuşcasına yıxılıb, o yaramaz işi görən adam da karsalaya dönüb, ömrünün qalan günlərini dəli-dəng keçirib… El-oba Qoca Palıdın qalıqlarını qoruyur, yanından hər keçən, onun üstünə bir budaq, şax-şəvəl atmadan keçməz - bu, bir gələnək halını alıb. Həmçinin sağa-sola keçənlər yaz-yay gül-çiçək, payız mer-meyvə, niyyətlilərsə ilmüdam kömbə, şirniyyat qoyar Qoca Palıda. Son illər orada balaca bir türbə də tikilib. Xurafatçılıqdan uzağıq çox şükür, ancaq bununla belə, el-obanın gələnəklərində illa bir hikmət olduğuna şübhə etmirəm; bundan da irəli, söhbət bir ağacdan gedir - burada hər nə qədər ilkinlik olsa da, qutsal yanaşma, yaraşdırma da var. Necə ki bizim yaradıcı dədələrimiz törəyişi, doğuluşu, insanın artışını başqaları kimi (uzaq olsun), əkiz qardaş-bacıların çarpaz evlənməsində (yaxud cinlərlə evlənmədə) deyil, ağac bağrından çıxan qızla - haqdan verilmiş buta ilə evlənmədə görüb… Ağacla bağlı alxışlar, inanclar günümüzədək gəlib çıxıb. Bəli, bax, söhbəti keçən həmin o Qoca Palıd bitən yerdi Qoşasu… Elman Tovuz özü, necə deyərlər, Qoca Palıd kimi bir insanıydı - xarakterli, dözümlü, başıuca və… dərdi dərin!..
Şair Elman Tovuzu Qoca Palıdlı Qoşasuda torpağa tapşırdıq… Şair yəqin anası ilə, o dünyadakı digər doğmaları ilə dərdləşdikdən sonra, Qara Torpağın özüylə və illa Qoca Palıdla da həmsöhbət olub…
Elman Tovuz dağlar başında yerləşən Şıxheybətdə doğulub, boya-başa çatdı,
paytaxt Bakıda oxudu,
Tovuz-Bakı yolunda avtomobil qəzasına düşüb, sağlamlığını itirdi, ondan sonra ömrü Bakıda keçdi və mən bilən bir daha Şıxheybətə getmədi… O yerlərdə ki at çapmışdı,
yerimişdi-qaçmışdı, güləşmişdi, ovlağa, yaylağa getmişdi, hələ-hələ ilk eşqə düşmüşdü… o yerlərə “əlil arabası” deyilən adıyamanda getməyi qəbullana bilməmişdi…
Onun doğma köyünə və eləcə də, Qoşasuya gedişi, Qoca Palıdla görüşü bir də… canını tapşırandan sonra mümkün oldu…
Şıxheybət, üstünə sağlıq!
Qoca Palıd, o dünyan xeyir!
Qoşasu, sənə nə deyim? -
Ah, Qara Torpaq, Qara Torpaq!.. Sən “o dünya”mısan, “bu dünya”mısan?..
Əziz Şıxheybət!
Pir bilinən Qoca Palıd!
A barlı-bərəkətli Qoşasu!
Şair oğlunuz Elmanı necə gördünüz?.. Ondan küsməmişdiniz - əminəm; bilirsiniz, onu sizdən uzaqlarda şair edib, söz qoşduran elə sizlər, digər əlçatmazları, gözgörməzləri, ünyetməzləri oldu…
“Getməsək də, gəlməsək də, o köy bizim köyümüzdür” deyirik deməsinə, ancaq işə baxın, son ərkimiz üzrə gedirik o köyə illa… Sanki o hicranın bitişi üçün bircə yol var: canını tapşırıb getmək!..
Elman bir köyün, el-obanın miqyasını çoxdan aşmışdı, ölkə çapında tanınan-bilinən, sevilən şair idi; lakin bəllidir - Bakıda deyil, bir başqa ölkənin paytaxtında yaşayıb-yaratsaq da, başqa ölkələrdə tanınsaq da, ilk yuvamız bizi həmişə özünə çəkir, çəkir… O ilk yuvanın “göz”ünə sağlamlığımızdakı üzüntülərlə görünmək istəməsək də, gün gəlir, son ərkimizi edirik: “məni ora apararsız”…
Elman öncə oxucularının, dostlarının könlündə özünə yurd edindi, sonra getdi…
Avtoqəzadan sonra Elmanın öz fiziki sağlamlıq durumu yerində olmasa da, o, həmişə mənəvi yöndən şax duruşu, qüruru, ilahi təsəllisi ilə seçildi. -
“Mən olmasam nə olardı,
Bir adamın azalardı?..
Dərdin tökülüb qalardı,
Nə yaxşı ki, varam, Allah”!
Elman Tovuz cavan yaşında avtoqəza keçirsə də, onun ağır sonucuna təslim olmadı, yazdı-yaratdı, ümidləndi, ümid verdi, ümid oldu…
Şair Elman Tovuzun şeirləri dillərdə, aşıqların sazında ötür;
Kitabxanalarda, hər dostunun evində, internet resurslarında Elman Tovuzun şeirləri yayılıb, yayılır, yayılacaqdır;
Şairin onu tanıyan, bilən, oxuyan hər kəsdə xatirəsi var; özü bu dünyadaykən xatiri əziz olduğu kimi, xatirələri də əzizdir, undulmazdır…
İndi dağlar qoynunda, anasının da uyuduğu torpaqların qoynunda, Qoca Palıdlı Qoşasuda uyuyan şair Elman Tovuzu nə şair, nə şeirlər unudar, nə el qədri bilən, el üçün çalışanlar - elmanlar yaddan çıxarar… Özünə təxəllüs götürdüyü Tovuz, oxuduğu, yaşadığı Bakı, canından çox sevdiyi Can Azərbaycan unutmaz onu!..
Bir şair üçün bundan yuxarı nə gərəkdir?..
Ruhuna sayğılar!
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)