İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Rəssam rəsm çəkən deməkdir. Rəsm rəssamlığın, necə deyərlər, “fəqərə sütunudur”. Hər bir adam şəkil çəkə bilər, ancaq hər adam sözün həqiqi mənasında rəssam ola bilməz. Gördüyün, müşahidə etdiyin hər şeyi kətana, kağıza köçürmək hələ rəssam olmaq deyil. Təsviri sənətin bu sahəsi ilə məşğul olanların yüksək bədii təxəyyülü olmalıdır” deyirdi Davud Kazımov.
Davud Kazımov 9 noyabr 1926-cı ildə Bakıda anadan olub. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısı olub. Yaradıcılığının erkən dövrlərində çəkdiyi "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələr olub.
Rəssamın yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutub. Sonrakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik incəllikləri, rəngarəng milli geyimləri rəssamın yeni mövzuları olub. Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə Azərbaycan və SSRİ sərgilərində uğurlar qazanıb. "Xəzərin təkində", "Sağıcılar", "Yollar" və əsərləri xüsusi fərqlənir.
Azərbaycan təsviri sənətində qrafika ustası kimi də tanınır. O, kitab illüstrasiyası sahəsində daha çox çalışıb. Onun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmləri qeyd olunub. "Neft daşları"nda Xəzər neftçilərinin həyatı rəssamın üstünlük verdiyi mövzularından biri olub. O, dəfələrlə dəniz şəhərində müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib.
Bütün bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib. Bir çox xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssam 1979-cu idə Bolqarıstanda, 1980-ci ilin sonunda İspaniyada səfərdə olub, bu səfərlərin nəticəsi olaraq, yaradıcılığında xüsusi yer tutan "Bolqarıstan silsiləsi" və "İspaniya silsiləsi"nə daxil olan əsərlərini yaradıb.
Xalq rəssamının əsərləri Almaniya, Çexoslovakiya, İtaliya, İraq, Türkiyə və başqa ölkələrdə nümayiş etdirilib. Hazırda rəssamın bir sıra əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Tarix Muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdirilir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi çalışıb və rəngkarlıq fakültəsində pedaqoq kimi fəaliyyət göstərib.
Mükafatları
"Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
"Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı
Ünlü rəssam 14 fevral 2015-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.02.2026)


