Atəşdən sətirlər: Bir sevginin səssiz yanğını - ESSE Featured

Samir İskəndər,

İstanbul, Türkiyə. “Ədəbiyyat və incəsənət” üçün

 

Sənə dair nə yazdığımı bilmirəm…

Bəzən insan, içindəki hisslərə bir qab axtarar. Bir kağız, bir qələm, bəlkə gecə yarısının təkliyi… Amma elə hisslər var ki, nə sözlər daşıya bilər, nə də sükut gizlədə bilər. Məhz o anda yazmaq başlayar; həm xilas, həm də əsarət olar.

 

Sənə yazmağa başladığımda, vaxt gecənin ən dərin saatı idi. Şəhər yatırdı; amma mənim zehnim, qəlbim, əllərim oyaq idi. Masanın üstündə yarımçıq bir qəhvə, kənarda qatlanmış köhnə bir məktub… Və mən, gözlərimin önündən keçib gedən simanla savaşırdım. Hər söz səni bir az daha çağırır, hər cümlə məni bir az daha yandırırdı.

Əllərim yanmış sözlərinin odundan…

Nə qəribədir, deyilmi? Bəzi insanlar gələr, əlindən tutarsan, istiliyi yaxşı gələr. Amma sənin sözlərin elə deyildi; onlar başqa bir atəş idi. İsitməkdən çox, içimi yandırırdı. Yenə də vaz keçə bilmədim. Çünki bəzi yanmalar gözəldir.

 

***

Səninlə danışdığımız ilk günləri xatırlayıram. Səsindəki dalğalanmalar, sözləri seçişin, bəzən gülüşünün arasında itib gedən o incə sükutlar… Hamısı yaddaşımın ən dərin rəflərində durur.

Bəzi sözlər var ki, aramıza divar kimi hörülür. Bəziləri isə körpü olar, ən uzaq məsafəni belə bir addımda bağlayar. Sənin sözlərin hər ikisinin qarışığı idi. Bir cümlə ilə mənə dünyanın ən yaxın yeri ola bilirdin, başqa bir cümlə ilə ən uzaq qalaksiyaya atırdın.

Bəzən düşünürəm ki, səninlə olan hər an bir şeir kimi idi. Amma bu şeirin misrasını mənmi yazdım, yoxsa sənmi qulağıma pıçıldadın, bilmirəm. Bildiyim tək şey, səni yazarkən əslində özümü də yazmağımdı. Çünki insan, sevdiyini danışarkən ən çox özünü danışar.

 

***

Sevgi zamanı tanımaz. Səninlə keçən günlər, aylar, illər… Hamısı beynimdə tək uzun bir an kimi. Hani bəzən bir qoxu duyarsan da uşaqlığına dönərsən ya, sənin səsini eşitmək də mənim üçün elə idi.

Sözlərin yaddaşı var. Bir gün, bəlkə də gözləmədiyim bir yerdə, sənin dediyin bir cümlə beynimə düşər. Addımladığım daşlar belə o günkü kimi görünər. Və mən anlayaram ki, bəzi sözlər heç vaxt köhnəlmir.

Səninlə qurduğum cümlələr kağızlarda deyil, ruhumun divarlarında asılıdır. Tozlanmaz, silinməz, unudulmaz. Hətta bəzən yuxularımda belə öz-özünə oxunar, sanki sən hələ də ordasan kimi.

 

***

Sənə dair yazdıqlarımın heç biri tamamlanmadı. Həmişə yarımçıq cümlələr, əskik nöqtələr, bitməmiş sətirlər qaldı. Bəlkə də sən heç tamamlanmadığın üçün…

Öz-özümə soruşuram:

– Səni yazarkən mənmi daha çox yanırdım, yoxsa sözlərmi?

– Bu yanğını sənmi başladın, yoxsa mənmi körüklədim?

– Səndən qalan bu atəş, məni, yoxsa keçmişimi yandırır?

Cavablarını bilmirəm. Bildiyim tək şey, yazdıqca bir az daha yandığımdır.

 

***

Bəzən bir insan həyatımıza gələr və bütün fəsillərimizi dəyişdirər. Sən, içimdəki qışa bir qığılcım saldın. O qığılcım baharı gətirmədi, amma qışı unutdurdu.

Sənə dair nə yazdığımı bilmirəm… Amma bunu bilirəm: Nə yazdımsa, yanaraq yazdım. Çünki ən gözəl sözlər, qəlbin yanğınından doğar.

Və sən, mənim ən gözəl yanğınım olaraq qaldın.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.