Musiqi – mədəniyyət aləminin əvəzolunmaz bir parçasıdır Featured

Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu mövzu barədə tez-tez düşünürəm. Azərbaycan çətin dönəmlər yaşadı – torpaqlarının işğalı, müharibələr, sarsıntılar, qaçqınlıq dövrü... Amma görün, bu zülmün və ədalətsizliyin içində xalq heç bir anda mədəniyyətindən qopa bildimi?
Əksinə, daha gözəl sənətkarlarla ölkələr fəth etdi.

 

Torpaqlarımız işğal altında olduğu zaman belə, sənətkarlarımız və mədəniyyətimizin daşıyıcıları öz sənətləri ilə Azərbaycanı yaşatdılar. Vətənpərvərlik ruhlu sənət nümunələri ilə dünyaya meydan oxudular. Bir-birindən gözəl, istedadlı sənətkarlar kəşf edildi.
Bilirik ki, uzun illər boyunca bədxah qonşularımız bizim musiqimizə və mədəniyyətimizə qarşı əl uzadaraq müxtəlif iddialarla çıxış ediblər. Bəs həmin anlarda kimlər Azərbaycan mədəniyyətinin keşiyində, əsgər kimi dayandı? Əlbəttə, əsl sənət fədailəri!

Bu günün gənci artıq Azad Azərbaycanın bir parçasıdır. O, seçimlərində açıqfikirlidir, səhvləri az edir. Çünki torpaq itkisinin nə demək olduğunu artıq yaşamır. Vətən isə həmişə qorunmalıdır – əsgərlərimiz onu hərbi meydanda, sənətkarlarımız isə sənətin işığında, nurunda, öz təbliğatı ilə qoruyur.

Azərbaycan yüksək mədəniyyətə və sonsuz istedadlar yetişdirən misilsiz bir ölkədir. Ulu Öndər Heydər Əliyev və onun davamçısı, Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinə və yeniliklərinə həmişə dəstək göstəriblər. Mədəniyyət xadimlərinə daim isti münasibət bəsləyiblər.
Bu münasibətin bariz nümunələrindən biri də Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Azərbaycan Milli Konservatoriyasıdır. 25 illik fəaliyyəti dövründə o, əsl musiqi ocağına çevrilib.
Azərbaycan mədəniyyətinin görkəmli sənətkarları burada tələbələr yetişdiriblər. Düşünəndə ki, musiqi tariximiz, qədim milli musiqi alətlərimiz, muğam kimi zəngin irsimiz nəsildən-nəslə olduğu kimi ötürülür – bu, əvəzsiz bir uğurdur. Azərbaycan Milli Konservatoriyası bu missiyanı tükənməz sevgi ilə yerinə yetirir.

Konservatoriyada keçirilən xalq çalğı alətləri festivalı, muğam festivalları, beynəlxalq elmi konfranslar və yeni musiqi layihələri – bütün bunlar Azərbaycan musiqisinin qədim tarixini qorumağa, dünyada tanıtmağa xidmət edir.

Musiqi sənətini seçmiş əziz abituriyentlər üçün açıq qapı günləri təşkil olunur. Gənclər xalq çalğı alətləri ansamblları, qədim musiqi alətləri ansamblı və xor kollektivləri ilə tanış olur, sənətkarların və tələbələrin konsertlərini izləyirlər. Ayrı-ayrı kafedralarla yaxından tanış olmaq imkanı qazanırlar.

İndi isə qəbul vaxtıdır. Gələcəyimiz olacaq tələbə, düşünmüsənmi, sən ali təhsil almaq üçün nədən Azərbaycan Milli Konservatoriyasını seçməlisən?
Bu gün Azərbaycan musiqi sənətinə süni şəkildə musiqimizdən uzaq, saxta sənətkarlar sızmaqda davam etməsin deyə – musiqimizi əsl sənətkarların təcrübəsi ilə öyrənmək, yaşatmaq, inkişaf etdirmək üçün.
Musiqi ab-havasını, musiqi ocağını, onun müqəddəsliyini hiss etmək üçün.
Musiqi irsimizi araşdırmaq, öyrənmək, akademik səviyyədə mənimsəmək üçün.
Özünü inkişaf etdirmək, sənətkar kimi kəşf etmək üçün sən Azərbaycan Milli Konservatoriyasını seçməlisən.

Azərbaycan mədəniyyətinin incisi olan musiqimizi qorumaq, onu müqəddəs muğamımızı  yaşatmaq üçün – bu təhsil ocağına üz tutmalısan. Burada böyük və güclü sənət qaynağı var. Sən özünü həm Azərbaycan vətəndaşı, həm də sənətkar kimi sübut edə bilərsən.

Azərbaycan Milli Konservatoriyası qazilər yetişdirdi, şəhid verdi. İkinci Vətən müharibəsində Azərbaycanın ürəyi – mədəniyyət paytaxtı Şuşamız, Qarabağımız uğrunda döyüşənlər arasında bu təhsil ocağının istedadlı tələbələri də vardı.
Azərbaycan Milli Konservatoriyasının sənətkar müəllimləri dünya səhnələrində Azərbaycan musiqisini təbliğ etdilər. Məzunları və tələbələri – hər zaman xalqının, dövlətinin, torpağının yanında oldular.

Yəqin ki, artıq düşünməyə ehtiyac qalmayıb – Azərbaycan Milli Konservatoriyası sənin üçün önəmli təhsil həyatında bir mayak olacaq.

Elə isə – gözəl təhsil ocağımıza xoş gəldin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.