Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Samirə Əşrəfin hekayəsi   təqdim edilir. 

 

Züleyxa sobada bişən sıyığın üzərinə bir qaşıq yumurta qabığının tozunu töküb qarışdırdı. O, kənd yumurtalarının qabığını atmır, yığıb saxlayırdı. Onları üyüdüb sümük boşluğu olan 6 yaşlı oğlunun xörəklərinə qatırdı. Tuş qazanın dibinə dəyib danqıldayan qaşığın səsi ilə Muradın o biri otaqdan eşidilən zarıması onun əsəblərini tarıma çəkirdi:

- Ana, gəl, mənim masınımı tap, mən masınımı istəyirəm!

Anası ona hay vermədiyindən Murad daha möhkəm ağlamağa başladı.

Son vaxtlar oğlu hər şeyin üstündə ağlayır, acıq edib yeməyini yemir, uşaq ağlı ilə anasından nəyinsə qisasını alıb, onu əsəbləşdirirdi.

Muradın növbəti çağırışı Züleyxanı özündən çıxardı. O, əlindəki qazançanı stolun üstünə zərblə elə çırpdı ki, içərisindəki sıyıq vulkan lavası kimi əvvəlcə qazanın divarlarına yayılıb, yırğalandı. Sonra sıyığın ortasından nazik lağım açıldı, zərif buxar dikinə qalxaraq əriyib yoxa çıxdı. Sıyığın üzərindən ikiyə bölünmüş incə səth getdikcə soyuyaraq öləzidi, lətləşdi. Züleyxa Murad olan otağa girib gözünün suyu burnunun seliyinə qarışmış oğlunun üstünə cumdu.

- Nədir, nə zırıldayırsan, niyə qoymursan sənə zəhər hazırlayım?!

Muradın qorxudan gözləri böyüdü, stulun küncünə çəkilib, vahimə ilə anasına baxdı.

- Nə istəyirsən də? Bayaqdan ulamırdın ana, ana, ana. De də, sözünü, ay nəsli kəsilmiş.

Muraddan səs gəlmədiyini görən Züleyxa əsməyə başladı. Hiss elədi ki, yenə təngnəfəsliyi tutacaq, ya da kəkələməyə başlayacaq. Tələsik o biri otağa qaçıb üç sarı həbi susuz udub çarpayının ucunda oturdu. Muradı bir neçə dəfə dilucu söydü. Ürəkgetməsinin tutmasından, oğlunun qorxacağından ehtiyatlandı. Bir az keçəndən sonra yenidən Murad olan otağa qayıtdı. Murad anasını səsləmirdi, ancaq narazı-narazı ağlayıb içini çəkirdi. Anasının isterik vəziyyəti vecinə deyildi, o istəyirdi ki, itən maşını tapılsın. Züleyxa nisbətən sakitcə oğluna yaxınlaşdı:

- Eşidirsən məni? Ay atasısifət, nədir, de, sözünü.

Murad ehtiyatla anasına baxırdı. Züleyxa, oğlunun hıçqırıqlarına, üz-gözündəki narazılığa əsəbiləşsə də, sakit, toxtaq danışmağa çalışdı:

- Murad, ya niyə ağladığını de, ya da mən gedirəm mətbəxə. Bir də nə qədər çağırsan, gəlməyəcəm.

- Mən atam alan masını istəyirəm - Murad, nəhayət, dilləndi.

- Hansıdı atan alan maşın? Əlli dəfə demişəm ki, s yox, ş. Masın yox, maşın!

Oğlu onun son sözlərinə məhəl qoymadı:

- Sarı, balaca.

Züleyxa yan-yörəsinə boylandı:

- Hardadı bəs o zəhləmgetmiş, yoxaçıxmış atanın aldığı, səni mələr qoyduğu maşın?

Atasının adının nifrətlə çəkilməsi Muradı yenə ürkütdü. Özünü ələ alıb, çiyinlərini çəkməyə, - bilmirəm, - deməyə gücü çatdı.

Züleyxa hirsindən yerində bir dəfə dövrə vurdu, çiynindəki mətbəx dəsmalını döşəməyə çırpdı:

- Sən bilmirsən, öz maşının hardadı, mən hardan bilim? Götür, o biriləri ilə oyna. Maşından çox maşın!

Uşaq təzədən gözündən muncuq-muncuq yaş tökdü.

- Yox, mən onu istəyirəm. Atam alanda demişdi, itirmə! İtirsən, bir də sənə heç nə almayacam!

Oğlunun son sözləri Züleyxanın cızdağını çıxartdı:

- Cəhənnəmə alsın, qara gora alsın. Heç onu görüm nə isə alan günü olmasın. Yoxa çıxsın sənin atanı, anası Gövhərlə birlikdə!

Bu sözlərdən sonra o, Muradın ağlamağına məhəl qoymayıb otaqdan çıxdı. Mətbəxdə soyuyub qatılaşan sıyıqdan boşqaba çəkib üzərinə bir qaşıq şəkər, yarım dilim yağ əlavə etdi, gətirib oğlunun qarşısına qoydu:

- Tez gəl, sıyığını ye. Sənə təzəsini alacam. İndi sənin o yoxa çıxmış dədənin də payını verəcəm.

Züleyxa oğlunun sözlərini təkrar edib ağzını əyə-əyə:

- İtirsən bir də sənə maşın almayacam. Cərə al, cəhənnəmə al! Maşını anan Gövhərə al ki, öləndə, aparıb tez basdırasan, evdə qalıb iylənməsin!

Orxanla on il idi evliydilər. Murad onlar evlənəndən dörd il sonra doğulmuşdu. Təzə-təzə hər şey çox yaxşı idi. Hərdən hər ikisi düşünürdü ki, həyat bu qədər gözəl, bir-birini sevən iki insan bu qədər xoşbəxt ola bilməz. Sanki hər ikisi bu xoşbəxtliyin haradasa qırılacağını, bəndə gəlməyəcəyini hiss edirdilər.

Orxanın anası Gövhər öz evini boşanmış qızına verib, onlara köçəndən sonra qorxduqları şey başlarına gəldi. Söz-söhbətlər, dava-dalaşlar axırda elə həddə çatdı ki, Züleyxa Muradı da götürüb illərlə yaşadığı evdən çıxdı. O çıxan bu çıxan, bir də geri qayıtmadı. Bir ilə yaxın idi ev tutub yaşayırdı. Ali təhsilli tərcüməçi olsa da, uşağı qoyub ardıcıl işlə məşğul ola bilmirdi. Tutduğu dayələrə pulu vaxtlı-vaxtında verə bilmədiyindən, onlar Murada yaxşı baxmırdılar. Uşaq tez-tez xəstələnir, qızdırması qalxırdı. Züleyxa qazandığını ev kirayəsinə, dayələrə, dərmanlara verirdi. İşdən çıxandan sonra bir neçə nəşriyyatla əməkdaşlıq edirdi, tərcümələri evdən edib yollayırdı. Ancaq qonorar günlərlə, bəzən isə aylarla uzanırdı, dolanışıq gün-gündən çətinləşirdi. Bəzən əlini qaldırıb iş görməyə, xörək bişirməyə taqəti olmurdu. Əvvəllər ya anası, ya bacısı çatırdı dadına. İntəhası, sonradan anası da rəhmətə getdi.

Anasının ölümündən sonra Orxan bir neçə dəfə söz atıb, barışmaq üçün gəlib-getsə də, Züleyxa razılaşmadı.  Sonuncu davada Orxanın ona vurduğu şilləni heç cür unuda bilmirdi. Həyatında ilk dəfə idi ki, kimsə ona əl qaldırmışdı.

Züleyxa istədi, Orxana zəng etsin, amma fikrindən daşındı. Orxanın susub-susub, qəfildən dediyi qısa, amma zəhər kimi sözləri indi həzm etməyə halı yox idi. Ona bircə kəlmə mesaj yazdı: "bir də nə mənim, nə də Muradın gözünə görünmə". Dərhal da peşman oldu. Quş kimi uçub gedən mesajın ardından təəssüflənən Züleyxanı Murad olan otaqdakı səssizlik narahat etdi. Oğlu olan otağa gələndə Muradı divanın bir küncündə yumrulanıb yatan gördü. O, masadakı sıyığa toxunmamışdı. Sıyıq soyuyub bərkimiş, üzü qat bağlamışdı. Züleyxa oğluna yaxınlaşdı. Muradın gözündən axan yaşın açdığı şırım qurumuşdu. Bircə damla yaş isə hələ də yanağında ilişib qalmışdı. Züleyxa özünü saxlaya bilməyib hıçqırdı. Oğluna yazığı gəldi. Hiss edirdi ki, Murad atasının xiffətini çəkir, onun yoxluğunun davasını edir. Orxan da qəsdən oğlunu görməyə gec-gec gəlir, onlara xərclik vermirdi.

Züleyxa oğlunu çarpayıya uzadıb üstünü örtdü, ağlamaqdan şişmiş gözlərini, üzünü öpdü. Otağa qayıdıb maşını axtarmağa başladı. Siyirmələrin gözünə, büllur qabların içərisinə, Muradın oyuncaq çantasına, hər yerə baxdı, amma sarı maşın gözünə dəymədi. Əyilib divanın altına göz gəzdirdi.

Pəncərədən düşən gün işığı döşəməni və divanın altındakı qalın toz qatını işıqlandırırdı. O, başını sərin döşəmənin üzərinə qoydu. Yanağına hopan sərinlik, evdəki sakitlik yavaş-yavaş canına yayıldı. Divanın altı Züleyxaya uşaq vaxtı baxdığı cizgi film meydançasını xatırlatdı.

Gündə bir dəfə axşamlar yatmazdan qabaq baxdığı on beş dəqiqəlik cizgi filmlərini çox sevirdi. Bütün sovet uşaqları kimi, o da həmin cizgi filmləri ilə böyümüşdü. Dördüncü sinifdə oxuyanda - onda hələ yaşadığı rayon işğal olunmamışdı - ORT kanalında "Cizgi filmi necə çəkilir?" adlı sənədli filmə baxmış, baxdığı cizgi filmlərinin, əslində, həqiqi yox, qurama olduğunu görmüşdü. Ancaq ona elə gəlirdi ki, Şaxtababa, doğurdan da var, o meşəyə gedir, tülküyə, dovşana, kirpiyə hədiyyələr aparır, xizəyinə minərək qarlı meşələrdən keçib uşaqlar yaşayan şəhərlərə gəlir, gecə mışıl-mışıl yatan uşaqların çarpayısının altına hədiyyələr qoyub gedir. Sənədli filmdə hər şey böyük bir masanın üzərində qurulan cizgi film meydançasından, maketlərdən ibarət idi. Onun meşədə yaşadığını zənn etdiyi Şaxta baba da, Qar Qız da, məktəblilərin Yeni il şənliyini hazırlayan qabaqcıl pioner Alyoşa da  indi həmin meydançanın üstündə üzüqoylu yıxılıb qalmışdılar. Cizgi filmin rəssamı Züleyxanın xəyalına köçürdüyü qəhrəmanları əlinə götürür, kamera onların əllərini, ayaqlarını, qırmızı boyalı dodaqlarını, mavi gözlərini yaxın planda çəkir, rəssam isə rus dilində izahlar verirdi.

Divanın altı Züleyxanın bayramdan bayrama təmizlədiyi yer idi. O, ancaq evdə gözə görünən yerlərin təmizliyinə fikir verir, döşəmənin ayaq dəyən yerlərini silib süpürürdü.

Divanın altına düşən adda-budda əşyalar çox böyük görünürdü. Lap mərkəzdə başmaq tayı vardı. Üzü üstə düşüb qalmışdı. ətrafındakı tozun qalınlığından, divanın altındakı ala-toranlıqdan Züleyxa başmağı xatırlaya bilmədi. Əlini uzadıb başmağı götürmək istədi, əli çatmadı. Sinəsini xeyli irəli verdi. Divanın tini Züleyxanın sinəsindəki kistaya dəyib incitdi. Ağrıya fikir verməyib başmağı götürdü. Anasının idi. Qalın toz qatı və bir neçə sarı saç teli başmaqdan asılı qalmışdı. Züleuxa əvvəllər saçlarını sarıya boyayıb uzadırdı. Anasından sonra saçlarını qara rəngə boyayıb qısaltdı.

Anası hara gedərdisə, ev paltarlarını, əl-üz, bədən dəsmalını, bir də başmağını özü ilə götürərdi. O, sonuncu dəfə onlardan gedəndə, başmağın tayını nə qədər axtardılarsa, tapa bilmədilər. Anası rəhmətə gedəndən sonra da Züleyxanın ağlına gəlmədi əyilib divanın altına baxsın. Anasının aparmayıb onlarda qoyduğu taykeş başmağı bir neçə gün çarpayısının üstünə qoyub baxır, səssiz-səssiz ağlayırdı. Bəzən ağlayıb yuxuya gedir, səhər ayılırdı ki, başmaq qoynunda yatıb.

Züleyxa başmağın tozunu silib qoxladı, heç bir qoxu gəlmirdi, diqqətlə nəzərdən keçirib özünə əzab verə biləcəyi nişanə, iz axtardı. Heç nə hiss etmirdi, yalnız anasını xatırlayırdı. Son günlər anası hər dəfə onlara gələndə deyirdi:

- Sözümə qulaq asmadın. Bir Gövhər qarısı ilə yollaşmadın, dolu evi qoyub, gəldin girdin bu daxmaya. İndi qalmısan naçar.

- Naçar deyiləm. Qarı dediyin ifritə dolu evini qızına verib gəldi mənim yanıma, amma siz məni beş gün atamın evində saxlamadınız. Qışın günündə başım sulu-sulu, uşaq qucağımda çıxardınız evdən.

- Çıxarmadıq, özün qardaşınla dalaşıb getdin.

- Mən gedəndə, sən hara baxırdın?

- Sözümə qulaq asmadın. Dedim, gəlmisən, sakitcə otur, bir tərəfdə, gəlinlə, qardaşınla dilləşmə.

- Qardaşım gün verdi ki?

- Nə deyirdi yazıq qardaş, deyirdi ailəni dağıtma də.

- Sizə nə var, bircə saat Gövhər həyasızı ilə yol getməzsiniz.

Anası ürəyində qızı ilə razılaşsa da, biruzə verməmiş, susmuşdu. Onun səssizliyindən istifadə edən Züleyxa demişdi:

- İndi də imkan vermirsən, boşanım.

- Boşanma!

- Niyə?

- Gözəl-göyçək qadınsan, cavansan, boşanan kimi hərə bir vedrə bağlayacaq, düz də getsən əyridi deyəcəklər, əyri də getsən. Amma ərin yanında olanda, heç kimin hünəri çatmayacaq!

- Cəhənnəmə desinlər. Boşanacam, o anasından qorxandan!

- Kəs səsini!

- Kəsmirəm. Öz adınıza söz gəlməsin, boşanmış qızınız olmasın deyə məni bədbəxt etdiniz!

- Özün sevib getmişdin. Mən Orxan tanıyırdım?

- Qələt eləmişdim, sağ qalanlarımla birgə.

- İndi fikrin nədir? Boşanıb küçələrə düşmək istəyirsən?

- Sənin sözündən belə çıxır ki, boşananların hamısı küçələrə düşüb əxlaqsızılıq edir?

- Dedim ki, səsini kəs, özünü də yığışdır! Utanmaz!

Anası ilə hər dəfə deyişəndə Züleyxa dözməyib ağlamağa başlayırdı. Anasından, bir də oğlu Muraddan başqa heç kim onu yanıqlı ağlayan görmürdü. Əksinə hamı deyirdi ki, yaman əzazil oldu bu qız. Cavan ərini evin altına atıb getdi.

Züleyxa indi ili çıxmayan anasının sözlərini, sonra da onun ölümünü xatırlayıb daha da məyus oldu. Anasıgildən son dəfə qardaşı ilə dalaşıb çıxdığı gün yadına düşdü. Gözləri yaşaran anasının ona dediyi son sözləri xatırladı "Mən öləndən sonra gəlmə bura".

Divanın altında balaca nazik dəmir parçasına, mil qırığına, saç sancağına bənzəyən nəsə parıldayırdı. Züleyxa telefonun işığını yandırıb qaranlığa zillədi. Xırda duz dənələri yenicə divanın altına töküldüyündən hələ ordan-burdan ağarırdı. Ötən həftə masanın üstündəki duzu özü dağıtmışdı. Zamanın diktəsi hələ NaCl kimyasına qalib gələ bilməmiş, tozun hakimiyyəti bərqərar olmamışdı. Yaxınlaşdıqca işığın altında parlayan kristal dənələrin düz ortasında stolüstü saatın əqrəbini gördü. 

Qızılı rəngdə, düzbucaq formasında, kərpici xatırladan "Çayka" markalı qədimi saatları rayondakı evlərindən ona qalan son yadigar idi. Qaçaqaç vaxtı atası əşyalarını çıxaranda saatı da götürüb elə kərpic kimi atmışdı boxçalardan birinin içərisinə. Sonra həmin saat uzun illər onlarla birgə mənzildən mənzilə köçdü, yaşa doldu, qocaldı. Atası sağ olanda hər səhər oyanan kimi saatı mütləq qururdu ki, yatmasın, yaxşı işləsin. O, rəhmətə gedəndən sonra saat həmişəlik yatdı.

Züleyxa rayondakı evlərinə gedəndə ağlına nə yerləşmişdisə, saatı da özü ilə götürmüşdü. Evlərinin pəncərəsinin önündə dayanıb içəri otaqlara boylanır, otaqların içərisində bitən əncir, qoz ağaclarının budaqları arasından sızıldayan keçmişdən nə isə tapmağa, xatırlamağa çalışırdı. Amma qarşısındakı daş yığını, zamanla əmələ gələn yastı qum təpələri, evlərinin dağılmış divarları onun üçün otuz illik keçmiş yaratmışdı. Xatirələr üzərinə sel kimi gəlir, hansı fraqmentin, kadrın üstündə dayanacağını, düşünəcəyini kəsdirə bilmirdi. Həmin məqamda Züleyxa saatı çantasından çıxarıb uçuq pəncərənin önünə qoymuşdu. Gözlənilmədən saatın əqrəbləri hərəkətə gəlmiş, işləməyə başlamışdı.

Yadına gəlir, atası rayondakı evi tikəndə, Züleyxanın dörd yaşı vardı. Ev tam hazır olandan sonra köçmüşdülər. Köçməklərini də xatırlamırdı. Yalnız bu evdə keçirdikləri xoş günlər yadında qalmışdı. Amma ona elə gəlirdi ki, gündüzlər məktəbdə dərs deyib, gecələr ay işığında ev tikən atasının yanında olub, onunla birlikdə palçıq qatıb, vedrələrə yığıb iplə yuxarı çəkib, sonra ağır, qara daşları atası ilə köməkləşib hörgünün üstünə qoyub. Züleyxa başını uçub dağılmış divarların küncündən boylanan daşlardan birinə söykədi. İlıq və hənirli idi. Elə bil ondan əvvəl kimsə onun kimi başını daşa söykəmiş, canı ilə onu qızdırıb sonra kənara çəkilmişdi. Züleyxa əlini daşın üstündə gəzdirdi, canlı bir şeymiş kimi onu ehmalca sığalladı. O, həyət boyu ayaqyalın başıaçıq gəzdiyi günləri, atasının onun üçün yığıb alüminim qabda saxladığı çiyələklərin qoxusunu, anasının plov dəmlədiyi yarıqaranlıq axşamları xatırladı. Elə bil uzaqlardan kimsə onu səslədi. Uzaqlarda itib-batan səs uşaq vaxtı dərsdən gələn zaman atasının darvazanın qarşısına çıxıb onun adını səsləməsinə bənzədi.

Həmin gün Orxan ona toxunmadı. Hava qaralana qədər Züleyxa həyətlərini gəzdi, dolandı. Ordakı kol-kosdan, şüşə qırıqlarından, tanış nişanələrin qırıntılarından toplayıb bir torba düzəltdi. Sonra həmin torbanı sinəsinə basıb həyətlərindən çıxdı. Getməliydi. Bu boyda şəhərdə əyləşib bir stəkan çay içə biləcəkləri salamat bir ev, bir qapı yox idi. İnsan nəfəsi otuz il idi bu yerlərdən uzaq düşmüşdü.

Divanın altında yarpaq formasında olan qızılı, yığcam çərçivənin içərisinə bərkidilmiş mavi, sarı, çəhrayı, qırmızı, yaşıl rəngli şüşə bərq vururdu. Orxan bu medalyonu ona Tiflisdəki küçə al-verçilərindən almışdı. Medalyon taxmağı sevməsə də, qiymətli hədiyə kimi Züleyxa onu bəzək əşyalarının işərisinə qoymuşdu. Amma divanın altına necə düşməsindən xəbəri yox idi. Çox güman ki, yır-yığış edəndə, ya da Murad onları qarışdıranda bura düşmüşdü.

Züleyxa medalyonu ovuclarında sıxıb sinəsinin üstündə saxladı. Tiflisə getdiyi günü xatırladı. Qalacaqları otelə çatan kimi ilk sözü bu olmuşdu:

- Mən mütləq Mirzə Fətəli Axundovun qəbrini ziyarət edəcəm.

Yorğunluqdan gözləri yumulan Orxan başını yastıqdan qaldırmadan dilləndi:

- Yaxşı gedərsən, imkan ver, yatım.

- Qulaq as, bəlkə, elə nahardan sonra gedək?

- Züleyxa, indi çatmışıq, hələ beş gün burdayıq.

- Nə olsun, nə qədər burdayıq, hər gün gedərik.

Orxan təəccüblə ona baxmışdı:

- Hər gün niyə?

- Müsbət enerji alacam.

- Başa düşdüm, ay Züleyxa. Çox yorulmuşam, imkan ver yatım.

Sonrakı günlərin heç birində Züleyxa Axundovun məzarını ziyarət edə bilmədi. Onlar bayram günləri Tiflisə səyahət etdiklərindən hər yer, eləcə də Axundovun məzarı olan Botanika bağı da bağlı idi. Gürcü mühafizəçilərlə nə qədər çənə-boğaz olsalar da, giriş üçün icazə ala bilməmişdilər. Bağın qarşısından aralananda, Züleyxanın gözündə iki damla yaş axmışdı. Orxan ona baxıb gül-gülə demişdi:

- Vallah, mən ölsəm, belə ağlamazsan.

Sərin döşəmədə uzanan Züleyxa medalyonun mavi tərəfini gözünə tutdu. Hər tərəf mavi rəngə büründü. Otağın divarları, pəncərədəki bəyaz pərdələr, divar boyu düzülmüş kitablar, pəncərədən görünən ağ buludlar...

...Xudafərin körpüsünün üstündə üç gün idi, mitinqlər keçirilir, şüarlar səslənirdi.

"Azadlıq! Azadlıq! Azadlıq!"

Atası iki günüydü evə gəlmirdi, anası gəlib-gedən hər kəsdən onu xəbər alırdı. Atası iki gün əvvəl dərsdən çıxan müəllimlərlə birgə Xudafərin körpüsünə getmişdi. Deyirdilər, Bakıdan da tanınmış şairlər, yazıçılar mitinqdə çıxış etmək üçün gəliblər. Atası evə üç gün sonra, yanvarın 15-də gecə yarısı gəlib çıxdı. Yorğun, ac və çirkli idi. Başına bağladığı üzərinə ağ boya ilə "Azadlıq" sözü yazılan qara lent qaşlarının üstünə sürüşmüşdü. Rayonda komendant saatı elan edilmiş, rus əsgərləri hər yerə səpələnmişdilər. Günün günorta çağı qəfildən rayonun mərkəzinə hərbi maşınlar yığışmış, içərisindən düşən rus əsgərlər qarışqa kimi yaxınlıqdakı yaşayış evlərinin ətrafına səpələnmişdiər. Onda Züleyxa dayısıgildə idi. Küçədən gələn səs-küyü eşidən dayısı tez onları evə salmışdı. Züleyxa pərdənin arxasından həyətə baxırdı. Çəpər boyu düzülmüş əsgərlər sakitcə dayanmış, ətrafı müşahidə edirdilər. Rus dilli müəllimi dayısı onlara yaxınlaşıb nə barədəsə söhbət edir, söhbət əsnasında siqaret çəkirdi. Züleyxa onda dayısını özü üçün qəhrəman seçdi. Zarafat deyildi, əlisilahlı əsgərlərlə yanaşı dayanmaq və onların yanında siqaret çəkmək.

Həmin vaxtlar Hüseyn Adsız Nihalın "Bozqurdlar" romanı Züleyxanın su kimi içdiyi kitablardan biri idi. O, əsərdəki türk kişilərini yoldan çıxaran hiyləgər çinli qızların gözəlliyini, atların südündən hazırlanan sərin kımızın tərifini, son nəfəsinə qədər türk obaları uğrunda mübarizə aparan Kürşadı unuda bilmirdi...

Pərdənin ardından əsgərlərə göz qoyan Züleyxa özünü gözəl çinli qızlardan biri kimi xəyal etdi. Gözünü yumub zərli, bəzəkli paltarı ilə çəpər boyu düzlənən əsgərlərdən ən yaraşıqlısına, ən rütbəlisinə yanaşdı, onu çadırına kımız içməyə dəvət etdi. Yolun yarısında halı xarab oldu və əsgərin qüvvətli qolları arasına düşdü. Ertəsi gün bir könüldən, min könülə Züleyxaya aşiq olan əsgər bütün qoşuna sevgilisinin şəhərindən çıxması haqqında əmr verdi. Züleyxa gözlərini açanda dayısıgilin evlərinin yaxınlığındakı əsgərlər doğurdan harasa çıxıb getmişdilər. Amma sonrakı günlərdə nə əsgərlər, nə tanklar Züleyxanın xəyalındakı kimi onların şəhərini asanlıqla tərk etmədilər.

Medalyonun qırmızı rəngi Züleyxanın gözlərini qamaşdırdı. Ətrafı qırmızı, qan rəngində görmək ürəyini sıxırdı.

Beş gündən sonra Züleyxa qəhrəmanı olan dayısını ilk dəfə ağlayan gördü. Dərsə gedəndə, küçədə addımlayan izdihamın içərisində dayısı da vardı. Cibindəki dəsmalla gözlərini qurulayan dayısı izdihama qoşulub qışqırırdı:

- Şəhidlər! Şəhidlər! Şəhidlər!

Səs ucaldıcılardan mitinq çıxışçılarının səsi gəlirdi. Küçəyə qırmızı qərənfillər düzülmüşdü.

Züleyxa məktəbə çatanda dərs olmayacağını öyrəndi. Bakıda insanlar tankların altında qalmışdı. Sinif yoldaşı Yavər gözlərini sıxıb baş verən hadisənin ağrısını ona çatdıra bilmək üçün yalandan ağlamağa çalışdı, amma çox süni alındı. Züleyxa və digər sinif yoldaşları özlərini böyüklər qədər kədərli, hadisələrin mahiyyətini dərk etmiş kimi göstərməyə cəhd edirdilər, intəhası buna nail ola bilmirdilər. Çünki ürəklərinin dərinliyində həmin gün dərsin olmamağına sevinirdilər. Üç il sonra rayonları işğal olundu.

Züleyxa vaxtilə özünə qəhrəman seçdiyi dayısının Bakıda kirayə qaldığı evdə öldüyü günü xatırladı. O, dayısının evinə çatanda həkim resept yazdığı qələmi çantasına qoyub yır-yığış edir, dayısının yaşaması haqqında nikbin heç nə demirdi. Dayısı tez-tez sayıqlayır, Yusifin adını çəkir, ona yaxınlaşan Züleyxanın əlindən tutub yanında əyləşdirdi. Astadan, qəhərlə danışırdı:

- Mənə söz ver, rayona getsən, Yusifi axtaracaqsan.

- Əlbəttə, hökmən axtaracam.

- Bilirsən, həmin günü heç vaxt unutmadım. Suyun içərisində qalan paltarları, arxla üzüaşağı axan sabulu suyu, evimdən qalxan narıncı, qırmızı alovu, tez-tez təsəvvür etməyə, xatırlamğa çalışdım.

- Həkimlər çox danışmağına icazə vermirlər - Züleyxa dayısını sakitləşdirməyə çalışmışdı.

- Bilirəm, vəziyyətim yaxşı deyil. Ancaq sən yenə də söz ver ki, bizim evə gedəcəksən, oğlumu axtaracaqsan.

Cavab əvəzi olaraq Züleyxa onun əlini sıxmışdı. Dayısının barmaqları isə ağac budağı kimi cansız və soyuq idi.

Dayısı qurumuş boğazını arıtlayıb danışırdı:

- Həmin gün kənddə dərsdəydim. Bilə bilməzdim başıma gələnləri. Nə yalan deyim, heç nə hiss etməmişdim də. Kənddən rayona evə qayıdanda, hərbçilər məni rayona buraxmadılar. Dedilər, rayon alınıb.   Qızqayıtı neçə gün axtardım. Elə bilirdim, Yusif də onun yanındadır. Beyləqana bir həftədən sonra gəldim. Yollar hər yerdən bağlanmışdı. Arazı üzə-üzə güclə İran tərəfə keçə bildik. Arazboyu kəndlərdəki o taylılar bizə əl tutdu. Evinə aparan kim, yemək yedirən kim, günlərlə qonaq saxlayan kim. Beyləqana bir həftədən sonra gəlib çıxdım. Qızqayıtı görəndə qorxdum. Bir həftənin içərisində sümükləri çıxmışdı, ayaqüstdə ölmüşdü. Züleyxa Yusifi evdə yatılı qoyub qonşunun həyətindəki arxda paltarları suya çəkəndə, evimizə qrad düşmüşdü. Yazıq qadın qışqırıb evə tərəf qaçanda, başqa qonşuların da evinə top, qrad düşür. Camaat ayaqyalın, başıaçıq küçəboyu qaçanda, qonşulardan kimsə onu qamarlayııb qaçmağa məcbur edir. Evlər od tutub yanır, hamı qaçır, Qızqayıtı da evə tərəf getməyə qoymurlar. Sonralar rayondan son dəfə çıxan hərbçilər dedilər ki, mənim evim yanıb külə dönübmüş. Bu otuz ildə nə zaman gözümü yumdumsa, alovlanıb yanan evlər bir də arxın içərisində  sabunlu qalan paltarlar gördüm. Yusifin paltarlarını... Onun rəngarəng aşırmalı şalvarlarını, corablarını, balaca maykalarını heç vaxt unuda bilmədim. Onun başına gələnlərdə mən idim günahkar.

Züleyxa dayısına baxıb pıçıldadı:

- Sən hardan bilərdin baş verənləri?

- Yox, bizimkilər ermənilərn 9 kəndini bir gecədə götürmüşdülər. Adamlar dəstə-dəstə gedib boş qalan evlərdəki əşyaları gətirirdilər. Çuvalla kişmiş, qənd, qoz, fındıq ləpəsinə qədər qoyub qaçmışdılar. Onda mən də getdim. Anam dedi, bala getmə, bizə haramçılıq düşmür. Qulaq asmadım. Ordan Yusifə balaca velosiped gətirdim. Bircə dəfə sürdü onu yazıq uşaq. Gərək gətirməzdim.

Dayısı danışdıqca gözlərindən yaş axır, səsi tez-tez qırılırdı. Sinəsindən qopan xırıltı onu fikirlərini yarıda saxlamağa məcbur edirdi. Ancaq əllərini Züleyxanın əllərindən çəkməyib deyirdi:

- Mənə söz ver ki, gedib evimi tapacaqsan, onu axtaracaqsan.

-  Yaxşı, söz verirəm, gedəcəm, Yusifi tapacam.

Dayısı həmin gün gecəyarı keçindi. Züleyxa dayısının sözünə əməl edə bilmədi. Rayona gedəndə, nə qədər cəhd etsə də, onu dayısının evi olan səmtə buraxmadılar. Minalı ərazi olduğundan lentlərlə mühasirəyə alınmışdı. Ancaq buraxsaydılar belə Züleyxa dayısının evinin xarabalıqları olan təpəliyə çıxa bilməz, daş yığınının içərisindən keçə bilməzdi. O, uzaqdan ağlaya-ağlaya balaca Yusifi və dayısını xatırlayıb ordan uzaqlaşmışdı.

Medalyonun yaşıl tərəfi kimi hər yan yaşıl idi. Nənəsigilin kənddəki kəhrizlərinin yanında bitən yosunlar da belə yaşıl rəngdə olurdu. Kəhrizin yaxınlığında bitən ağacların başı göy üzünə dirənirdi. Yarpaqlara toxunub işığı öləziyən günəş şüaları kəndin içərisini qaraya çalan tünd yaşıla boyayırdı. Züleyxa yay tətilində nənəsigilə gedəndə ilk getdiyi yer kəhrizin yanı olardı, ətrafdakı yaşıl rəng onu sehrləyərdi. Özünü sanki dənizin altında, sərinlikdə hiss edirdi.

Züleyxa balaca bibisinin hamıdan çox istəyirdi. Adı Naibə idi, amma hamı onu Nahibə deyə çağırırdı. 7 il əvvəl öldü bibisi. Onu uşaqlıqda bibisi saxlamışdı. Səhərlər anası işə gedəndə, aparıb Nahibənin yanına qoyur, axşam işdən qayıdanda götürürdü. Nahibə hara gedirdisə, onu da özü ilə aparırdı. Yaşı qırxı çoxdan keçmişdi, amma ərə getməmişdi bibisi. Bibisinin yaxşı xüsusiyyətlərində elə bil nə isə çatışmırdı. Hərdən aramsız danışır, tez özündən çıxırdı. Bəzən o biri bibisinin nəvələrini dəcəllik edəndə qapıdan qovur, hətta arxalarınca iri daşlar atırdı. Bir dəfə Qumru bibisinin nəvəsinin belindən nətər yumruq qoymuşdusa, uşaq gömgöy göyərmişdi. Uşağı güclə özünə gətirib bibisini danlamışdılar:

- Nə dəliliyinə salmısan, elə yumruq vurarlar əl boyda uşağa? Yığışdır bu xırsızlığını!

O gündən sonra bibisinin başqa adı da Xırsız oldu.

Bibisi uşaq vaxtı qorxu keçirəndən sonra xəstələnmişdi. On iki yaşı olanda yay günlərinin birində həyətdəki çardaqda yatmağa hazırlaşanda, ortancıl qardaşı Qüdrət başına ağ mələfə keçirib bacısını qorxutmuşdu.

Tirtap yerə sərilən Nahibə günlərlə ət kimi qalıb, bir içim su da içə bilməmişdi. Atası ocaq nəslindən idi, gözünü açandan dili duada, əli Quranda olmuşdu.

Həmin gündən Züleyxanın babası göz yaşı tökə-tökə günlərlə dualar oxuyur, dizini yerə qoyub yorulmadan, usanmadan namaz qılırdı. Günlərin birində Nahibə ayağa qalxır, yeriyir, gəzir, amma danışa bilmir. Bir gün atası onu atın tərkinə alıb oğlanlarına deyir:

- Bu qızı tərkimə kəndirlə möhkəm sarıyın. Qılınc öz qınını kəsmir, aparıram Qubadlıdakı Mir Sədi ağanın yanına.

Bir gecə Qubadlıda seyidin ocağında yatır Nahibə. Gecə yuxusunda nurani bir sima ona yaxınlaşır, bir bardaq su verib deyir:

- İmam Əlinin ehsanına iç bunu, bala.

Sübh azanı veriləndə, Nahibə gözlərini açıb atasını çağırır:

- Dədə, mənə sərin su ver.

Atası onu atının tərkinə alıb, ağlaya-ağlaya, dua edə-edə geri kəndlərinə qayıdır.

Züleyxa böyrünün ağrıdığını hiss edib, döşəmənin üzərindən qalxdı. Süpürgə ilə divanın altını silib təmizləyəndən sonra Murad yatan otağa keçdi. Oğlu üstündəki adyalı ayağı ilə kənara atıb sağ böyrü üstə mışıl-mışıl yatırdı. Yuxuda nəsə görürdü deyəsən, dodaqucu, amma bir az da narazılıqla gülümsəyirdi. Pəncərədən düşən gün işığı Muradın kirpiklərində, saçında bərq vururdu. Züleyxa pərdəni çəkmək üçün yaxınlaşnda, sarı maşını pəncərənin sürahisində gördü. O, pərdəni çəkib, maşını götürdü. Oğluna yaxınlaşıb maşını onun yanına qoydu. Saata baxmaq üçün  telefonu götürdü. Orxandan mesaj gəlmişdi.

"Anam öldü..."

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Məmmədzadə İnci, “Ədəbiyyat və incəsənət” üçün

 

Həyatda hər zaman  istədiyimiz hər şeyə nail ola bilmirik. Xəyallarımız, arzularımız reallaşsın deyə günlərlə, aylarla bəzən illərlə əlləşir-vuruşur, məqsədimizə nail olmağa çalışırıq. Nə qədər çalışsaq da bəzi arzularımız əlçatmaz olur. 

 

Xeyirlisi deyirik, olmursa Allah belə məsləhət görübdür deyə düşünürük və yolumuza davam edirik. Hərdən gülür, bəzən isə günlərimizi kədərli, qəmgin bir halda keçiririk. Dünya həyatı belədi. Gülmək də var, ağlamaq da. Əgər hər zaman bəxtəvər olsaydıq, üzümüz gülsəydi, bəlkə də haşa Rəbb’imizi unudardıq. Belə bir məsəl var: Allah qəlbimizə rahatlıq versin, amma bu rahatlıq bizə Allah’ı unutdurmasın. Çətinlik bizim üçün verilmiş bir nemətdir ki biz dara düşək və Allah’a tərəf yönələk, Yaradan’dan gizli -gizli yalvararaq kömək istəyək. 

İslam aləminin müqəddəs kitabı Qurani-Kərimdə Əraf surəsi 205-ci ayədə Rəbb’imiz buyurur: “Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.” Dua bizə bəxş edilmiş, qəlblərimizin aramlıq tapması və Uca Allah’a yaxınlaşmağımız üçün bir vasitədir. Həqiqətən də elə bir insan olmasın ki dua etsin və rahatlıq tapmasın. Bu, Rəbb’imizin bizə lütfüdür, bizi sevən, hər daim xeyrimizi düşünən Yaradan’ımız hər bir bəndəsini yalnızca onun daşıya biləcəyi qədər çətinliklə imtahan edər və etdiyi imtahanda da kömək edər. Elə ki bizə bir bəla gəldikdə “innə lilləhi və innə ileyhi raciun – biz Allah’a məxsusuq və O’na qayıdacağıq” deyərik, isyana düşməz və haşa həddimizi aşmarıq. Allah heç bir qulunun pisliyini istəməz, bu halda qula göndərilən bəla onun zərərinə deyil, xeyri üçün olar. Bəndə səbr etsə sözsüz ki mükafatın alar. Heç bir vaxt hansı  böyüklükdə olursa olsun çətinlik və müsibətlə üzləşsək də Rəbb’imizdən ümid kəsməyək, səbr edək və daim yaxşı əməl sahibi olaq. “Ey iman gətirənlər! səbr edin, dözümlü olun”... Ali İmran / 200

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə “Cümə günü Əbülfəzqızının 10 sualı ilə”rubrikasının qonağı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin keçmiş Baş katibi, hazırda – Məşvərət Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, bir çox sevilən musiqilərin söz müəllifi, nurüzlü xanım Rəsmiyyə Sabirdir.

 

 

-Xoş gördük, əziz Rəsmiyyə xanım.

Zaman nə çıxar, nə də bölər. Lakin elə bir şəkildə toplayar ki, vurma belə onun yanında heç qalar. (Bob Talbert)

Dəyərli Rəsmiyyə xanım, zamanı itirmədən Sizin görüşünüzə həyəcanla tələsən, sevinən, səbirsiz "10 sualı" səsləyirəm.

 

1) 

Bəzən həyat

üzərimə yeriyir.

O zaman

özümü sözlə ovuduram.

Taleyimin əzablarını

beləcə unuduram. ( Rəsmiyyə Sabir)

 

Əziz Rəsmiyyə xanım, həyata tərif verilsəydi, Sizin tərifiniz necə olardı?

 

- Həyat - insanın müəyyən zaman ərzində yaşantılarıdır, iki nöqtə – olumla ölüm arasındakı ömür xəttidir. Bu yaşantıların arasında xoş gün də var, pis gün də, kədər də var, sevinc də, xoşbəxtlik də var, bədbəxtlik də... Fikrimcə, biz doğularkən taleyimiz alnımıza yazılır. Biz qədərdən istəsək də qaça bilmirik. Bir şeirimdə yazmışdım ki:

Bu tale baş alıb gedir,

Məni də sürüyür, anam.

 

2) 

F.Dostoyevskinin “Alçaldılmış və təhqiredilmişlər” romanında başqalarının bədbəxtliyinə, məhvinə gətirib çıxarmasına səbəb olan var-dövlət ehtirasının bəzi insanlarda ifrat dərəcədə olduğunun şahidi oluruq. Cəmiyyətdə pulun həlledici olmasına münasibətiniz necədir?

 

- Həqiqətən də bəzilərinin var-dövlət ehtirası başqalarının bədbəxtliyinə gətirib çıxarır. Mən ixtisasca iqtisadçıyam və bir iqtisadçı olaraq pulun funksiyalarını gözəl bilirəm. Məni hər zaman düşündürən bəzi məsələlər var. Onlardan biri pulla bağlıdır. Niyə insanlar pulun bu qədər əsirinə çevrilirlər? Doğrudur, pul həyatda çox şey deməkdir, lakin hər şey demək deyil. Pulla ömür almaq olarmı? Xeyr. Bir milyarderin pulun gücsüzlüyü haqqındakı fikirlərini oxumuşdum. Belçikada 4 il davam edən milli xoşbəxtlik sorğusuna görə, pulun səadət gətirmədiyi qənaətinə gəlinmişdir. Fikrimcə, pul yaxşılıq etmək üçün bir vasitə olmalıdır.

 

3) 

Sən –

Tanrının yaratdığı

şeirsən, qadın.

Mən

Səni

ruhumu oxşayan

şeirə bənzədirəm.

Şeirdir sənin adın...( Rəsmiyyə Sabir)

Dəyərli xanım Şairimiz, “qadınları nə xoşbəxt edir?” - sualına cavab istəsək, siyahıda 1,2, 3 - cü sırada hansı cavablar olar?

 

- Təkcə qadınları deyil, mən deyərdim ki, bütün insanları xoşbəxt etmək üçün çox şeyə ehtiyac yoxdur. Bir mahnıda deyildiyi kimi: “Ovuc içi qədər xoşbəxtlik yetər”. O ki qaldı qadınları xoşbəxt edəcək şeylərə...

Bu, zamana, məkana və şəxsə görə dəyişir. Məsələn, bir qadını xoşbəxt edəcək bir şeir başqasına gülünc görünə bilər. Yaxud, bir qadını xoşbəxt edəcək bahalı bir hədiyyə başqa birisi üçün heç bir əhəmiyyət kəsb etməz. Bu kimi nümunələrin sayını artırmaq da olar, lakin mən oxucuları yormaq istəmirəm. Qadınları ən çox xoşbəxt edən nəsnələr arasında birinci yerdə hörmət, ikinci yerdə sevgi, üçüncü yerdə isə diqqət gəlir. Təbii ki, bu, qadına görə dəyişir. Yəqin ki, qadınların əksəriyyəti sevgini birinci yerdə qeyd edərdi. Mənim düşüncəmə görə isə, hörmət hər şeydən vacibdir. Əgər bir insanın sənə hörməti yoxdursa, onun sevgisinin heç bir əhəmiyyəti olmayacaqdır. İfrat sevginin bəzi hallarda böyük fəsadlar verdiyini çox görmüşük real həyatda... 

 

4) 

Pul dəniz suyuna oxşayır; nə qədər çox içsən, o qədər çox susayırsan. (Artur Şopenhauer)

“Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.” ( Nizami Gəncəvi)

Rəsmiyyə xanım, tamahkarların gözləri niyə doymur ki doymur...?

 

- Məşhur bir məsəl var: “Torpaq gözünü doydursun”. Bu deyim insanların acizliyinin etirafıdır. Yəni, biz insanları tamahkarlıqdan yayındıra bilmirik, bu problemi ancaq ölüm həll edə bilər. Bilirsiniz, kamil insan heç zaman tamahkar ola bilməz. Çünki dünyanın faniliyini anlayır. Yunis Əmrə deyir ki:

 

Mal sahibi, mülk sahibi,

Hanı bunun ilk sahibi?

Mal da yalan, mülk də yalan,

Al, bir az da sən oyalan.

 

Dünyanın faniliyini, var-dövlətin insana məxsus olmadığını bu dörd cümlə necə gözəl ifadə edir?... Təəssüf ki, insanların əksəriyyəti bu dünyanın faniliyini anlamır, sanki ölməyəcəklərmiş kimi vardan, dövlətdən dördəlli yapışır... Xarici ölkələrin varlı insanlarının, milyarderlərinin yaşam tərzinə nəzər salın. Onların çoxu varidatını xeyrixah məqsədlər üçün xərcləyir, bəziləri vəsaitlərini xeyriyyə fondlarına bağışlayırlar ki, dünyalarını dəyişəndən sonra xoş əməllər, təhsilin inkişafı, qızların savadlanması üçün istifadə edilsin. Dəyərlimiz Qənirə xanım nə deyirdi? “Biz bu dünyadan köçəndə hər şeyi burda qoyacağıq, özümüzlə heç nə aparmayacağıq...”

 

5) 

Bu qəm bazarına hey baxa-baxa,

Bir cəza aldım ki, ölümdən baha,

Mənim göz yaşlarım quruyub daha,

Qələmin gözündən indi yaş gəlir. (Rəsmiyyə Sabir)

Əziz Rəsmiyyə xanım, ”Qəm bazarının” alıcıları sükutun içində əzilən ümidlərini necə ovudurlar?

 

- Hərə bir cür ovudur. Mən də sözlə... Ən çətin anımda ilahi söz köməyimə çatıb. Çox itkilərim olub, yaxınlarımı, dəyərli insanları itirmişəm. Atamı, anamı, bacılarımın uşaqlarını, müəllimlərimi, dostlarımı və s. Həyatda nə qədər mübariz olsam da, bəzən həyat üzərimə yeriyib. Bu şeirlər təsadüfdən yaranmayıb. Əksəriyyəti həyatın vurduğu sillələrin nəticələridir... 

 

6) 

Dəyərli Şairimiz, hansı hisslər bir-birini “tanımır”? Çünki heç vaxt rastlaşmayıblar.

 

- Sevgi və xəyanət. Sizə qəribə görünə bilər. Lakin əsl sevgidə xəyanət ola bilməz. Sevgi varsa, xəyanət yoxdur. Xəyanət varsa, sevgi yoxdur. “Dostluq və təmənna” da bu qəbildəndir. Təmənna olan yerdə dostluqdan söhbət gedə bilməz.

 

7) 

Elmi və yaradıcı fəaliyyətiniz qoşa addımlamağı bacarırmı?

 

- Fikrimcə, bacarır. Hərdən insanlar mənə belə bir sual ünvanlayırlar: “Bu qədər işi bir arada necə bacarırsınız?” və ya “Bu qədər uğura necə nail olursunuz?”. Qayğıkeş ana, zəhmətkeş tədqiqatçı, tələbələrin sevdiyi müəllim, tanınmış şair olmaq heç də asan deyil. Elmi və yaradıcı fəaliyyəti bərabər şəkildə uğurla irəli aparmaq insandan fədakarlıq tələb edir. Məni tanıyanlar bilirlər ki, çox ağır, gərgin rejimdə çalışan biriyəm. Bəzən sutkada 18 saat işləyirəm. Özümlə bağlı bir fakt deyim. Mən heç bir zaman rahat şəkildə televizorun qarşısında oturub serial izləməmişəm. Azərbaycan televiziyalarında yayımlanan bir çox serialların “ana” mahnılarının sözlərini mən yazmışam, lakin onları belə izləmək imkanım olmayıb. Hər bir uğurun arxasında gərgin zəhmət, yuxusuz gecələr dayanır. Təbii ki, bu, öz zəhmətiylə yüksələnlərə aiddir. 

 

8) 

Taleyimdən çıxıb, gedəndən bəri,

Sildin yaddaşımdan xatirələri.

Dəfn etdin bu eşqi sən diri-diri,

Unutdun məni.

 

Məni ağlar qoydu zalım intizar,

Yerlərdə, göylərdə edir ahüzar.

Ürək əzablardan olubdur bezar,

Qələm göz yaşıyla bircə söz yazar. (Rəsmiyyə Sabir)

 

Rəsmiyyə xanım, musiqisi Nadir Əzimov, ifası Eyyub Yaqubova məxsus olan bu musiqi yarandığı gündən bu günə kimi hələ də sevilir.

 

- Elədir, hələ də sevilir və düşünürəm ki, seviləcək də.Bunun səbəbləri çoxdur. Birincisi, bəstəkar, şair və ifaçı üçlüyü uğurludur. Əgər üçlükdən biri zəif olsaydı, bu qədər uğurlu mahnı yaranmazdı. Mən bu fikrimi dəfələrlə müsahibələrimdə demişəm. Üçlükdən biri zəif olanda, mahnının ömrü qısa olur. İkincisi, hər kəsin həyatında unutduğu nələrsə, kimlərsə var. Yaxud da unudulanlardandır. Yəni bu mahnı insan qəlbinin “sarı sim”inə toxunur. Bu yaxınlarda YouTube-da “Unutdun”a yazılan bəzi şərhləri oxuyurdum. Onu da qeyd edim ki, şərhlərin sayı o qədər çox idi ki, hamısını oxuyub qurtara bilmədim. Həmin şərhləri oxuduqca həm qürurlanırdım, həm də kövrəlirdim... Qürurlanırdım ki, belə bir gözəl əsər yaratmışıq. Kədərlənirdim ki, nə qədər unudulanlar varmış...  

 

-Əziz Şairimiz, unudulmağın ağrısı unudulurmu?

 

- Xeyr. Heç bir zaman... Sadəcə insan taleyi ilə barışıb yaşayır. Yara qaysaqlansa da, kiçik bir toxunuşdan qanaya bilir...

 

9) 

Dəyərli Rəsmiyyə xanım, insan kimi yaşamağı bacarmayıb ölüm sözündən təşvişə düşən insanlara nə söyləyərdiniz?

 

- Ölüm haqqdır. Məşhur bir məsəl var: “Qorxunun əcələ faydası yoxdur”. Hamımız bir gün öləcəyimizi bilirik və bu həqiqətlə yaşayırıq. Qorxan da, qorxmayan da bir gün bu dünyadan gedəcək. Elə yaşamalısan ki, ölümündən sonra səni gözəl insan olaraq xatırlasınlar. Bu, mənim həyat kredom olub. Yaşadığın ömrü şərəflə yaşamaq və insanlara yaxşılıq etmək.

 

10) 

Elmi təfəkkürdə həmişə poeziya elementi olur. (Albert Eynşteyn)

Rəsmiyyə xanım, İqtisadiyyatla Ədəbiyyatı hansı körpü birləşdirir?

 

- Ədəbiyyatın inkişafı iqtisadiyyatla bağlıdır. Ədəbiyyatı inkişaf etmiş ölkələrə baxın. Hamısı iqtisadi cəhətdən güclü ölkələrdir. Ümumiyyətlə, iqtisadiyyat digər sahələr üçün lokomotiv rolunu oynayır. Güclü iqtisadiyyat güclü siyasət, həm də güclü ədəbiyyat deməkdir. Tutaq ki, istedadlı yazarlar var və onlar öz dillərində nəhəng, dünya miqyaslı əsərlər yaradırlar. Bu əsərlərin dünya arenasına çıxardılmasına, tanıtdırılmasına, ekranlaşdırılmasına və s. böyük vəsait tələb olunur. Doğrudur, istedad olmayanda nə qədər maliyyə vəsaiti xərcləsən də, böyük ədəbiyyat yarana bilməz. Lakin biz mövcud ədəbiyyat haqqında danışırıq. İstedad və zəhmətin nəticəsində yaranan ədəbiyyatdan.

 

-Əziz Rəsmiyyə xanım, istər elmi, istərsə də, bədii yaradıcılığınızda, şəxsi həyatınızda Sizə uğurlar arzulayırıq, gərgin iş rejiminiz olsa da, səmimiyyətlə, gülərsima ilə "Ədəbiyyat və İncəsənət" portalına vaxt ayırdığınız üçün Sizə minnətdarıq.

 

- Maraqlı suallar üçün mən Sizə təşəkkür edirəm, Ülviyyə xanım!

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının Yazıçı və cəmiyyət rubrikasında bu gün söz yazıçı  Adəm İsmayıl Bakuvinindir. 

 

 

İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, böyük strateji əhəmiyyətə malik olan Laçın rayonunun ermənilər tərəfindən işğalı bütün Azərbaycan üçün böyük faciə idi. Bu rayonu ələ keçirməklə Ermənistan ilə keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yarandı ki, bu da digər ərazilərimizin sonrakı işğalına zəmin yaratdı. Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qoyulmuş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Lakin Azərbaycan 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ savaşında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 

Belə bir mühüm faktı da qeyd etmək lazımdır ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlətimizin başçısı tərəfindən görülən tədbirlər gələcək nəslin vətənpərvər ruhda formalaşması baxımından da böyük önəm kəsb edir. Bu məqsədlə Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Bundan başqa dövlət başçımızın müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Məlum olduğu kimi, Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin son dörd ildə Laçına etdiyi çoxsaylı səfərləri burada görülən işlərin xüsusi diqqətdə saxlandığını nümayiş etdirir. Həmçinin bu səfərlərin hər biri mühüm obyektlərin təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən dövlətimizin başçısı tərəfindən təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Bu hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşməklə, strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da böyük töhfə verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Azərbaycanlı şairə Xuraman Muradova Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib. 

 

AzərTAC xəbər verir ki, Özbəkistan Yazıçılar Birliyində təşkil edilmiş tədbirdə Özbəkistanın tanınmış şair və yazıçıları, ədəbiyyatsevərlər, media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyid sözügedən qurumun tarixindən və ədəbiyyatın inkişafında oynadığı roldan söz açıb. O, rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrin, o cümlədən türkdilli ölkələrlə əlaqələrin yaradılmasındakı rolundan danışıb. 

Azərbaycanlı şair və yazıçıların təşkilata üzv olmasının əhəmiyyətindən söz açan S.Seyyid şairə Xuraman Muradovaya Özbəkistan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini təqdim edib. 

Daha sonra çıxış edən şairə ona göstərilmiş etimadı yüksək qiymətləndirərək gələcəkdə daha böyük həvəs və əzmlə çalışacağını, iki qardaş ölkə poeziyasevərlərinin zövqünü oxşayacaq əsərlər qələmə alacağını söyləyib. 

Çıxış edənlər Xuraman Muradovanı təbrik edərək ona yaradıcılıq uğurları arzulayıblar.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Mədəniyyət Nazirliyində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması ilə bağlı müzakirə aparılıb.

 

“Ədəbiyyat və incəsənət” nazirliyə istinadən xəbər verir ki, mədəniyyətimizin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması, yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.

Yerli kino sənayesinin inkişafı dublyaj infrastrukturunun dəstəklənməsini, yeni iş yerlərinin açılmasını və müasir rəqəmsal məkanda Azərbaycan dilinin dəstəklənməsi üçün əsas prioritet olan bu seqmentdə biznesin stimullaşdırılmasını nəzərdə tutur. Bu məqsədlər üçün “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində xüsusi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bu ehtiyac eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.6.6-cı yarımbəndinə və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndində də əksini tapıb. Həmin bəndin icrası üzrə mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən istehsalat bazasının təkmilləşdirilməsi və sahəvi klasterləşmənin təşviqi prioritet məsələdir.

Qeyd olunub ki, bu fəaliyyət istiqamətində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının qurulması ilə bağlı araşdırma aparılır və müvafiq iş planı hazırlanır. Platformanın təkmilləşdirilməsi və yaradılma prosesinin sürətləndirilməsi məqsədilə layihəyə mütəxəssis olaraq “BBC-Maestro” layihəsinin strateji və biznes üzrə məsləhətçisi Nina Larıçeva və “ATA-Association of Turkic Animation” təşkilatının sədri Oktay Yusibov da cəlb edilib.

Vurğulanıb ki, aylıq və ya illik abunə modelinə əsaslanan platformanın öz daxilində yerli və beynəlxalq məzmunları (dublyaj) əhatə etməsi planlaşdırılır. Həmçinin platformada tamaşaçılara yüksəkkeyfiyyətli, mədəni rezonans doğuran proqramların təqdim edilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Bu gün Sankt-Peterburqda Rusiya və MDB ölkələrinin V Beynəlxalq Film Festivalı – “Lendoc Film Festival” (LEFF) rəsmən açılacaq. 

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, festival beş ildir ki, “Lendok” kinostudiyası tərəfindən “Kinokultura” cəmiyyəti ilə birgə keçirilir və bu il də Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Prezident Administrasiyası, Mədəniyyət Təşəbbüsləri Fondu və Sankt-Peterburq Mədəniyyət Komitəsinin dəstəyi ilə təşkil olunur.

Son illərdə LEFF Sankt-Peterburqun mərkəzi tədbirlərindən birinə çevrilib, Rusiya ilə dost ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və MDB ölkələrinin kino xadimlərinin yaradıcı qüvvələrinin konsolidasiyasına yönəlib. Festivalın qonaqları arasında Azərbaycan, Belarus, Gürcüstan, İraq, Hindistan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tacikistan və Özbəkistan nümayəndələrinin olacağı gözlənilir.

Avqustun 27-də federal kanalların, rəqəmsal platformaların, film yayımı şirkətlərinin rəhbərləri, həmçinin MDB ölkələrinin dövlət kino müəssisələrinin başçılarının daxil olduqları münsiflər heyəti birgə istehsal layihələrinin pitçinqini keçirəcək. Pitçinqin aparıcısı Rəqəmsal Televiziya ASC-nin kino kanallarının direktoru İvan Kudryavtsev olacaq.

Yekun pitchinqdə prodüser dəstəyi alacaq qalib layihələrin birgə istehsalı ilə bağlı müqavilələr imzalanacaq.

“Lendok” kinostudiyası gənc kinorejissorlar və festivalın qonaqları üçün kino sənayesi peşəkarlarının iştirakı ilə bir sıra dəyirmi masalar və ustad dərsləri də hazırlayıb. Onların arasında Əli Xamrayevin ustad dərsi, “Debütə aparan yol” və “Sənədli filmlər yayım dövründə: bu gün hansı filmlərə ehtiyac var?” mövzularında dəyirmi masalar, həmçinin prodüser və operator Aleksandr Rubanovla yaradıcılıq görüşü var.

Festivalın üç müsabiqə proqramında - bədii, qeyri-bədii və “Lendocstart” tələbə filmləri müsabiqəsində münsiflər heyəti və tamaşaçılar bir sıra dünya və Rusiya premyeraları da daxil olmaqla 36 filmi qiymətləndirəcək. Nümayişlər “Lendok” kinostudiyasında, “Aurora”, “Dom Kino” və “Rodina” kinoteatrlarında, “Lenfilm” kino mərkəzində və “Kapella”da baş tutacaq.

2024-cü ildə festival ikinci dəfə beynəlxalq müsabiqə elan edib və təşkilatçılara Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, İspaniya, İtaliya, İsrail, Argentinadan 700-dən çox müraciət daxil olub.

“Lendocstart” tələbə filmləri müsabiqəsi bu il ilk dəfə keçirilir və altı bədii və səkkiz sənədli filmə bölünən iki bloka 14 ekran əsəri daxildir.

Bütün festival nümayişləri tamaşaçılar üçün pulsuzdur.

Festival avqustun 27-də başa çatacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Özbəkistan -Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında fəal fəaliyyəti ilə seçilən şair-publisist İntiqam Yaşar Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib. 

 

Hazırda Dünya Gənc Türk Yazarlar Birliyinə rəhbərlik edən şairin bu vaxta qədər Bakıda  "İlk görüş" "...və susarsan", "Evdə yoxam" "Adını çəkirəm", Təbrizdə “Bütün xatirələr sənə qalacaq" adlı şeir kitabları çap olunub. İntiqam Yaşarın şeirləri və publisistik yazıları mütəmadi olaraq Özbəkistanın nüfuzlu mətbu orqanlarında dərc olunur.

Şairin başçılıq etdiyi qurumda Özbəkistanın gənc yazarları təmsil edilirlər. 

Şairi Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilməsi münasibəti ilə təbrik edib təəssüratlarını soruşduq. O, bildirdi:

-Əlbəttə ki, türk dünyasının siyasi-iqtisadi birliyi qədər mədəni birliyi də prioritet məsələdir. Və bu sahəyə töhvə verə bildiyim üçün özümü xoşbəxt sanıram. 

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Biz Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr barədə mütəmadi məlumatlar alırıq. Mərkəzin növbəti layihəsi “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında Türk dilində bölmənin redaktə olunaraq istifadəyə verilməsidir.

Bu barədə məlumat almaq üçün mərkəzin rəhbəri Samir Abbasova müraciət etdik və aşağıdakı bilgiləri əldə etdik:

 

Bölmədə, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurmahalı barədə geniş ensiklopedik məlumatlar öz əksinitapmışdır. Yazıda Zəngəzur mahalının zəngin tarixi, təbiəti, kəndləri haqqında oxuyucalara məlumat verilib.

Yeni yaradılmış bölmədə qeyd olunur ki, Zəngəzur indiki Ermənistan və Azərbaycanın böyük bir hissəsini əhatə edən tarixi bölgədir.  “Zəngəzur silsiləsinin bir hissəsini, Kiçik Qafqazın ən uzun dağ silsiləsini əhatə edən tarixi Zəngəzur mahalının şərq hissəsi - Şərqi Zəngəzur, indiki Ermənistan dövlətinin ərazisində qalan hissəsi isə Qərbi Zəngəzur adlanır.”

Tarix bölməsində Azərbaycan Atropatena və Alban Dövlətinin tərkibində olan Zəngəzurun Böyük Səlcuqlu dövləti, habelə orta əsrlərdə Azərbaycan dövləti olan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tərkibində bir bölgə olduğu, 1813-cü ildə Gülüstan, 1828-ci ildəTürkmənçay müqavilələrinə əsasən Rusiya imperiyasının nəzarətinə keçməsi qeyd olunur. 

Yazıda 1988-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan ərazisindən) təkcə Zəngəzurlular deyil, Göyçə, Dərələyəz və İrəvan mahalı sakinlərinin də öz ata-baba yurdlarından qovulduğu və terrora məruz qaldığı, habelə tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı vurğulanır. 

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır” sitatı da yer alıb.

Bundan başqa, sözügedən bölmədə, həm də ayrıca bölmə olaraq “Zengezur Koridoru” adlı məqalə istifadəyə verilib. 

Bölmədə qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycanın əsas hissəsinə birbaşa uzanan Zəngəzur dəhlizinin açılması məsələsidir. 

Məqalədə Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii ehtiyatlara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacağı da qeyd olunur. 

Bölmədə 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin quruculuq işlərinin təməlqoyma mərasimində iştirakı, erməni işğalçılarında nazad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı barədə məlumatlar və fotoşəkillər də öz əksini tapıb.

 

Sonda oxucularımıza bildirək ki, Zəngəzur adlı bölmə iləhttps://tr.wikipedia.org/wiki/Zengezur linkində, Zəngəzurkoridoru adlı bölmə iləhttps://tr.wikipedia.org/wiki/Zengezur_Koridoru linkindətanış olmaq mümkündür. 

 

Bizimsə Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinə belə bir layihə həyata keçirdiyi üçün minnətdarlıq etmək borcumuz qalır. 

Həqiqətən də dəyərli işdir!

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2024)

Cümə axşamı, 22 Avqust 2024 16:26

Halal çörək barədə MONOQRAFİYA

Təqdim edir: Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 

Abdulla Atakişiyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Mənzil-Kommunal Təsərrüfatı  İdarəsində Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Düşünürük ki, onun bu məqaləsi hamı üçün maraqlı olacaq.

 

Əziz dost! 

Heç vaxt tutduğun vəzifəyə           arxalanaraq, imkanına güvənərək, zəhmətlə, alın təri ilə, qabarlı əlləri ilə,halallıqla çörəyini qazanaraq, ailəsini dolandıran insana rişxəndlə, yuxarıdan            aşağı baxma!

Unutma ki, həyat çox                                                            aldadıcı və etibarsızdır! Bir də görürsən ki, “Hətta şahın da dilənçiyə işi                                          düşür, ona möhtac olur!!! 

  (A.Atakişiyev)

 

Yer üzünün əşrəfi olan insan hazırki, müasir  şəkilə düşmək üçün üzün, keşməkeşli və tarixi bir yol keçmək məcburiyyətində qalmışdır. Ən qədim insanlar xarici görkəmlərinə görə insanabənzər meymuna oxşar idi. İnsan müasir görkəmə düşənə qədər üç böyük tarixi inkişaf mərhələsi keçmişdir. Ilk mərhələyə ən qədim insanlar (arxantroplar), ikinci mərhələyə ibtidai insanlar (paleantroplar) və üçüncü mərhələyə isə müasir insanlar (homo sapienslər) aiddir.

Alimlər ən qədim insanların sümüklərinin qalıqlarına əsasən onların xarici görkəmini müəyyən edə bilmişlər. Ən qədim insanlar iri meymuna oxşayırdılar. Onların beyinləri meymun beynindən böyük, müasir insan beynindən kiçik idi, əlləri dizə qədər uzanır və çox kobud bir şəkildə idi. Ayaq üstə gəzir, əlləri ilə sadə işlər görür, ov edir, yem toplayır, müdafiə olunurdular. Alınları ensiz və arxaya maili idi.

Ən qədim əmək alətlərini insanlar daşdan hazırlayırdılar. Buna görə də tarixin ilk dövrü daş dövrü adlanır. Daş dövrü 2 milyon il davam etmişdir.İnsanların ən qədim və ilk əmək aləti sivri daş, dəyənək və yer qazan çubuq olmuşdur. Əmək alətinin hazırlanması insanın əmək fəaliyyəti ilə məşğul olmağa başlamasının nəticəsi idi.

İnsanın ardıcıl əmək fəaliyyəti onun bütün orqanizminin tədricən inkişaf edib, dəyişməsinə səbəb olmuşdur.Əsasən insanın ən çox əli və beyni inkişaf etdi. Alimlər əmək alətləri hazırlamaq bacarığı olan insanları “bacarıqlı insan” adlandırırlar. Daş əmək alətləri, əsasən, vulkanik süxur parçaları olan şüşə, dəvəgözü, çaxmaqdaşı, tuf və əhəng daşından hazırlanırdı.

Çaxmaqdaşı tez sındığı və ondan iti qəlpələr əmələ gəldiyi üçü ondan düzəldilən əmək alətləri geniş yayılmışdı.

İnsanlar əmək prosesində topladıqları təcrübəni təkmilləşdirərək, nəsildən-nəsilə ötürmüşlər. Onlar əsrlər keçdikcə daha təkmil əmək alətləri hazırlayırdılar. Bir neçə yüz min il bundan əvvəl “bacarıqlı insan” daşdan əl çapacağı, qaşov, bıçaq, sümükdən biz, iynə hazırlayır, 20-30 min il bundan əvvəl isə balıq ovu üçün sümük və buynuzdan harpun düzəldirdi.Insanın  ilk  paltarı dəridən, onun daldalandığı yurdlar isə təbii mağaralar olmuşdu. Düzən yerlərdəki insanlar mamont sümüyündən və dəridən yurd tikirdilər. Milyon illər ərzində insanın şüuru, nitqi və əli inkişaf etdi.

Paleolit dövrünün sonunda, təqribən 40 min il bundan əvvəl neandertal tipli insanlar müasir tipli insana çevrilməyə başladılar. Alimlər bu insan tipini “ağıllı insan” (Homo Sapiens) adlandırdılar.

Ağıllı insanın beyni  “bacarıqlıinsan”ın beynindən iki dəfə böyük idi, nitqi aydın idi, məntiqi düşünməyi bacarırdı, qaməti düz, boyu hündür idi, iri kobud əllər isə ən mürəkkəb işlərin görülməsi üçün inkişaf edərək, təkmilləşmişdi. Artıq insan görmək istədiyi hər hansı bir işi əvvəlcədən fikirləşir və sonra əllərinin vasitəsi ilə onu həyata keçirirdi.Beləliklə, illər keçdikcə insan əllərinin vasitəsi ilə yer üzərində sözün əsl mənasında xariqələr, möcüzələr meydana gəlməyə başladı.

İnsan tədriçən mağaralardan çıxaraq öz əlləri ilə yaratmağa müvəffəq olduğu  evlərdə, qəsrlərdə, saraylarda, insan məskənləri olan müasir kənd və şəhərlərdə yaşamağa başladı. İnsan əllərinin vasitəsi ilə bu gün də heyrət və təəccübə səbəb olan Misir ehramları, Mayya abidələri, Tac-Mahal məqbərəsi, Qız qalası və nəhayət ki, bu günün möcüzəsi sayılan məşhur Alov qüllələri inşa edildi.

Bir sözlə, yer kürəsi insan əllərinin köməkliyi ilə möcüzələr diyarı olan cənnət məkana çevrilmişdir.Bir anlıq iksan əlləri ilə yaradılmış bütün maddi və mənəvi nemətləri yer üzündən götürmək mümkün olsa, onda görün yer kürəsi nə şəkilə düşər. Əlbəttə, bunu fikirləşmək belə adamı qorxudur, üşütməyə salır.

Tarixin bütün dövrlərində insan əllərinin yaratdıqları, mütərəqqi fikirli şəxslərin, şəxsiyyətlərin, dahilərin diqqətindən yayınmamışdır.Bu böyük dühalar əmək, zəhmət və onun insana bəxş etdiyi maddi, mənəvi nemətlərə yüksək qiymət vermiş, onu tərənnüm etmişlər. 

Böyük şəxsiyyətlər tərəfindən fiziki əməyə verilən yüksək dəyərləri xatırlatmaqla həmin insanların həmişə yaşar ruhlarını yad etmək bizim insanlıq borcumuzdur:        

Ş.Balder:”Çox işlədikcə daha yaxşı işləyir və o qədər də həvəslə işləmək istəyirsən.” H.B.Zərdabi:”Fiziki əmək, necə deyərlər, xəstəlikləri müalicə edir, şərə qalib gəlir, insanda əxlaqi intibah əmələ gətirir.”

 

B.Franklin:” Əmək xoşbəxtliyin atasıdır.”

 

N.Zolya:”Ən böyük həqiqət əməkdir, həyatın bütün nəşəsi yaradıcılıqdır. Yaratmaq ölümü öldürmək deməkdir.”     

 

N.Ostrovski:”Əmək bütün xəstəliklərin ən vacib loğmanıdır, əməkdən fərəhli heç bir şey yoxdur.” 

 

T.Edisson: “İnsan eşitdikləri və dedikləri ilə deyil, əmək və fəaliyyəti ilə kamilləşir.Düha-on faiz istedaddan və doxsan faiz tər tökməkdən əmələ gəlir.”  

 

 K.Maraks:”Əmək həyat lampasına yanacaq tökür, düşüncə isə onu yandırır.İnsan fəaliyyətinin bütün sahələri böyük bir təməl-əmək, məhz əmək üzərində inkişaf edir, əməyin ecazkar təsiri insan tərbiyəsinin də əsasıdır. Heç bir cəmiyyət əməksiz mümkün deyil.”  

 

M.Qorki:”Dünyanı tərpədmək üçün Arximedin tələb etdiyi dayaq nöqtəsi azad əməkdir.” 

 

Volter:”İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir.”

 

İ.R.Bexer:”Nə vaxt ki, qəmlisən işlə.Bu, kədəri qovmaq üçün yeganə vasitədir.Heç nə iş qədər adamı cansıxıcı boşluqdan xilas etmir.”

 

V.Hüqo: “Öz əllərinin zəhməti ilə yaşaya bilmək böyük səadətdir.Tənbəllik anadırsa, onun oğlu oğurluq, qızı isə aclıqdır.”

 

Sədi: “Xəzinə tapmq üçün zəhmətə qatlaşmaq lazımdır.”  

 

N.Gəncəvi: “Hər halda sən çalış, həyat əməkdir, Cənnət kahallığı nəyə gərəkdir.Xəzinə kəşf etmək istəsən əgər, Hər bir çətinliyə tab et, sinə gər.Həyatın cövhəri yalnız əməkdir,Zəhmətsiz bir insan nəyə gərəkdir.”

 

F.Engels: “Əmək bütün insan həyatının birinci əsas şərtidir, həm də o dərəcədə  belə əsas şərtdir ki, biz müəyyən mənada deməliyik: insanın özünü əmək yaratmışdir.”

Məhəmməd peyğəmbər s.ə.s. buyururdu: “İbadət yetmiş qapıdır(qisimdir), bunlardan ən üstünü halal yolla ruzi qazanmaq üçün çalışmaqdır.

Şübhə yoxdur ki, Allah, qulunun halal ruzi qazanmaq yolunda əziyyət çəkdiyini, yorulduğunu görməyi sevər.Kim halal ruzi qazanarkən yorulub yatarsa, günühları bağışlanmış halda yatar.”Rəsuli-Əkrəm Peyğəmbərimiz (s.ə.s.): "İbadət on parçdadan ibarətdir. Bu on parçanın doqquzu halal ruzini axtarmaqdadır," – buyuraraq halal-harama diqqət etməyin əhəmiyyətini vurğulamış; bir çox hədislərində ruzi axtaranları öymüş və ümmətini halal qazanca təşviq etmişdir. Rəsulullah (s.ə.s.) bir bəyanında: "Elə günahlar var ki, onları nə namaz, nə oruc, nə də həcc təmizləyə bilər. Onları ancaq yaşayışını təmin etmək üçün işləyərək silə bilər," – buyurmuş, bir başqa hədisdə də: "İşləməkdən əlləri qabar olmuş və yorğun yatan insan bağışlanar, günahlarından qurtular!" – deyə müjdəsini vermişdir. Allah Rəsulu (s.ə.s.) alın təri ilə ailəsinin yaşantısını təmin edən hər kəsi təqdir etmiş və bu mövzuda mütəmadi olaraq səhabələri halal gəlirə təşviq etmişdir. Məsələn, bir gün Peyğəmbərimiz (s.ə.s.) Sad bin Muaz (r.a.) ilə qarşılaşanda ona əl verib görüşmüş və Həzrəti Sadın əllərinin qabar-qabar olduğunu görüncə bunun səbəbini soruşmuşdur. Böyük səhabə: "Ailəm üçün işləməkdən belə oldu!" – deyincə Həbibi-Əkrəm:"Budur Allahın sevdiyi əllər!.." – buyuraraq əziz dostunun qabarlı əllərinə işarə etmişdir.

Uca Rəbbimiz hər sözü və nümunəvi həyatı ilə göstərmişdir ki, bu qısa həyat elə və ya belə keçib gedir.İnanan insan gördüyü işin asanlıq və çətinliyindən asılı olmayaraq gəlirin halal yoxsa haram olduğuna baxmalı, nə olur-olsun, halal ruzi təmin etməyə çalışmalıdır. Yeri gələndə o,   daş yonmalı, ya da əlinə bir bel alıb iş axtarmalı, yeri gələndə başqasının torpağını belləməli, bir başqasına yol açmalı və mütləq Haqq-Təalanın halal saydığı bir yolla yaşayışını təmin etməlidir.Bəli, halal gəliri əldə etmək qayəsi ilə görülən işin mahiyyəti əhəmiyyətli deyil. Bəziləri müəyyən işləri alçaldsa da, hər halal iş Allahın nəzdində məqbuldur.Sələfləri peyğəmbər haqqındabelə deyirdilər:”Kişilər evdə nə iş görərdisə, o da görərdi.Ulağa minərdi, ayaqqabılarını özü təmir edərdi, köynəyini özü yamayardı.Bayram namazına  piyada gedər və oradan piyada qayıdardı.”Peyğəmbər özü barədə deyirdi:”Mən də bir qulam; qul kimi yeyirəm, qul kimi içirəm, qul kimi oturub-dururam.Mən çəkdiyim əziyyətləri heç kim çəkməmişdir.”

Atalar belə demişdir:Əmək yoxdur-yemək yoxdur.İş insanın cövhəridir.İnsanı əmək ucaldır.İşləməyən dişləməz.Qismətə yox, zəhmətə ümid ol. N.Gəncəvi  “ Kərpic kəsən kişinin dastanı” şerində  deyirdi:      

Onunçün öyrətdim ki, əlimi bu sənətə,

Bir gün sənə əl açıb düşməyim xəcalətə.

 

Son dövrlərə qədər əmək-zəhmət adamı hörmətli, izzətli, sayılıb-seçilən adam, sözün əsl mənasında qəhrəman idi.Onun adına neçə-neçə şeirlər, hekayələr, povestlər, romanlar yazılmış, kino filmlər çəkilmiş, mahnılar bəstələnmişdir.Sürəyya, Qızqayıt, Tərlan,  Neftçi Qurban, Çoban Qara, Sərdar və bu kimi neçə-neçə mahnılar efirlərin, radio dalğalarının yaraşığına çevrilmiş, dillər əzbəri olmuşdur.Əmək qəhrəmanlarına fəxri adlar verilmiş, onlar qurultayların nümayəndəsinə çevrilmiş, deputat seçilmişlər, rəsmi və ədəbi-bədii tədbirlərin, gecələrin fəxri qonaqları olmuşlar.     Ancaq zaman, dövr dəyişmiş insanların əmyə, zəhmətə, zəhmətkeşə münasibətində müəyyən dəyişikliklər baş vermişdir.İndi ağır fiziki əmək, zəhmət tələb edən işlərdə işləmək istəyənlərin sayı o qədər də çox deyil.Təəssüf ki. bir çox insanlar zəhmət çəkmədən, tər tökmədən yaşamaq, var-dövlət, ev-eşik, şan-şöhrət, ad-san, hörmət sahibi olmaq iddiasındadır.

Zaman keçdikcə bu fikirdə, düşüncədə baxışda olanların sayı durmadan artır.

Ətrafımızda baş verənlər, bilərəkdən və ya bilməyərəkdən aparılan təbliğat da bir başa buna təkan verir.

Artıq çoxdandır ki, insanların əmək münasibətlərini tənzimləyən bir çox rəsmi sənədlərdə də zəhmət, zəhmətkeş sözlərinə rast gəlmək mümkün deyildir.

Bəlkə  bu da, qloballaşan dünyamızın bizə bəxş etdiyi yeniliklərdən biridir.

Dəfələrlə olubdur ki, mənimlə əl verib salamlaşan, görüşən  insanlar əlimdəki qabarları hiss edərək, təəccüblə, əlimdəki bu kobud qabarların səbəbini, hadan və nədən qaynaqlandığını məndən soruşublar. Əlbəttə ki, qabarların bir səbəbi, qaynaq nöqtəsi, mənbəyi vardır,- bu halal zəhmət, halal əməkdir.    Mənim mərhum valideyinlərim atam Zabit kişi, anam Bəsti xanım sözün əsl, tam mənasında zəhmətdən, əməkdən, halallıqdan yoğrulmuş insanlar idi.Atam ömrünün son günlərinə qədər əlini işdən çəkmədi.Atamın zəhmətdən qabar bağlamış, kobudlaşmış, barmaqları əyilmiş əlləri – fədakar zəhmət adamının əlləri kimi xatirələrimdə yaşayır.Gəncliyini, ömrünün ən yaxşı vaxtlarını övladlarına həsr eləmiş  anamın sərt, dərisi cadar-cadar olmuş əlləri daim gözümün qabağına gəlir. Görüşəndə saçlarıma tumar çəkən, dəfələrlə öpdüyüm o sərt, qabarlı əllər gözümün önündə canlanır.Odun doğrayan, ot biçən, alaq təmizləyən, inək sağan, təndir qalayan, çörək yapan o əllər  sərt, qabarlı əllər  yadıma düşür, məni xatirələrimin qanadına alıb uşaqlıq, yeniyetməlik, gənclik dövrlərimə, qayğısız atalı-analı övladlıq dövrlərimə aparır.Çox təəssüf ki, bu dövr çox tez başa çatdı.Ancaq mənə təsəlli verən hal odur ki, mən valideynlərimdən əməyə, zəhmətə, zəhmətkeşə hörməti öyrəndim.Alın təri ilə, zəhmətlə, qabarlı əllərlə halal çörək qazanmağı mənimsədim.Elə buna görə də bütün həyatım boyu mən valideynlərimə borcluyam və əlbəttə ki, onlara duaçıyam.   

Valideynləriin qanından, canından süzülüb gələn zəhmətsevərliyin, halallığın nəticəsidir ki, bu gün qardaşlarım Mübariz, Baris, Səttar, bacım Almaz ailəsini zəhmətlə, alın təri ilə qazanılan çörəklə, alnı açıq, üzü ağ şəkildə dolandırır.Mən də halal çörəyi torpaqdan çıxan bir kəndli-kolxozçu ailəsində dünyaya göz açan bir insan kimi zəhmətin ağırlığını, şirinliyini hələ lap kiçik yaşlarımdan öz çiyinlərimdə hiss etmişəm.Həyət yanı təsərrüfatda və kolxoz sahəsində valideynlərimlə çiyin-çiyinə çalışaraq ailə büdcəsinə öz töhfəmi verməyə çalışmışam.Bu gün yaxınlarımda təəcüb doğuran əllərimdəki o kobud qabarların bünövrəsi ilk uşaqlıq vaxtlarımda qoyulub və bu gün də davam edir.Əmək, zəhmətsevərlik halallıq bizim nəslimizdə, kökümüzdədir,  qanımıza, canımıza hopub, nəsildən - nəsilə keçmişdir. Həyat yolunda mənə yoldaşlıq edən Nəzakət xanım da əsası zıhmətlə, halallıqla qoyulmuş ailə qalasının tədricən, yavaş-yavaş ucaldılmasında, başa, ərsəyə gətirilməsində sözün əsl mənasında mənimlə birlikdə “Fərhad kimi külüng çalıb.”Övladlarımızı da bu ruhda, amalda böyütməyə çalışmışıq.Qızlarım Sevinc və Gülnarı, oğlum Məhəmmədi də zəhmətsevərlik, halallıq ruhunda tərbiyə etməyə cəhd etmişik.BÖYÜK YARADANA ŞÜKÜR OLSUN! Kİ, zəhmətimiz, əməyimiz hədər getməyib.Hər üç övladımız zəhmətlə, alın təri ilə çörək qazanaraq, halallıqla ailəsini doladırmağa çalışır.Ümid edirik və inanırıq ki, bu ənənəni gələcəkdə də layiqincə davam etdirmək üçün ULU  TANRI bizə güç, qüvvət və tükənmək bilməyən enerji, əməyə, zəhmətə, əlbəttə ki, zəhmətkeşə  hörmət və məhəbbət bəxş  edəcəkdir!!!

Eyni zamanda cəmiyyətimizdə əməyə, zəhmətə, zəhmətkeşə münasibəti dəyişmək üçün bütün sahələrdə təbliğat, təlim və tərbiyə işi aparılmalıdır.Bu iş  ailədən başlamalı, baxça və  məktəbdə ardıcıl, davamlı və əlaqəli şəkildə inkişaf etdirilərək, həyata keçirilməlidir.    

Gəlin untmayaq və daim yadda saxlayaq ki:   

Səadət hər kəsin öz əlindədir,İşində, gücündə, əməlindədir! 

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.