Peşəkar Featured

Televiziya mütəxəssisi Fuad Vəlixanovun əziz xatirəsinə.

 

Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Televiziya sosial-ictimai, mədəni-mənəvi, bədii-estetik mahiyyət kəsb edən, həmişə yeni, günbəgün, saatbasaat yenilənməyə təşnə sahədir. Televiziya sürət və sıçrayışdır. Onunla ayaqlaşmaq üçün gərək içində istək, canında təpər, zehnində itilik ola.

 

1956-cı il, fevralın 14-də Azərbaycanda “bir qutu”nun möcüzəsindən heyrətlənənlər ağıllarına belə gətirə bilməzdilər ki, illər sonra bu sehrli cihaz hansı texnoloji nailiyyətlərin zirvəsində göz qamaşdıracaq?1 İllah da o illərdə “Azneft” meydanının cəmi-cümlətanı üç, ya dörd şəklini bərayi-ehtiyata “zastavka” üçün əl altında saxlayan, kobud, ağır kameraların, “qayçılı montaj kombaynları”nın imkanlarında canlı tamaşa və ya konsertlərin məsuliyyət əndişəsində təntiyən köhnə kişilər bu günkü rəqəmsal sistemi görmək kimi bir möcüzə ilə rastlaşsaydılar, kosmoqonik sehrə düşdüklərini, ya da yuxu gördüklərini zənn edərdilər.

O günlərə qayıdıb milli televiziyamızın intişar dastanını yazanlara Allahdan rəhmət diləmək, estafeti onlardan alıb orta mərhələdən bu günə bağlantı quran və ömrünü uzaqdan asan görünən, fəqət yetərincə əziyyətli peşəyə həsr edən əfsanələri yada salmaq, onların xidmətini xatırlatmaq da bizim borcumuzdur.

Hər il televiziya və radio günündə, yaxud da televizyonçu ağsaqqalların anım günündə hər birimiz bir ustaddan bir neçə abzas yazsaq, sabahın televiziya tənqidçiləri və araşdırmaçıları üçün arxiv töhvəsi qoymuş olarır. Həm də mərhum şairimiz Sabir Sarvan demiş, unutsaq, unudularıq.

Mən bu gün həm milli televiziyanın, həm də “AzTV-Mədəniyyət” kanalının təvəllüd bayramında birgə çalışdım, bir il eyni otaqda , üz-üzə oturduğum əməkdar incəsənət xadimi Fuad Vəlixanov haqqında televiziya dilində danışacağam.

 

Balans.

Gəlin, əvvəlcə studiya operatorunun diktəsinə tabe olaq; balans qurulsun. Tanınmış televiziya tədqiqatçısı Elçin Əlibəyli balansın tərifini ana dilimizdə “çəkilişdən əvvəl kameranın, yaxud videoyazı aparatının işıq-rəng tənasübünün nizamlanması” anlamında izah edib.

Orta boylu, səliqəli və zövqlü geyinən, ağayana yerişli, ciddi fəqət ciddiliklə bərabər zərif yumor hissinə malik Fuad Vəlixanov. Özündən asılı deyil: operatora tövsiyyə verir, buraxılış şöbəsinin əməkdaşından mikrafon qovluğunun nömrəsini soruşur, APB-də kimin növbədə  olması ilə maraqlanır.

                             

Stop-kadr.

Vəlixanov Fuad Zülfüqar oğlu. Əsli-kökü ulu yurdumuz Qarabağdan, Şuşadandır. Ulu babası Vəlixan Qarabağ xanı İbrahimxəlil Xanın mühafizəçilərindən olub. Babası Mahmud 1916-cı ildə Bakıya köçüb, özünə malikanə alıb. Fuad Vəlixanov Bakı şəhərində dünyaya gəlib. 1965-ci ildə  Azərbaycanm Dövlət Universitetinin Filologiya fakultəsini bitirib. 1970-ci ilə qədər qəzetlərdə və o vaxtkı “Kommünist” nəşriyyatında işləyib.

 

Sinxron.

-Atam Zülfüqar Vəlixanov ana dili müəllimi idi. Müharibədən sonra kinostudiyada administrator işləməyə başladı.

Anam Məsumə Əbdülhüseyn qızı tanınmış cərrahdı. Dissertasiyasını Moskvada  akademik Bakulevin rəhbərliyi ilə müdafiə etmişdi.

Uşaqlıqdan kinoya meylli idim. “Azneft”də kitab dükanı vardı. Ora tez-tez gedirdim. Bir gün fransız müəllifi Jorj Sadulun “Vseobşaya istoriya kino” əsərini gördüm. İki cildini ala bildim.

14 yaşımda özümə kinoalbom düzəltmişdim. Orta məktəbi bitirəndə VQİK-ə getmək fikrindəydim. Alınmadı.

Anam həkim olmağımı arzulayırdı. “Sənin gözəl bacarıqlı əllərin var, səndən yaxşı cərrah çıxar; - deyirdi rəhmətlik özü də Tibb İnstitutunun dosentiydi. Buna baxmayaraq heç kəsə ağız açmadı. Mən fizikadan “iki” alanda sevindim. Növbəti il filologiyaya qəbul oldum.

 

Uzaq plan.

1970-ci ildən Fuad Vəlixanov ömrünün televiziya səhifəsi başlayır.

Sədr müavini Nəbi Xəzri onu kiçik  redaktor ştatına götürür. Məvacibi az olsa da, bu sahəyə bağlanır, təmkinlə dözür. O vaxt proqram direktoru olan Elşad Quliyev bu gəncin işgüzarlığını, təpərini, nizam-intizamını və ən əsası, peşənin mahiyyətini düzgün əxz etməyini qiymətləndirir, onu proqram direksiyasına buraxıcı-redaktor kimi dəvət edir.

Fuad Vəlixanovun gənc ömründən illər sadəcə keçib getmir, təcrübə və hörmət qrafası ilə diqqət çəkir. Böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini, nəhayət, proqramlar baş direktoru kimi yüksəlir. Təşkilatçılıq qabiliyyəti, operativliyi, can yanğısı, proqram işinə fundamental, elmi yanaşması onu başqalarından fərqləndirirdi.

 

Xətti  montaj.

“Xətti montaj – təsvirlərin yalnız bir xətt boyunca və yalnız ardıcıl  düzülməsini səciyyələndirən montaj üsuludur. Xətti montaj zamanı montaj olunmuş hazır materiala hansısa kadrı əlavə etmək, yaxud oradan nəyisə çıxartmaq üçün təsvir bütünlüklə (yaxud qismən) yenidən köçürülüb işlənməlidir (E.Ə)

Nədənsə, mən bu bölgünü damla-damla hörmət qazanan, zərrə-zərrə təcrübə toplayan , fədakarlığı hesabına tərcümeyi-halına şərəf gətirən kişilərə şamil etməyəüstünlük verirəm. Onların tərcümeyi halı  Allahdan bir xətt üzərində, həm də inkişafa doğru uzanan xətt üstündə montaj olunur. İllərin arakəsmələrində - keçidlərdə də bir “sıçrayış” (“skaçok”) sezməzsən. Eynən Fuad Vəlixanovda olduğu kimi.

2000-ci ildə təsis olunan “Lider” televiziyasının Proqramlar direktoru və bədii rəhbəri olub.

2006-cı ildə Azərbaycan Televiziyasının yeni rəhbərliyi Fuad Vəlixanovu işə dəvət edir: proqramlar baş direktoru statusunda.

2008-1010-cu illərdə  Azərbaycan Televiziyasının  “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunur.

2010-cu ildə Fuad müəllim rəhbərliyin yanından qanıqara gəldi. Fuad  müəllimlə bir-birimizi sözsüz, mimikalardan anlayırdıq. Diqqətlə, daha doğrusu “nəsə olub? ”mənasında üzünə baxdım. Kinayə ilə güldü:

-Hafiz, sürgünə göndərdilər.

Televiziyadan radioya keçmə AzTV-də sürgün adlanırdı.

2011-ci ildə, “AzTV-Mədəniyyət” kanalı fəaliyyətə başlayanda Fuad Vəlixanovu çağırıb “get, Cəmil Quliyevə kömək et, yeni kanalın baş proqramlar direktoru təyin olunursan” dedilər.

Mədəniyyət kanalında daha həvəslə, şövqlə çalışdı. Üzü gülürdü. Yeni yaranmış kanalın proqram-efir siyasəti, koordinasiyalar nə qədər ağır olsa da, F.Vəlixanov özünü xoşbəxt sayırdı. Çünki o, televiziya ilə nəfəs alırdı. Kollektivi çox sevirdi. Boş vaxtlarda (belə hal təsadüfən olardı) otururdu, əməkdaşlara baxırdı, çöhrəsinə şirin, mehriban təbəssüm yayılırdı.

Hafiz, Kəmalə, Lətafət, Nigar, Mintac, Zaur, Əziz, Namiq, Xanım, Rəsul, vallah, məni bir də başqa işə göndərsələr, darıxacam e sizsiz.

...Göndərdilər. 2013-cü ilin mayından İctimai Televiziya və Radio Verilişləri Şirkətinə eyni vəzifəyə göndərdilər....

 

APB – Aparat – proqram bloku

Hazır verilişlər məhz bu blokdan efirə ötürülür. Burada saniyələr belə, önəmlidir. Fuad Vəlixanovun proqram direksiyasındakı çoxillik təcrübəsi, bənzərsiz proqram siyasəti onu “canlı APB” təşbehinə simsar edirdi.

 

Kontrapunkt

Proqramlaşdırma, proqram direksiyası televiziyanın onurğa sümüyüdür. Və bu işin keyfiyyəti təkcə televiziya stajı, savadla ölçülmür. Nə də bu iş verilişlərin sadəcə sıralanmasından ibarət deyil.

Peşəkar proqramlar direktoru sosial sifarişin, ictimai rəyin, kontingent maraqları spektrinin, xəbər və əyləncə balansının, maarifçilik ehtiyacının əyarlarını zərgər dəqiqliyi ilə müəyyənləşdirməli, bu qənaəti mükəmməl analizdən keçirdikdən sonra departamentlərin yaradıcı heyətinə koordinasiya verməlidir.

Nəticədə televiziyanın tanıtım nişanına çevrilə biləcək proqram xalısında orijinal çeşni yaradılmalıdır.

Kontrapunkt – televiziyada səsin, sözün və təsvirin vahid məzmun yaratmağıdırsa, efir siyasəti də müxtəlif düşüncə, təfəkkür tərzlərinin göstəricisi olan ayrı-ayrı proqramları televiziyanın konseptual strategiyaslnda – bir tanıda birləşdirməkdir.

Proqram işi – çeviklik, operativlik, tamaşaçı rəyi ilə təmas tələb edir. Proqram direktorluğu sürreal yaradıcılarla darıxmaq istəməyən, real tələbi olan tamaşaçı arasında koordinasiya funksiyası daşıyır.

Proqram direksiyası audiovizual landşaftı nizamlayan önəmli departamentdir.

Hər zaman dünya təcrübəsindən bəhrələnməyi sevən Fuad Vəlixanov yaşlansa da, təfəkkürü çağdaş zamanın tələbləri ilə uyğunlaşırdı.

 

Sinxron seçmələr

Məndən ötrü milli təəssübkeşlik, eyni zamanda bəşəri ideyalar, mənəvi-əxlaqi dəyərlər, dövlətçiliyə xidmət əsas meyar olub.

Mən televiziya ilə nəfəs alıram.

Hansı televiziyada işləsəm də, Azərbaycan Televiziyasını özümə doğma ocaq saymışam.

Televiziyada birtərəfli islahatların əleyhinəyəm. Yəni tamam gəncləşdirmək gözlənilən effekti verməz, təcrübəsizlik özünü göstərəcək.

Tam yaşlıları yığmaq, gənclərə yol verməmək də günahdır. 25-30 yaşında gənc olar ki, biz yaşlılar ondan nəsə öyrənərik. Eyni zamanda 60 yaşında çevik düşüncəli yaşlı televiziyonçu olar ki, 10 gəncdən daha müasir, daha kreativ ideyalar qoyar ortaya. Bu məsələdə mütləq balans gözlənilməlidir. Kreativlik geyimlə, tullanıb-düşməklə, ana dilini bərbad günə qoymaqla ölçülmür. Gərək proqramın janrı, üslubu, mövzuya yanaşma, qəhrəmanın təqdimatı, sualların qoyuluşu, montaj strukturu müasir zehniyyətin məhsulu olsun. Bu da ən çox intellektlə bağlıdır. Televiziya tarixi, nəzəriyyəsi ilə bağlı Azərbaycanda kifayət qədər mənbə var. Elşad Quliyev, Aydın Dadaşov, Qulu Məhərrəmli, Yalçın müəllim, Zeynal          , Elçin Əlibəyli peşəkar televiziya araşdırmacıları və tənqidçiləridir.

Gənclərimizə sadaladığım alimlərin kitablarını oxumağı məsləhət görərdim.

Səksən yaşın astanasına qədəm qoyuram. Yenə televiziya ilə nəfəs alıram. Bütün günü telekanalları izləyirəm, özüm üçün təhlillər yazıram. Təbii ki, ən çox da proqram, efir siyasəti nöqteyi-nəzərindən yanaşıram.

Mənə gülməyin, bu gün hər hansı televiziya kanalı öz sahəm üzrə dəvət etsə, tərəddüdsüz gedərəm...

... Rəhmətlik Vaqif İbrahimoğlu demişkən, amma və lakin...

Yaradılışın da öz proqramı var. Fuad Vəlixanov bu həyatda, televiziya sahəsində öz missiyasını tamamlayıb haqqın dərgahına qovuşdu.

Ruhun şad olsun. Peşəkar!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.