Tələbə yaradıcılığı – Ayşən Cəfərovanın SEVGİ barədə essesi Featured

”Ədəbiyyat və incəsənət” portalının ələbə yaradıcılığı rubrikasında bu gün sizlərə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 3-cü kurs tələbəsi Ayşən Anar qızı Cəfərovanın“Keçmiş, gələcək və bugünün sevgisi” adlı essesi təqdim edilir.

 

Bəşəriyyət boyunca sevgi haqqında milyonlarla əfsanə, rəvayət və söz nəsildən-nəsilə ötürülmüşdür. Onlardan ən məşhurlarından bir neçəsini xatırlayaq.

El arasında deyilən “qismət” — insanın istəsə belə dəyişə bilmədiyi, zamanı yetişəndə qarşısına çıxan payıdır. Bu, sadəcə nəsib deyil; öz vaxtı, məkanı və insanı ilə birlikdə gələn bir yazıdır. Əgər bir şey sənə aid deyilsə, nə qədər yaxın olsa belə, yanında qalmaz. Amma sənə yazılan geciksə də, yolunu itirməz — bir gün mütləq gəlib səni tapar.

Qırmızı ip nəzəriyyəsinə görə taleyində bir-birinə aid olan iki insan görünməz qırmızı bir iplə bağlanır. Bu ip dolaşa, uzana, hətta düyünlənə bilər, amma heç vaxt qırılmaz. Yollar ayrı düşsə də, zaman araya məsafə salsa da, o insanlar bir şəkildə yenə bir-birinə toxunar — ya real həyatda, ya da xatirələrin səssizliyində.

Platonun “Şölen” (Symposium) əsərində Aristofanın dilindən maraqlı bir əfsanə nəql olunur.

Rəvayətə görə, insanlar əvvəllər indiki kimi deyildi. Tanrı Zevs onları dörd əlli, dörd ayaqlı və iki üzlü yaratmışdı. Bir bədəndə iki insan var idi — güclü, bütöv və tək deyildilər. Bu varlıqlar o qədər qüvvətli və özlərinə arxayın idilər ki, bir gün tanrılara qarşı çıxmağa cəsarət etdilər. Bu isə Zevsin xoşuna gəlmədi. Lakin o, insanları tamamilə məhv etmədi. Çünki insanlara ehtiyacı vardı — ibadət üçün, tanrıların qüdrətini hiss etdirmək üçün. Bunun əvəzinə onları cəzalandırdı: insanları iki yerə böldü.

Hər insan yarımçıq qaldı. Dörd əl iki əllə əvəz olundu, iki üz tək bir üzə çevrildi. Və o gündən sonra… sevgi başladı.

İnsanlar ayrıldıqları andan etibarən öz itirdikləri yarını axtarmağa başladılar — küçələrdə, zamanın içində, başqa insanların baxışlarında.

Sevgi, əslində, itirdiyin yarını tanımaq hissidir. Bəzən bir insanla cəmi bir saat keçirərsən və sanki onu illərdir tanıyırsanmış kimi hiss edərsən. O qəribə yaxınlıq, o izahsız doğmalıq… bəlkə də elə oradan gəlir.

Antik fəlsəfədə sevginin üç mərhələdən ibarət olduğu düşünülürdü.

Qədim yunan düşüncəsinə görə sevgi belə bölünürdü:

1.     Erosehtiras və fiziki cazibə,

2.     Philiadostluq və qarşılıqlı anlayış,

3.     Agapefədakarlıq və şərtsiz sevgi.

İnanca görə yalnız Erosla başlayan sevgi uzunömürlü olmur; ehtiras zamanla sönə bilər. Sevgi Philia mərhələsinə keçməzsə, yəni dostluq və anlayışla möhkəmlənməzsə, zəifləyər. Agape səviyyəsinə çatmayan sevgi isə yarımçıq qalar — çünki şərtsiz qəbul və fədakarlıq olmadan bağlar dərinləşmir.

İndi isə günümüzün sevgi anlayışına nəzər salaq.

Bir ürək ağrısıdır sənin adın. Mənə yaşadığımı xatırladan. Ya da öldüyümü pıçıldayan.

İnsan neçə dəfə aşiq ola bilər? Ürək neçə dəfə qırıla bilər? Məgər bu ürək şüşə stəkandır ki, hər dəfə qırılıb minlərlə parçaya ayrılsın? Və qırıldıqdan sonra yerinə yenisi alınmasın?

Psixoloqlara görə insan ömrü boyu təxminən üç dəfə aşiq olur.

Birinci sevgi, saf və idealistdir.

Daha çox xəyallara, “əbədi olacaq” düşüncəsinə söykənir. Bu mərhələdə biz çox zaman qarşı tərəfi deyil, sevmək hissinin özünü sevirik. İlk sevgi adətən bir az uşaqcasına olur — saf, inamlı və bəzən də düşüncəsiz. Çox vaxt keçicidir. Zaman keçdikcə xoş bir xatirəyə çevrilir; üzə gülümsəmə gətirən, amma ürəyi artıq incitməyən bir xatirəyə.

Lakin bəzən - nadir hallarda - ilk sevgi ilə son sevgi eyni insanda cəmlənə bilər.

İkinci sevgi, sarsıdıcı və dərs verən sevgidir.

Qırılmalar, xəyanət, itirmə qorxusu, özündən qurban vermək bu mərhələdə baş verir. İnsan burada böyüyür. Ən dərin izlər də çox zaman məhz bu sevgidən qalır. Bəzən nə qədər getmək istəsən də, gedə bilməzsən. Öz mövqeyindən geri çəkilər, “heç vaxt etmərəm” dediyin şeyləri belə edərsən. Birinci sevgidən fərqli olaraq, burada hər şey daha ciddi görünür. Bu artıq uşaqcasına bir sevgi sayılmaz.

İtirmə qorxusunun səni necə yorduğunun fərqinə belə varmazsan. Qarşı tərəfin laqeydliyi səni incitsə də, bunu görməzliyə vurarsan. Onun səni tərk edəcəyindən qorxduğun üçün araya məsafə qoymaz, özünə inciməyə belə haqq tanımazsan. Amma qarşı tərəf səni itirməkdən zərrə qədər qorxmaz. Çünki nə qədər getsələr də, bir gün geri döndüklərində sizi eyni yerdə tapacaqlarına əmindirlər.

Əslində o güvəni qarşı tərəfə verən də yenə siz olursunuz. Bütün inciklikləri unudar, görməzliyə vurarsınız. Amma o, ən xırda məsələni belə böyüdüb ayrılıq səbəbinə çevirər. Siz isə yenə yola verərsiniz. Təki münasibət bitməsin, təki ayrılıq olmasın.

“Axı ayrılsaq, onsuz necə yaşayaram?” sualı burada başlayır.

Və insanın özündən qurban verməsi də məhz bu nöqtədə başlayır.

Sözsüz ki, sizi xoşbəxt etdiyi anlar da olar. Lakin incitdiyi anlar çox vaxt daha ağır gələr.

Bəzən qarşı tərəfi dinləyərsiniz. O qədər çox dinləyərsiniz ki, bir müddət sonra fərq edərsiniz: siz heç bir kəlmə belə deməmisiniz. Münasibətdə həmişə dinləyən, anlayan, önəm verən tərəf siz olmusunuz. Amma bir dəfə belə sizin hissləriniz eyni diqqətlə qarşılanmayıb.

Və insanın özündən qurban verməsinin başqa bir forması da məhz budur — susaraq tükənmək.

Bəzən qarşınıza çıxan insan yaralı olar. Siz onun yarasını sarmaq istəyər, ona ən gözəl duyğuları yaşatmaq üçün özünüz və keçmişinizlə savaşarsınız. Bunun boşa zaman itkisi olduğunu çox gec öyrənərsiniz. Bəs bu nə vaxt yaşanar?

Birini gözləyərsən, amma o zaman dilimində əslində heç kimi istəməzsən.

Sən bütün ömrüm boyu gözlədiyim, amma həyatımın ən gözlənilməz anında qarşıma çıxan birisən.

Bir qəlb neçə dəfə eyni yerdən qırıla bilər? Qırıqlar sağaldıqca necə olur ki, yenidən qanayır?

Ruhumuzu ipi qopuq sarğılarla sarımışam. Sarğılar köhnədir, sarğılar kirlidir. Qan ləkələrini üzərindən heç cür silə bilmirəm.

Qanadığın qədər qanadar, sara bildiyin qədər sağalarsan deyirlər. Sən yaralı birini sardıqca, o sənin qabıq qoymuş bütün yaralarını yenidən qanadar. İslanmış bir yara bandı artıq əvvəlki kimi tutmaz; sızlayan yer hər dəfə bir az daha dərin qanayar.

İkinci sevgi insana dəyərsiz olduğunu hiss etdirir. Qarşı tərəfin hərəkətləri, düşüncə tərzi səni incidir. Niyə belə birini sevdiyini bilmirsən, amma yenə də sevirsən. Bəzən sevgi yalnız hislərlə bağlıdır.

Nə qədər kitab oxusanda da, ona olan sevginin bir səbəbini, iki cümləylə belə izah edə bilməzsən. Çünki bəzi sevgilər nədənsiz olur.

Səbəbsiz.

“Səni səbəbsiz sevirəm.”

Bu sənə bəs etmirmi?

Bəlirsizlik dəyərsizlikdir, incitdiyini hiss etdiyin ilk an çıxıb getməlisən yoxsa gözlərini açdığında ovuclarında qəlbinin qırıq parçalarını görərsən.

İkinci sevgi insanı böyüdür. Artıq əvvəlki kimi kimsəyə qarşı tam açıq ola bilməz. Yeni biri həyatına girdikdə isə ona yalnız sərt və qalın divarlarını göstərər. O divarları aşmasına icazə verməz.

İkinci sevgidə bir tərəf həmişə doğru insan olmağa çalışarkən, digər tərəf artıq yanlış insan olur. Və bu yanlış insanlar, həyatlarındakı bəlkə də tək doğru olan insanı qorxularına görə ömürlük itirirlər.

Sevgi işlərində qürura yer yoxdur.

Sevirsənsə, hər şeyi edərsən.

Sevirsənsə, bəhanələrə sığınmazsan.

-         Səni incitmək istəməzdim.

-         Təşəkkürlər, çoxdan incitdin.

Bəzən bu sevgilərdə ayrılıq daha üstün gəlir. Amma illər sonra da olsa, əgər həqiqətən bir-birlərinin nəsibində varsa, yenidən qarşılaşar və yenidən başlayarlar.

İkinci sevgi bəzən insanın üçüncü sevgisi ilə eyni ola bilər. Amma bu, yalnız bəzən baş verir.

“Sənə bir şans daha verirəm. Amma bu səfər… nə olar, qəlbimi qırma.”

Üçüncü sevgi, gözləmədiyimiz anda gələn, sakit və real sevgidir.

Nə mükəmməldir, nə də nağıl kimi. Amma tamamilə doğrudur. İnsan bu sevgidə özünü sübut etməyə çalışmır; sadəcə özü olur. Bu sevgi bəzən gec gəlir, amma mütləq sizi tapar.

Burada heç bir qısıtlama, heç bir oyun yoxdur - yalnız səmimiyyət və qarşılıqlı hörmət vardır. Birlikdə addım atar, bərabər bir gələcək qurarsınız. Heç kim digərinin kölgəsində qalmır. Xəyallarınızı gerçəkləşdirmək üçün qarşı tərəfi əzib keçməyə ehtiyac yoxdur. Çünki o, qarşınızda deyil, yanınızda duracaq.

Ən əsası, heç vaxt sizə yanlış bir seçim kimi görünməyəcək. Qəlbiniz qırılmayacaq. O qopmuş, köhnə sarğılara da artıq ehtiyacınız qalmayacaq. Çünki, yaralarınızı gizlətməyə çalışmayacaqsınız. Dinləməyi bacardığınız və sizi həqiqətən dinləyən bir insan olacaq yanınızda.

Doğru insan həyatınız tam qaydasındaykən gəlib onu alt-üst edən deyil, ən pis dönəminizdə gəlib sizə yaxşı gələn insandır.

Bir gün digər yarınız gəlib sizi tapacaq.

O zaman qırmızı ip nəzəriyyəsi, yunan əfsanələri, qismət və sanki imkansız görünən hər şeyin necə də real olduğunu görəcəksiniz.

Işığınızı söndürəcək biri ilə yox, daha da parlayacağınız birinin sizi tapması diləyi ilə.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.