Super User
Şəhidlər barədə şeirlər - Şəhriyar İsmayılzadə
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Şəhriyar İsmayılzadə
İsmayılzadə Şəhriyar Əkbər oğlu 7 iyul 1994 - cü ildə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində sadə zəhmətkeş bir ailədə dünyaya göz açıb.
Hacıqəhrəmanlı qəsəbəsi 12 saylı tam orta məktəbin 11 - ci sinfini bitirib. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. 27 sentyabr 2020 - ci il tarixində ll Qarabağ müharibəsi başladıqda torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Şəhriyar ailənin sonbeşik övladı idi. Çox cəsur, mərd, zəhmətkeş övlad olub. Zəngilan, Qubadlı, Füzuli, Şuşa şəhərlərinin alınmasında qəhrəmancasına vuruşub. 8 noyabr tarixində günorta saatlarında Şuşa ətrafında gedən döyüşlərdə şəhid olub. Şəhidimiz 10 noyabr 2020 - ci il tarixində Şirvan şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Əsgər Şəhriyar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Salam, “Cəsur döyüşçü”
Medalı alan şəhid.
Vətənə dönən şəhid,
Tarixdə qalan şəhid.
İndicə oxumuşam
Sənin əsgər yolunu.
Sənin döyüş yolunu,
Sənin zəfər yolunu.
Sən evin sonbeşiyi,
Zəhmətkeş, mərd olmusan.
Dosta ürəyi yanan,
Düşmənə sərt olmusan.
Olmusan döyüşlərdə,
Ön səngərin igidi,
Zəngilandan Şuşaya,
Haqq zəfərin igidi.
Eşq olsun sənin kimi,
Qəhrəman oğullara,
Zəfər tariximizə,
İmzasın atanlara.
Dırx dörd günə aldınız,
Tarixi yurdumuzu.
Göylərə yüksəltdiniz,
Qələbə ordumuzu.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Evlilik bəxtəvərlikdi, yoxsa məcburiyyət?
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Sosioloq Əli Şəriətinin ailə haqqında gözəl bir fikri var. Ailəni nəyəsə bənzədib. Məsləhət görərdim ki, özünüz maraqlanıb tapasız əgər sizin üçündə maraqldırsa bu fikir.
Günümüzün ən aktual məsələlərindən biri də, qısamüddətli qurulan ailələr və yaxud nigah pozuntularıdır. Statistika da göstərir ki, boşanmaların sayı pik həddə çatıb. Ailə quran hər üç cütlükdən ikisi qısa zaman ərzində boşanmaq üçün məhkəməyə üz tuturlar. Gəlin maşınının arxasına düşən lentlər çox da uzun ömürlü olmur. Toy karvanlarının gurultusu məhkəmə dəhlizlərinin sükutu ilə sonlanır. Səbəb kimi isə şiddətli keçkimsizlik göstərirlər. Gəlin məsələyə daha dərin, daha həssas baxaq!
Sovet dövrü ilə müqayisədə indi gənclər daha yetkin yaşda ailə qururlar. Ozaman ailə qurmaq yaş aralığı 20-22 idisə indi 25-dən yuxarıdır. Amma qəribədir ki, o dövrdə boşanmalar indiki qədər deyildi. Sanki evlənmək bir öv məcburiyyət, boşanmaq isə ayıb sayılırdı. İndi isə tam tərsinə çevirilib. Sevgi var, sosial azadlıq var, seçim imkanı var amma və lakin boşanmalar rekord həddə çatıb. Bəs böyüdükcə formalaşan bu gənclər niyə çox zaman səhv edir? Bu evlilikdən dünyaya gələn uşaqlar məhkəmə çəkişmələrində böyüyürlər.
Gəncelə ki, bir balaca özünü toparladı evlənməyə başlayır. Düşünür ki, artıq müstəqiləm, işləyirəm, pul qazanıram, sevirəm. Və bu o deməkdir ki, artıq ailə qura bilərəm. Fəqət bir şeyi başadüşmürlər ki, sevgi evin kreditini və yaxud kira pulunu ödəmir. Əminliklə demək olar ki, müasir ailələrin əksəriyyəti cinsəl tələbat və yaxud cazibə üzərinə qurulur. Ona görə də gündəlik problemlərin ağırlığı altında bu cazibə bir neçə ilə sönür. Beləcə məhkəmələrdə sürünən bu cütlüklər uşaqların kimdə qalacağını, alimenti necə ödəyəcəkləri haqqında didişib dururlar. Toyda hər kəs şahid olsun evlənirik deyən cütlüklər, məhkəmədə hər kəs şahid olsun ayrılıq deyə aləmə car çəkirlər. Hələ bu bir yana dursun. Ailə qurarkən uzaq Antarktikadakı qonşulara qədər zəngedib nişanlısını tərifləyən bu cütlüklər məhkəmə zalında bir-birlərini bütün qohum-əqrəbaya pisliyir: Sizin oğlunuz narkomandı, sizin qızınız qısqancdı və sair. Məhkəmədə bu sözləri bar-bar bağıran bu cütlüklər ürəyi soyumadıqda öz sosial şəbəkə hesablarında da bu sözləri yazaraq heşdeqliyirlər.
Təbii ki, bu hallar cütlüklərin həyat təcrübəsi və öz ayaqları üzərində sağlam dura bilməməsini bir daha təsdiq edir. Yanlış seçimlər, maddi sıxıntılar, cinsəl münasibətlər, valideyn müdaxilələri, səbir azlığı, məsuliyyət hissinin olmaması bu sevginin ömrünü çox qısaldır. Kreditlər, işsizlik, ailə büdcəsinin ağırlığı sevginin üstündən teplovoz kimi arxasına baxmadan keçib gedir. Cazibə və isti səmimiyyət üzərinə qurulan bu münasibət bir müddət sonra şimal küləklərinə məruz qalaraq deqradasiyaya uğrayır.
Ailə münasibətlərinin pozulmasına daha çox təsir edən amillərdən biri də, valideyn müdaxiləsidir. Doğrusu mən bu cür gənc ailələrə müdaxilə edən valideyinləri uzaqdan idarəetmə pultuna oxşadıram. Təklikdə bu cütlükləri proqlamşadıraraq işə salan valideyinlər, sonra buna dram çəkirlər. Əvvəlki nəsil yenə dözürdü, tab gətirirdi fəqət indiki nəsil buna dözmür. Beləliklə də sevgi üzərinə qurulan bütün evliliklərin bünövrəsi çat verdiyi halda, məntiq evliliyinin təməlləri daha da bərkiyir.
Bu sevgidə ən çox uduzanlar isə uşaqlardır. Onlar bir vaxtlar iki gəncin sevgisinin bəhrəsi kimi dünyaya gəlirdi, indi isə mübahisə mövzusu olur. Bəzi uşaqlar aliment mövzusu ilə böyüdüyü halda bəziləri iki evin arasında “məsafə” uşağına çevrilir. Lakin müasir düşüncə ilə baxdıqda hiss ediri ki, uşaqlar da artıq bu travmanı, şiddətli keçimsizliyi, qışqır-bağırı eşitmək istəmir. Əmin olun ki, onlar özləri çox keçmədən etiraf edəcəklər: ay ata anamız xahiş edirik ayrılın bizimdə sakit, rahat və firəvan həyatımız olsun. Biz artıq bu alovlu ocağın son odunları olmaq istəmirik.
Artıq dövr kimi insanlarda dəyişib ona ayaq uydurmağa çalışır. Əvvəllər tez evlən, ailə qur, övlad sahibi ol deyilirdisə, indi tələsmə, yaxşı düşün, yüz ölç, bir biç deyirlər. Evliliyi bir sənət kimi düşünün. Yaxşı usatlıq tələb edir. Yarımçıq qoyanda həm sən, həm də başqaları əziyyət çəkir.
Fikrimi ilk cümlədə qeyd etdiyim sosioloq Əli Şəriətinin o məşhur fikri ilə bitirirəm. Əli Şəriəti deyirdi ki, açığı unutdum nə dediyini. Əgər sizə maraqlıdırsa buyurub özünüz axtarın!
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Yeni uşaq kitablarının virtual sərgisi təşkil olunub
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında hazırlanan videoçarxda kitabxananın fonduna daxil olan yeni uşaq kitabları nümayiş olunur. Yay tətili günlərində uşaqların vaxtlarını səmərəli keçirməsi zamanı əyləncələrlə, müxtəlif oyunlarla yanaşı kitab oxunması da tövsiyə edilir. Kitab oxumaq uşaqların məntiqi qabiliyyətini inkişaf etdirir, dünyagörüşünü formalaşdırır.
Kitablar “Vətən, Zəfər”, “Nağıllar aləminə səyahət”, “Anlama-qavrama qabiliyyətini inkişaf etdirən nağıllar” bölmələrində verilir. Tanınmış uşaq yazıçısı Zahid Xəlilin “Dəmir Yumruq dastanı”, Aybəniz İsmayılovanın “Xarıbülbülün nağılı”, Mürşüd İsmayılzadənin “Zəfəri yaşayanlar və yaşadanlar”, Sevinc Nuruqızının “Zəfər nəğməsi Şuşa”, “Duman pəriləri Şu-Şa”, Maqsud İbrahimbəyovun “Uşaqlığın son gecəsi”, Elçin Hüseynbəylinin “Banuçiçəyin nağılları”, Astrid Lindqrenin “Uzuncorab Pippi “Toyuq” villasında” kitabları haqqında maraqlı məlumat verilir.
Videoçarxda “Portağalın nağılı”, “Balaca buludun nağılı”, “Günəşin nağılı”, “Astagəl ilbizin nağılı”, “Fiffinin nağılı” kitabları da yer alır. Kitabxanaçılar videoçarxda oxucuları kitabxanaya dəvət edir və maraqlı kitabları oxumağı tövsiyə edirlər.
Videoçarx kitabxananın YouTube kanalında nümayiş olunur:
https://www.youtube.com/watch?v=ok68NpFZBfI
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Bu gün Xalq rəssamı Mikayıl Abdullayevin anım günüdür
İnci Məmmədzadə, "Ədəbiyyat və incəsənət"
Azərbaycan dünya incəsənət xəzinəsinə bir neçə görkəmli rəssam bəxş edib ki, onlardan da biri Xalq rəssamı Mikayıl Abdullayevdir. Bu 21 avqust günü onun anım günüdür. Xatırlayırıq, unutmuruq, gələcək nəsillərin də yaddaşına ötürürük.
Mikahyıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirib, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənib.
Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilib. Sovetlər dönəminin elitar mədəniyyət xadimləri sırasında möhkəm yeri olubdur. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (1–120019-cu çağırış) deputatı seçilib. Lenin ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif edilib.
İstedadlı rəssam yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik təsvir xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, "Çəltik əkən qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıcılığına xas xüsusiyyətdir.
"Qırx birin iyunu" triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941–45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər canlı povestdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunub. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir.
Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxışçı usta Babayev, şair, mütəfəkkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir. Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır.
1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgidə "Axşam" əsəri ilə iştirak edib. Bu əsər gənc rəssama böyük uğur və tamaşaçı marağı gətirib. Beləliklə, 26 yaşlı Mikayılın sənət qələbələri bir-birini əvəz etməyə başlayıb. Rəssamın şöhrətinə yeni çalarlar gətirən "Mingəçevir işıqları" əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgilənib. Elə ilk fərdi sərgisi də Moskvada keçirilib.
"Çəltik becərənlər" tiptiki kənd mövzusunun romantikasının mərd azərbaycan qadınının əməksevərliyini inandırıcı tərzdə ifadəsinin bədii təcəssümüdür. Məhz bu xüsusiyyətinə görə "Çəltik becərənlər " əsəri 1974-cü Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülüb.
Filmoqrafiya
1. Bizim Azərbaycan
2. Mikayıl Abdullayev
3. Günəşlə dolu dünya
4. Qələbənin yolları
5. Salam, Zeynəb!
6. Şeirin xəzrisi
7. Mətbuat fədaisi
8. Rənglə yazılmış tarix
Mükafatları
- "SSRİ xalq rəssamı" fəxri adı
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- Beynəlxalq Nehru mükafatı
- "İstiqlal" ordeni
- Lenin ordeni
- "Oktyabr inqilabı" ordeni
- "Xalqlar dostluğu " ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Mikayıl Abdullayev 21 avqust 2002-ci ildə 80 yaşında Bakıda dünyadan köçüb. Düz 23 ildir ki, ölkənin mədəniyyət ictimaiyyəti bu gündə onun məzarını ziyarət edir, üstünə tər çiçəklər düzür.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Maestro Niyazinin məzarı ziyarət olunub
Görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 113-cü ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin ev-muzeyinin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.
Ötən gün, həmçinin Niyazinin ev-muzeyində “Açıq qapı günü” və tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və sənətkarın ev-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Niyazinin Azərbaycan musiqi tarixindəki rolundan danışıblar.
Sonra Xanımbacı Abdinova “Niyazi xatirələrdə” kitabının davamı olan “Niyazi: məqalələr və məruzələr” kitabının elektron variantını təqdim edib.
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Aliyə Zamanova maestro Niyazi haqqında xatirələrini bölüşüb, müəllifi olduğu “Mənim Niyazim” kitabını muzeyə və tədbir iştirakçılarına bağışlayıb.
Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbir bədii proqramla davam edib.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Darıxmağın iki üzü - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Darıxmaq insana çox vaxt bir yük kimi görünür. Ovcuna sığmayan, qəlbində səs-səssiz qopan bir boşluq kimi. Amma əslində darıxmaq yalnız əzab deyil, həm də insanın varlıqsübutudur. Çünki insan yalnız sevdiyi, dəyər verdiyi, həyatına iz qoyanı üçün darıxar. Əgər darıxırsansa, bu, sənə kiminsə təsir etdiyini, kiminsə qəlbində iz buraxdığını göstərir.
İlk baxışda darıxmaq başqası üçünmüş kimi görünür. Yanında olmayan biri üçün – səsini eşitmək istədiyin, baxışlarını görmək arzuladığın, toxunmaq istədiyin biri üçün. Amma o insan yanındadırmı, deyilmi – fərqi yoxdur. Çünki darıxmaq, əslində, onun yoxluğunu deyil, varlığını təsdiqləyir. Görmürsən, amma içində daşıyırsan; eşitmirsən, amma sükutunda onun səsi var. Bu, darıxmağın paradoksudur: uzaqlığın içində yaxınlıq, yoxluğun içində varlıq gizlənir.
Lakin darıxmağın ikinci, daha dərin bir üzü də var – insanın özünə darıxması. Bu, ən çətin darıxma növüdür. Başqasının yoxluğu ilə yaşamaq mümkündür, amma özünün yoxluğu ilə necə barışasan?
İnsan bəzən həyatın gedişində özünü itirir. Çətinliklər, məsuliyyətlər, gündəlik qayğılar içində ruhunun səsini susdurur. Və bir gün aynaya baxanda yalnız üzünü görür, amma özünü görmür. O zaman içində qərib bir həsrət doğur: “Mən kim idim, kim oldum? O saf, ümidli, azad tərəfim hara getdi?” Bu həsrət insanın özünə olan darıxmasıdır.
Fəlsəfədə buna “öz varlığının itirilməsi” deyilir. Kierkegaard bunu insanın ən böyük faciəsi adlandırırdı. Heidegger isə deyirdi ki, insan çox vaxt gündəlik həyatın “səs-küyündə” itib, öz həqiqi varlığını unudur. Darıxmaq bu unutmanın sükutda eşidilən xəbərçisidir.
Özün üçün darıxmaq bəzən uşaq vaxtının günahsızlığına, bəzən gəncliyin cəsarətinə, bəzən də sadəcə içindəki azad nəfəsə duyulan həsrətdir. Bu darıxma insana bir çağırışdır: “Özünə qayıt, özünü unutma.” Çünki insan yalnız başqasını deyil, özünü də itirə bilər.
Beləliklə, darıxmağın iki üzü var. Başqası üçün darıxmaq – sevginin, bağlılığın sübutudur. Özün üçün darıxmaq – varlığın, mənəvi bütövlüyün xəbəridir. Birincisi səni başqasına bağlayır, ikincisi səni öz köklərinə qaytarır.
Əslində, insan darıxdığı qədər yaşayır. Başqası üçün darıxanda qəlbinin dərinliyini, özün üçün darıxanda isə kim olduğunu xatırlayırsan. Və bəlkə də darıxmağın ən böyük fəlsəfəsi budur: İnsan yalnız darıxanda həqiqətən var olur.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Musiqi – mədəniyyət aləminin əvəzolunmaz bir parçasıdır
Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün
Bu mövzu barədə tez-tez düşünürəm. Azərbaycan çətin dönəmlər yaşadı – torpaqlarının işğalı, müharibələr, sarsıntılar, qaçqınlıq dövrü... Amma görün, bu zülmün və ədalətsizliyin içində xalq heç bir anda mədəniyyətindən qopa bildimi?
Əksinə, daha gözəl sənətkarlarla ölkələr fəth etdi.
Torpaqlarımız işğal altında olduğu zaman belə, sənətkarlarımız və mədəniyyətimizin daşıyıcıları öz sənətləri ilə Azərbaycanı yaşatdılar. Vətənpərvərlik ruhlu sənət nümunələri ilə dünyaya meydan oxudular. Bir-birindən gözəl, istedadlı sənətkarlar kəşf edildi.
Bilirik ki, uzun illər boyunca bədxah qonşularımız bizim musiqimizə və mədəniyyətimizə qarşı əl uzadaraq müxtəlif iddialarla çıxış ediblər. Bəs həmin anlarda kimlər Azərbaycan mədəniyyətinin keşiyində, əsgər kimi dayandı? Əlbəttə, əsl sənət fədailəri!
Bu günün gənci artıq Azad Azərbaycanın bir parçasıdır. O, seçimlərində açıqfikirlidir, səhvləri az edir. Çünki torpaq itkisinin nə demək olduğunu artıq yaşamır. Vətən isə həmişə qorunmalıdır – əsgərlərimiz onu hərbi meydanda, sənətkarlarımız isə sənətin işığında, nurunda, öz təbliğatı ilə qoruyur.
Azərbaycan yüksək mədəniyyətə və sonsuz istedadlar yetişdirən misilsiz bir ölkədir. Ulu Öndər Heydər Əliyev və onun davamçısı, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinə və yeniliklərinə həmişə dəstək göstəriblər. Mədəniyyət xadimlərinə daim isti münasibət bəsləyiblər.
Bu münasibətin bariz nümunələrindən biri də Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Azərbaycan Milli Konservatoriyasıdır. 25 illik fəaliyyəti dövründə o, əsl musiqi ocağına çevrilib.
Azərbaycan mədəniyyətinin görkəmli sənətkarları burada tələbələr yetişdiriblər. Düşünəndə ki, musiqi tariximiz, qədim milli musiqi alətlərimiz, muğam kimi zəngin irsimiz nəsildən-nəslə olduğu kimi ötürülür – bu, əvəzsiz bir uğurdur. Azərbaycan Milli Konservatoriyası bu missiyanı tükənməz sevgi ilə yerinə yetirir.
Konservatoriyada keçirilən xalq çalğı alətləri festivalı, muğam festivalları, beynəlxalq elmi konfranslar və yeni musiqi layihələri – bütün bunlar Azərbaycan musiqisinin qədim tarixini qorumağa, dünyada tanıtmağa xidmət edir.
Musiqi sənətini seçmiş əziz abituriyentlər üçün açıq qapı günləri təşkil olunur. Gənclər xalq çalğı alətləri ansamblları, qədim musiqi alətləri ansamblı və xor kollektivləri ilə tanış olur, sənətkarların və tələbələrin konsertlərini izləyirlər. Ayrı-ayrı kafedralarla yaxından tanış olmaq imkanı qazanırlar.
İndi isə qəbul vaxtıdır. Gələcəyimiz olacaq tələbə, düşünmüsənmi, sən ali təhsil almaq üçün nədən Azərbaycan Milli Konservatoriyasını seçməlisən?
Bu gün Azərbaycan musiqi sənətinə süni şəkildə musiqimizdən uzaq, saxta sənətkarlar sızmaqda davam etməsin deyə – musiqimizi əsl sənətkarların təcrübəsi ilə öyrənmək, yaşatmaq, inkişaf etdirmək üçün.
Musiqi ab-havasını, musiqi ocağını, onun müqəddəsliyini hiss etmək üçün.
Musiqi irsimizi araşdırmaq, öyrənmək, akademik səviyyədə mənimsəmək üçün.
Özünü inkişaf etdirmək, sənətkar kimi kəşf etmək üçün sən Azərbaycan Milli Konservatoriyasını seçməlisən.
Azərbaycan mədəniyyətinin incisi olan musiqimizi qorumaq, onu müqəddəs muğamımızı yaşatmaq üçün – bu təhsil ocağına üz tutmalısan. Burada böyük və güclü sənət qaynağı var. Sən özünü həm Azərbaycan vətəndaşı, həm də sənətkar kimi sübut edə bilərsən.
Azərbaycan Milli Konservatoriyası qazilər yetişdirdi, şəhid verdi. İkinci Vətən müharibəsində Azərbaycanın ürəyi – mədəniyyət paytaxtı Şuşamız, Qarabağımız uğrunda döyüşənlər arasında bu təhsil ocağının istedadlı tələbələri də vardı.
Azərbaycan Milli Konservatoriyasının sənətkar müəllimləri dünya səhnələrində Azərbaycan musiqisini təbliğ etdilər. Məzunları və tələbələri – hər zaman xalqının, dövlətinin, torpağının yanında oldular.
Yəqin ki, artıq düşünməyə ehtiyac qalmayıb – Azərbaycan Milli Konservatoriyası sənin üçün önəmli təhsil həyatında bir mayak olacaq.
Elə isə – gözəl təhsil ocağımıza xoş gəldin!
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
İstedadlı skripkaçılar yetişdirən görkəmli pedaqoq
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bizdə əməkdar artist olmaq – işin heç yarısı da sayılmır. Manşetlərə düşmək, dövlət tədbirlərində təmsil olunmaq, haqqında söz danışılmaq üçün gərək hökmən xalq artisti olasan. Xüsusən də musiqi sahəsində.
Bu gün sizlərə Azərbaycan Respublikasının əməkdar artisti Tahir Atakişiyev barədə danışacağam. Bu gün onun doğum günüdür, demək, haqqında danışılmasını ən azı haqq eləyibdir.
Tahir Atakişiyev 21 avqust 1927-ci ildə Göyçayda anadan olub. 1945-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirib və 1952-ci ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirib.
Moskva Konservatoriyası nəinki ittifaqın, dünyanın ən aparıcı musiqi üzrə təhsil ocağı sayılırdı, o mühitə düşmək özlüyündə irəliləyiş və inkişaf idi. Beləcə, Tahir Atakişiyev skripka virtuozu oldu, ifası hədsiz bəyənildi.
Bakıya dönüşündə o, sırf musiqi xadimi kimi fəaliyyət göstərməyi seçmədi, pedaqoqikaya üstünlük verdi. Əslində, bununla o, Azərbaycan incəsənətini dahi bir skripkaçıdan məhrum etmiş oldu.
Beləliklə, Tahir Atakişiyev 1952-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının "Simli alətlər" kafedrasında dərs dedi. 1952-1963-cü illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru oldu.
Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazdı. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən nəşr olundu. O, "Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait" adlı elmi-metodik işin müəllifidir. Onun yetirmələri arasında Teymur Göyçayev, Vladimir Boqdanovski, Tofa Babayeva, Dilarə Mehdiyeva, Vadim Sandler və başqaları var.
Onu da deyim ki, Tahir Atakişiyev Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin qardaşıdır.
Bu fədakar insan 30 noyabr 2012-ci il tarixində, 85 yaşında vəfat etdi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Hacıkənd” İstirahət Kompleksinin tikintisi ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də “Hacıkənd” İstirahət Kompleksinin tikintisi ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma görülən, həmçinin həyata keçiriləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Gəncə şəhərinin Hacıkənd qəsəbəsi və Göygöl rayonunun Bənövşəli kəndinin ərazisini əhatə edən Kompleksin ümumi sahəsi 23 hektara yaxındır.
Eyni vaxtda 452 qonağın qəbulu üçün nəzərdə tutulan Kompleks müxtəlif kateqoriyalı 133 nömrədən, 19 birmərtəbəli standart və 10 ikimərtəbəli VIP kottecdən ibarət olacaq. Füsunkar təbiət mənzərələri ilə zəngin bu məkanda milli və beynəlxalq mətbəxin ləziz təamlarının təqdim olunacağı restoran və kafelər fəaliyyət göstərəcək. Burada qonaqlara istirahətlə yanaşı, sağlamlıqlarını təmin etmək məqsədilə də zəruri şərait yaradılacaq. Onların qapalı hovuzda istirahət etməsi, ənənəvi SPA xidmətlərindən istifadəsi, müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zalından faydalanması nəzərdə tutulur.
Kompleksdə istirahətin daha əyləncəli keçməsi üçün karaoke, masaüstü oyunlar otağı və uşaqlar üçün unudulmaz anlar vəd edən rəngarəng xüsusi zonaların fəaliyyət göstərməsi planlaşdırılır. Ərazidə yerləşəcək futbol və basketbol meydançaları, yürüş zolaqları qonaqlara dağ mənzərələri fonunda fəal istirahət imkanı təqdim edəcək.
Eyni zamanda, Kompleksdə işgüzar görüşlər, konfranslar və müxtəlif təyinatlı tədbirlərin təşkili üçün müasir texniki avadanlıqla təchiz ediləcək teatral üslubda 90 nəfərlik konfrans zalı yaradılacaq.
Kompleks fəaliyyətə başladıqdan sonra burada ümumilikdə 300-ə yaxın iş yerinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, bu istirahət mərkəzinin istifadəyə verilməsi bölgədə turizm potensialının möhkəmləndirilməsinə, məşğulluğun səviyyəsinin artırılmasına, ümumilikdə sosial-iqtisadi inkişafa böyük töhfə verəcək. Beləliklə, Qafqaz dağlarının ətəyində, sıx meşələrlə əhatələnmiş “Hacıkənd” İstirahət Kompleksi qonaqlara təbiət qoynunda istirahət imkanları təqdim etməklə regionun turizm xəritəsində mühüm yer tutacaq.
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)
Hər yerdə iz qoymağa çalışan RƏŞAD MƏCİD
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan şairi, jurnalisti, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, tanınmış ictimai xadim Rəşad Məcid – titullarını, vəzifələrini sadalamaqla bitməz.
Ən əsası – o xeyirxah insan, yaxşı dostdur, hamının sevimlisidir.
Ötən ilin bugünkü günü onun 60 illiyini böyük şövqlə qüyd etdik. Elə bil dünən idi. Amma üstündən tam bir il keçdi.
Rəşad Məcid 21 avqust 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. O, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb.
"Ədalət" qəzetində, "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.
2003-cü il martın 15-də keçirilən Azərbaycan Mətbuat Şurasının təsis qurultayında (Azərbaycan Jurnalistlərinin I Qurultayı) Rəşad Məcid qurultayın iclaslarının əsas aparıcılarından biri olub, yeni yaradılan qurumun təşkili və formalaşdırılmasında, hüquqi sənədlərin hazırlanmasında və müzakirəsində fəal iştirak edib.
Həmin qurultayda Azərbaycan Mətbuat Şurasının ilk İdarə Heyətinə üzvü seçilən Rəşad Məcid növbəti qurultaylarda da böyük səs çoxluğu ilə İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirib. Azərbaycan Prezidentinin sərəncamına əsasən iki dəfə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü olub. Eyni zamanda, iki dəfə dövlət başçısının sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü təyin edilib, iki dəfə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında təmsil olunub.
2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib. 2021-ci ilin iyul ayından Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir.
Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
Kitabları
- Hələ ki vaxt var (şeirlər)
- 10 sentyabr (hekayələr)
- Əlvida və salam
- 10 sentyabr (hekayə) 11 dildə
- Dəlicəsinə
- Roman (sevgi seirləri)
- Çiyələk qadın
- Bir də gəlməyəcək…
- You love me (selected poems). (ingiliscəyə çevirəni: Kamran Nəzirli)
Xarici ölkələrdə nəşr olunan kitabları
1. Bir daha gelmeyecek (şiirler, çevirəni: Seyfəddin Altaylı)
2. La Donna! (rakkolta poetika) (çevirənlər Mais Nuriyev, Davide Gualiteri)
3. Delicesinə (denemeler, çevirəni M. Rıza Goçi)
4. Kalemsiz yazılanlar (esse ve denemeler, çevirəni İmdat Avşar)
5. Tbilisi yağışı (gürcücə şeirlər, çevirəni İmir Məmmədli)
6. Şuşa defteri
Haqqında yazılan kitablar
- Yaşar Qasımbəyli. İlk lirikanın cazibəsi
- İsa Həbibbəyli. Bütün yönləri ilə yaradıcı
- Cığıraçan (toplu)
- Tural Cəfərli. Yamyaşıl ümidlər
Mükafatları
1. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
2. 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
3. "Heydər Əliyevin 100 illiyi" yubiley medalı
4. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı
5. "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı
6. "Nizami Gəncəvinin 880 illiyi" xatirə nişanı
7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri diplomu
8. Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı
9. Beynəlxalq Rəsul Rza mükafatı
10. "Bakı Dövlət Universitetinin dostu" mükafatı
Biz “Ədəbiyyat və incəsənət”çilər tam heyətdə dəyərli Rəşad Məcidi doğum günü münasibətilə təbrik edir, ona həmişə zirvələrdə olmağı arzu edirik. Yüz yaşasın!
“Ədəbiyyat və incəsənət”
(21.08.2025)


