Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Şuşaya səfərdə bir-iki saat tək qaldım.
Dostlar tədbirlərdə idi, mən isə demək olar ki, yatıb qalmışdım.
Yol uzun idi, mənim də xəstəliyim güclənmişdi. Amma heç özümü o yerə qoymurdum.
Tək qaldığım dövrdə “Qarabağ” otelinin yanında gəzməyə başladım.
Bu dəfə Şuşa bir başqa idi. Keçən ilkindən fərqli olaraq daha çox adam var idi.
Uşaqlar ora-bura qaçır, yaşlılar dincəlirdi.
Hətta hamilə gəlininə “Gəl, qızım, bu yerlərin havasını ud” – deyən ana da gördüm.
Gülümsündüm. Gör necə gözəl sözdür.
“Gəl, buranın havasını ud, dünyaya gətirdiyin uşaq daha möhkəm, daha azad və xoşbəxt böyüsün” – demək idi bu.
Yerli sakinlər həddindən artıq çox idi. Bu məni sevindirirdi, qürurlandırırdı.
Birdən sanki yer-göy ayrıldı.
Bir qırmızı avtobus döngəni buruldu.
Üstündə “3 saylı avtobus – son dayanacaq: Cıdır düzü” yazılmışdı.
Gözlərimdən yaş damladı.
Ürəyimə qəribə bir istilik çökdü.
Qarabağa, Şuşaya şəkillərdə baxıb köks ötürən, şəhidlərə yas tutan 12-13 yaşlı çağlarım yadıma düşdü.
Sanki o – məktəb çantasında sovet tarixi kitabı daşıyıb, ürəyində vətən sevgisinə ağlayan, gözüyaşlı özümü – bağrıma basıb ağladım.
Hələ dünən qırmızı qalstukla məktəbə gedib, 20 Yanvar səhəri qalstukuna od vurub yandıran özümə müjdə verirdim.
Ona bu günü, bu yeri anlatdım.
O isə inanmadı.
Mən isə israrla yenə anlatdım.
Sanki yuxudan elə bu gün ayıldım.
Sanki gözlərimə təkcə bu gün inandım.
Bütün bunlar həqiqət idi.
Mənim – qanı bahasına müqəddəs torpağımda izi qalan şəhid qardaşlarımın bizə yaşatdığı həqiqət.
Azərbaycan daim o şəhidlərin timsalında ucadır.
Ona ləkə salan hər kəs cəzalandı və cəzalandırılacaq da.
Allah bu torpağı, bu elin təmiz və vicdanlı gələcəyini qorusun.
Balalar şad-xürrəm yaşasın.
Kaş zaman maşını olaydı və mən bütün siniflə oturub dərdə batdığımız günə gedəydim. Bütün sinfimizi bu qırmızı avtobusda Cıdır düzünü görməyə aparardım.
Uşaqlar, nə deyirsiniz, bəlkə bir gün yığışıb gedək?
“Ədəbiyyat və incəsənət”
(18.08.2025)