
Super User
Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirilib
Sentyabrın 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və IDEA könüllülərinin iştirakı ilə təmizlik aksiyası keçirilib.
AzərTAC xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya Kürdəxanı ərazisində yerləşən gölün sahilində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz edilmiş aksiya iştirakçıları ərazini külli miqdarda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyiblər.
Tədbirin əsas məqsədi cəmiyyət tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə cəlb etməkdir.
Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.
IDEA İctimai Birliyi hamını bir daha planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.
“Ədəbiyyat və incəsənət”
(02.09.2024)
ASAN könüllüllərinin növbəti layihəsi Şamaxıda gerçəkləşib
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "ASAN Könüllüləri" Təşkilatının, "Global Shapers Shamakhi Hub"ın, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə Şamaxı regional "ASAN xidmət" mərkəzində "Erkən nikah sahəsində gənclərin maarifləndirilməsi" adlı üç günlük layihə keçirilib. Layihədə 40 nəfərdən çox gənc iştirak edib.
“Ədəbiyyat və incəsənət” “ASAN xidmət”ə istinadən xəbər verir ki, layihə çərçivəsində erkən nikahın sosial, iqtisadi, psixoloji və hüquqi təsirləri müzakirə edilib, iştirakçılarla bu mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Mövzuya uyğun təşkil edilmiş təlimlərdə erkən nikahın fəsadları, sağlam ailə münasibətlərinin qurulması yolları, erkən nikahın hüquqi aspektləri, mübarizə mexanizmləri və sağlamlığa təsirləri geniş şəkildə təhlil edilib. Bu biliklərin praktikada tətbiqi üçün interaktiv fəaliyyətlər və praktiki məşğələlər keçirilib. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
Ucmağa varan Turan sevdalısı
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Yaqub Dəliöməroğlu!..
Yaqub – bir ad olaraq, “İzi ilə gedən”, “Vəfalı ata” anlamlarını daşıyır.
Dəliömərin də bir ad olaraq anlamı aydındır. Mən Yaqub Dəliöməroğlunu həmişə adı, imzası kimi gördüm, elə bildim. O, dədələrimizin izi ilə gedirdi;
o, ata yoluna vəfalıydı. O, Türk dünyasına kəc baxanlarla, türkü xor görənlərlə Dəliömər kimi davranırdı. – Əlbəttə, Yaqub bəy tatamı üzərində əlbəyaxa döyüşə çıxmırdı yaxud əlinə silah alıb, qursun atmırdı; o, belə demək mümkünsə, uhulət-suhulətli ədəbiyyat, mədəniyyət savaşı aparırdı, sözü, qələmi, kitabı-dəftəri ilə vuruşurdu...
Yaqub Dəliöməroğlu son illər Öməroğlu imzası ilə yazıb-yaratsa da, mən 90-cı illərdən tanıdığım Yaqub bəyi elə o illərdəki imzası ilə bilir, ilk görüşlərimizdəki qardaş məhəbbəti ilə anıram…
Biz Yaqub Dəliöməroğlu ilə Türküstanda tanış olmuşuq – Xoca Əhməd Yesevi adına Qazax-Türk Universitetində. – 1998-ci ilin 9-cu ayında orada VIII Türk dünyası Gənclik Günləri və Qurultayı keçirilirdi. Bizim Dünya Gənc Türk Yazarlar Birliyi də orada quruldu. Sonra Türk dünyası Gənclik Günləri və Qurultaylarında, Türk dünyası Gənc Başqanlar Toplantılarında yenə görüşdük. Yadımdadır, Rumıniyada – Köstəncədə, Məcidiyyədə Türk dünyası gənclərinin yeni toplantısında təsirli çıxışlar etmiş, o cümlədən mənim və Dünya Gənc Türk Yazarlar Birliyinin haqqında yüksək sözlər demişdi. “Lütfü Şahsuvaroğlu ağabəyə...” cümləsi ilə başlayan “TÜRKİSTAN. Yesevinin şəhri Yesiyə dair” kitabını da mənə Rumıniyada imzalamışdı. Bir neçə il keçəndən sonra biz o kitabı Rəsmiyyə xanım Sabirin uyğunlaşdırmasında Bakıda yayınladıq (https://kitabxana.net/files/books/file/1323074118.pdf).
Rumıniyada gənclərin bir bölümü xeyli sərbəst davranırdı – deyə bilərəm, hətta proqram dışına çıxırdı. İş beləykən, Sarı Saltuk Babanın qəbrinin ziyarəti ertələnə, hətta təxirə salına bilərdi; Yaqub Dəliöməroğlu bu durumdan çox haytalandı, yığcam, kəskin sözlərlə Sarı Saltuk Babanın kimliyini anladaraq, Türk ölkə və topluluqlarından gəlmiş gənc başqanların onu ziyarət etməməyinin necə bir yaramazlıq ola biləcəyini söyləmiş oldu. Uzun sözün qısası, ziyarət baş tutdu, o, alpərənlərdən, alpərənlikdən, Əhməd Yesevi ocağından, Türkistandan Anadoluya, Balkanlara yayılan alpərənlik yolundan söz açdı, sonda da, günümzə keçid elədi, lütf edib, bizlərin, Dünya Gənc Türk Yazarlar Birliyi haqqında danışdı.
Sonra Yaqub bəy Türkiyə Yazarlar Birliyi başqanı seçildi, bizləri Kırıma – Türkcənin Şeir Şöləninə çağırdı.
Daha sonra Yaqub bəy Avrasiya Yazarlar Birliyini qurdu, “Qardaş qələmlər”i, “Bengü”nü yaratdı, yeni layihələrlə çıxış etdi. Bəzən yaxın, bəzən aralı olsaq da, ancaq qardaş birliklərimizin və şəxsən özümüzün könüldəki yerimiz pozulmadı. Çün, böyük düşünmək kimi bir xoşməramlı zorunluluğumuz vardı, dədələrin izindəydik çün, çün, vəfalı ata yolçuluğundaydıq, “uzun, incə bir yoldaydıq” çünki... Və bilirdik,
“Orda bir köy var – uzaqda,
Getməsək də, varmasaq da,
o köy bizim köyümüzdür”...
Bir də, “Qızıl Alma” ülküsünü bilirdik özümüzə görə...
Biz gah birgə, gah ayrı olsaq da, eyni ünvana qoşur, eyni ülküyə xidmətin həzzini yaşayırdıq... Onun Azərbaycanda ilk yazar dostları biziydik, işbirliyi içində olduğu ilk birlik də Dünya Gənc Türk Yazarlar Birliyiydi; sonralar, dostlar da çoxaldı, işbirliyi edənlər də - hamısı sağ olsun, zərəri yoxdur; ancaq elə bilirəm, çıxdığımız yolun məna-məzmununu, mahiyyətini kimlərin bilib-bilmədiyini ikimiz də çox yaxşı bilirdik... Bizlər nəyi fərq edə bilməsək də, Turan sevdasını, türklük ruhunu fərq etməzmiyik... Yəni qucaqlayıcı olmalıydıq – olduq da, bayraqdar olmalıydıq – olduq da, üfüqötəsinə can atmalıydıq – atdıq da...
Onunla uzaq keçmişdəki ilk görüşümüz haqqında danışmaq xoşdur, ancaq onun haqqında keçmişdə - gedər-gəlməzdə danışmaq çətindir...
Azərbaycan ilk və ən ünlü Xalq şairi Səməd Vurğunun dahi sənətkar Üzeyir bəy Hacıbəliyinin vəfatına yazdığı şeirin ünlü misraları yadıma düşür:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Bəli, o, bir daha qıy vurub, nə Türküstandan – Tanrı dağlarından, nə Anadoludan – Allahu Əkbər dağlarından keçməyəcək...
Ancaq bilirik, görürük, o qocaman qartalın qanadları dayanmadan öncə, öz yaşına sığmayan işlər görməyi bacarmışdı...
Elə inanıram – Türk dünyası deyən, Turan çağıran hər körpənin, gəncin timsalında o, bir də göz açacaq, Türk dünyası ünvanlı hər yeni kitabda dostlar ilə bir daha üz-üzə görüşmüş kimi olacaq...
Təsəlli arayırıq, təsəlli bülluruq. Şair QABİL demiş, “Alqış təsəlliyə”!
Ölüm sevinməsin qoy!
“Ədəbiyyat və incəsənət”
(31.08.2024)
Venesiya Film Festivalı uik-enddə nələri vəd edir?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Təbii ki, kinosevərlərin əsas diqqəti indi İtaliyaya yönəlib. Orada dünya kinosunjn ən nüfuzlu 5 kinofestivalından biri olan Venesiya Film Festivalı keçirilir.
Avqustun 28-də başlayan, sentyabrın 7-dək davam edəcək festivalın açılışı Lido adasında oldu.
Bu adda Bakıda məşhur restoran var, adının mənasını heç əməkdaçları da bilmirdi, demək, restoran adını bu adadan götürübmüş,
Film Festivalının sədri aktrisa İzabell Yupperdir, o İzabella ki, fransızdır, sədr seçilərkən belə deyib: “Mənim festivalla uzun sürən və çox gözəl münasibətim var. Onun adi yox, təmtəraqlı üzvü olmaq çox xoşdur”.
Bu il qocaman beynəlxalq film festivalı 81-ci dəfə təşkil olunub.
Açılış günü amerikalı rejissor Tim Burtonun fentezi janrında çəkdiyi “Beetlejuice 2” filmi nümayiş edilib. Bu, rejissorun 1988-ci ildə, 30 yaşında olarkən çəkdiyi eyniadlı fantastik komediya filminin davamıdır. Rejissor deyir, o vaxt təcrübəsiz və maliyyəsiz idim, istədiyim alınmadı, indisə tam alınıb!
Açılış mərasiminin daha bir özəlliyi o oldu ki, amerikalı aktrisa və prodüser, “Alien” və “Avatar” filmlərinin ulduzu Siqurni Uiver dünya kinosuna verdiyi töhfəyə görə fəxri “Qızıl şir” mükafatı ilə təltif olundu.
Şənbə və bazar günlərində isə tamaşaçıları çox möhtəşəm filmlər gözləyir, Lido adasında Adriatik dənizinin sərin mehində əsl kino zövqü yaşamaq əlbəttə ki gözəldir.
Festivalın əsas mükafatı – “Qızıl şir” uğrunda yarışmanın favoritləri arasında Todd Fillipsin musiqili-psixoloji trilleri olan “Joker 2: İki nəfər üçün dəlilik” də var. Bu da amerikalı rejissorun 2019-cu ildə ekranlara çıxan “Joker” filminin davamı sayılır.
Qeyd edək ki, “Joker”in premyerası 76-cı Venesiya Film Festivalında olmuş və o, baş mükafatı qazanmışdı. Budəfəki filmdə baş qəhrəmanı oynayan Joaquin Phoenixin tərəf-müqabili Ledi Qaqadır.
Festivalın əsas müsabiqə proqramında ispan rejissoru Pedro Almodovarın ilk ingilisdilli filmi, Tilda Svinton və Culian Murun çəkildiyi “Qonşu otaq” filmi də var.
Yaxın günlərin film izləmə ardıcıllığı belədir.
“Brutalist”, Bredi Korbet.
“Qonşukuqdakı otaq”, PedroAlmodovar.
“Dağ gəlini”, Maura Delpyero.
“Siciliya məktubu”, Antonio Pyatsa.
“Kvir”, Luka Quadanyino.
“Aprel”, Dea Kulumberaşvili.
“Sevgi”, Daq Yoxan Xeyqerud.
“Orden”, Castin Kurzel.
“Mariya”, Pablo Lorrain.
“Üç rəfiqə”, Emmanuel Mure.
“Jokeyi öldürün”, Luis Orteqa.
“Ədəbiyyat və incəsənət”
(31.08.2024)
Fazil Mustafa Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
26 saylı Sabunçu Seçki Dairəsindən Vll çağırış Azərbaycan Respublikası Milli Məclisi üzvlüyünə namizəd,
Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa növbədənkənar parlament seçkilərini izləmək üçün respublikamızda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası Müşahidə missiyasının rəhbəri, MDB Baş katibinin l müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş avqustun 30-da, “Hyatt Regency Baku” hotelinin “NİZAMİ” zalında keçirilib.
Leonid Anfimov Fazil Mustafanı təmsil etdiyi missiyanın fəaliyyəti, təbliğat-təşviqat mərhələsindəki müşahidələri barədə bilgiləndirib.
Fazil Mustafa Müşahidə missiyasını maraqlandıran sualları cavablandırıb.
O, növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin uğurla keçdiyini, özünün, seçki qərargahının və başqanı olduğu partiyanın hər hansı bir problemlə qarşılaşmadığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(31.08.2024)
Şuşa Teatrında ilin sonunadək üç yeni tamaşa hazırlanacaq
Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü sentyabrın 13-də “Dağılan tifaq” tamaşası ilə açacaq.
AzərTAC xəbər verir ki, ötən mövsümün sonlarında premyerası reallaşan tamaşa Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Rasəf Mehdiyev, Xanirə İsgəndərova, Türkay Cəfərli, Cavidan Kəsəmənli, Məmməd Məmmədov, Gündüz Qasımov və başqaları ifa edirlər.
İlin sonunadək teatrda biri uşaqlar üçün olmaqla üç yeni tamaşa hazırlanacaq. Hər üç tamaşaya teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov quruluş verəcək.
Bunlar yazıçı-dramaturq İlqar Fəhminin “Hacı yağışı” pyesi əsasında komediya, Sevinc Nuruqızının uşaqlar üçün yazdığı hekayələr əsasında maarifləndirici tamaşa və dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Buynuzlu ana maral” hekayəsi əsasında ərsəyə gələcək eyniadlı dram nümunəsidir. Qeyd edək ki, hekayənin səhnələşdirəni də L.Kərimovdur. Uşaq tamaşası məktəblilərin qış tətili günlərində təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
Unudulmaz müğənni Səxavət Məmmədov anılacaq
30 sentyabr 1991-ci ildə avtomobil qəzasında vəfat edən unudulmaz sənətkarımız Səxavət Məmmədov anılacaq. Belə ki, oktyabrın 24-də Heydər Əliyev Sarayında onun xatirəsinə həsr olunmuş muğam konserti keçiriləcək. Qarabağ muğam məktəbinin ən parlaq nümayəndələri səhnədən Səxavət Məmmədovla virtual duetlərini təqdim edəcəklər. Tamaşaçılar həmçinin mərhum sənətkarın ifa etdiyi mahnıları muğam ifaçılarının təqdimatında dinləyəcəklər.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, konsertdə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Firuz Səxavət (Məmmədov), Cabir Abdullayev, Zakir Əliyev və tanınmış ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Malik Həsənov, Şahmar Hacıyev, Əliyar Məmmədov və Anar Məmmədov səhnəyə çıxacaqlar.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
“Simurq”un Özbəkistan uğuru
Azərbaycanın “Simurq” muğam ansamblı 26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən builki festivala 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə qatılıb.
Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı möhtəşəm ifası ilə Azərbaycana dünyaşöhrətli festivalın üçüncü dəfə baş mükafatını qazandırıb.
Ansambla festivalın heykəlciyini və baş mükafatın sertifikatını Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov və XIII “Şərq təranələri”nin beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Pazaşadə təqdim ediblər.
27 illik festivalın tarixində ilk dəfə Azərbaycan təmsilçisi beynəlxalq münsiflər heyətinə sədrlik edib.
Bildirək ki, Qran-pri mükafatının məbləği 10 000 ABŞ dollarıdır.
Xatırladaq ki, 1997-ci ildə əsası qoyulan “Şərq təranələri” festivalı iki ildən bir keçirilir. Ölkəmizi təmsil edən xanəndə Simarə İmanova ilk festivalda, tarzən Sahib Paşazadə isə XI festivalda (2017) Qran-pri mükafatına layiq görülüblər. Müxtəlif illərdə ölkəmizdən bir neçə musiqiçi də festivalın qalibi olub.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinə Türkiyənin Marmaris şəhərində start verilib
Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari ilin 29 avqust tarixində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinə Marmaris şəhərində başlanılıb.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, tarixi turizm şəhəri olan Marmarisdə açıq havada qədim amfiteatr səhnəsində keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub.
Çoxsaylı marmarislərin və şəhərin turistlərinin də iştirak etdiyi konsert proqramında Azərbaycan mədəniyyəti, tarixi, sənəti, turizminə dair videomaterial nümayiş etdirilib.
Tədbirdə təbrik çıxışı ilə Marmaris şəhər valisi
Nurullah KAYA, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, mədəniyyət və sənətin bayramına çevrilmiş məşhur musiqi layihəsi “Elvedasız şarkılar” proqramı haqqında danışaraq, bu layihə çərçivəsində Azərbaycan musiqi sənəti ilə tanış olmaq fürsətinin əhəmiyyətini qeyd ediblər.
Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələrimiz, mədəniyyətimiz, zəngin musiqi sənətimiz, keçirilən “Azərbaycan mədənuyyəti və sənəti günü” haqqında məlumat verilib.
Daha sonra məşhur sənətçi Bora Gencerin layihəsi ilə keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub.
İlk öncə Türkiyənin məşhur müğənniləri ilə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova milli musiqilərimizi ifa etmişlər.
Azərbaycan musiqiləri ifa edildikcə Azərbaycanın zəngin mədəniyyəti, tarixi və turizm gözəlliklərinə dair video materiallar nümayiş olunub.
Gənc azərbaycanlı müğənni Aynur İsgəndərlinin “Çırpınırdı Qara dəniz” adlı əsərin ifası tamaşaçıların alqışları ilə qarşılanıb. Türk dünyası arasında həmrəylik, Vətən, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş musiqilər maraqla qarşılanıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblı milli rəqslərimiz – “Azərbaycan suitası”, “Cəngi” və s. Send a text rəqslərimiz təqdim olunub.
Tədbirdə “Elvedasız şarkılar” musiqi layihəsinin müəllifi, müğənni Bora Gencer musiqilər ifa edib. Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Nühket Duru, Ozan Orhon və b. müğənnilər çıxış edərək gözəl musiqilər səsləndiriblər.
Tədbir çoxsaylı iştirakçılar tərəfindən maraqla qarşılanıb, tamaşaçıların alqışları ilə müşaiyət olunub.
Qeyd edək ki, “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri cari ilin 31 avqust tarixində Antalya şəhərində davam edəcək. Antalyada Nazim Hikmət Konqre Mərkəzində “Azərbaycan gözəl sənətləri” adlı sərgi təqdim olunacaqdır.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)
“Sevgi təmənnalı fədakarlıqdır” - Rəbiqə Nazimqızı ilə 10 suallıq müsahibə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı şair, tərcüməçi, esseist Rəbiqə Nazimqızıdır.
-Xoş gördük, əziz Rəbiqə xanım, yazılarınızdakı fərqli üslub oxucularınız tərəfindən çox sevilir. "10 sualımız" da cavablarını almaq üçün çox tələsir. Elə isə birinci sualımızı görüşünüzə səsləyirəm.
1) Nə gəlirsə, əlimdən qapıb alır misralar,
Nə deyirəm qurtarmır, sözlərim yenə qalır.
Mənə qalır ağrını çəkib üstümə salmaq,
Məni qəmdən qurtarmaq yenə də sənə qalır. (Rəbiqə Nazimqızı)
Rəbiqə xanım, dərdləri misralarla bölmək qəlb ağrılarını ovudurmu?
- Əlbəttə. Yaradıcılıq istedad, intellekt, ruh hadisəsi olmaqla yanaşı həm də sublimasiya hadisəsidir. Sənətkar çox zaman neqativ hadisə və ya hisslərdən doğan mətni gözəlliyə çevirir. Ağrı sözə çevrilir və maddiləşərək içindən kənara yol tapır. Oxucu o ağrını duyur, anlayır, amma iliklərində hiss eləmir. Çünki sözə bürünüb, çılpaq deyil, həm də gözəl, mütənasib biçim alır. Bəzi mətnlər var ki, ən ağır anlarda yazılıb, bəlkə, onlar mətnə çevrilməsəydi, adamın ürəyi partlaya bilərdi. Bütün insanlarda belədi, məsələn, ağrıyanda qışqırırsan, ağlayırsansa, prosesi daha rahat keçirirsən, nəinki susanda. Ümumiyyətlə, mən sükutu sevmirəm. Təbii, əgər o sükut rahatlıqdan xəbər vermirsə...
2)Qollarımı açıb skamyaya sərmişdim. İri, mavi damarları sayırdım. Dodaqlarım açılıb-yumulurdu: "Bu gün, məhz bu gün, sabah olmaz”. Heç nə fikirləşmirdim. Heç nə fikirləşmək istəmirdim. Qorxurdum.
-Sabah olmaz.
-Nə? – qeyri-iradi sual verdim.
-Sabah gecdir. Sabaha saxlasan, eləməyəcəksən...
Dəyərli Rəbiqə xanım, bu maraqlı yazınızda həyat və mübarizə ön plana çəkilir, intihar, təbii ki, çıxış yolu deyil. Həyatın ən çıxılmaz yollarından üzüağ çıxmaq üçün nəyi bacarmaq əsas şərtdir?
-Özünlə qürur duymağı. Özü ilə qürur duymaq hissi dünyada ən gözəl hissdir. Söhbət təkəbbürdən getmir. Söhbət ondan gedir ki, ötənlərə və eləcə də indiki vəziyyətə baxanda düşünə biləsən ki, insan kimi yaşamısan, əksər situasiyalarda məhz normal insanın davrandığı kimi davranmısan, bağışlaya bilmisən, nəyinsə üstündən keçmisən və ya əksinə, bağışlanmaz bir şeyi bağışlamamısan, söz deməli olduğun yerdə susmamısan. Və sair və ilaxır. Özünlə qürur duymaq - mən bacardım, mən bacarıram, mən bacaracağam deməkdir. Ən yaxşı stimuldur. İnsan hər situasiyada güclü ola bilmir, bəzən kontrolu itirir. Amma bu kontrol itəndə də gərək heç kəsə zərər vurmaya. Uşaqlıqdan gələn tərbiyədən asılıdı, sonra da vərdişi avtomatikləşdirirsən. İntihar etmək istəyi, yəqin, hər insanın həyatında, azı, bir dəfə olur. Heç onu həyata keçirməsə də. Özünü və başqalarını sevən, özündə başqalarını, başqalarında özünü sevən adam üçün asandı, rahatlıqla həmin çətin anı ötürmək üçün uyğun nəyisə, bəlkə, kimisə tapacaq. Pozitiv düşünən insana kainat özü kömək eləyir. Necə deyərlər, neqativdən Allah da bezardı.
3)Dünyanın ən gözəl dərdidi,
Yaddaşı itirmək сəhdidi səni sevmək…
Bir az həyəcan… bir az sakitləşmək istəyidi,
Bir də gözləməyə öyrəşməkdi səni sevmək…( Rəbiqə Nazimqızı)
Əziz Rəbiqə xanım, sevgi fədakarlıqdırmı? Sevgi zamanla dəyişirmi?
-Bəli, sevgi məhz elə fədakarlıqdı. Qarşı tərəf üçün çox şeydən keçə bilmək, özün üçün ən əziz şeyləri onun üçün də istəmək, dənizin dibindən mirvari, göydən ulduz dərmək. Və ya özünün ən ağrılı anında onu gülümsəməsi üçün bir lətifə uydurmaq. Əsas şərt qarşındakının da eyni şeyi hiss etməsi, o dəyəri anlaması və o dəyərin qarşılığını verə bilməsidir. Sevgi təmənnalı fədakarlıqdı. Elə belə, yalnız sevdiyin üçün eləmirsən axı. Sevdiyinin sevincinə sən də sevinirsən, onun sevincindən xoşbəxt olursan. Ümumiyyətlə, sevmək gözəl hissdi. "İkisindən birini seç - sevmək, ya sevilmək" desələr, düşünmədən sevməyi seçərəm. Yalnız sevdiyin adam tərəfindən sevilmək insanı xoşbəxt edə bilər. Qalanı boş şeydi, eqoya çəkilən soyuq sığal kimi...
4) Əziz Şairimiz, dardüşüncəlilər təvazökarlıqdan qaçıb təkəbbürə sarılanda onlara nə söyləmək istəyərdiniz?
-Heç nə. Dardüşüncəliyə nəsə söyləmək faydasızdı, nə desən, anlamayacaq. Bu situasiyada susmağın tərəfdarıyam. Düşünürəm, elələrinə ən böyük cəza onları diqqətsiz qoymaqdı. Çünki təkəbbürlünün ən böyük istəyi kənardan diqqət çəkməkdi. Yoxmuş kimi davranırsan, mənən ölür.
5)Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.( Rəbiqə Nazimqızı)
Rəbiqə xanım özünün özünə verdiyi hansı suala hələ də cavab tapa bilmir?
-Adətən bu suallar ritorik olur. Mən cavab tapa bilmədiyim suallar üzərində düşünməyi sevmirəm. Tapmacalar əyləncə üçündü. Oyun elementidi. Ciddi şəkildə məni narahat edən sual yoxdu. Belə suallara vaxtım olmur, həmin vaxtı tapmaca oyunu oynayaram, nəinki ciddi-ciddi hansısa cavabsız sual üzərində düşünmək. Adətən cavabları bilirəm. Özümü kifayət qədər yaxşı tanıyıram və duyuram. Özümə suallarım yoxdu. Belə suallar yalnız darıxdığım anda ola bilər ki, onda da məzəli nəsə fikirləşirəm. Suallar Yaradana ola bilər. Ona da sual vermirəm. İnanıram ki, hamısının mütləq əsaslı bir cavabı var.
6) Unutmayasan deyə
şəklimi qoyaram cibinə.
Tezdi-gecdi bilmərəm –
gecəyarı zəng gələr evinə.
Tüpürə bilərəm hər şeyə...
Nəyə? – niyə sayım –
məni tanıyırsan.
Özün anlayırsan...
Mənə heç nə demə...
(Rəbiqə Nazimqızı)
Rəbiqə xanım, kişilər güclü sevir, yoxsa qadınlar? Və səbəbi?
-Məncə, sevginin cinsi olmur. Sevən elə güclü sevir. Kişi də, qadın da...
Amma hərdən mənə elə gəlir, kişilər daha gec unudurlar. Eqo məsələsidi, sevgiylə bağlılığı yoxdu.
7) Dəyərli Rəbiqə xanım, ömür adlı səyahətdə hansı “azuqə" ehtiyatımız da mütləq olmalıdır ki, gözümüz ac olmasın?
-Çətin sualdı. Bilmirəm. Məncə, bu, tərbiyə və əxlaq məsələsidi. Ailədən gəlir, almısansa, var, yoxdursa, heç vaxt da olmayacaq. Bu mənada minimalist adam sayıla bilərəm. Buna görə özümü xoşbəxt saya bilərəm.
8) Özünün istedadı olmadığı halda istedadlı birinə istedadsızsan- deyib ruhdan salanları gördükdə Rəbiqə xanım nə düşünür?
-Heç nə... Bu barədə düşünmürəm. Çox xırda məsələdi. İnsanın daxili barometri olmalıdı, intellekti olmalıdı ki, özünü və başqasını tanıya bilsin. Belədə başqasının tərifinə də, tənqidinə də çox ciddi əhəmiyyət vermirsən. Qulaq asırsan, amma səni tərpətmir. Xoşbəxtlikdən uçmursan, ya bədbəxtlikdən ölmürsən. Deyir, deyir də... O situasiyaya düşən dostlara dəstək olmağa çalışıram, amma istedadsıza nə deyim axı? Ona sözünü Allah deyib də...
9)Bir də görürsən ki, sevinc qalmayıb,
Bir də görürsən ki, hər yer gileydi.
Bir də görürsən ki, səni qınayıb,
Sən də qınayırsan: "kaş ki biləydi".
Bir də görürsən ki, sel içindəsən,
Saman çöplərini sanamaq olmur.
Bir də baxırsan ki, sən yenə təksən,
Taleyi, qisməti yamamaq olmur.
(Rəbiqə Nazimqızı)
Rəbiqə xanım, Qabriel Qarsia Markesin əsərində söylənilir ki: "Həyat belədir, talelər və yollar zənciri kəsişir və buna kimsə nəzarət edə bilməz."
Bəs Sizin özünüzü qınadığınız zamanlar olurmu?
-Olub. Amma tez keçib. Təbiətcə özümü qınayan adam deyiləm. Düşünürəm, səhv etmişəmsə, dərhal üzr istəyirəm. Peşmanlığa və özümü gecə-gündüz qınamağa enerji sərf eləmirəm. Mən insanam, robot deyiləm. Çalışıram, insan olduğumu unutmayım. Hansısa anda kiməsə bir az yanlış davrananda da dərhal üzr istəyirəm, keçir.
10) Günəş bizdən uzaq olsa da, şüası ilə, istisi ilə sığal çəkə bilir, bəs insanlar insanlıqdan uzaq düşdükdə nələr baş verir?
-İnsanlıq ölür. Ən pisi, inamın ölməsidi. İnsana, insanlığa inamın ölməsi. İçindəki işığın sönməsi. Ona görə gərək dost seçəndə, yar seçəndə, ya kiməsə etibar eləmək istəyəndə diqqətli olasan. Bu mənada Tanrı məni həmişə qoruyub. Adamları milyon ağacdan hiss edirəm.
-Əziz Rəbiqə xanım, rubrikamıza ömrünüzdən vaxt ayırdığınız üçün Sizə minnətdarıq. Digər rubrikalarımızda görüşmək ümidilə Sizə uğurlar diləyirik.
-Buyurun.
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)