Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının poçtunda AYB üzvü, doktorantAyxan Hüseynlinin göndərdiyi sitatlar var, onları sizlərə təqdim edirik.

 

Sitatlar – düşüncələr...

 

Mən:

çox düşünür, az danışıram.

az bilir, çox əməl edirəm.

***

Bu dövrün adamı olmaq da çətin, bu dövrdə adam olmaq da...

***

İnsan nəfəs qədər gərəkli deyil, həvəs qədər dəyərlidir.

***

Biz xatirələr sarayında yaşasaq da, arzular cəngəlliyində yol axtarırıq.

***

Asan məndən yan keçir ki, çətin mənə rast gəlsin.

***

İtirmək külək kimidir...

Nə apardığı deyil, nə gətirdiyi önəmlidir.

***

Mənim qorxularım yox, doğrularım var...

Doğrularım qorxularımın əsirinə çevrilmədiyi müddətcə, heç nədən qorxmuram.

***

Bir əlində dünyanı tut, bir əlində həyatı:

Dünyaya bax, həyatı yaşa,

Həyata bax, dünyanı anla.

***

Mən qaranlığımdan qorxuram... Çünki, qorxularım qaranlığımda gizlənib.

***

Keçmişin kölgəsi, gələcəyin ləkəsi olmaz

Çünki keçmiş sual dolu qaranlıq, gələcək ümid dolu aydınlıqdır.

***

Kitablardan oxusam da,

Həyatdan dərsimi aldım.

Vərəq-vərəq yazılsam da,

Bir cümlədə tamamlandım.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

 

Cümə, 23 Avqust 2024 11:40

“Nənəmin rəfiqəsi” – HEKAYƏ

“Ədəbiyyat və incəsənət” portalın Mənsurə Qaçayqızının hekayələrinin dərcini davam etdirir. Bu gün sizlərə “Nənəmin rəfiqəsi” hekayəsi təqdim ediləcək.

 

                                     

 

          Kəndimizdə maraqlı bir kitabxana var. Deyəcəksiniz ki, kitab olan yer maraqlı olar, burada qəribə nə var ki... Haqlısınız. Bəlkə də, mənə maraqlı gələn – kitablara məhz oradan yaranan sevgimdi. Hər halda, yenə fikrimdə qalır və deyirəm: “Kəndimizin ən gözəl yeri kitabxanadı”. Tez-tez sinif yoldaşlarımla, qonşu uşaqlarla kitabxanaya gedirdik. Yol boyu qarşımıza çıxan uşaqlar da bizə qoşulurdular. Ərkimiz çatan darvazanı döyür, dostlarımızı çağırırdıq. Hətta kəndimizin balaca idman meydançasında futbol oynayan uşaqlar da oyunu dayandırıb əllərində top bizimlə gedərdilər. Beləcə, dəstəmiz böyüyərdi. Kiminin əlində futbol topu, kiminin əlində quş vurmaq üçün sapand, kiminin əlində kitabxanaya qaytaracağı kitab... Həmin gün bizim üçün maraqlı və əyləncəli olardı. Kiçik yaşlı uşaqlara şəkilli nağıl kitabları seçərdim. Kitablara baxmaq, tozunu təmizləmək, yerlərini dəyişmək, vərəqləmək gözəl, dəcəl uşağın saçlarına sığal çəkmək kimi bir şeydir, məncə. Həm zövq alırsan, həm də öyrənirsən. Çox vaxt kitabxanada işləyən qadını sənədləri qaydaya salan görərdim. Arada gözucu bizə baxmağı vardı. Onsuz da adam az olan köhnə, kərpicdən tikilmiş yarıqaranlıq kitabxanada sevimli məşğuliyyətimə bir neçə saatımı itirəcəyimi bilsə də, baxışları ilə hər zamankı sözünü deyərdi: “Kitab seçə bilməmisən?” Gülümsəyirdim. Taxta rəflərdəki kitablara artıq neçənci dəfə təkrar-təkrar baxardım. “Bir kitabı bir neçə dəfə oxumuşam, yeni kitablar hələ gəlməyib”. Kitabları yaxşı tanıdığımı bilirdi qadın. Buna baxmayaraq, əlimdəki kitaba diqqətlə baxdığımı görəndə:

         – Maraqlı kitabdı, – deyər və soruşardı: – Yenə gedirsən nənəngilə?

         – Hə, yeni kitabınız yoxdu. Bu dəfə də bunları aparıram. Yenə təkrar… Bir gün nənəm məni qovacaq…

          Qadın gülümsünərdi:

         – Gələn dəfə olacaq. Yeni kitablar gələcək.

          Hər dəfə belə deyərdi: “Gələn dəfə”... Gələn dəfəyə nə qalıb ki? Onsuz da bir həftədən sonra yenə ora getməliyəm. Ora deyəndə ki… Nənəmgilə.

– Yaxşı, sağ olun. – Kitabları götürüb sevimli məkandan çıxardım. Uşaqlar da arxamca gələrdilər. Kitab götürənləri də olardı, götürməyənləri də.

– Bir, iki, üç, dörd, beş, altı... Niyə gəlmişdiniz? Gərəksiz sualdı. Hərəsinə bir kitab verərdim. – Alın, heç olmasa adama bir kitab götürün.

Kitabları çox götürməyim işə yarayardı. Diqqətli, səliqəli olmalarını tapşırardım. Kitablar mənim adıma qeydiyyat olardı axı! Onları götürdüyüm kimi qaytarmalıydım. Çiçəyin əlindəki kitab diqqətimi çəkmişdi və mən sevinclə: “Aha, Ciçək kitab seçib ki… O hansı kitabdı?”, – deyə soruşmuşdum.

Çiçək: “Nağıllar” – deyəndə mən: – “Sənin nağıl oxuyan vaxtındı? Roman oxu, roman...” – demişdim.

Gülmüşdü. Bilirdim ki, nağılı da oxumayacaq, şəkillərinə baxacaq.

Mənə oxşamayan dostlarım… Bədii kitabları ya dərs kitablarımın arasında oxuyardım, ya da gecə yatarkən çarpayımın yanındakı pəncərənin pərdəsini kənara çəkib, qonşu otaqdan düşən televizorun işığına...

                                         

***

 

Taxta qapını açıb hay-küylə həyətə girəndə nənəm tut ağacının budaqlarından asdığı nehrəni çalxayırdı. Onun hər bazar nehrə asmağı vardı. Bəzi yerlərdə nehrə çalxalamaq deyirlər, biz isə tut ağacından asıldığı üçün “nehrə asmaq” deyirik.

Hər bazar günü nənəmgilə gələrdim. “Onun nehrə asmağı ilə mənim gəldiyim vaxt”, demək olar ki, üst-üstə düşürdü. Nənəm belini dikəldər, nehrənin iplərindən tutub dayandırardı. “Gəl bura” deyib mənə qucaq açardı. Qaçıb nənəmin qucağına atılardım, o üzündən, bu üzündən öpüb, nehrənin üstündə əyləşərdim və ayaqlarımı nehrənin üstündən aşırıb iplərindən tutardım. Nehrə yenidən yellənər və bu, xoşuma gələrdi. Elə bil nənəm bununla məni mükafatlandırırdı. Ağır məktəb çantamı o kənddən bu kəndə gətirirdim, axı! Zarafat deyil qonşu kənddən çiyində çanta gətirmək. Hələ içindəki yükün ağırlığı... Nənəm o yükün nə olduğunu yaxşı bilirdi. Həyətdə yaranan səs-küydən qonşu usaqlar gəldiyimizi bilərdilər. Çox çəkməzdi ki, həyət uşaqlarla dolardı. Onu da bilirdim ki, bu gün burada ən sevimli uşaq mənəm, nənəm üstümdə əsir. Nehrənin üstündən atılıb uşaqlara tərəf qaçırdım...

Nənəm nehrədən süd qoxulu yağı yığırdı və samovara od salandan sonra səslənirdi:

         – Bəsdi oynadın.  Get o ağacdakı meyvələrdən ye.

Meyvə yemək istəməsəm də, bunun da xüsusi qulluğa aid olduğunu bildiyim üçün birbaşa bağa qaçırdım. Nənəmgilin gözəl bağında iri, sulu gavalılar ağacları əyirdi. Ağaca dırmanırdım və elə buradanca gözüm qoz ağacından asılan yelləncəyə sataşırdı. Bunu da nənəm bizim üçün asmışdı – axşama yaxın yelləncək                                                     mərasimi başlayırdı… Budur, yenə həmin günlərdən biridir. Uşaqlar ağacın ətrafına toplaşıblar, gavalıdan dərib aşağıya – uşaqlara atıram. Nənəm ağaca yaxınlaşır:

         – Düş, o gavalıdan yemə.

Ağacdan aşağıya baxıram:

         – Niyə?

         – Get alma ağacının yanındakı gavalıdan ye. O, yaxşıdı, qırmızı yapon gavalısıdı. Bu, eşşək gavalısıdı.

Bilmirəm, bu gavalıya niyə “eşşək gavalısı” deyirlər. Gül kimi gavalıdır, həm də dadlıdır. Hər halda, nənəm istəmədi. Dərdiyim gavalını yerə atıb ağacdan düşdüm. Alma ağacının yanındakı gavalını tapdım. Nədənsə, uşaqlar arxamca gəlmədilər. Onlar ağaca çıxıb eşşək gavalısından yığıb qucaqlarını doldurandan sonra yanıma gəldilər. Heç nənəm də onlara: “Eşşək gavalısından yeməyin”, – demədi.

         – Uzağa getmə. O çil xoruzu tut, ver mənə. Axşama kəsdirəcəyəm, – deyə nənəm evdən səsləndi.

          Nənəmə deməyə utandım ki, xoruz nədir, mən cücədən də qorxuram, əl vura bilmərəm.

          Uşaqlarla xoruzu həyətin bir küncünə qısnayıb tutduq. Tutduq deyəndə ki… Uşaqlar tutdular. Küçəyə çıxıb xoruzu çığırda-çığırda kəsdirməyə adam axtardıq. İki-üç ev aralı olan qonşunun oğlu xoruzun üzünü qibləyə çevirib kəsdikdən sonra ayaqlarından tutub mənə verdi. Hə, indi onun cansız bədəninə əl vura bilərdim. Xoruzu qanı yerə damcılaya-damcılaya evə gətirdim.

         – Kim kəsdi?

Nənəmin xasiyyəti idi. On yeddi-on səkkiz yaşı tamam olmayan kimsə bu xoruzu kəssəydi, ətindən yeməzdi, “mundardı” deyərdi. Ona görə də: “Qonşu Əli kəsib”, – deyərək xoruzu nənəmə verdim və küçədə gözləyən uşaqların yanına qaçdım.

          Hə... İndi sizə nənəmin rəfiqəsi haqqında danışacağam. Nənəm onu, o da nənəmi çox istəyirdi. Aralarında iki-üç yaş fərq vardı. Hiss olunurdu ki, nənəmin rəfiqəsi cavanlıqda gözəl olub. Ağ saçları ilə sifətinin nuru bir-birinə qarışmışdı. Nənəm rəfiqəsinə hörmət etməyimizi istəyirdi. O, qonşuluqda yaşayırdı və gözləri görmürdü. Əsasını yerə toxundura-toxundura yolun izini tutub gəlirdi. Əsası hər gün gəldiyi yolun cizgisindən kənara çıxmırdı. Bizimlə görüşəndə əlləri ilə toxunar, barmaqları ilə saçımızı axtarar, sığal çəkərdi. O gələndə nənəm qolundan tutub xalçanın üzərinə sərdiyi yumşaq döşəkçənin üstündə əyləşdirər, kürəyinə yastıq qoyardı. Süfrə açar, hər şeyin yaxşısını düzərdi. O, demək olar ki, hər gün nənəmin yanına gəlirdi. Qışda yun jaketinin, yayda yüngül arxalığının cibindən konfet, alma çıxarıb süfrəyə qoyardı. Biz nənəmgildə olanda isə gecə yarısına qədər oturardı və mən nənəmlə rəfiqəsinə kitab oxuyardım. Nənəmin rəfiqəsi bu axşam da hökmən gələcəkdi…

         Uşaqlarla nənəmin rəfiqəsi yaşayan həyətə gəldik. Onlardan biri – nənəmin rəfiqəsinin nəvəsi otağın qapısını açıb içəri baxdı. Nənəsinin evdə tək olduğunu görüb başı ilə uşaqlara işarə elədi. Yaxınlaşıb baxdıq: nənə xalçanın üstündəki doşəkçədə əyləşərək əlində tutduğu təsbehi ağır-ağır fırladırdı. Qarşısındakı süfrədə meyvə və nar çubuğu vardı. Uşaqlar bir-birinə göz vurub him-cimlə danışırdılar, heç nə başa düşmürdüm. Maraqla seyr etdiyimi görüb biri mənə yaxınlaşdı:

– Get nənəmin tumanının altında konfet var, onu götür. Biz götürsək, biləcək.

         Nənəmin rəfiqəsinin qat-qat tikilmiş böyük ətəyi vardı. Bu geyimlərə o zamanlar kənd yerlərində “yedditaxta tuman” deyirdilər. Yəni yeddi hissədən və çox parçadan tikilmiş geyim sayılırdı və bu tuman əyləşdiyi döşəyin üstünü tutmuşdu.

          Uşaqların sözünə baxıb əlimi qapıdan içəri uzatdım. Qapıya yaxın əyləşdiyindən əlim nənənin tumanının ətəyinə çatırdı. Duyuq düşər deyə, nəfəsimi çəkmirdim. Əlim bir balaca tumanın altına getmişdi ki, barmaqlarıma dəyən çubuğun təsirindən əlimi sinəmə sıxdım: nənə yanındakı nar çubuğunu götürüb barmaqlarıma çırpmışdı.

          Səsimi qısmaq məcburiyyətində idim. O, məni tanımamalıydı. Uşaqlar əməliyyatın uğursuz olduğuna gülürdülər. O gün uşaqların həmişə nənənin tumanının ətəyindən oğurluq etdiklərini öyrəndim və məni də bu oyuna qurban etdiklərinə görə onlardan incidim. Özüm isə hərəkətimə görə çox utandım…

          Çil xoruz süfrədə “məni ye” deyə çığırırdı. Nənəm və rəfiqəsi süfrənin ətrafında əyləşib kitabdan oxuduqlarıma diqqətlə qulaq asırdılar. Məktəb çantamın – boğçamın ağzı açılmışdı. Kitabxanadan götürdüyüm kitablar süfrənin kənarına elə düzülmüşdülər, elə bil hərəsi canlı bir qonaq idi. Və mən oxuyurdum... Artıq onlar da bir kitaba neçənci dəfə qulaq asdıqlarına baxmayaraq, maraqla dinləyirdilər.

          Yuxum gözümdən tökülürdü. Qocaların isə yatmaq fikri yox idi. Nənəmin rəfiqəsi də, deyəsən, evinə getmək istəmirdi. Oxuduqlarımı qısalda da bilmirdim, başa düşürdülər. Bir dəfə belə bir şey etmişdim. Bir-iki cümlə oxumadan o biri səhifəyə keçmişdim, dayandırmışdılar.

         – Dayan, düz oxu. Ola bilməz. Birdən-birə elə şey olar? Birdən-birə... O cümlədən sonra nəsə uyğun gəlmir. Nəsə qırıldı, hadisə düz gəlmir.

          Nənəm yaxınındakı oxlovu götürüb mənə tərəf uzatmışdı. Demək istəyirmiş ki, “bizi aldatma”. Elə bil kitabı öz əlləri ilə yazmışdılar. Bəzən hirslənirdim. “Sizi gərək kitablara alışdırmayaydım”. Bəzən də kitabları mənə onların sevdirdiyini xatırlayıb səbir edirdim. İndi də təxminən həmin vəziyyət idi: oxumaqdan gözüm yumulur, səsimdə titrəyiş əmələ gəlir, boğazım quruyurdu. Nənəm və rəfiqəsi çil xoruzun ətindən iştahla yeyə-yeyə qulaq asırdılar. Elə bil nə eşidəcəkdilərsə, onu qənimət bilirdilər. Bir əlim kitabda, bir əlim yeməkdə idi. Nənəmin rəfiqəsi boğazımın qovuşduğunu hiss edib:

         – Mürəbbəli çay iç, – dedi.

         Mürəbbəni çaya atmağı sevməsəm də, nənəm zoğal mürəbbəsini çayla qarışdırıb qarşıma qoydu.

          Nənəmin rəfiqəsi oxuduqlarıma qulaq asa-asa arada bir “eh” deyə köks ötürürdü. Eh, dünya...

Nəhayət ki, o, tumanının balağını yığışdırmağa, nənəm də süfrənin kənarını qatlamağa başladı. Nənəm rəfiqəsini yola salanda o, əl ağacına söykənib dedi:

         – Nətəər də yadımdan çıxıb… Heç məndə huş qalmıyıb. Orda uşağa bir az pay qoymuşam. A bala, boğazına fikir ver, oxuyan uşaqsan, yaxşı ye, gözün işıqlı olsun.

Onu yola salıb geri qayıtdıq. Nə zaman gətirmişdi bu payı? Görməmişdim. Süfrənin kənarında qəzetə bükülü iki alma, bir də qat-qat tumanının ətəyindən götürmək istədiyim bir neçə konfet vardı…

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Bəxtiyar Nizaminin şeirlərini təqdim edir.

 

 

Bəxtiyar Nizami

Təbriz

 

*

Gecədir, ulduzlar düşüb dənizə,

Dalğalar fırlanıb başına dönür.

Ay da göydən atır özün dənizə,

Bu gecə göylərin çırağı sönür.

 

Buludlar endikcə dəniz üstünə,

Hava da qoxuyur yağış nəğməsi.

Çaxnaşır buludlar, hönkürtü salır,

Gəlir qulağıma bir ana səsi.

 

Yağışlar buludun göz yaşlarıdır,

Onlar da insanın dərdin duyublar.

Bəlkə də buludlar anaymış, allah

Köçüb bu dünyadan bulud olublar.

 

Uzun bir məsafə milyon illərdir,

Dünya da fırlanır günün başına.

Bu boyda yer üzü dərdin içində,

Düşən daşlar düşür bunun başına.

 

Gecədir, ulduzlar köçür göylərə,

Dənizin özündə dalğa boğulur.

Məryəm sancı çəkir hələ içində,

İsa, anasından təzə doğulur.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Və bu da sonuncu!

Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirdik. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər, bunu gəlin unutmayaq.

 

Varislik qanunu

«Liderin əsl qiyməti onun qoyduğu irslə, varisləri ilə ölçülür»

1997-ci ildə dünyanın biznes sferasının ən yaxşı liderlərindən biri, «Koka-kola» kompaniyasının rəhbəri Roberto Qoysueta vəfat etdi. 16 illik rəhbərlik dönəmində o, «Koka-kola»-nın dəyərini 4 milyard dollardan 150 milyard dollara (3500 faiz !!!) qaldırdı, bütün avtomobil və neft kompaniyalarından bahalı etdi, bir çox aksionerini multimilyonçuya çevirdi, amma onun qoyduğu bu nəhəng irs hələ işin bir tərəfi idi. O, özündən sonra kompaniyanın işini yüksək şəkildə davam etdirəcək varislər yetişdirərək hazırlamışdı, estafeti qəbul edən bu liderlər «Koka-kola»nın uğur yolunu davam etdirirlər.

Və son olaraq kitabının yekun hissəsində Con Maksvell insanlara həyat yollarında öz arzularına çatmağı diləyərək onlara lider olmağı tövsiyə edir. Tövsiyə edir ki, insanlar öz ardlarınca başqalarını aparmağı öyrənsinlər, liderlik zirvəsinə yüksəlib yüksək nəticəyə nail olduqca sabahkı günün liderlərini yetişdirsinlər.

Məncə, əziz oxucum, liderliyin bu qızıl 21 qanununu mənimsəmək sənin dünyagörüşündə çox ciddi dəyişikliklərə səbəb olacaq.

Onlarla praktik vasitə olaraq silahlan və haydı, liderliyə doğru!

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

İnişil il bu gün “Ədəbiyyat və incəsənət” portal bu xəbəri paylaşmışdı: Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənətinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairi, mərhum Zəlimxan Yaqubun "Zarafat gəlməsin sənə bu dünya" adlı şeiri qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən "Hece Taşları" aylıq şeir dərgisinin 90-cı sayında dərc olunub. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına şair, jurnalist Kamran Murquzov məlumat verib. “Azərbaycan Aşıq sənəntinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Koordinatoru və məsul katibi Kamran Murquzovdur.

Qeyd edək ki, bundan öncə gerçəkləşdirilən eyniadlı layihə çərçivəsində sevimli Xalq şairimiz Zəlimxan Yaqubun şeirləri "Usare" (Ebrar Vakfı Kültür yayın organı) və "Kardelen" üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisində dərc olunaraq Türkiyə oxucularına çatdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Klassik musiqinin tanınmış simalarından çoxunumu tanıyırsınız? İnanın ki yox. Ən yaxşı halda Qara Qarayev, Fikrət Əmirov, Niyazı…

 

Bu gün mən sizə Nazim Əliverdibəyov barədə danışmaq istəyirəm.

 

 

 

Nazim Ağalar oğlu Əliverdibəyov 1926-cı il avqust ayının 24-də Kislovodsk şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini 1938-1944-cü illərdə Bakı Musiqi Texnikumunda, sonra onillik musiqi məktəbində (indiki Bülbül adına Orta-ixtisas Musiqi Məktəbi) V.Anşeleviçin violonçel sinfində almışdır. Onillik musiqi məktəbinin buraxılış imtahanı zamanı özünün bəstələdiyi ilk pyeslərindən birini çalmışdır.

 

Daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirərək 1952-ci ildə professor Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirmişdir. Musiqinin müxtəlif janrlarına müraciət etmiş, uşaqlar üçün “Cırtdan” nağıl-operasının, “Nazxanım naz edir” musiqili komediyasının, “Muğan” xoreoqrafik lövhələrinin, iki balet süitasının, “Mingəçevir” simfonik poemasının, xalq çalğı alətləri orkestri üçün “İçəri şəhər” adlı musiqi lövhələrinin, A.Puşkinin sözlərinə “Çiçək” romanının, Hüseyn Cavidin sözlərinə silsilə romansların, çoxlu sayda kamera-instrumental və xor əsərlərinin, kinofilmlərə və teatr tamaşalarına yazılmış musiqilərin müəllifidir.

 

Onun, xüsusilə “Bayatı Şiraz” muğamının akapella xor üçün işləməsi çox orijinaldır. Nazim Əliverdibəyov Ü. Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarının klavir və partiturasının yeni redaktəsini hazırlamışdır. Hazırda bu operalar onun redaktəsi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulur. 1951-ci ildən Bülbül adına Ortai xtisas Musiqi Məktəbində nəzəriyyə və bəstəkarlıq üzrə müəllimlik etmiş, 1964-1985-ci illərdə - 20 ildən artıq bu məktəbə rəhbərlik edərək gənc nəslin musiqi-estetik tərbiyəsi sahəsində əzmlə çalışmışdır. 1960-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında “Azərbaycan xalq musiqisinin əsasları” fənnindən dərs demişdir.

 

Nazim Əliverdibəyov 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuş, respublikanın musiqi həyatında fəal iştirak etmişdir. Simli kvartet (1950), “Qəhrəmanlıq”- Simfonik orkestr üçün uvertüra (1951), Simfonik orkestr üçün Balet süitası (1956), Simfonik orkestr üçün “Rəqs suitası” (1978), violonçel ansamblı və simfonik orkestr üçün “Skertso” və “Vals” (1978) və başqa əsərləri məşhurdur.

 

Bir sözlə, o, musiqi xəzinəmizə çox şey bəxş edib.

 

Nazim Ağalar oğlu Əliverdibəyov 1985-ci il fevral ayının 17-də Bakıda vəfat etmişdir.

 

Ruhu şad olsun.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(23.08.2024)

 

 

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun ustad dərsləri təqdim ediləcək.

 

 

TƏBABƏTLƏ ƏDƏBİYYAT BİR ARAYA GƏLƏNDƏ...

 

 

Təməli nevrologiya həkimi Ziqmund Freyd (1856-1939) tərəfindən qoyulmuş psixoanaliz ədəbiyyatşünaslığın deyil, psixologiya elminin nəzəriyyələrindən biridir. Z.Freydin psixoanaliz sahəsində apardığı tədqiqatlar, irəli sürdüyü elmi müddəalar tibb elmi ilə yanaşı, ədəbiyyata da böyük dəyişdirici təsir göstərmişdir. Z.Freydin təlimi sayəsində şüurdanxaric (və ya təhtəlşüur) anlayışının strukturu və xüsusiyyətləri, seksual təhriklərin insan davranışına təsiri, motivasiya və impulslar kimi anlayışlar tibb elmində öyrənildiyi və tətbiq edildiyi kimi, ədəbiyyata da təsirsiz qalmamışdır.

Z.Freyd hesab edirdi ki, hər bir bədii əsərdə real həyatda gerçəkləşdirilə bilməyən gizli mənalar və istəklər var. Uşaq özünün gerçək dünyadan uzaq fantaziya aləmini yaratdığı kimi,  şair də gizlində yaşadıqlarını öz təxəyyülü vasitəsilə canlandırmağa can atır. Yazıçının uydurduğu xəyal dünyasında özü ilə onu əhatə edən mühit arasındakı basdırılmış münaqişələr, dərində qalan sarsıntılar mühüm rol oynayır. Z.Freydin nəzəriyyəsinin maraqlı cəhətlərindən biri şairlə dəli arasında müqayisə aparmasıdır. O qeyd edirdi ki, şairlə dəlini bir-birindən real ilə qeyri-real, şüurlu ilə şüurdanxaric davranışlar arasındakı nazik bir sərhəd ayırır. Onların bir-birindən yeganə fərqi isə odur ki, şair həmin sərhədi ayırd edə bilir, dəli isə özünü real dünyaya qaytaran yolu görə bilmir.

Z.Freydin gəldiyi qənaət budur ki, bədii əsər yaradan şair öz əsəri ilə gizli qayğılarını, içində tüğyan edən duyğularını çölə atmaqla özünü sağaldır, başqalarına da çıxış yolu göstərir...

Psixoanaliz elmi ədəbiyyatşünaslara bədii mətnə yeni mövqedən yanaşmağa imkan yaratdığı kimi, yazıçıları, digər sahələri təmsil edən sənət adamlarını da həyatı və insanları fərqli gözlə görüb qiymətləndirməyə sövq etdi.

Bu da maraqlıdır ki, ədəbiyyatşünaslıq elmi ilə psixoanaliz elmi arasında ortaq sayıla biləcək nəzəri əsərləri, əsasən, psixoloqlar yaradıblar.

Təxminən bir əsr bundan əvvəl psixoanalizin sənətə təsirinin araşdırılması ədəbiyyatın da gündəliyinə gətirildi. Bu mövzuda öz mülahizələrini bölüşən ədəbiyyatçılardan biri alman yazıçısı, Nobel mükafatı laureatı Herman Hessedir (1877-1962). Psixoanalizin bilicisi və tərəfdarı kimi çıxış edən H.Hesse 1916-cı ildə psixoanaliz həkimindən müalicə seansları qəbul eləmişdi.   

Beləliklə, H.Hessenin 1918-ci ildə qələmə aldığı “Sənətkar və psixoanaliz” məqaləsi oxuduğu elmi əsərlərin, ədəbiyyat və sənət üzərində müşahidələrinin, eləcə də şəxsi həyat təcrübəsinin sayəsində araya-ərsəyə gəlmişdi. Psixoanaliz elminin ədəbiyyata təsirindən bəhs edən bu essedə müəllif psixoanalizin bədii yaradıcılıqda təxəyyülün rolunu təsdiqləməsinə yüksək qiymət verirdi. O vurğulayırdı ki, analiz hər sənət adamına bunu xatırladır. Bəzən sadəcə uydurma kimi təsəvvür olunan şey bunun sayəsində ən yüksək dəyər qazanır. Analiz sənətkara yüksək səslə ruhun əsas ehtiyaclarının varlığını, hər cür avtoritar ölçü və dəyərləndirmələrin nisbiliyini xatırladır. 

H.Hesse qeyd edirdi ki, psixonaliz bizə şüurumuza basdırdığımızı görməyi, qiymətləndirməyi, araşdırmağı və ciddi qəbul etməyi öyrədir.

Əziz oxucular, H.Hessenin sizə təqdim etdiyimiz “Sənətkar və psixoanaliz” məqaləsi psixoanalizin ədəbiyyatdakı yerinin müəyyənləşdirilməsi baxımından nüfuzlu mənbələrdən biri hesab edilməkdədir. 

 

 

Herman HESSE

 

 

SƏNƏTKAR VƏ PSİXOANALİZ

 

Freydin “psixoanalizi” dar bir nevroloqlar dairəsinin diqqətini cəlb etdiyi vaxtdan, Freydin tələbəsi Yunq şüurdanxaric psixologiya və tiplər haqqında təlimini yaratdığı və qismən nəşr etdirdiyi vaxtdan, analitik psixologiya bilavasitə xalq mifinə, dastanlara və poeziyaya üz tutduğu vaxtdan bəri sənət ilə psixoanaliz arasında məhsuldar bir təmas yaranıb. Freydin təlimi ilə razılaşsaq da, razılaşmasaq da, onun təkzibedilməz tapıntıları mövcuddur və öz işini görür.

Bir çox cəhətdən belə məhsuldar olan bu yeni analitik metodun məhz sənətkarlara yaxın olacağı gözlənilən idi. Elə bu səbəbdən özü nevrotik olan bir çox insan psixoanalizlə maraqlana bilərdi. Bundan əlavə, sənətkarın özünü rəsmi elmlə müqayisədə tamamilə yeni təməl üzərində qurulmuş psixologiyaya bağlamağa daha böyük meyil və hazırlıq nümayiş etdirdiyini görürük. Radikal bir dahini sənətkarın müdafiə etməsi professorun müdafiə etməsindən həmişə daha asan olub... Və bu gün Freydin ideyalar aləmi mütəxəssislərdən - həkimlərdən və psixoloqlardan daha çox gənc sənətkarlar nəsli tərəfindən müzakirə olunur və daha geniş qavranılır.

Yeni psixologiyaya kafedə aparılan yeni müzakirə mövzusu kimi yanaşmaqla qane olmayan sənətkarda artıq ondan necə öyrənmək istəyi yaranır - daha doğrusu, yeni psixoloji baxışların yaradıcılıq üçün faydalı olub-olmadığı, yaxud nə dərəcədə faydalı ola biləcəyi sualı ortaya çıxır. 

Yadımdadır, iki il əvvəl bir tanışım mənə Leonhard Frankın iki romanını oxumağı tövsiyə etmiş, onları sadəcə qiymətli əsərlər deyil, həm də “bir növ psixoanalizə giriş” adlandırmışdı. O vaxtdan bəri mən Freyd təliminin izləri görünən bir sıra əsərlər oxumuşam. Yeni elmi psixologiyaya zərrə qədər maraq göstərməsəm də, mənə elə gəldi ki, Freydin, Yunqun, Ştekelin və başqalarının bəzi əsərlərində yeni və vacib bir şey var. Onların əsərlərini mən özüm oxudum və onların baxışlarında öz fantaziya və müşahidələrimin yaratdığı təsəvvürlərin, demək olar ki, hamısının təsdiqini tapıram. Onlarda qismən mənə aid olan ürəyədamma və ötəri fikir, dəkr edilməmiş bilik kimi şeylərin ifadə edildiyini və aydınlaşdırıldığını görürəm.

Yeni təlimin faydalılığı bədii yaradıcılığa, eləcə də gündəlik həyat müşahidələrinə tətbiq edildikdə dərhal üzə çıxır. Artıq bir açar var – tam sehrli açar deyil, amma yenə də özünün yararlılığını və etibarlılığını tez bir zamanda sübut etmiş yeni dəyərli bir alətdir. Özü də mən ədəbiyyat tarixindəki, yazıçının həyatının bir xəstəliyin son dərəcə müfəssəl mənzərəsini açan ayrı-ayrı əsərləri nəzərdə tutmuram. Yalnız psixoloji dərketmənin və incə ürəyədammaların Nitsşe tərəfindən təsdiqi və aydınlaşdırılması bizim üçün çox dəyərli ola bilərdi. Şüurdanxaricin dərk və müşahidə edilməsinin başlanğıcı, sıxıntı, sublimasiya, reqressiya və s. kimi psixi mexanizmlərin şərhi bu sxemə aydınlıq gətirir və onu asanlıqla başadüşülən edir.

İndi psixologiya ilə məşğul olmaq asanlaşa da, psixologiya elminin sənətkar üçün faydalı olub-olmadığı hələ də, həqiqətən, şübhəli qalır. Tarixə aid biliklər tarixi əsərlərə, botanika və ya geologiyaya aid biliklər də landşaftı təsvir etməyə nə dərəcədə az kömək edirsə, ən yaxşı elmi psixologiya da insanın təsvirinə o dərəcədə az kömək edir. Aydındır ki, analitiklərin özləri dəlil gətirmək, mənbə göstərmək və dediklərini təsdiq etmək üçün hər yerdə ilkin dövrlərin poetik əsərlərindən istifadə edirlər. Görünür, elə buna görə də analiz yazıçıların əzəldən bildiklərini dərk etdi və elmi şəkildə dəqiqləşdirdi, axı yazıçı, əslində, analitik-psixoloji təfəkkürə zidd olan xüsusi bir təfəkkür növünün təmsilçisi olub. O, yuxu görən, analitik də onun yuxularını yozan olub. Yeni psixologiyaya rəğbətlə yanaşan yazıçıya xəyal qurmaqdan, şüurdanxaricin çağırışına əməl etməkdən başqa bir şey qalırmı?

Yox, ona başqa bir şey qalmır. Buna qədər yazıçı olmayanı, buna qədər ruhi həyatın daxili quruluşunu, ürək döyüntülərini hiss etməyəni bundan sonra analiz ruhun tərcümanı etməyəcək. O yalnız yeni sxemi tətbiq edə biləcək, bir anlıq təəccüb yaşaya biləcək, amma mahiyyət etibarilə gücünü artıra bilməyəcək. Ruhi proseslərin poetik qavrayışı bundan əvvəl olduğu kimi intuitiv, analitik olmayan istedad məsələsi kimi qalacaq.

Ancaq məsələ bununla bitmir. Doğrudan da, psixoanaliz yolu sənətçi üçün də əhəmiyyətli təkan ola bilər. O, analiz texnikasını bədii yaradıcılığa köçürməkdə yanılsa belə, psixoanalizə ciddi yanaşmaqda, ona əməl etməkdə yenə də haqlıdır. Mən sənətkarın psixoanalizdən faydalana biləcəyini təsdiq edən üç dəlil görürəm.

İlk növbədə, dərin fantaziyanın, təxəyyülün dəyəri. Sənətkar özü özünə analitik gözlə baxanda onun əziyyət çəkdiyi zəif cəhətləri özünə gizli qalmır. Bu zəifliklərə sənətinə inamsızlıq, fantaziyaya şübhə, özündəki burjua baxışlarını və tərbiyəsini doğru qəbul edən, onun sənətini yalnız xoş bir "uydurma" saymaq istəyən yad səs aiddir. Lakin məhz analiz inandırıcı şəkildə öyrədir ki, indi “uydurma” kimi qiymətləndirilə bilən şey ən yüksək dəyərdir. Bu dəyər əsas insan ehtiyaclarının mövcudluğunu, eləcə də bütün avtoritetli ölçülərin və dəyərlərin nisbi olduğunu güclü şəkildə yada salır. Sənətkar analizdə özünə haqq qazandırır. Eyni zamanda, analiz ona analitik psixologiyanın özündəki sırf intellektual təsdiq aləmini açır.

Metodun bu faydalı tərəfini artıq onunla yalnız kənardan tanış olanlar da qəbul edə bilər. Digər iki dəyərli cəhət isə yalnız özlərində ruhi analizi hərtərəfli və ciddi şəkildə yaşamış olanlara, onlar üçün analiz ağıl məsələsi deyil, təcrübə məsələsi olanlara aşkar olacaq. Öz “kompleksləri” və ruhani həyatları haqqında müəyyən formalaşdırılmış məlumatlarla kifayətlənənlər isə bu  mühüm dəyərləri itirəcəklər.

Analiz yolu ilə ciddi şəkildə dərinə gedən, xatirələrdən, xəyallardan və assosiasiyalardan ilkin ruhi səbəblər axtaran hər kəsin əldə etdiyi isə təxminən "öz şüurundan xaricdə olana səmimi münasibət" kimi müəyyənləşdirilə bilər. O şüur və şüurdanxaric arasında isti, məhsuldar, ehtiraslı bir tarazlıq vəziyyətini yaşayacaq, əks halda "gizli şəraitdə" qalmaqda davam edəcək və yalnız yuxularda görünməz şəkildə təzahür edəcək şeyləri tapacaq ki, onlara da diqqət yetirməyəcək.

Bu isə psixoanalizin etika üçün, şəxsi vicdan üçün vacib olan nəticələri ilə dərindən bağlıdır. Analiz hər şeydən öncə başqa bir əsas tələbi irəli sürür ki, ondan yayınma və etinasızlıq dərhal qisas alır, tiyəsi dərinə işləyir və silinməz izlər buraxır. Özünə qarşı doğruluğu, bizim öyrəşmədiyimiz doğruluğu tələb edir. O, bizə sıxışdırmağa nail olduğumuzu, bütöv bir nəslin uzunmüddətli məcburiyyət şəraitində sıxışdırdığını görməyi, tanımağı, araşdırmağı və ciddi qəbul etməyi öyrədir. Psixoanalizlə tanış olaraq atılan ilk addımlar güclü, hətta həddindən artıq güclü təcrübədir, təməllərin sarsılmasıdır. Kim tab gətirib irəliləyirsə, indi özünü getdikcə daha çox tək, şərtiliklərdən və ənənəvi baxışlardan uzaqda görür, suallar verməyə və şübhələnməyə məcbur olur ki, bu da onu heçliklə üz-üzə qoyur. Ancaq ənənəvi olanın dağılan pərdələri arxasında o, getdikcə daha çox həqiqətin, təbiətin sarsılmaz mənzərəsini görür və ya hiss edir. Yalnız indi, analiz özünü intensiv şəkildə sınaqdan keçirərkən inkişaf tarixinin bir parçası həqiqətən yaşanır və qanı axan duyğu ilə aşılanır. Ata və ana, kəndli və köçəri, meymun və balıq proobrazlarına qayıdaraq, insanlar psixoanalizdə olduğu qədər heç bir yerdə öz ilkinliyini, bir-biri ilə əlaqələrini və ümidi bu qədər ciddi, bu qədər sarsıntı ilə hiss etmirlər. Ürəyin döyüntüsü aydın hiss olunur, qorxular, çətinliklər, təzyiqlər aşkara çıxdıqca həyatın, şəxsiyyətin mənası bütün saflığı və tələbkarlığı ilə artır.

Analizin bu tərbiyəvi, rəbətləndirici gücü sənətkar tərəfindən xoş qarşılandığı qədər heç kim tərəfindən xoş qarşılana bilməz. Bu, sənətkarın dünyaya və onun əxlaqına mümkün qədər asan uyğunlaşması demək deyil, bənzəri olmayan bir şey deməkdir, onun özünün nə olduğu deməkdir.

Keçmişdəki yazıçılardan bəziləri, ilk növbədə də Dostoyevski analitik psixologiyanın əsas müddəalarını dərk etməyə çox yaxın olub. Freyd və onun tələbələrindən əvvəl Dostoyevski intuitiv olaraq bu yolla gəlmişdi, o da artıq bu növ psixologiyanın müəyyən təcrübəsinə və texnikasına yiyələnmişdi. Böyük alman yazıçılarından ruhi proseslərə baxışları müasir baxışlara ən yaxın olanı isə Jan Poldur. Bununla yanaşı, Jan Pol elə parlaq sənətkarlardandır ki, onun öz təhtəlşüuru ilə daim intim təması  dərin, canlı ürəyədamma sayəsində əbədi bolluq mənbəyinə çevrilir.

Sonda elə bir yazıçıdan sitat gətirəcəyəm ki, onu təbiəti etibarilə xəyalpərəst və ya özünə qapılan insan kimi deyil, sırf idealist kimi qəbul etsək də, o, bütövlükdə güclü intellektual sənətkarlardandır. Otto Rank ilk növbədə bu yazıçının məktubundakı aşağıdakı parçanı müasir şüurdanxaric psixologiyasının təsdiqinin ən heyrətamiz sələfi kimi kəşf etdi. Şiller yaradıcılıq durğunluğundan şikayətlənən Kernerə yazır: “Sənin şikayətin, mənə elə gəlir, onunla bağlıdır ki, idrakın təxəyyülünü buxovlayıb. İdrakın qapının ağzını kəsdirib gözləyirmiş kimi çox ayıq-sayıqlıqla hər yerdən gələn fikirləri diqqətlə izləməsi ruhun yaradıcı əsərləri üçün xoş deyil və zərərlidir. Təcrid olunmuş halda ayrıca nəzərdən keçirilən fikir kifayət qədər əhəmiyyətsiz və yanıldıcı ola bilər, lakin aydındır ki, həmin fikir özündən sonra gələn fikir sayəsində əhəmiyyətli olacaq; aydındır ki, ağılsız kimi görünən fikir başqa fikirlər ilə birlikdə zəncirin çox faydalı bir halqası ola bilər: idrak, bir fikri təzəcə mənimsəmiş olmasına baxmayaraq, həmin fikri digəri ilə əlaqəli görənə qədər onun haqqında mühakimə yürüdə bilməz. Yaradıcı şüurlarda isə əksinə, idrak öz ölkəsini qapının önündə tərk edir, ideyalar qarma-qarışıq şəkildə vurnuxur və yalnız bundan sonra geniş ənginlikləri seyr edir.”

İntellektual tənqidin şüurdanxaricə ideal münasibəti burada öz klassik ifadəsini tapıb. Şüur xaricindən, gözlənilməz bir fikrin nəzarətsiz istilasından, bir yuxudan, uydurma psixologiyasından yaranan yaxşılığı heç nə basdırmır, şüurdanxaricin formalaşmamış sonsuzluğuna uzunmüddətli bağlılıq yoxdur, ancaq gizli mənbələrə sevgi ilə qulaq asmaq və yalnız bundan sonra tənqid və xaosdan seçim etmək – bütün böyük sənətkarlar belə işləyib. Bu tələbin yerinə yetirilməsinə kömək edə biləcək bir texnika varsa, o da psixoanalitik texnikadır.

1918

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Sahil Məmmədov 

Sahil Ədalət oğlu Məmmədov 1996-cı il iyulun 12-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Sahil Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Məmmədov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Həyətə daş tökdürüb,

Tikmədin ev, qəhrəman.

Arzuları yarımçıq,

Özü bütöv qəhrəman.

 

Cənnət evindir sənin,

Gül-çiçəyin, çayın var.

Bu ölkədə hər evdə,

Bir adamlıq payın var.

 

Hər evdə yaşayırsan,

Hər taledə zamansan,

Hər ürəkdə döyünür,

Hər gözdə qəhrəmansan.

 

Anan danışır səndən,

Atan danışır səndən,

Baxışlar həsrət çəkir,

Ürək alışır səndən.

 

Üç dəfə yaralandın,

Yenə döndün savaşa.

Dedin, anam bilməsin,

Yoxsa düşər təlaşa.

 

Sən belə igid oldun,

Sən belə oğul oldun.

Qubadlı, Şuşayacan,

Qələbəyə yol oldun.

 

Əbədi qalacaqsan,

Bu vətənin canında,

Hamımız baş əyirik,

Ruhunun qabağında.

 

 “Ədəbiyyat və incəsənət”

(23.08.2024)

 

Cümə, 23 Avqust 2024 14:04

GÜLÜŞ KLUBUnda Privoz bazarı

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Pullu ayaqyolunun qiymətini qaldırıblar. Soruşanda niyə, deyirlər, benzin qalxıb deyə. 

Siz öz canınız, nə aidiyyatı var axı?

 

2.

Deputatlığa namizəd bir şikayətçi seçiciyə deputat olarsa, həyətlərinə asfalt çəkdirmək, birinə damını təmir etmək, birinə bank kreditlərini bağlamaq, birinə oğlunu işə düzəltmək, birinə həyətlərinə Şahsağdan su xətti çəkdirmək, birinə işsizliyi aradan götürmək üçün təyyarə zavodu tikməyi boyun oldu. Nəhayət, sonuncu seçici qlobal istiləşmədən, Arktika və Antarktida buzlarının əriməsindən narahatlığını dilə gətirəndə deputatlığa namizəd söylədi:

-Əsla narahat olmayın. Siz sentyabrın 1-də gəlin yekdilliklə mənə səs verin, deputat olaramsa, mən oralarda buz da təşkil edərəm.

 

3.

Odessa. Məşhur Privoz bazarı. 

Moyşa azərbaycanlı kartof satana yaxınlaşıb deyir:

-Arvad deyib on kilo kartof al. Amma həkim də deyib, beş-altı kilodan ağır yük götürmə. Qalmışam neyniyim.

Satıcı deyir:

-Heç bir narahatlıq yoxdur. On kilo çəkim verim, rahatca aparassan. 

 

4.

-Sənin bu dairəmizdəki deputatlığa namizədlərdən ağlın nə kəsir? 

-Yenə Allaha şükür edirəm, yaxşı ki, içlərindən cəmi birini seçəcəklər.

 

5.

Zəmanə dəyişib. İndi novostrpoykada yaşayan uşaqlar məktəbə gedəndə “Qonşumuz yay tətilini necə keçirdi” mövzusunda inşa yazırlar. 

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Quzu əti qiyməsindən mütəncəmin hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR:

§ Quzu əti – 159 qr

§ Quyruq – 20 qr

§ Soğan – 35 qr

§ Kərə yağı – 25 qr

§ Paxla – 50 qr

§ Alma qurusu (qaxı) – 20 qr

§ Axta zoğal – 20 qr

§ Badam – 20 qr

§ Keşniş – 8 qr

§ Mərzə qurusu – 5 qr

§ Təzə zəncəfil – 2 qr

§ Sarıkök – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

QEYD: 

Müsəmmələr, mütəncəmlər, əsasən, çöl heyvanlarından, çöl quşlarından hazırlanır. Əsasən, soyuq qış aylarında bişirilir. Ov heyvanlarını tapmaq çətin olduqda ev quşları və heyvanlarından hazırlana bilər. Demək olar ki, bütün fəsillərdə hazırlanır, sadəcə olaraq, tərkibi dəyişir.

 

HAZIRLANMASI:

Yağlı yumşaq quzu ətinə quyruq, soğan, duz, istiot vurulur, ətçəkən maşından keçirilir. Qiymə yaxşıca qarışdırılır, daha yaxşı qarışması və ya- pışqanlılığın artması üçün döyülür. Küftəciklər hazırlanır, yastılanır və diametri 6-7 sm, qalınlığı 2-2,5 sm öl- çüdə yarımfabrikat alınır. Küftəciklər una batırılır, hər iki tərəfi qızardılır. Fal-fal doğranmış soğan eyni tavada qızardılır. Paxla əvvəlcədən isladılır, qabığı təmizlənir, yarı bişirilir. Alma qaxı, badam, axta zoğal yuyulur, lay- lay qazana düzülür. Duz, istiot, sürt- kəcdən keçirilmiş zəncəfil, sarıkök, mərzə qurusu, işgənə əlavə olunur və qazanın qapağı bağlanır, vam odda bişməyə qoyulur. Suyu çəkildikdə ocaqdan götürülür və 5 dəqiqə yer dəmi alır. Sonra boşqaba çəkilir, üzə- rinə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir. Süfrəyə yanında dahar, meyvə turşusu, meyvə məti, göyərti verilir. Plov və çilovlarla da verilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.