Hər yerdə iz qoymağa çalışan RƏŞAD MƏCİD Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan şairi, jurnalisti, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, tanınmış ictimai xadim Rəşad Məcid – titullarını, vəzifələrini sadalamaqla bitməz.

Ən əsası – o xeyirxah insan, yaxşı dostdur, hamının sevimlisidir.

 

Ötən ilin bugünkü günü onun 60 illiyini böyük şövqlə qüyd etdik. Elə bil dünən idi. Amma üstündən tam bir il keçdi.

Rəşad Məcid 21 avqust 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. O, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb.

 "Ədalət" qəzetində, "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

2003-cü il martın 15-də keçirilən Azərbaycan Mətbuat Şurasının təsis qurultayında (Azərbaycan Jurnalistlərinin I Qurultayı) Rəşad Məcid qurultayın iclaslarının əsas aparıcılarından biri olub, yeni yaradılan qurumun təşkili və formalaşdırılmasında, hüquqi sənədlərin hazırlanmasında və müzakirəsində fəal iştirak edib.

 Həmin qurultayda Azərbaycan Mətbuat Şurasının ilk İdarə Heyətinə üzvü seçilən Rəşad Məcid növbəti qurultaylarda da böyük səs çoxluğu ilə İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirib. Azərbaycan Prezidentinin sərəncamına əsasən iki dəfə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü olub. Eyni zamanda, iki dəfə dövlət başçısının sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü təyin edilib, iki dəfə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasında təmsil olunub.

2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib. 2021-ci ilin iyul ayından Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir.

Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

 

Kitabları

- Hələ ki vaxt var (şeirlər)

- 10 sentyabr (hekayələr)

- Əlvida və salam

- 10 sentyabr (hekayə) 11 dildə

- Dəlicəsinə

- Roman (sevgi seirləri)

- Çiyələk qadın

- Bir də gəlməyəcək…

- You love me (selected poems). (ingiliscəyə çevirəni: Kamran Nəzirli)

 

Xarici ölkələrdə nəşr olunan kitabları

1. Bir daha gelmeyecek (şiirler, çevirəni: Seyfəddin Altaylı)

2. La Donna! (rakkolta poetika) (çevirənlər Mais Nuriyev, Davide Gualiteri)

3. Delicesinə (denemeler, çevirəni M. Rıza Goçi)

4. Kalemsiz yazılanlar (esse ve denemeler, çevirəni İmdat Avşar)

5. Tbilisi yağışı (gürcücə şeirlər, çevirəni İmir Məmmədli)

6. Şuşa defteri 

 

Haqqında yazılan kitablar

- Yaşar Qasımbəyli. İlk lirikanın cazibəsi

- İsa Həbibbəyli. Bütün yönləri ilə yaradıcı

- Cığıraçan (toplu)

- Tural Cəfərli. Yamyaşıl ümidlər

 

Mükafatları

1. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

2. 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

3. "Heydər Əliyevin 100 illiyi" yubiley medalı

4. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı

5. "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı

6. "Nizami Gəncəvinin 880 illiyi" xatirə nişanı

7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri diplomu

8. Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı

9. Beynəlxalq Rəsul Rza mükafatı

10. "Bakı Dövlət Universitetinin dostu" mükafatı

 

Biz “Ədəbiyyat və incəsənət”çilər tam heyətdə dəyərli Rəşad Məcidi doğum günü münasibətilə təbrik edir, ona həmişə zirvələrdə olmağı arzu edirik. Yüz yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.