İstedadlı skripkaçılar yetişdirən görkəmli pedaqoq Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bizdə əməkdar artist olmaq – işin heç yarısı da sayılmır. Manşetlərə düşmək, dövlət tədbirlərində təmsil olunmaq, haqqında söz danışılmaq üçün gərək hökmən xalq artisti olasan. Xüsusən də musiqi sahəsində.

 

Bu gün sizlərə Azərbaycan Respublikasının əməkdar artisti Tahir Atakişiyev barədə danışacağam. Bu gün onun doğum günüdür, demək, haqqında danışılmasını ən azı haqq eləyibdir.

Tahir Atakişiyev 21 avqust 1927-ci ildə Göyçayda anadan olub. 1945-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirib və 1952-ci ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirib.

Moskva Konservatoriyası nəinki ittifaqın, dünyanın ən aparıcı musiqi üzrə təhsil ocağı sayılırdı, o mühitə düşmək özlüyündə irəliləyiş və inkişaf idi. Beləcə, Tahir Atakişiyev skripka virtuozu oldu, ifası hədsiz bəyənildi.

Bakıya dönüşündə o, sırf musiqi xadimi kimi fəaliyyət göstərməyi seçmədi, pedaqoqikaya üstünlük verdi. Əslində, bununla o, Azərbaycan incəsənətini dahi bir skripkaçıdan məhrum etmiş oldu.

Beləliklə, Tahir Atakişiyev 1952-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının "Simli alətlər" kafedrasında dərs dedi. 1952-1963-cü illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru oldu.

Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazdı. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən nəşr olundu. O, "Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait" adlı elmi-metodik işin müəllifidir. Onun yetirmələri arasında Teymur Göyçayev, Vladimir Boqdanovski, Tofa Babayeva, Dilarə Mehdiyeva, Vadim Sandler və başqaları var.

Onu da deyim ki, Tahir Atakişiyev Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin qardaşıdır.

Bu fədakar insan 30 noyabr 2012-ci il tarixində, 85 yaşında vəfat etdi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.